31 Ocak 2015

Bir şəhəri iki yerə bölənlərin hekayəsi

1 gün sonra Belle&Sebastian, Mogwai və Franz Ferdinandları yetişdirən şəhər yenidən iki hissəyə bölünəcək. 1 gün sonra turistlər "Kelvinqrouv" muzeyinə yox, “Hempden Park” stadionuna axın edəcəklər. 1 gün sonra qoca, cavan, uşaq, kişi, qadın – Britaniya sərhədlərində yaşayan kim varsa, tək bir şey barədə düşünəcək. Çünki 1 gün sonra 3 ilə yaxın davam edən həsrətə son qoyulacaq; Qlazqo yenidən köhnə günlərinə qayıdacaq. Çünki 1 gün sonra ... “Seltik”lə “Reyncers” qarşı-qarşıya gələcək və məşhur “Old Firm dastanı”na bir səhifə daha əlavə olunacaq.


Yaşılla ağın ahəngindən ibarət olan formanı əyninə keçirən Papa qarşısında Kraliçanı görəcək, IRA (1917-1969-cu illərdə aktiv olan İrlandiya inqilabçılarının ordusu) ilə UVF-in (1913-1922 və 1966-2007-ci illərdə Şimali İrlandiyada fəaliyyət göstərən ölkənin Böyük Britaniyanın tabeçiliyində olmasını dəstəkləyən və bunun üçün mübarizə aparan terror təşkilatı), adada yaşayan protestantlarla katoliklərin, dirənişçilərlə Kraliça tərəfdaşlarının mübarizəsi yenidən alovlanacaq. Axı onlar bu sözdə adi, əslində böyük olan qığılcımı 2012-ci ilin aprelindən bəri gözləyirdilər. Yuxarıda bəhs etdiklərim sadəcə “Seltik” – “Reyncers” rəqabətinin (bu iki komanda arasında oynanılan matçlar “Old Firm” adlanır) timsalında baş verəcək.

Dünyanın ən böyük futbol rəqabətlərindən danışanda çoxlarının ağlına ilk olaraq “El Klasiko” və “Superklasiko” gəlir, “Old Firm” isə bir az arxa planda qalır. Bu fikirdə olanların haqsız olduğunu düşünmək də düzgün olmazdı, çünki “Seltik” – “Reyncers” matçları futbol sərhədlərini aşır. Ancaq “Reyncers”in canlı əfsanələrindən Qrem Sunesin bu sözləri onların fikrini dəyişə bilər:

“İllərcə “Reyncers” – “Seltik” matçlarında oynamışam. “Old Firm”lə müqayisədə dünyanın digər derbiləri və əzəli rəqabətləri yoldaşlıq oyunu kimi bir şeydi”.

İşin içində hər şeydən bir az var - tarix, Britaniya əsarəti, dirəniş, siyasət və din. Bütün bunlar ildə 4 dəfə qazon üzərində təzahür edir(di). Ta ki “Reyncers” Şotlandiya İkinci Liqasına (sıralama ilə 4-cü divizion) göndərilənə kimi.

“Old Firm”də o qədər bir-birinə zidd düşüncələr qarşı-qarşıya gəlir ki, aradakı nifrətin səbəbini anlamaq çətin olmur. Elə bir rəqabət düşünün ki, “Reyncers”li atanın oğlu “Seltik”li ola bilməz, çünki o, protestant olaraq doğulub və sən protestantsansa, avtomatik olaraq Kraliçaya “sitayiş” etməlisən, Böyük Britaniya əsarətini dəstəkləməlisən. Səndən asılı olmayan bir digər şey isə azarkeşlik edəcəyin klubdu. Artıq alnına istəsən də, istəməsən də “Reyncers” sözü yazılıb. Eyni şeylər “Seltik”li atanın uşaqları üçün də keçərlidi. Hətta Qlazqo məktəblərində səhnələşdirilən “Romeo və Cülyetta” teatr tamaşalarında sevgililərin birlikdə olmamasına səbəb kimi birinin “Seltik”li, digərinin isə “Reyncers”li ailədən olması göstərilir.


Qlazqo torpaqlarında istisna olmaq istəyirsənsə, deməli, ölümü gözə almısan. Çünki böyüdüyün məhəllələr sənin kimi “Seltik”li və yaxud da “Reyncers”li olan insanlarla doludu. Katoliklərin yaşadığı (əsasən, Qlazqonun şərqi) məhəllələrdə “Reyncers” forması ilə gəzmək, protestantların çoxluq təşkil etdiyi yerlərdə isə yaşılla ağı miks etmək qərarına gəlmisənsə, ya sən mazoxistsən, ya da sayları bir əlin barmaqlarının sayını keçməyən istisnalardan.

Rəqabət və nifrət boş-boşuna yaranmır. Tarix hər zamankı kimi öz rolunu oynayır. Zamanı arxaya versək görəririk ki, “Reyncers”in əsası Mozes, Piter Maknil qardaşları, Piter Kempbell və Uilyam Makbit tərəfindən qoyulub. “Seltik” isə əzəli rəqibindən 15 il sonra İrlandiyadan Şotlandiyaya köçmək məcburiyyətində qalan irlandlara köməklik etmək məqsədilə katolik keşişlər tərəfindən yaradılıb. Klubun adı keltlərdən götürülüb. Şotlandların da kökləri irlandlar kimi, keltlərə dayanır. O zamanlarda irlandiyalıların vəziyyətləri heç də ürəkaçan deyildi. Onların böyük əksəriyyəti “Reyncers” azarkeşi olan protestantların yanında köməkçi işləri görməklə həyatlarına davam edirdilər. Protestantlar katolik irlandiyalıları alçaltmağı xoşlayırdılar və getdikcə özlərinin də xəbəri olmadan rəqabətin təməli atılırdı.

Əzəli rəqiblərin ilk dueli 1890-cı ilə təsadüf edir. Şotlandiya FA Kuboku çərçivəsində oynanılan matç “Seltik”in 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. “Old Firm”i başqa bir səviyyəyə çatdıran isə milliyətçi Con Ure Primroz olub. O, “Seltik”liləri “ölkəni bölən, komunist keşişlər” adlandırırdı. Bununla yanaşı, “Reyncers” tribunalarında Şotlandiya bayrağı əvəzinə, Böyük Britaniya bayrağı asmaq ənənəsini başladan şəxs də məhz Primrozdu. Ancaq “Seltik”li azarkeşlərin bu hərəkətə cavabı çox da gecikməmişdi. Onlar “Seltik Park”a İrlandiya bayraqlarını asmaqla Primrozun cavabın vermişdilər.


1920-ci illərdə Qlazqoda kütləvi işçi tətilləri olurdu. Bu, həm də İrlandiyanın müstəqillik qazanmaq istədiyi illərə təsadüf edirdi. “Reyncers”lilər  tətillərin əsas səbəbkarı qismində irlandiyalılar və katolik keşişləri görürdülər. Sonradan bu etirazların qarşısını almaq üçün şəhərə Britaniya faşistlərindən olan Fullerton və onun “Billy Boys” adlanan xüsusi qrupu göndərildi. Fullerton ona tapşırılan işin öhdəsindən gəldi və tətillər dayandırıldı. Ancaq qan bahasına. İrlandiyalılar boğazlarından asılaraq edam edilərkən “Reyncers”lilər  məşhur “Billy Boys” mahnısını ilk dəfə oxumuşdular. “Seltik”lilər isə “Billy Boys”a Liverpuldakı irlandiyalılardan öyrəndikləri məşhur  “You’ll never  walk alone” mahnısı ilə qarşılıq verməyi sevirlər.

Zaman keçdikcə Primrozlar və Fullertonların sayı artırdı. IRA və UVF məsələsini də hesaba qatsaq, tərəflər arasındakı nifrətin pik həddə çatması normal idi. Nəticədə adi bir futbol matçı qanların töküldüyü, insanların öldüyü, küçələrdə rahat gəzməyin mümkünsüz hal aldığı bir rəqabətə çevrildi.

İki komandanın azarkeşləri, o cümlədən fanatlar və futbolçular arasında tez-tez gərginliklər yaşanır. 1997-ci ildə “Seltik” şərfi ilə məktəbə gedən 16 yaşlı uşağın “Reyncers”li biri tərəfindən öldürülməsi isə hadisələrin kuliminasiya nöqtəsi idi.

Qapı arxasındakı tribunalarda əyləşən “Reyncers”li azarkeşlərin bir vaxtlar “Seltik”də çıxış edən yapon Nakamura künc zərbəsini yerinə yetirərkən İkinci dünya müharibəsində ABŞ və İngiltərənin təyyarələrlə Yaponiyanı darmadağın etməsinə işarə vurub, əllərini yanlara doğru açaraq təyyarə əmələ gətirmələri isə yəqin ki, bütün ada futbolunu sevənlərin yadındadı. “Seltik”in futbolçusu Eyden Makqidi “Reyncers” azarkeşləri tərəfindən ən çox təhqirlərə məruz qalan futbolçulardan bir digəri idi. Səbəb? Çünki o, Şotlandiya yığmasında oynamaq əvəzinə, İrlandiya millisinə üstünlük vermişdi.


Azarkeş məsələsində olduğu kimi, klubların daxili siyasətlərində də dinin rolu həmişə böyük olub. “Seltik”də protestant futbolçulara, “Reyncers”də isə katoliklərə nadir hallarda rast gəlmək olurdu. Ancaq buna baxmayaraq, “Seltik”in heyətində məşhur protestantlar, “Reyncers”də isə katoliklər çıxış ediblər və yaxud da məşqçi kimi çalışıblar. Hətta “Seltik” 1966-67 mövsümündə Çempion Klublar Kubokunu qazananda (indiki Çempionlar Liqası) heyətin böyük əksəriyyəti protestantlar idi. “Reyncers”də isə kapitan olan Lorentso Amoruzo  və Terri Butçer əslən katolik idilər. Lakin Butçerin katolik olması ikinci bir Mo Conston nümunəsi baş verməsin deyə, bilərəkdən gizlədilirdi. Hər iki klubun tarixinə əfsanə və həm də istisna olaraq düşən futbolçu və məşqçilərin siyahısı belədi:

“Seltik”: Kenni Dalqliş, Cok Steyn, Henrik Larsson, Vim Yansen.

“Reyncers”:  Mo Conston, Terri Butçer, Lorentso Amoruzo.


Adlarını sadaladıqlarımdan Mo Constonla bağlı əhvalat əslində ayrıca bir yazı başlığı ola bilər. “Seltik”in məşhur futbolçularından olan Conston 1989-cu ildə Sunessin istəyi ilə “Nant”dan “Reyncers”ə transfer oldu. O, boynundan xaç asacaq qədər katolik olduğunu biruzə verən biri idi. “Reyncers”li və “Seltik”li azarkeşlərin tarix boyunca bəlkə də tək ortaq xüsusiyyətləri Constondan nifrət etmələri idi. Hekayəyə gəlincə, “Old Firm” qarşılaşmalarının birində Conston fərqlənir və görüş “Reyncers”in 1-0 hesablı qələbəsilə yekunlaşır. Ancaq klub azarkeşlərinə görə, matç 0-0 bitmişdi, onlar Constonu komandanın parçası hesab etmirdilər və vurduğu qollara da sevinmirdilər. Hətta “Reyncers” fanatları “Aybroks”un önündə “Billy Boys” mahnısını oxuyaraq biletlərini də cırmışdılar. Əslində məsələ protestant-katolik davası deyildi. Zamanla nifrət elə həddə çatmışdı ki, artıq süni “Seltik” və “Reyncers” dinləri yaranmışdı. Hətta bu barədə belə bir anekdot da var: Bir gün Şotlandiyada yaşayan əslən Hindistandan olan müsəlman biri diş həkiminə gedir. Həkim ondan dini inancları barədə soruşur. O isə müsəlman olduğunu bildirir. Diş həkiminin hindistanlıya verdiyi növbəti sual isə belə olur: Müsəlman olduğunu bildim, indi de görüm, “Seltik”li müsəlmanlardansan, yoxsa “Reyncers”li?

“Old Firm” həyəcanı dediyim kimi, təkcə Şotlandiyada yaşanmır. Ölkə hüdudlarından kənarda, xüsusilə də müstəqillik eşqi ilə yaşayan İrlandiyanın şimal hissəsində də oxşar hadisələr baş verir. Şotlandiyada olduğu kimi, Belfastda da həyat dayanır. Onlar gəmilərlə bəlkə də həyatdakı ən böyük arzularından birini reallaşdırmaq – yer üzündəki “cənnət”i (“Seltik Park”) görmək üçün Qlazqoya axın edirlər. Təsadüfi deyil ki, “Seltik Park” stadionunun girişində “Cənnətə xoş gəlmisiniz” yazılıb. Bura bir gün Britaniya əsarətindən xilas olmağı düşünənlərin ən xoşbəxt olduqları yerdi. “Reyners”lilərin ən böyük arzularının reallaşması isə bir az mümkünsüz görünür. Onlar hələ də nə vaxtsa əzəli rəqiblərinin əsas rənglərindən olan yaşıl yox, mavi otun üzərində futbol oynayacaqlarına inanırlar.


“Old Firm” həm də Şotlandiya hökumətinin əsas gəlir mənbələrindən biri idi. “Reyncers” – “Seltik” rəqabəti il ərzində ölkə büdcəsinə 120 milyon avroya yaxın gəlir gətirirdi. Təbii ki, üç il öncəyə qədər beləydi.  “Reyncers”in Şotlandiya Premyer Liqasına qayıtmaq ehtimalları olduqca yüksəkdi. Qlazqo təmsilçisi hazırda Çempionşipdə ikinci pillədə qərarlaşıb. Yəni, gələn mövsümdən etibarən “Old Firm” ləzzətini ildə 4 dəfə dadmaq imkanımız ola bilər. İndi isə bizə qalan sabahı gözləməkdi. Əzəli rəqiblər Şotlandiya Liqa Kubokunun yarımfinalında üz-üzə gələcəklər.

"Hər futbolsevərin ölmədən öncə etməli olduğu 5 şey" adlı siyahı tərtib etsələr, “Old Firm”i “Aybroks” və yaxud da “Seltik Park”da izləmək ilk sıralarda yer alardı. Sadəcə 1 gün sonra, 17:30-da 90 dəqiqə vaxtınızı Qlazqonu iki hissəyə bölənlərə ayırmağa çalışın. Əminəm ki, peşman olmayacaqsız.

24 Ocak 2015

Olimpiadalar tarixinə damğasını vuran oyun: "Suda qan"


Hansısa bir filmə baxanda güclü-zəif, haqlı-haqsız müqayisələrində çox zaman ikincilərin tərəfini saxlayırıq, sonda onların qalib gəlməsini istəyirik. Qısası, əzilənin yanında olmağı sevirik. Azarkeşlik etdiyimiz komandalar və ya şəxslər istisna olmaqla, idmanda da çox zaman oxşar hisslər keçiririk. “Topaz” və s. bu tipli bukmeker kontorları həyatımıza girənə kimi ən azından beləydik. 

Bugünkü yazımda iki bir-birinə zidd tərəf var: Hərbi cəhətdən güclü, su polosunda isə rəqibinə nisbətdə zəif SSRİ və SSRİ tərəfindən işğal olunmuş, ancaq sözügedən idman növündə hegemon Macarıstan. Gülümsərovun sözü olmasın, idmanla tarixi calaq edəcəm. 

Əslində, idmanla tarix elmi vəhdət təşkil edəndə həmişə ortaya maraqlı hekayələr çıxır. Uşaqlıqdan bəri idman hekayələrini oxumağı sevərdim. Sizcə də o hekayələr, hadisələrin pərdəarxası məqamları idmana əlavə rəng qatır? Yoxsa, çox sentimentalıq bu mövzuda? 

Nəysə, bir yerdən başlamalıyam - 1956-cı ildə Yay Olimpiya Oyunları Avstraliyanın Melburn şəhərində keçirilirdi. Melburn Olimpiadası haqda az-çox məlumatı olan kimdən soruşsanız, ilk olaraq sizə Macarıstan və SSRİ su poloçuları arasında oynanılan matçdan danışacaqlar. Nə qədər qəribə səslənsə də, turnirin özündən çox həmin oyun yaddaşlarda qalıb. 

İdman müsabiqələri həmişə hansısa bir millətin digərləri üzərindəki üstünlüyünü isbat etmək üçün ideal vasitələrdən biri olub. Bunun üçün ən ideal yer isə Olimpiadadı. Kim daha sürətlidi? Kim ən hündürə tullanacaq? Bu tipli suallar hamımızı maraqlandırır. Ancaq bəzən idmançılar təkcə bu suallara cavab tapmağa çalışmırlar. Bəzən tarix və siyasət idman anlayışına əlavə anlamlar qata bilir, Macarıstan – SSRİ oyununda olduğu kimi... 

Macarıstanın rəsmi olaraq Sovet Sosialist Respublikaları İttifaqının nəzarəti altına keçməsinin ardından iki ölkənin yığmaları arasındakı istənilən idman müsabiqələri böyük önəm daşıyırdı. Su polosundakı rəqabət isə bir başqaydı. Macarıstan bu idman növündə ən güclü ölkə hesab olunurdu. Təsadüfi deyil ki, macarlar o zaman son 4 Olimpiadanın 3-dən qalib ayrılmışdılar. 1952-ci il Helsinki Olimpiadasında 7-ci olan SSRİ poloçuları onların qələbəsinə canlı şahidlik etmişdilər. Sovet yığması nəhayət 1956-cı ildə su polosunda Macarıstanın hegemonluğuna son qoymaq istəyirdi. Məqsədə gedən yolda seçdikləri üsul isə heç də ədalətli deyildi. Macarıstanın SSRİ-nin tərkibində olmasından istifadə edən ölkə rəhbərliyi onların sistemini mənimsəmək qərarına gəlmişdi. Bu səbəblə də hər iki ölkənin poloçuları bir yerdə məşq edirdilər. O zaman Macarıstan millisində çıxış edən İstvan Hevesi həmin anları belə təsvir edirdi: 

“Bizim etdiyimiz hər şeyi qeyd edirdilər. Bir sonrakı gün etdiyimiz hər şeyi təkrarlayırdılar”. 

Olimpiadadan bir neçə ay öncə iki yığma komanda Moskvada keçirilən turnirdə üz-üzə gəlir. Matçdan ev sahibləri qalib ayrılırlar. Ancaq oyun böyük mübahisələrə səbəb olur. Hakimin SSRİ-nin lehinə verdiyi qərarlar vəziyyəti gərginləşdirmişdi. Nəticədə soyunub-geyinmə otağında idmançılar arasında dava düşmüşdü. Olimpiadadakı hadisələrin təməli məhz həmin gün atılmışdı. Macarıstan və SSRİ milliləri arasındakı ikinci görüşdə isə rus poloçular təqdim olunarkən macar azarkeşlər arxalarını çevirdilər və SSRİ himninin səslənməsinə icazə vermədilər. 

Macarıstanda həmin an vəziyyət kritik idi. SSRİ-nin tabeçiliyində olan Macarıstan Xalq Respublikasının Nazirlər Şurasının sədri İmre Nad 1955-ci ildə tutduğu vəzifədən uzaqlaşdırılmışdı. Bunun ardından islahatçı nazir sovet rejiminə qarşı çıxmağa başladı. O, ölkə əhalisini müstəqilliyə inandırmağa çalışırdı. 

1956-cı il, oktyabrın 22-də - Melburn Olimpiadasının açılış mərasimindən düz bir ay öncə tələbələr mitinqlər keçirməyə başladılar. Günün sonuna kimi etiraz edən insanların sayı 200 mini ötmüşdü. Polis kütləni dağıtmaq üçün xəbərdarlıq etmədən onların üzərinə odlu silahlardan atəş açdı. Buna baxmayaraq, etiraz dalğası böyüməkdə idi. Qarışıqlıqdan istifadə edən İmre Nad oktyabrın 24-də yenidən özünü Nazirlər Şurasının sədri elan etdi. 

Atışmaların getdiyi bir vaxtda macar su poloçular Budapeştin şəhər mərkəzindən uzaq bir yerdə yerləşən evdə saxlanılırdılar. Onlar atəş səslərini eşidə bilirdilər. Oktyabrın 30-da isə Nad bir qədər də irəli gedərək, Melburn Olimpiadasında poloçuların müstəqil Macarıstanı təmsil edəcəklərini açıqladı. İmre Nad əslində xaricdən gələcək dəstəyə ümid edirdi. Təsadüfdən həmin gün Süveyş məsələsi ortaya çıxdı, Fransa, Böyük Britaniya və İsrailin başı Misirə qarışdı. Nad dərhal polo yığmasının üzvlərini Yuqoslaviyaya göndərdi, sonra isə ölkəsinin Varşava paktından çıxdığını açıqladı. Bu xəbəri eşidən Sovet ordusu tərk etdiyi Budapeştə yenidən girdi və şəhər bir daha işğal olundu. Nad isə Yuqoslaviyanın şəhərdəki səfirliyinə sığındı. Daha sonra Sovet ordusunun əlinə keçən nazir iki il sonra edam edildi. 23 oktyabr – 9 noyabr arasında baş verən hadisələr tarixə Macar inqilabı adı ilə düşüb.


Poloçulara gəlincəysə, onlar ölkədən kənarda olduqları müddətdən Melburna gedənə qədər Macarıstanda baş verən hadisələrin çoxundan bixəbər qaldılar. Komandada təkcə Mikloş Martin ingilis dilini bilirdi. O, qəzetdəki məlumatları tərcümə edəndə digərləri onun ətrafına yığışırdılar. Onlar bu yolla az-çox qəzetlərdən məlumat əldə edə bilirdilər. Yığma üzvlərinin SSRİ-yə qarşı olan nifrəti günü-gündən daha da artırdı. 

Və nəhayət Olimpiada başladı. Maraqlı məqamlardan biri də odur ki, macarlar sonuncu dəfə barmaqlarını suya bir ay əvvəl soxmuşdular. Daha sonra macar oyunçulardan Kalman Markovits “zonal marking” adlanan oyun sistemini yaratdı və komanda yoldaşları həmin sistemlə oynamağa qərar verdilər. Qrupdakı ilk oyunda macarlar ABŞ-I 6-2 hesabı ilə məğlub etdilər. Növbəti qurbanlar isə Almaniya ilə İtaliya oldu. Sistem işlədi və onları yarımfinalda SSRİ ilə üz-üzə qoydu. Macar poloçular üçün qisas zamanı idi. Komanda üzvlərindən Hevesi deyirdi: 

“Onlar bizə atəş etməyə başlamışdılar. Atəş səsləri yaxınlığımızda eşidilirdi. Oyundan öncə Allahın bizə kömək edəcəyini bilirdim. Qalib gələcəyimizdən əminiydim”

Matçın oynandığı arenanın tribunalarında boş yer tapmaq olmazdı, azarkeşlər arasında Avstraliyadakı Macarıstan cəmiyyətinin üzvləri çoxluq təşkil edirdi. Hadisənin əsas qəhrəmanı Ervin Zadorun dedikləri oyuna olan marağın nə həddə olduğunun sübutudu: 

“Macarıstan üçün oynadığımızı hiss edirdik. Macarlar çox həyəcanlı idilər. 1945-ci ildən bəri onların bizim ölkəmizdə etdikləri aramızda düşmənçilik yaratmışdı. Avstraliyadakı bütün macarlar coşmuşdular”. 

Oyundan öncə Macarıstan yığmasının əsas planlarından biri SSRİ millisinin üzvlərini bilərəkdən əsəbiləşdirmək idi. Oyunun gedişatında macarlar rəqib poloçuları hətta rus dilində də təhqir edblər. Zadorun sözlərinə görə, onlar bu ssenarini əvvəlcədən planlaşdırmışdılar: 

“Biz bilirdik ki, onlar əsəbləşən kimi dalaşmağa başlayacaqlar. Dava düşsə, oyunları alınmayacaq. Oyunları alınmasa, onları məğlub edəcəyik, qalib gəlsək, çempion olacağıq”. 

Plan işləyirdi. İlk rus oyunçunun cəzalılar skamyasına göndərilməsi bir dəqiqədən az çəkdi. SSRİ yığmasının daha iki poloçusu oxşar aqibətlə üzləşdi. Darmadağının əsası macarların kapitanı Dezso Gyarmati tərəfindən qoyuldu. O, komandasını hesabda önə keçirdi. Ruslarda yaranan ruh düşkünlüyü və macarların müdafiəsini yara bilməmələri sonluğu yaxınlaşdırdı: 4-0. Hesab arasındakı fərqin böyüməsi və macarların provakasiya xarakterli hərəkətləri... Sözügedən matçın tarixə düşməsinə səbəb olan hadisənin zamanı artıq çatmışdı. O anı Zador belə təsvir edirdi: 

“Onların üstünə qışqırırdıq. Tez-tez təhqir edir, ölkəmizi dağıtdıqlarını yadlarına salırdıq. Onlar isə bizi vətən xaini adlandırırdılar. Suyun altında da, üstündə də dava gedirdi. 

Daha sonra Zador məndən SSRİ-nin ən güclü oyunçusu Valentin Prokopovu tutmağımı istədi. Problem olmadığını və onu tutacağımı bildirdim. Ona anasının da, özünün də luzer olduğunu və artıq oyunun bitdiyini dedim. Növbəti dəfə Prokopovu görmək üçün çevriləndə nə olduğunu anlamadım. Sadəcə qolunun üzümə doğru gəldiyini gördüm və çat səsi eşitdim. Birdən-birə 48 dənə ulduz gözümün önünə gəldi”. 

Başa düşdüyünüz kimi, Prokopov təhqirlərə dözməyərək, özündən çıxmışdı və Zadorun üzünə yumruq vurmuşdu. 50-ci illərdə Prokopov ölkəsinin ən yaxşı poloçusu hesab olunmasına baxmayaraq, indiyə kimi həmişə Zadora vurduğu yumruqla xatırlanır. 

Zadorun qaşı yarılmışdı və qan hovuza tökülürdü. Məhz bu səbəbdən Macarıstan – SSRİ matçı “Blood in the water” (“suda qan”) adlanır. İlk dəfə sözün həqiqə mənasında qan su yerinə axırdı. O, dərhal hovuzdan çıxarıldı və həkimlərin yanına aparıldı.



Tribunalardakı macarlar SSRİ oyunçularından qisas almağa çalışsalar da, polis dərhal onlarını qarşısını aldı. Hakim oyunu dayandırdı və qarşılaşma macarların 4-0 hesablı qələbəsilə yekunlaşdı. 

Qaşının yarılması Zadorun Yuqoslaviya ilə final matçında oynamasına əngəl oldu. Macarıstan o görüşdən də qalib ayrıldı: 2-1. Qızıl medalın sahibi Zador və komanda yoldaşlarının böyük bir qismi Olimpiadadan sonra Macarıstana qayıtmadılar. Riski gözə almayan poloçular başqa ölkələrdən sığınacaq aldılar. San Fransiskoya köçən Zador isə polonun ABŞ-da bir o qədər də inkişaf etməməsi səbəbindən karyerasını bitirdi və üzgüçülük müəllimi oldu. Əslində, hekayənin içində daha bir hekayə var. Zador sonralar müəllim kimi əfsanəvi üzgüçülərdən 9 qat Olimpiada çempionu Mark Spitsi dünya idman tarixinə bəxş etdi. Yəni, bütün bu olanlar baş verməsə və Zador ölkəsinə qayıtmaq məcburiyyətində qalsa, bəlkə Spits də olmayacaqdı. 



Bu oyun əslində təmsilçi sözünün təkcə simvolik məna daşımadığını göstərir. Bəzən idmançılar öz işlərini görərək təmsil etdikləri ölkənin əsgərləri də ola bilərlər.

6 Ocak 2015

Ayrılıq da sevgiyə daxildi


2015-ci il 2014-dən estafeti qəbul edib və elə ilin ilk günlərində birinci “bomba”sını partlatdı: “Cerrard mövsümün sonunda “Liverpul”u tərk edəcək” - dedi. Giqqssiz “Mançester Yunayted”i, Puyolsuz “Barselona”nı, Lempardsız “Çelsi”ni izləmisiz. Buna da alışarsız” – dedi. Sadəcə zaman tanıdı, 4-5 ay vaxt verdi. Əsərləri əsas qəhrəmanları olmadan, filmləri baş rollarsız düşünmək nə qədər çətindisə, “Liverpul”u da Stiven Cerrardsız təsəvvür etmək bir o qədər çətindi. Bunu görmədi, görməzdən gəldi. 

Həyatı bizim üçün yadda qalan edən zövq aldığımız şeylərdi və futbol da bizim üçün onlardan biridisə, əsas olan nəfəs aldığımız deyil, nəfəsimi tutduğumuz anlardısa, bunu illərdi futbolsevərlər üçün edən “sevgililər”in ayrılışına sevinə bilməzdik. Totti, Xavi, Kasilyas və Cerrardla təsəlli tapardıq – biz, sadiq və bir o qədər də romantik futbol azarkeşləri. Onlardan daha biri bayrağı təhvil verdi. İllər keçir, uşaqlığımın futboluna olan həsrətim artır. Ancaq illər qərarlıdı, bir-bir o günlərin qəhrəmanların dartır, çəkir, bizdən alır. Ya o vaxtlar futbol daha gözəl idi, ya da mən uşaqlığımdakı hər şey kimi, futbol üçün də darıxıram. Cerrard və Cerrardlı “Liverpul” üçün də darıxacağam. Bir Zidan, Skouls və ya Giqqs deyildi, amma “öldüyüm zaman məni “Enfild”də dəfn edin, orda doğuldum, orda öləcəm” deyən, oyundan sonra kuboku yanından ayırmayan, bütün diqqətini "Liverpul"a fokuslamaq üçün sevgilisini İstanbula aparmayan, son damlasına kimi vuruşan döyüşçü idi, o. “Çelsi” və “Real”ın fantastik təkliflərinə yox deyib, “Liverpul” deyən adam da o idi. 



Bəziləri ona “loser” deyir. Yəqin ki, Cerrard tək-tük “loser”lərdəndir ki, klub tarixində ondan əvvəl və sonrası olacaq. "Box to box”un necə oynanılmalı olduğunu göstərən adamı, 30-40 metrdən vurduğu o möhtəşəm zərbələri, hər şeyini ortaya qoymasını, çətin anlarda komanda yoldaşlarının arxalarında onun olduğunu düşünmələrini, liderlik qabiliyyətlərini, motivatorluğunu nə tez unutdular? Əgər bu tip özəlliklər bir “loser”ə aiddirsə, mən də “loser” olmaq istərdim. Premyer Liqanı qazanmayıb? Olsun, NBA-da liqanın tarixinə damğasını vuran, ancaq çempion ola bilməyən adamların siyahısına baxın. Premyer Liqa yox, digər kuboklar olmasa da, Cerrard əfsanə olaraq qalacaq. Ən azından "kapitan" sözünü eşidəndə, gözünüz önünə gələn 4-5 nəfərdən biri o olacaq.



Cerrardı “Liverpul”a bağlayan ən böyük qüvvə 1989-cu ildə “Hillsboro” faciəsində həyatını itirən xalası oğlu Con-Pol Gilhulidi. O zaman Cerrardın 8, Gilhulinin isə 10 yaşı var idi və o, “Hillsboro”da ölən ən azyaşlı azarkeş idi. “Con-Pol üçün oynayıram” – deyirdi Cerrard. Hər dəfə “Enfild”ə ayaq basanda onu görürdü, qol vurduqdan sonra ona doğru qaçdığını xəyal edirdi.


1998-ci il, 28 noyabr, Cerrard Veqqard Heqqemin əvəzinə meydana daxil olan zaman Polla birgə qurduğu arzuları təkbaşına reallaşdırmışdı. Con-Polun valideynlərinin Cerrard “Liverpul”da debüt etdikdən sonra işlətdikləri ifadə Stivinin yaddaşına əbədi hək olunmuşdu: “Con-Pol səninlə fəxr edərdi”. Çox deyil, üç il sonra “böyük qardaş”ı Makallisterin ulduzlaşdığı matçda o da fərqlənəcəkdi və UEFA kuboku tarixinin ən maraqlı finalında baş rollardan birini oynayacaqdı. Nə təsadüfsə, o finallar da həmişə “captain fantastic”ə qismət oldu.

2004-05 ÇL finalı ayrı bir məqalə mövzusu olar, amma bilən bilir. Həmin il Çempionlar Liqasının qrup mərhələsinin son turunda olanlar da sonluq qədər həyəcanverici idi. “Olimpiakos” 10 xalla qrup lideri idi, “Monako” 9 xalla ikinci, “Liverpul” isə 7 xalla üçüncü idi. Mersisayd klubunun mərhələ adlaması üçün “Monako” “Deportivo”nu məğlub etməliydi, “Liverpul” isə “Olimpiakos”u iki top fərqi ilə udmalıydı. “Monako” “Depor”un qapısından 5 cavabsız qol keçirmişdi. “Enfild”dəki matçda isə hesab 2-1 “qırmızılar”ın xeyrinəydi. Ancaq “Liverpul”un bir qola daha ehtiyacı var idi. Son dəqiqələrdə ortaya məlum şəxs çıxdı. "Raket"i göndərdi, “fairy tale”i yazmağa başladı. 1998-ci ildəki dəyişiklik təkcə Polun deyil, milyonların arzusunu reallaşdırdı.

                                       

Nəyi dəyişdirmək istiyərdin desələr, keçən ilə qayıdardım - “Çelsi” ilə oyuna... Yəqin, Stivi də o anı dəyişmək istəyərdi. EPL tituluna layiq idi, amma tale son oyununu oynamışdı. 

Cerrardın qərarına gəlincə isə, fikrimcə, bu qərarı ilə belə klubu nə qədər çox sevdiyini göstərdi. Bəzən sevdiyinin yaxşılığı üçün özünü fəda edirsən, ona bənzər bir şey idi. Onu da klubun yaxşılığı üçün etdiyindən əminəm, artıq SG alışdığımız kimi deyildi. Mövqe dəyişikliyi və s. deyil, yaş amili sözünü deyirdi. Son illərdə meydanın ön cəbhəsinə nisbətdə arxaya çəkilmişdi. Müdafiədən götürdüyü topu komanda yoldaşlarına paylamaq əsas missiyası idi. Uzun topları sevməsi səbəbi ilə yeni mövqesi onu bir o qədər də narahat etmirdi. İlk toxunuş, kreativlik, oyunu oxumaq və s. kimi xüsusiyyətləri onun işini asanlaşdırırdı. Onsuz karyerası ərzində oynamadığı mövqe qalmamışdı. Sadəcə yaş... O, həmin Cerrard deyildi, qərarının necə qarşılanmasından asılı olamayaraq, Stivi bunu seçdi. 

Mümkün ABŞ karyerası? İnanmıram kiminsə xatirində Cerrard MLS-də edəcəkləri ilə qalsın, onun professional futbol karyerası mövsümün sonunda bitəcək. O, həmişə “Liverpul”lu kimi xatırlanıb, elə də qalacaq, ABŞ-a yox, Okeaniyaya belə getsə, tək qalmayacaq. “Enfild” isə onun adına yazılan bəstələr üçün darıxacaq, yenidən oxumaq istəyəcək: “Steven Gerrard, Gerrard, he will pass the ball 40 yards, he’s big and he’s fucking hard, Stiven Gerrard, Gerrard”. 

Bu yerdə “The wolf of Wall Street” filmindən bir səhnə yadıma düşdü. Kaş Cerrard da bizi yanıldıb, bir anlıq, filmdə Cordan Belfort rolunu ifa edən Leonardo DiKaprio olardı və deyərdi:



                                       



Könül istərdi ki, gəmini ən son kapitan tərk etsin, ancaq Cerrard bu addımı atıbsa, bir bildiyi var. “Kop” bəlkə də sadəcə Şenkli, Peysli və Dalqlişi bu qədər çox sevmişdi. Təəssüf ki, ayrılıqlar da sevgiyə daxildi. Səslənsin musiqi, bu səfər Ceyms Blant sussun, “Enfild” oxusun: “Goodbye my lover, goodbye my friend”.