18 Aralık 2016

117-nin şərəfinə - "Milan"ın bir parçası olmaq və milanisti


"Burda geyiminiz çox önəmlidi. "Milan" modası, "Milan" klası - hamı kimi, sən də bunlardan öz nəsibini alırsan. Bir "Milan"lı məşqə gələrkən belə, yaxşı geyinmək məcburiyyətindədi. Corablar, kəmərlər.. - təpədən dırnağa kimi stil. Paolo Maldini, üzərində marka yazısı olmayan paltarlar geyməkdən qürur duyardı. Bütün geyimlərini şəhər mərkəzindəki dərzilərə tikdirərdi. Bu mənada "Milan" ənənələrinin ən böyük örnəyi Alessandro Kostakurtadı. Zövqlü ingilis zadəganlarına bənzəyirdi. Şık qalstuk, görkəmli mağazalardan aldığı kostyum, qoltuğunun altında iqtisadi mövzulardan bəhs edən qəzet - hər səhər bu vəziyyətdə Milanelloya gəlirdi.

Bu stil sahibi oğlanlar mənim Fransadan qalma pis vərdişlərimlə az məzələnməyiblər. Məsələn, bir gün Milanelloya bəyaz corab və cins şalvar geyinib getdim. Səhv eləmişdim. Evdən tələsik çıxdığım üçün geydiklərimə fikir verməmişdim. Öz tərzimə görə "sport" geyinmişdim, amma yenə də, fakt budu ki, "sport" geyinmişdim.. Əfəndilər məni görən kimi gülməkdən yerə yıxıldılar. Kostakurta, "Bu imkansızdı, Marsel. İtaliyada buna izin vermirlər" deyərək gülürdü. Nə demək istədiyini anlamamışdım: "Nəyə, nəyə izin vermirlər?" Mənə belə bir cavab verdilər: "Corablar, axmaq. Bəyaz corablar! Sən bir "Milan"lısan!"

Yanlarına yaxınlaşdıqca qəhqəhələr daha da yüksəlirdi. Sonra məsələni başa düşdüm: italyan futbolçulara, onlardan biri olduğunu sübuta yetirmək üçün ənənələrinə uyğunlaşmalısan. Adriano Qalliani və komanda yoldaşlarım sayəsində əsl paltarlar geyməyin zövqünü yaşadım. Onlar sayəsində bəyaz corab geyməyən həqiqi "Milan"lı oldum.

..Artıq "əfəndilər masası"ndakı (Barezi, Maldini, Kostakurta, Donadoni və digər klub özəyinin əsas parçalarının yemək yediyi masa) tək xarici oyunçu mən idim. İtalyan oyunçularla dostluğum həftə sonu matçları və Milanello ilə limitli deyildi. İş saatları xaricində, bərabər gəzməkdən, eyni restoranlara getməkdən zövq alırdıq. Məni dostları ilə tanış edir, italyan Marsello olmağım üçün çalışırdılar. Mən isə hər keçən gün "Milan"ın niyə sadəcə bir futbol klubu olmadığını daha yaxşı anlayırdım. "Milan" eyni zamanda bir mentalitetdi, bir yaşam tərzidi, bütün İtaliyanı təmsil etməyin verdiyi qürur və digərlərindən fərqli olmaq hissidi.

Sebastiano Rossi, Alessandro Kostakurta, Paolo Maldini - mənə yol göstərən, adaptasiya prossesimi yüngülləşdirən üçlü. Onların sayəsində heç tanımadığım şəhəri və ölkəni kəşf etmək fürsətim oldu. Xüsusilə də yemək mədəniyyətini, Toskana şərablarını, Emiliya-Romanya xəmir işlərini, möhtəşəm risottoları.. İtaliyada restoranlar Fransadakından daha önəmlidi. Dostluqlar məhz restoranlarda möhkəmlənir.

Alessandro örnək "Milan"lı idi: özündən əmin, şık, buraların müdavimi. Qapıçı Sebastiano Rossi hər cür dəlilik edə biləcək, hər an püskürə biləcək volkan kimi idi. Çox qəribə adam idi. Mən onunla yaxşı anlaşırdım, amma digərləri onu başa düşməkdə çətinlik çəkirdilər. Məsələn, bəzən özünü Rembo hesab edirdi, ya da bir yumruqla Taysonu yıxacağını düşünürdü. Və əsla bunları zarafatla dediyini, yoxsa ciddi olduğunu anlaya bilməzdiniz. Məşqdə "Seba" ilə adi söz güləşdirmək belə, sonda davayla nəticələnirdi. Yalnız Kapello onu sakitləşdirə bilirdi. Eyni şəkildə, Sebastiano Rossiyə bənzəyən Kristian Panuççi üzərində də Kapellonun böyük nüfuzu var idi.

Komandadakı italyan oyunçular arasında ən balanslısı, ən düzgünü Paolo Maldini idi. Hər zaman, daim "Milan"lı Maldini. Bir gün Franko Barezinin taxtına oturacaqdı - bu, öncədən bəlli idi. Evin açarları ona əmanət ediləcəkdi. Maldini təkcə şirin dilli model qədər yaraşıqlı deyildi, eyni zamanda ağıllı, xarizmatik və liderlik özəlliklərinə sahib idi. Gündəlik həyatda son dərəcə sadə idi, onu hər yerdə görə bilərdiz. Həmişə məşğul olardı. Paolo bir çox şirkətə, birjaya investisiya ayırmışdı və işlərini maliyyə menecerinin köməkliyilə idarə edirdi. Ətrafı geniş idi. Şou dünyasının öndə gedən isimləri ilə əlaqələri var idi. Marko Simone kimi komandaya yeni qatılan oyunçuları yox, Maldinini özümə daha yaxın hiss edirdim. Marko evli deyildi, tez-tez əyləncələrə gedərdi, ətrafında çoxlu dostları var idi. Maldininin daha sadə həyat yaşadığını desəm, yanlış olmaz.

Berluskoninin komandasında oynamaq heç tanımadığım dünyanın və televiziya kanallarının qapısını açmaq demək idi. Bu dünya xoşuma gəlirdi. Hər anın dadını çıxarırdım. "Milan"ın fəlsəfəsi mənim şəxsiyyətim və professionallıq anlayışımla üst-üstə düşürdü. "Olimpik Marsel"i sevmişdim, amma ona qarşı sevgim keçici bir hiss idi. "Milan" "Marsel"dən fərqli olaraq, mənə önəmli kontrast təklif edirdi: komanda gücü, ciddiyyət, qanuna çevrilmiş hörmət və nəzakət. Daha öncə oyunçulara və texniki heyətə bu qədər yaxın klub işçilərini heç bir yerdə görməmişdim. Milanellonun mühafizəçilərindən tutun katibələrinə kimi, hər kəs bir məqsəd uğrunda - klubun uğurları üçün - əllərindən gələnin ən yaxşısını etməyə çalışırdı. Bəzi şirkətlərdə olduğu kimi, burda da idarəçilər personalın motivasiyasını artırmaq üçün son dərəcə düzgün sistem yaratmışdılar. Komanda hər hansısa bir kuboku qazananda digər çalışanlar da bonus alırdılar. Amma motivasiyanı təkcə pulla açıqlamaq düzgün olmaz. Bizim qədər burda çalışanlar üçün də klubun parçası olmaq başlı-başına qürur duyulası bir şey idi.

"Milan" bu idi, çox qısa müddətdə məni bağrına basan "Milan".. Təkcə klub personalı, idarəçilər və getdikcə mənlə yaxşı davranmağa başlayan Franko Barezidən deyil, xalqdan da bəhs etmək gərəkdi. Milan şəhərinin ən azı yarısının qəlbi qırmızı-qara rənglər üçün döyünür. Onlara "Milanisti" deyirdilər. "Milan" fanatlarını çox sevirdim. Bu komanda xalqın, onların, gecəqonduların komandası idi. Daha çox bir burjua komandası olan, sağı təmsil edən "İnter"lə müqayisədə solun komandası idi. Bəzən cənub tribunasının müdavimləri olan "Briqati rossonerilər" oyunçuların meydana çıxdığı tunelin təpəsinə Çe Qevaranın posterini asardılar. Şübhəsiz, Silvio Berluskoni bu qəlibdən deyildi. O, daha çox ultra-liberal sağın təmsilçisi idi. Fərq etməz, "Milan" əzəli rəqabətdə həmişə xalqın komandası olaraq qalacaq. Azarkeşlərin şəkil çəkdirmək, matçlar haqqındakı fikirlərimi öyrənmək üçün məni küçədə saxlamadıqları bir tək gün belə, xatırlamıram.

"Milan"ın bir sirri var; meydandakı oyuna, taktikaya, ya da pula heç bir aidiyyatı olmayan bir sirri.. Bu, insan seçimi ilə, komandanın italyan oyunçulardan ibarət onurğasına verilən dəyərlə bağlıdı. Əfəndilər komandanın qəlbidi. Onlar bu komandanı və azarkeşləri dəlicəsinə sevirlər. Futbolçu olmasaydılar, onları "San Siro" tribunalarında "Milan! Milan!" deyə qışqırarkən görə bilərdiz. Bu sevgi bağı, onların kluba yeni qoşulanlara dair gözləntilərinin böyük olmasını normallaşdırır. Təzələr kluba hər şeylərini verməlidilər, klubun imicinə uyğun olmalıdılar və adi legionerlər kimi davranmamalıdılar. Milanelloya ayaq basdığım ilk günlərdə bunu anlamışdım. "Milan"ın necə böyük, necə fərqli klub olduğunun fərqinə varmağınız üçün bir örnək verim. İtaliyanın demək olar ki, hər yerində mövsümlük bilet satışı kampaniyaları keçirən komandalar afişalarında, transferi üçün bir maşın dolusu pul tökdükləri legioner ulduzun(ların) fotolarından istifadə edirlər. "Milan" isə yeni transfer edilmiş ulduza deyil, adı klubun simvoluna çevrilən Paolo Maldiniyə üstünlük verirdi.."

Marsel Dösayi ("Kapitan")
Tərcümə: Rüfət Məcid

P.S. Bu özəl klub bu gün 117 yaşını qeyd edir. Bütün "Milan" azarkeşlərini təbrik edirəm. Son illərdə baş verənlər keçicidi. Bəlkə sizə İstanbulu, "Liverpul"u andıracaq, amma olsun, məşhur ifadədə deyildiyi kimi: Form is temporary, class is permanent

Hiç yorum yok:

Yorum Gönder