1 gün sonra
Belle&Sebastian, Mogwai və Franz Ferdinandları yetişdirən şəhər yenidən iki
hissəyə bölünəcək. 1 gün sonra turistlər "Kelvinqrouv" muzeyinə yox, “Hempden
Park” stadionuna axın edəcəklər. 1 gün sonra qoca, cavan, uşaq, kişi, qadın – Britaniya
sərhədlərində yaşayan kim varsa, tək bir şey barədə düşünəcək. Çünki 1 gün
sonra 3 ilə yaxın davam edən həsrətə son qoyulacaq; Qlazqo yenidən köhnə günlərinə
qayıdacaq. Çünki 1 gün sonra ... “Seltik”lə
“Reyncers” qarşı-qarşıya gələcək və məşhur “Old Firm dastanı”na bir səhifə daha əlavə olunacaq.
Yaşılla ağın
ahəngindən ibarət olan formanı əyninə keçirən Papa qarşısında Kraliçanı görəcək,
IRA (1917-1969-cu illərdə aktiv olan İrlandiya inqilabçılarının ordusu) ilə
UVF-in (1913-1922 və 1966-2007-ci illərdə Şimali İrlandiyada fəaliyyət göstərən
ölkənin Böyük Britaniyanın tabeçiliyində olmasını dəstəkləyən və bunun üçün
mübarizə aparan terror təşkilatı), adada yaşayan protestantlarla katoliklərin,
dirənişçilərlə Kraliça tərəfdaşlarının mübarizəsi yenidən alovlanacaq. Axı
onlar bu sözdə adi, əslində böyük olan qığılcımı 2012-ci ilin aprelindən bəri
gözləyirdilər. Yuxarıda bəhs etdiklərim sadəcə “Seltik” – “Reyncers” rəqabətinin
(bu iki komanda arasında oynanılan matçlar “Old Firm” adlanır) timsalında baş
verəcək.
Dünyanın ən
böyük futbol rəqabətlərindən danışanda çoxlarının ağlına ilk olaraq “El
Klasiko” və “Superklasiko” gəlir, “Old Firm” isə bir az arxa planda qalır. Bu fikirdə olanların haqsız olduğunu düşünmək də düzgün olmazdı, çünki “Seltik” – “Reyncers” matçları futbol sərhədlərini
aşır. Ancaq “Reyncers”in canlı əfsanələrindən Qrem Sunesin bu sözləri
onların fikrini dəyişə bilər:
“İllərcə
“Reyncers” – “Seltik” matçlarında oynamışam. “Old Firm”lə müqayisədə dünyanın
digər derbiləri və əzəli rəqabətləri yoldaşlıq oyunu kimi bir şeydi”.
İşin içində hər
şeydən bir az var - tarix, Britaniya əsarəti, dirəniş, siyasət və din. Bütün
bunlar ildə 4 dəfə qazon üzərində təzahür edir(di). Ta ki “Reyncers” Şotlandiya
İkinci Liqasına (sıralama ilə 4-cü divizion) göndərilənə kimi.
“Old Firm”də
o qədər bir-birinə zidd düşüncələr qarşı-qarşıya gəlir ki, aradakı nifrətin səbəbini
anlamaq çətin olmur. Elə bir rəqabət düşünün ki, “Reyncers”li atanın oğlu
“Seltik”li ola bilməz, çünki o, protestant olaraq doğulub və sən protestantsansa,
avtomatik olaraq Kraliçaya “sitayiş” etməlisən, Böyük Britaniya əsarətini dəstəkləməlisən.
Səndən asılı olmayan bir digər şey isə azarkeşlik edəcəyin klubdu. Artıq alnına
istəsən də, istəməsən də “Reyncers” sözü yazılıb. Eyni şeylər “Seltik”li atanın uşaqları üçün də keçərlidi.
Hətta Qlazqo məktəblərində səhnələşdirilən “Romeo və Cülyetta” teatr
tamaşalarında sevgililərin birlikdə olmamasına səbəb kimi birinin “Seltik”li,
digərinin isə “Reyncers”li ailədən olması göstərilir.
Qlazqo
torpaqlarında istisna olmaq istəyirsənsə, deməli, ölümü gözə almısan. Çünki
böyüdüyün məhəllələr sənin kimi “Seltik”li və yaxud da “Reyncers”li olan insanlarla
doludu. Katoliklərin yaşadığı (əsasən, Qlazqonun şərqi) məhəllələrdə “Reyncers”
forması ilə gəzmək, protestantların çoxluq təşkil etdiyi yerlərdə isə yaşılla
ağı miks etmək qərarına gəlmisənsə, ya sən mazoxistsən, ya da sayları bir əlin
barmaqlarının sayını keçməyən istisnalardan.
Rəqabət və
nifrət boş-boşuna yaranmır. Tarix hər zamankı kimi öz rolunu oynayır. Zamanı
arxaya versək görəririk ki, “Reyncers”in əsası Mozes, Piter Maknil qardaşları, Piter
Kempbell və Uilyam Makbit tərəfindən qoyulub. “Seltik” isə əzəli rəqibindən 15
il sonra İrlandiyadan Şotlandiyaya köçmək məcburiyyətində qalan irlandlara köməklik
etmək məqsədilə katolik keşişlər tərəfindən yaradılıb. Klubun adı keltlərdən
götürülüb. Şotlandların da kökləri irlandlar kimi, keltlərə dayanır. O zamanlarda irlandiyalıların vəziyyətləri
heç də ürəkaçan deyildi. Onların böyük əksəriyyəti “Reyncers” azarkeşi olan
protestantların yanında köməkçi işləri görməklə həyatlarına davam edirdilər.
Protestantlar katolik irlandiyalıları alçaltmağı xoşlayırdılar və getdikcə özlərinin
də xəbəri olmadan rəqabətin təməli atılırdı.
Əzəli rəqiblərin
ilk dueli 1890-cı ilə təsadüf edir. Şotlandiya FA Kuboku çərçivəsində oynanılan
matç “Seltik”in 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. “Old Firm”i başqa bir səviyyəyə
çatdıran isə milliyətçi Con Ure Primroz olub. O, “Seltik”liləri “ölkəni
bölən, komunist keşişlər” adlandırırdı. Bununla yanaşı, “Reyncers”
tribunalarında Şotlandiya bayrağı əvəzinə, Böyük Britaniya bayrağı asmaq ənənəsini
başladan şəxs də məhz Primrozdu. Ancaq “Seltik”li azarkeşlərin bu hərəkətə
cavabı çox da gecikməmişdi. Onlar “Seltik Park”a İrlandiya bayraqlarını asmaqla
Primrozun cavabın vermişdilər.
1920-ci illərdə
Qlazqoda kütləvi işçi tətilləri olurdu. Bu, həm də İrlandiyanın müstəqillik
qazanmaq istədiyi illərə təsadüf edirdi. “Reyncers”lilər tətillərin əsas səbəbkarı qismində
irlandiyalılar və katolik keşişləri görürdülər. Sonradan bu etirazların
qarşısını almaq üçün şəhərə Britaniya faşistlərindən olan Fullerton və onun
“Billy Boys” adlanan xüsusi qrupu göndərildi. Fullerton ona tapşırılan işin öhdəsindən
gəldi və tətillər dayandırıldı. Ancaq qan bahasına. İrlandiyalılar
boğazlarından asılaraq edam edilərkən “Reyncers”lilər məşhur “Billy Boys” mahnısını ilk dəfə
oxumuşdular. “Seltik”lilər isə “Billy Boys”a Liverpuldakı irlandiyalılardan öyrəndikləri məşhur “You’ll never walk alone” mahnısı ilə qarşılıq verməyi
sevirlər.
Zaman keçdikcə
Primrozlar və Fullertonların sayı artırdı. IRA və UVF məsələsini də hesaba
qatsaq, tərəflər arasındakı nifrətin pik həddə çatması normal idi. Nəticədə adi
bir futbol matçı qanların töküldüyü, insanların öldüyü, küçələrdə rahat gəzməyin
mümkünsüz hal aldığı bir rəqabətə çevrildi.
İki
komandanın azarkeşləri, o cümlədən fanatlar və futbolçular arasında tez-tez gərginliklər
yaşanır. 1997-ci ildə “Seltik” şərfi ilə məktəbə gedən 16 yaşlı uşağın “Reyncers”li
biri tərəfindən öldürülməsi isə hadisələrin kuliminasiya nöqtəsi idi.
Qapı arxasındakı
tribunalarda əyləşən “Reyncers”li azarkeşlərin bir vaxtlar “Seltik”də çıxış edən
yapon Nakamura künc zərbəsini yerinə yetirərkən İkinci dünya müharibəsində ABŞ
və İngiltərənin təyyarələrlə Yaponiyanı darmadağın etməsinə işarə vurub, əllərini
yanlara doğru açaraq təyyarə əmələ gətirmələri isə yəqin ki, bütün ada futbolunu
sevənlərin yadındadı. “Seltik”in futbolçusu Eyden Makqidi “Reyncers” azarkeşləri
tərəfindən ən çox təhqirlərə məruz qalan futbolçulardan bir digəri idi. Səbəb?
Çünki o, Şotlandiya yığmasında oynamaq əvəzinə, İrlandiya millisinə üstünlük
vermişdi.
Azarkeş məsələsində
olduğu kimi, klubların daxili siyasətlərində də dinin rolu həmişə böyük olub.
“Seltik”də protestant futbolçulara, “Reyncers”də isə katoliklərə nadir hallarda
rast gəlmək olurdu. Ancaq buna baxmayaraq, “Seltik”in heyətində məşhur
protestantlar, “Reyncers”də isə katoliklər çıxış ediblər və yaxud da məşqçi
kimi çalışıblar. Hətta “Seltik” 1966-67 mövsümündə Çempion Klublar Kubokunu
qazananda (indiki Çempionlar Liqası) heyətin böyük əksəriyyəti protestantlar
idi. “Reyncers”də isə kapitan olan Lorentso Amoruzo və Terri Butçer əslən katolik idilər. Lakin
Butçerin katolik olması ikinci bir Mo Conston nümunəsi baş verməsin deyə, bilərəkdən
gizlədilirdi. Hər iki klubun tarixinə əfsanə və həm də istisna olaraq düşən
futbolçu və məşqçilərin siyahısı belədi:
“Seltik”:
Kenni Dalqliş, Cok Steyn, Henrik Larsson, Vim Yansen.
“Reyncers”: Mo Conston, Terri Butçer, Lorentso Amoruzo.
Adlarını sadaladıqlarımdan Mo Constonla bağlı əhvalat əslində ayrıca bir yazı
başlığı ola bilər. “Seltik”in məşhur futbolçularından olan Conston 1989-cu ildə
Sunessin istəyi ilə “Nant”dan “Reyncers”ə transfer oldu. O, boynundan xaç
asacaq qədər katolik olduğunu biruzə verən biri idi. “Reyncers”li və “Seltik”li
azarkeşlərin tarix boyunca bəlkə də tək ortaq xüsusiyyətləri Constondan nifrət
etmələri idi. Hekayəyə gəlincə, “Old Firm” qarşılaşmalarının birində Conston fərqlənir və görüş “Reyncers”in 1-0 hesablı qələbəsilə
yekunlaşır. Ancaq klub azarkeşlərinə görə, matç 0-0 bitmişdi, onlar Constonu
komandanın parçası hesab etmirdilər və vurduğu qollara da sevinmirdilər. Hətta
“Reyncers” fanatları “Aybroks”un önündə “Billy Boys” mahnısını oxuyaraq biletlərini də cırmışdılar. Əslində məsələ
protestant-katolik davası deyildi. Zamanla nifrət elə həddə çatmışdı ki, artıq süni “Seltik” və “Reyncers” dinləri yaranmışdı. Hətta
bu barədə belə bir anekdot da var: Bir gün Şotlandiyada yaşayan əslən
Hindistandan olan müsəlman biri diş həkiminə gedir. Həkim ondan dini inancları
barədə soruşur. O isə müsəlman olduğunu bildirir. Diş həkiminin hindistanlıya verdiyi
növbəti sual isə belə olur: Müsəlman olduğunu bildim, indi de görüm, “Seltik”li
müsəlmanlardansan, yoxsa “Reyncers”li?
“Old Firm” həyəcanı
dediyim kimi, təkcə Şotlandiyada yaşanmır. Ölkə hüdudlarından kənarda, xüsusilə
də müstəqillik eşqi ilə yaşayan İrlandiyanın şimal hissəsində də oxşar hadisələr
baş verir. Şotlandiyada olduğu kimi, Belfastda da həyat dayanır. Onlar gəmilərlə
bəlkə də həyatdakı ən böyük arzularından birini reallaşdırmaq – yer üzündəki “cənnət”i
(“Seltik Park”) görmək üçün Qlazqoya axın edirlər. Təsadüfi deyil ki, “Seltik
Park” stadionunun girişində “Cənnətə xoş gəlmisiniz” yazılıb. Bura bir gün
Britaniya əsarətindən xilas olmağı düşünənlərin ən xoşbəxt olduqları yerdi.
“Reyners”lilərin ən böyük arzularının reallaşması isə bir az mümkünsüz görünür. Onlar hələ də nə
vaxtsa əzəli rəqiblərinin əsas rənglərindən olan yaşıl yox, mavi otun üzərində
futbol oynayacaqlarına inanırlar.
“Old Firm” həm
də Şotlandiya hökumətinin əsas gəlir mənbələrindən biri idi. “Reyncers” –
“Seltik” rəqabəti il ərzində ölkə büdcəsinə 120 milyon avroya yaxın gəlir gətirirdi.
Təbii ki, üç il öncəyə qədər beləydi. “Reyncers”in Şotlandiya Premyer
Liqasına qayıtmaq ehtimalları olduqca yüksəkdi. Qlazqo təmsilçisi
hazırda Çempionşipdə ikinci pillədə qərarlaşıb. Yəni, gələn mövsümdən etibarən
“Old Firm” ləzzətini ildə 4 dəfə dadmaq imkanımız ola bilər. İndi isə bizə qalan sabahı gözləməkdi. Əzəli rəqiblər Şotlandiya Liqa Kubokunun
yarımfinalında üz-üzə gələcəklər.
Hiç yorum yok:
Yorum Gönder