31 Ocak 2015

Bir şəhəri iki yerə bölənlərin hekayəsi

1 gün sonra Belle&Sebastian, Mogwai və Franz Ferdinandları yetişdirən şəhər yenidən iki hissəyə bölünəcək. 1 gün sonra turistlər "Kelvinqrouv" muzeyinə yox, “Hempden Park” stadionuna axın edəcəklər. 1 gün sonra qoca, cavan, uşaq, kişi, qadın – Britaniya sərhədlərində yaşayan kim varsa, tək bir şey barədə düşünəcək. Çünki 1 gün sonra 3 ilə yaxın davam edən həsrətə son qoyulacaq; Qlazqo yenidən köhnə günlərinə qayıdacaq. Çünki 1 gün sonra ... “Seltik”lə “Reyncers” qarşı-qarşıya gələcək və məşhur “Old Firm dastanı”na bir səhifə daha əlavə olunacaq.


Yaşılla ağın ahəngindən ibarət olan formanı əyninə keçirən Papa qarşısında Kraliçanı görəcək, IRA (1917-1969-cu illərdə aktiv olan İrlandiya inqilabçılarının ordusu) ilə UVF-in (1913-1922 və 1966-2007-ci illərdə Şimali İrlandiyada fəaliyyət göstərən ölkənin Böyük Britaniyanın tabeçiliyində olmasını dəstəkləyən və bunun üçün mübarizə aparan terror təşkilatı), adada yaşayan protestantlarla katoliklərin, dirənişçilərlə Kraliça tərəfdaşlarının mübarizəsi yenidən alovlanacaq. Axı onlar bu sözdə adi, əslində böyük olan qığılcımı 2012-ci ilin aprelindən bəri gözləyirdilər. Yuxarıda bəhs etdiklərim sadəcə “Seltik” – “Reyncers” rəqabətinin (bu iki komanda arasında oynanılan matçlar “Old Firm” adlanır) timsalında baş verəcək.

Dünyanın ən böyük futbol rəqabətlərindən danışanda çoxlarının ağlına ilk olaraq “El Klasiko” və “Superklasiko” gəlir, “Old Firm” isə bir az arxa planda qalır. Bu fikirdə olanların haqsız olduğunu düşünmək də düzgün olmazdı, çünki “Seltik” – “Reyncers” matçları futbol sərhədlərini aşır. Ancaq “Reyncers”in canlı əfsanələrindən Qrem Sunesin bu sözləri onların fikrini dəyişə bilər:

“İllərcə “Reyncers” – “Seltik” matçlarında oynamışam. “Old Firm”lə müqayisədə dünyanın digər derbiləri və əzəli rəqabətləri yoldaşlıq oyunu kimi bir şeydi”.

İşin içində hər şeydən bir az var - tarix, Britaniya əsarəti, dirəniş, siyasət və din. Bütün bunlar ildə 4 dəfə qazon üzərində təzahür edir(di). Ta ki “Reyncers” Şotlandiya İkinci Liqasına (sıralama ilə 4-cü divizion) göndərilənə kimi.

“Old Firm”də o qədər bir-birinə zidd düşüncələr qarşı-qarşıya gəlir ki, aradakı nifrətin səbəbini anlamaq çətin olmur. Elə bir rəqabət düşünün ki, “Reyncers”li atanın oğlu “Seltik”li ola bilməz, çünki o, protestant olaraq doğulub və sən protestantsansa, avtomatik olaraq Kraliçaya “sitayiş” etməlisən, Böyük Britaniya əsarətini dəstəkləməlisən. Səndən asılı olmayan bir digər şey isə azarkeşlik edəcəyin klubdu. Artıq alnına istəsən də, istəməsən də “Reyncers” sözü yazılıb. Eyni şeylər “Seltik”li atanın uşaqları üçün də keçərlidi. Hətta Qlazqo məktəblərində səhnələşdirilən “Romeo və Cülyetta” teatr tamaşalarında sevgililərin birlikdə olmamasına səbəb kimi birinin “Seltik”li, digərinin isə “Reyncers”li ailədən olması göstərilir.


Qlazqo torpaqlarında istisna olmaq istəyirsənsə, deməli, ölümü gözə almısan. Çünki böyüdüyün məhəllələr sənin kimi “Seltik”li və yaxud da “Reyncers”li olan insanlarla doludu. Katoliklərin yaşadığı (əsasən, Qlazqonun şərqi) məhəllələrdə “Reyncers” forması ilə gəzmək, protestantların çoxluq təşkil etdiyi yerlərdə isə yaşılla ağı miks etmək qərarına gəlmisənsə, ya sən mazoxistsən, ya da sayları bir əlin barmaqlarının sayını keçməyən istisnalardan.

Rəqabət və nifrət boş-boşuna yaranmır. Tarix hər zamankı kimi öz rolunu oynayır. Zamanı arxaya versək görəririk ki, “Reyncers”in əsası Mozes, Piter Maknil qardaşları, Piter Kempbell və Uilyam Makbit tərəfindən qoyulub. “Seltik” isə əzəli rəqibindən 15 il sonra İrlandiyadan Şotlandiyaya köçmək məcburiyyətində qalan irlandlara köməklik etmək məqsədilə katolik keşişlər tərəfindən yaradılıb. Klubun adı keltlərdən götürülüb. Şotlandların da kökləri irlandlar kimi, keltlərə dayanır. O zamanlarda irlandiyalıların vəziyyətləri heç də ürəkaçan deyildi. Onların böyük əksəriyyəti “Reyncers” azarkeşi olan protestantların yanında köməkçi işləri görməklə həyatlarına davam edirdilər. Protestantlar katolik irlandiyalıları alçaltmağı xoşlayırdılar və getdikcə özlərinin də xəbəri olmadan rəqabətin təməli atılırdı.

Əzəli rəqiblərin ilk dueli 1890-cı ilə təsadüf edir. Şotlandiya FA Kuboku çərçivəsində oynanılan matç “Seltik”in 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. “Old Firm”i başqa bir səviyyəyə çatdıran isə milliyətçi Con Ure Primroz olub. O, “Seltik”liləri “ölkəni bölən, komunist keşişlər” adlandırırdı. Bununla yanaşı, “Reyncers” tribunalarında Şotlandiya bayrağı əvəzinə, Böyük Britaniya bayrağı asmaq ənənəsini başladan şəxs də məhz Primrozdu. Ancaq “Seltik”li azarkeşlərin bu hərəkətə cavabı çox da gecikməmişdi. Onlar “Seltik Park”a İrlandiya bayraqlarını asmaqla Primrozun cavabın vermişdilər.


1920-ci illərdə Qlazqoda kütləvi işçi tətilləri olurdu. Bu, həm də İrlandiyanın müstəqillik qazanmaq istədiyi illərə təsadüf edirdi. “Reyncers”lilər  tətillərin əsas səbəbkarı qismində irlandiyalılar və katolik keşişləri görürdülər. Sonradan bu etirazların qarşısını almaq üçün şəhərə Britaniya faşistlərindən olan Fullerton və onun “Billy Boys” adlanan xüsusi qrupu göndərildi. Fullerton ona tapşırılan işin öhdəsindən gəldi və tətillər dayandırıldı. Ancaq qan bahasına. İrlandiyalılar boğazlarından asılaraq edam edilərkən “Reyncers”lilər  məşhur “Billy Boys” mahnısını ilk dəfə oxumuşdular. “Seltik”lilər isə “Billy Boys”a Liverpuldakı irlandiyalılardan öyrəndikləri məşhur  “You’ll never  walk alone” mahnısı ilə qarşılıq verməyi sevirlər.

Zaman keçdikcə Primrozlar və Fullertonların sayı artırdı. IRA və UVF məsələsini də hesaba qatsaq, tərəflər arasındakı nifrətin pik həddə çatması normal idi. Nəticədə adi bir futbol matçı qanların töküldüyü, insanların öldüyü, küçələrdə rahat gəzməyin mümkünsüz hal aldığı bir rəqabətə çevrildi.

İki komandanın azarkeşləri, o cümlədən fanatlar və futbolçular arasında tez-tez gərginliklər yaşanır. 1997-ci ildə “Seltik” şərfi ilə məktəbə gedən 16 yaşlı uşağın “Reyncers”li biri tərəfindən öldürülməsi isə hadisələrin kuliminasiya nöqtəsi idi.

Qapı arxasındakı tribunalarda əyləşən “Reyncers”li azarkeşlərin bir vaxtlar “Seltik”də çıxış edən yapon Nakamura künc zərbəsini yerinə yetirərkən İkinci dünya müharibəsində ABŞ və İngiltərənin təyyarələrlə Yaponiyanı darmadağın etməsinə işarə vurub, əllərini yanlara doğru açaraq təyyarə əmələ gətirmələri isə yəqin ki, bütün ada futbolunu sevənlərin yadındadı. “Seltik”in futbolçusu Eyden Makqidi “Reyncers” azarkeşləri tərəfindən ən çox təhqirlərə məruz qalan futbolçulardan bir digəri idi. Səbəb? Çünki o, Şotlandiya yığmasında oynamaq əvəzinə, İrlandiya millisinə üstünlük vermişdi.


Azarkeş məsələsində olduğu kimi, klubların daxili siyasətlərində də dinin rolu həmişə böyük olub. “Seltik”də protestant futbolçulara, “Reyncers”də isə katoliklərə nadir hallarda rast gəlmək olurdu. Ancaq buna baxmayaraq, “Seltik”in heyətində məşhur protestantlar, “Reyncers”də isə katoliklər çıxış ediblər və yaxud da məşqçi kimi çalışıblar. Hətta “Seltik” 1966-67 mövsümündə Çempion Klublar Kubokunu qazananda (indiki Çempionlar Liqası) heyətin böyük əksəriyyəti protestantlar idi. “Reyncers”də isə kapitan olan Lorentso Amoruzo  və Terri Butçer əslən katolik idilər. Lakin Butçerin katolik olması ikinci bir Mo Conston nümunəsi baş verməsin deyə, bilərəkdən gizlədilirdi. Hər iki klubun tarixinə əfsanə və həm də istisna olaraq düşən futbolçu və məşqçilərin siyahısı belədi:

“Seltik”: Kenni Dalqliş, Cok Steyn, Henrik Larsson, Vim Yansen.

“Reyncers”:  Mo Conston, Terri Butçer, Lorentso Amoruzo.


Adlarını sadaladıqlarımdan Mo Constonla bağlı əhvalat əslində ayrıca bir yazı başlığı ola bilər. “Seltik”in məşhur futbolçularından olan Conston 1989-cu ildə Sunessin istəyi ilə “Nant”dan “Reyncers”ə transfer oldu. O, boynundan xaç asacaq qədər katolik olduğunu biruzə verən biri idi. “Reyncers”li və “Seltik”li azarkeşlərin tarix boyunca bəlkə də tək ortaq xüsusiyyətləri Constondan nifrət etmələri idi. Hekayəyə gəlincə, “Old Firm” qarşılaşmalarının birində Conston fərqlənir və görüş “Reyncers”in 1-0 hesablı qələbəsilə yekunlaşır. Ancaq klub azarkeşlərinə görə, matç 0-0 bitmişdi, onlar Constonu komandanın parçası hesab etmirdilər və vurduğu qollara da sevinmirdilər. Hətta “Reyncers” fanatları “Aybroks”un önündə “Billy Boys” mahnısını oxuyaraq biletlərini də cırmışdılar. Əslində məsələ protestant-katolik davası deyildi. Zamanla nifrət elə həddə çatmışdı ki, artıq süni “Seltik” və “Reyncers” dinləri yaranmışdı. Hətta bu barədə belə bir anekdot da var: Bir gün Şotlandiyada yaşayan əslən Hindistandan olan müsəlman biri diş həkiminə gedir. Həkim ondan dini inancları barədə soruşur. O isə müsəlman olduğunu bildirir. Diş həkiminin hindistanlıya verdiyi növbəti sual isə belə olur: Müsəlman olduğunu bildim, indi de görüm, “Seltik”li müsəlmanlardansan, yoxsa “Reyncers”li?

“Old Firm” həyəcanı dediyim kimi, təkcə Şotlandiyada yaşanmır. Ölkə hüdudlarından kənarda, xüsusilə də müstəqillik eşqi ilə yaşayan İrlandiyanın şimal hissəsində də oxşar hadisələr baş verir. Şotlandiyada olduğu kimi, Belfastda da həyat dayanır. Onlar gəmilərlə bəlkə də həyatdakı ən böyük arzularından birini reallaşdırmaq – yer üzündəki “cənnət”i (“Seltik Park”) görmək üçün Qlazqoya axın edirlər. Təsadüfi deyil ki, “Seltik Park” stadionunun girişində “Cənnətə xoş gəlmisiniz” yazılıb. Bura bir gün Britaniya əsarətindən xilas olmağı düşünənlərin ən xoşbəxt olduqları yerdi. “Reyners”lilərin ən böyük arzularının reallaşması isə bir az mümkünsüz görünür. Onlar hələ də nə vaxtsa əzəli rəqiblərinin əsas rənglərindən olan yaşıl yox, mavi otun üzərində futbol oynayacaqlarına inanırlar.


“Old Firm” həm də Şotlandiya hökumətinin əsas gəlir mənbələrindən biri idi. “Reyncers” – “Seltik” rəqabəti il ərzində ölkə büdcəsinə 120 milyon avroya yaxın gəlir gətirirdi. Təbii ki, üç il öncəyə qədər beləydi.  “Reyncers”in Şotlandiya Premyer Liqasına qayıtmaq ehtimalları olduqca yüksəkdi. Qlazqo təmsilçisi hazırda Çempionşipdə ikinci pillədə qərarlaşıb. Yəni, gələn mövsümdən etibarən “Old Firm” ləzzətini ildə 4 dəfə dadmaq imkanımız ola bilər. İndi isə bizə qalan sabahı gözləməkdi. Əzəli rəqiblər Şotlandiya Liqa Kubokunun yarımfinalında üz-üzə gələcəklər.

"Hər futbolsevərin ölmədən öncə etməli olduğu 5 şey" adlı siyahı tərtib etsələr, “Old Firm”i “Aybroks” və yaxud da “Seltik Park”da izləmək ilk sıralarda yer alardı. Sadəcə 1 gün sonra, 17:30-da 90 dəqiqə vaxtınızı Qlazqonu iki hissəyə bölənlərə ayırmağa çalışın. Əminəm ki, peşman olmayacaqsız.

Hiç yorum yok:

Yorum Gönder