2 Haziran 2017

Dani Alvesin hekayəsi: Sirr


Son günlərdə oxuduğum ən gözəl yazıdı bu.

Dani Alvesin sirlərlə dolu - "Barça" sevgisindən tutun, Quardiola, Messi, "Sevilya", ta uşaqlığına kimi bilmədiklərimiz - 34 illik həyat hekayəsi, öz qələmindən, həm də ÇL finalı öncəsi:

"Sirlə başlayacam. Bu hekayədə sirləri öyrənəcəksiz, çünki bəzi insanlar tərəfindən yanlış anlaşıldığımı düşünürəm. Gəlin, birincidən başlayaq.

Üç ay əvvəl, “Barselona” Çempionlar Liqasında PSJ-yə qarşı inanılmaz geridönüşü reallaşdırdığı zaman - o anların hamısını divanımdan izləyirdim - köhnə klubumun məğlubiyyətini arzuladığımı düşünə bilərsiz.

Amma Neymar o gözəl cərimə zərbəsini qola çevirəndə divanımdan atıldım və televizorun önündə qışqırmağa başladım: Vamoooooooos!

Serci Roberto 95-ci dəqiqədə möcüzəyə imza atanda dünyadakı hər “Barça” azarkeşi kimi, mən də özümdə deyildim, çünki “Barselona” hələ də qanımdadı - həqiqət budu.

Keçən yay klubdan ayrılmamışdan öncə idarə heyəti mənə qarşı hörmətsizlik eləmişdimi? Şübhəsiz. Mən belə düşünürəm və bu mövzuda başqa bir şey deyə bilməzsiz. 8 il bir klub üçün oynayıb, biz kimi mümkün olan hər şeyi qazansan, sən də o klubu ürəyindən çıxarda bilməzsən. Məşqçilər, oyunçular və idarə heyətinin üzvləri – hamısı gəlir və gedir. “Barça” isə daimidi.

“Yuventus”a keçməmişdən öncə “Barselona” idarə heyətinə sonuncu sözümü dedim: “Mənim üçün darıxacaqsız”.

Futbolçu profilini nəzərdə tutmamışdım. “Barça” möhtəşəm oyunçulara sahibdi. Onlar mənim ruhum üçün darıxacaqlar. Paltardəyişmə otağındakı qayğı üçün darıxacaqlar. Hər dəfə formanı geyəndə axıtdığım qan üçün darıxacaqlar.

Növbəti mərhələdə “Barça” ilə qarşılaşmaq qəribə hiss idi. Xüsusilə də ikinci matçda - “Kamp Nou”da olanda özümü yenidən evimdə hiss edirdim. Oyun başlamamışdan köhnə dostlarımla görüşmək üçün “Barça”nın əvəzedicilərinə yaxınlaşdım. “Dani, gəl bizimlə otur. Sənin yerini saxlamışıq”, - deyə dilləndilər.

Hamısının əlini sıxdım. Qəflətən fit səsini eşitdim. Arxaya çevriləndə gördüm ki, hakimi artıq oyunu başladıb. Qaçaraq meydana qayıdanda köhnə məşqçim Luis Enrikenin qəhqəhəsi qulağıma çatdı.

Gülməlidi, hə? Amma o matç zarafat deyildi, xüsusilə də mənim üçün. İnsanlar məni görəndə deyirlər: “Dani həmişə zarafat edir. O, həmişə gülümsəyir. O, ciddi deyil”.

Dinləyin, sizə daha bir sirrimi deyəcəm. Dünyanın ən yaxşı forvardlarına – Messi, Neymar, Kriştiano – qarşı oynayanda onların güclü və zəif tərəflərini öyrənirəm, onlara qarşı necə hücum edəcəyimi planlaşdırıram. Bu, məndə xəstəlik halını alıb. Hədəfim Dani Alvesin eyni səviyyədə olduğunu dünyaya göstərməkdi. Bəlkə də driblinq edib, məni keçə bilərlər – bir dəfə, iki dəfə. Əlbəttə. Amma mən də onlara qarşı hücum edəcəm. Görünməz olmaq istəmirəm. Mən səhnəni istəyirəm. Hətta 34 yaşdan, 34 tituldan sonra belə, hər dəfə bunu sübut etməli olduğumu hiss edirəm.

Hər oyundan öncə eyni rutini təkrarlayıram: təxminən 5 dəqiqə aynanın önündə dayanıram, hər şeyi bir kənara atıram, sonra beynimdə film canlanır. Bu, mənim həyatımın filmidi.

İlk səhnə - 10 yaşım var. Juazeyrudakı balaca evimizdəki beton yataqda yatıram. Döşək çeçələ barmaq qalınlığındadı. Evdən nəm torpaq iyi gəlir. Hava hələ də qaranlıqdı. Səhər saat 5, günəş hələ çıxmayıb. Məktəbə getməmişdən öncə fermamızda atama kömək eləməliyəm.

Qardaşım və mən sahəyə çatırıq, atam isə artıq orada işlə məşğuldu. Böyük bidonu belində, bakteriyaları öldürmək üçün meyvələrə və bitkilərə kimyəvi maddələr səpir.

Yəqin ki, toksinlərə toxunmaq üçün yaşımız az idi, amma ona yenə də kömək edirdik. Bu, sadəcə, bizim xilas olmaq üçün çıxış yolumuz idi. Saatlarla qardaşımla birlikdə kimin daha yaxşı işçi olduğunu nümayiş elətdirmək üçün yarışırdıq. Çünki atamızın qərarına əsasən, sonda ona ən çox kömək edən evdəki yeganə velosipedi sürmək haqqı qazanırdı.

Əgər velosipedi qazanmasam, fermadan məktəbə 12 mil yolu yeriyərək getməli idim. Məktəbdən qayıdış daha da betər idi, çünki məhəllədəki futbol mənsiz başlayacaqdı. Ona görə də 12 mil geriyə doğru qaçırdım, sonra da meydanda qaçmağa davam edirdim.

Bəs velosipedi qazansam? Qızları velosipedimlə apara bilərdim. Onlardan birinə məktəbə kimi birgə getməyi təklif edə bilərdim. Mən kişiyəm – sadəcə 12 mil üçün.

Var gücümlə çalışırdım...

Məktəbdən qayıdanda görürdüm ki, atam hələ də arxasında bidon, oradadı. Bütün günü sahədə olurdu, sonra da əlavə pul qazanmaq üçün kiçik bara üz tuturdu. Cavanlığında yaxşı futbolçu olub, ancaq pulu olmadığından, böyük şəhərlərə gedə bilməyib. Nəticədə skautların diqqətindən kənarda qalıb. Mənim o şansı əldə eləməyimi istəyirdi, ölümü bahasına olsa belə...

Ekran qaralır.

Bazar günüdü. Ağ-qara televizorumuzda futbola baxırıq. Antenin ətrafında tel süngər var. Onun köməkliyilə şəhərdən siqnalı ala bilirik. Evdə sevinc hakimdi. Bizim üçün həftənin ən yaxşı günüdü.

Ekran qaralır.

Atam köhnə maşını ilə məni şəhərə aparır – skautların önündə özümü göstərməyə çalışacam. Mexanikadı, maksimum ikiyə ata bilir: yavaş və daha da yavaş. Tüstü qoxusu...

Ekran qaralır.

Artıq 13 yaşım var. Ailəmdən uzaqdayam. Böyük şəhərdə, gənc futbolçular üçün olan akademiyadayam. 100 uşaq kiçik yataqxanada - həbsxanaya bənzəyir. Evi tərk etməmişdən öncə atam mənə şəhərdən yeni forma almışdı. Sayəsində qarderobum böyüyüb, çünki o günə kimi sadəcə bir formam var idi.

İlk məşq günündən sonra yeni formamı ciyədən asdım ki, qurusun. Sabahsı gün artıq orada yox idi; kimsə götürmüşdü. O zaman anladım ki, ora ferma deyil, əsl dünyadı – belə adlandırıram, çünki orada başını bəlaya salmaq an məsələsi idi.

Otağıma qayıtdım, acından ölürdüm. Bütün gün məşq edirdik, ancaq buna baxmayaraq, düşərgədə kifayət qədər yemək yox idi. Kimsə paltarlarımı oğurlamışdı, ailəm üçün darıxırdım və mən oradakı ən yaxşı futbolçu deyildim. Bacarığıma görə oradakı 100 nəfər arasında 51-ci olardım. Mən də özümə söz verdim.

Özümə dedim: “Atanı qürurlandırana qədər fermaya qayıtmayacaqsan. Bacarığına görə 51-ci ola bilərsən, ancaq əzminə görə 1 və ya 2-ci olmalısan. Döyüşəcəksən. Nə olursa-olsun, evə qayıtmayacaqsan”.

Ekran qaralır.

Artıq 18 yaşım var. Futbol həyatımdakı nadir yalanlarımdan birini danışıram.

Braziliya liqasında “Baiya” forması geyinirdim. Skautlardan biri gəldi və mənə dedi: “Sevilya” səninlə müqavilə imzalamaq istəyir”.

Mən: “Sevilya”! Möhtəşəm.
Skaut: Bilirsən ora haradı?
Mən: Əlbəttə, Sevilyanın hara olduğunu bilirəm. Seviiiiilya.

Əslində, Sevilyanın harada olduğu barədə heç bir ideyam yox idi. Göylərdə ola bilərdi. Ancaq deyiliş formasından hiss edirdim ki, önəmlidi. Beləliklə, mən yalan danışdım.

Bir neçə gün sonra ətrafdakılardan öyrəndim ki, “Sevilya” “Barselona” və “Real”a qarşı oynayır. Portuqalca belə anlarda işlətdiyimiz bir söz var. Öz-özümü onu dedim: “Agora”.

Ekran qaralır.

Sevilyadayam. Aclıqdan o qədər arıqlamışdım ki, komanda yoldaşlarım və məşqçilər mənə sanki gənclərdən ibarət komandada oynamalıyam kimi baxırdılar. Həyatımın ən ağır 6 ayının ortasında idim. Dillərini bilmirdim. Məşqçi mənə inanmırdı və ilk dəfə ciddi-ciddi evə qayıtmaq barədə düşünürdüm. Sonra niyəsə atamın 13 yaşım olanda mənə aldığı formanı xatırladım – oğurlanan formanı. Atamı belində bidonla düşündüm – kimyəvi maddələri səpərkən. Və birdən qalmaq qərarına gəldim; dili öyrənəcəkdim, yeni dostlar tapmağa çalışacaqdım. Beləliklə, ən pis ehtimalla Braziliyaya qayıdanda paylaşmağa təcrübəm olacaqdı.

Məşqçi hamıya göstərişlər verirdi: “Sevilya”da müdafiəçilər mərkəz xəttini keçməyəcəklər. Olmaz”.

Bir neçə oyun deyilənə əməl elədim: topu sadəcə irəli atırdım, xəttə baxa-baxa - hasarı aşmağa qorxan it kimi. Sonra bir oyunda, özüm də səbəbini bilmədən xətti keçdim. Özüm olmalı idim.

Öz-özümə dedim: "Agora".

İrəlilədim. Hücum, hücum, hücum.

Məşqçi dilləndi: “OK, Dani. Yeni planımız: “Sevilya”da hücuma çıxa bilərsən".

Sadəcə bir neçə mövsüm ərzində, düşmə xəttində mübarizə aparan klub iki dəfə UEFA kubokunu qazandı.

Ekran qaralır.

Telefonum zəng çalır. Menecerimdi.

“Dani, “Barselona” səninlə maraqlanır”.

Bu dəfə yalan danışa bilməzdim. Barselonanın harada olduğunu bilirdim.

Bu, hər oyundan əvvəl aynanın önündə duranda beynimdə canlanan filmdi. Sonda həmişə eyni şeyi özümə deyirəm:

Mən heçdən bura gəlmişəm.
Mən buradayam.
Qeyri-realdı, amma mən buradayam.

18 yaşım olanda sadəcə “Barselona”ya qarşı oynayan komandada çıxış eləmək ümidi ilə okeanın digər tərəfinə keçdim. “Barça”da oynadığıma görə qürur hissi keçirmək? İnanılmaz idi. Əsl dahinin şahidi olmuşdum.

Məşq sessiyalarından birini xatırlayıram. Messi topla məntiq çərçivəsinə sığmayan hərəkətlər edirdi. Təbii, hər gün elədiklərindən biri idi. Ancaq bu dəfə nəsə fərqli görünürdü.

Xatırlatmaq istəyirəm. Olduqca gərgin məşq sessiyası idi, yəni ortalıqda boş-boş gəzişmirdik. Messi müdafiənin arasında driblinq edib, tamamlayırdı.

Budu, yanımdan keçir. Mən isə onun butslarına baxa-baxa düşünürəm: Bu, zarafatdı?

Yenə yanımdan keçir, düşünürəm: Bu, imkansızdı.

Bir daha... Artıq gördüklərimdən əminəm. 

Butsları bağlı deyil – hər ikisi.

Tamamilə açıq idilər. Bu adam dünyanın ən yaxşı müdafiəçilərinə qarşı meydan boyu süzürdü, sanki bazar günü parkdadı - elə hərəkət edirdi. Həmin an başa düşdüm ki, həyatım boyunca bir də onun kimi biriylə oynamayacam.

Və təbii ki, Pep Quardiola.

Kompyuter dedikdə Stiv Cobs, futbol dedikdə isə Pep başa düşülür. O, dahidi. Bir də deyirəm: dahi.

Pep oyunda nələrin baş verəcəyini dəqiqliyi ilə sənə deyə bilər. Məsələn, 2010-cu ildə “Real”a qarşı oynayıb, 5:0 hesabı ilə qələbə qazandığımız matç. Pep oyundan əvvəl bizə demişdi: “Bu gün topla atəş topu kimi davranın. Ayağınızda saxlamayın. Saniyənin yarısı belə olsa, saxlamayın. Buna əməl eləsəz, onların təzyiq eləmək üçün vaxtı olmayacaq. Asanlıqla qələbə qazanacağıq”.

Onun oyunöncəsi nitqlərindən birini dinləyib, meydana çıxanda hesabda 3:0 öndə imiş kimi hiss edirdik. Özgüvənimiz yüksək, hazırlıqlı, sanki qələbə qazanırmış kimi...

Gülməli tərəfi: oyunumuz alınmayan günlərdə fasilədə Pep alnını ovuşdurardı. Bilirsiz də necə? Yəqin ki, görmüsüz, hə? Elə bil beynini masaj edir - dahiyanə fikirlərdən birini axtarırmış kimi...

Bunu paltardəyişmə otağında önümüzdə edirdi. Və birdən ideya gəlirdi: “Tapdım”. Sonra göstərişlər verməyə başlayırdı – lövhədə riyazi qeydlər aparıb, fiqurlar çəkərək. “Biz bunu, bunu və bunu edəcəyik. Və bu da necə qol vuracağımız..."

Meydana çıxırdıq və bunu, bunu və bunu edirdik, sonra da qol vururduq. Dəlilik idi.

Pep mənə topsuz oynamağı öyrədən ilk məşqçidi. O, bizdən sadəcə oyunu dəyişməyi tələb eləmirdi. Bizə niyə dəyişməli olduğumuzu video və statistikalarla izah edirdi.

Həmin “Barça” məğlubedilməz idi. Sanki əzbərdən futbol oynayırdıq. Nə edəcəyimizi əvvəldən bilirdik. Düşünməyə ehtiyacımız yox idi.

Bax buna görə də “Barça” bu günə kimi qəlbimdədi. Buna görə Çempionlar Liqasının ¼ finalında “Barça”nı mübarizədən kənarlaşdırdıqdan sonra Neymara yaxınlaşıb, onu qucaqladım. Ağlayırdı, o an sanki mənim də bir hissəm ağlayırdı.

İnsanlar bu hekayəni oxuduqca sirləri niyə paylaşdığımı düşünürlər – təsəvvür edə bilirəm.

Həqiqət budu ki, mənim 34 yaşım var. Bundan sonra daha nə qədər oynayacağımı bilmirəm. Bəlkə iki, ya da üç il. Ancaq hiss edirəm ki, insanlar sanki məni və hekayəmi başa düşmürlər.

Bu mövsüm “Yuventus”a keçməyim evimi tərk eləməyə bənzəyirdi – 13 yaşımda akademiyaya getdiyim kimi. 18 yaşımda İspaniyaya köçərək yenidən eynisini təkrarlamışdım. Və 33 yaşımda bir daha – bu səfər İtaliya.

İlk günlərdə “Yuve” tamamilə yeni məktəb kimi idi. Həyatım boyunca hücuma çıxmağı sevmişəm. Amma bu səfər müdafiənin hər şeydən daha üstün olduğu bir yerdə idim. 

Yenidən bağçadakı it idim. Hasara gözümü zilləmişdim.

Getməliyəm?

Amma getmədim. Mövsümün əvvəlində “Yuve”li oyunçuların, onların fəlsəfələrinə və tarixlərinə hörmətlə yanaşdığımı bilmələrini istəyirdim. Əmin olduqdan sonra güclü tərəflərimi göstərməyə cəhd elədim.

Bir gün mərkəz xəttinə baxdım və öz-özümə dedim: “Getməliyəm?”

...Agora.

Hücum, hücum, hücum. (Hə, bəlkə bu səfər bir az da müdafiə, yoxsa Buffon üstümə qışqıracaq)

Bəzən düşünürəm ki, həyat dairəyə bənzəyir. Bax, argentinalılardan canımı qurtara bilmirəm. “Barça”da Messi var idi, “Yuve”də Dibala. Dahilər hər yerdə məni izləyir.

Bir gün məşq zamanı daha öncə Messidə gördüyüm bir şeyi Dibalada gördüm. Sadəcə istedadın təcəssümü deyildi. Onu həyatım boyunca dəfələrlə görmüşəm. O istedadın təcəssümü ilə dünyanı fəth eləmək istəyinin qarışığı idi.

“Barça”da biz əzbərdən oynayırdıq.

“Yuve”də başqadı. Kollektiv zehniyyəti bizi Çempionlar Liqasının finalına daşıdı. Fit çalınanda, situasiyadan asılı olmayaraq, qələbə qazanmağın bir yolunu tapırıq. “Yuve”də qələbə qazanmaq təkcə qol demək deyil, burada qalib gəlmək xəstəlik kimi bir şeydi. Bəhanələrə yer yoxdu.

Bu şənbə günü 34 yaşımda 35-ci titulumu qazanmaq şansım var. Bu, mənim üçün xüsusi şansdı. “Barselona” idarə heyətinə məni göndərməklə səhvə yol verdiklərini sübut eləmək kimi bir dərdim yoxdu. Bilirəm ki, onlar heç vaxt bunu qəbul eləməyəcəklər. Mövzu bu deyil.

Braziliyada akademiyada olan zaman, atamı qürurlandırmadıqca fermaya qayıtmayacağımı dediyimi xatırlayırsız?

Atam çox emosional adam deyil. Onu nə vaxt doğrudan da qürurlandırdığımı heç bilmirəm. Karyeramın böyük bir hissəsində Braziliyada olub. Amma 2015-ci ildə Berlində idi; ilk dəfə məni Çempionlar Liqasının finalını qazanarkən görürdü. “Barça” həmin vaxt futbolçuların ailələri üçün xüsusi parti təşkil eləmişdi. Kuboku xəyallarımıza çatmaqda bizə yardımçı olan insanlara verirdik. Sıra mənə gələndə, onu atama təqdim elədim. Bir qulpundan o, digərindən mən tutdum və şəkil çəkdirdik.

Portuqalca bir ifadə işlətdi, ancaq tərcümə eləməyim etik cəhətdən düzgün olmaz.

Sadəcə, belə bir şey idi: “Oğlum artıq kişidi”.

Uşaq kimi ağlayırdı. Həyatımın ən böyük anı idi.

Şənbə günü növbəti Çempionlar Liqası titulu üçün oynamaq şansım olacaq – tanış rəqibə qarşı. Həmişəki kimi yenə Kriştianonu analiz edəcəm.

Həmişəki kimi oyundan öncə yenə aynanın önünə keçəcəm və eyni filmi beynimdə canlandıracam. Ekran qaralacaq və mən xatırlayacam:

Betondan yataq...
Nəm torpağın iyi...
Atam - belində bidon dolusu kimyəvi maddələrlə...
Məktəbə velosipedlə 12 mil yol...
Yeni forma...
Boş ciyə...
"Əlbəttə, Sevilyanın harada olduğunu bilirəm".
Mən heçdən gəlmişəm.
Mən indi buradayam.
Qeyri-realdı, amma mən buradayam".

Tərcümə: Rüfət Məcid

Hiç yorum yok:

Yorum Gönder