10 Temmuz 2017

İbrahimoviç və Quardiola arasında baş verənlər (II hissə)


Daha öncə İbrahimoviçin, "Barça"dan gedişi və Quardiola ilə olan münasibətləri barədə fikirlərini paylaşmışdım. Yadınızdadırsa, qısaca qeyd etmişdim ki, bu mövzuda mənim üçün müəmmalar çoxdur və elə deməyimin səbəbi də oxuduqlarım nəticəsində fikir sahibi olduqlarım idi. Quardiolanın məsələyə yanaşma tərzi, hadisələri təsviri heç də İbranın dedikləri ilə üst-üstə düşmür və Zlatanın məlum xarakteri də mövzuya əlavə olunanda, yazılanlar məndə "şişirtmə" təsiri bağışlayırdı. Onun üçün də vaxt tapan kimi ikinci tərəfin fikirlərini də paylaşmaq istəyirdim. Bu günə qismət imiş...

Aşağıda oxuyacaqlarınız Quardiolanın bioqrafiyasındandır. Bu səfər olan-bitənləri Pepin nəzərindən öyrənəcəksiniz. Əvvəlcədən deyim ki, bioqrafiya yazar məhsuludur, yəni bəzən olur ki, həyatından danışılan şəxs özü fikirlərini yazıya tökür, redaktəyə ehtiyac duyulur, bəzən - əksər hallarda - isə fikirlər bölüşülür, yazar qələmə alır. Bu, ikincilərdəndir:

“İnter” və “Barselona” arasında baş tutan mübadilədən sonra İbrahimoviç “Barça”da Etodan boşalan mövqeni doldurdu. Meydana çıxdığı ilk 5 oyunun hamısında fərqlənmişdi - isveçli ulduz üçün bundan daha yaxşı başlanğıc ola bilməzdi. O, Quardiolaya önəmli alternativlər təklif edirdi. “Taktiki cəhətdən çox yaxşıdır, fiziki güclüdür, müdafiəçilərdən tez aralana bilir, arxası qapıya oynamağı da bacarır. Onun kimi birinə sahibik” – məşqçi mövsümün ilk mətbuat konfranslarından birində bu sözləri işlətmişdi.

Mövsümün ilk yarısında hər şey qaydasında idi, ancaq ikinci yarı haqqında eynisini deyə bilmərik. İsveçli artıq əvvəlki qədər effektiv deyildi. Sanki klubdakı rolunu dərk etmirdi, hətta bəzən Messinin driblinq edərək keçməli olduğu rəqib müdafiəçilərdən biri kimi görünürdü.

Tezliklə İbrahimoviçin güclü temperamentini və mövsümün ağır keçəcəyinə dair işartıları özündə təzahür edən anlaşılmazlıqlar silsiləsi başladı. “Barselona” – “Malyorka” matçında (4:2) hakim İbraya qarşı edilən qayda pozuntusuna görə penalti təyin etdi. İbrahimoviç həmin gün fantastik oynayırdı, ancaq buna rəğmən, qol vurmağa imkan tapmamışdı. 11 metrlik zərbəni Messi vurdu və qol oldu. İsveçlinin əsəbi reaksiyası təəccüblü idi. Məşqçiyə bağırırdı: “Penalti mənim idi”. Bu tip insidentlər bir-birini əvəzləyirdi.

Liqa çərçivəsində “Kamp Nou”da “Real”la oynanılacaq matçdan öncə İbra zədəli idi və ultrasəs müayinəsinin nəticələri bərpa baxımından heç də qənaətbəxş görünmürdü. Pep risk almaq istəmirdi. Zlatan isə ilk “El Klasiko”sunda meydana çıxmaq üçün hər şeyi gözə almağa hazır idi. Tez-tez təkrarlayırdı: “Oyuna qədər sağalacam”. O qədər əsəbi idi ki, günlərin birində “Barça”nın fitness məşqçisi Lorenzo Buenaventuranın boğazından yapışmışdı. İbranın qulağına belə bir söhbət çatmışdı ki, guya Buenaventura onu sakitləşdirmək üçün oyuna yetişəcəyini deyir, əsl həqiqət barədə isə yalnız Pepi xəbərdar edir. “Mənimlə oyun oynama, yoxsa başını üzərəm” deyərək Buenaventuranın üzərinə qışqırmışdı. Oyuna gəlincə, İbra matça start heyətindən başlamasa da, meydana çıxdıqdan sonra qələbə qoluna imza atmışdı.

Komanda Messini topla təmin etməkdə davam edirdi, İbrahimoviç isə nə edəcəyini bilmirdi. İsveçli ulduz təkəbbürlü, özündən başqa heç kimi önəmsəyən və təvazökarlıqdan məhrum biri kimi bilinirdi – hərəkətləri və “Mən Zlatanam” adlı bioqrafiyası da bu inancı dəstəkləyirdi. Əsil Zlatan isə ağla qara arasında bir şey idi. Miladdan öncə İbrahimoviç komandadakı rolunu Pep və futbol direktoru Çiki Beqiristaynla müzakirə etmək qərarına gəlmişdi: “Həm mən, həm də Messi komandadan eyni formada dəstək alsaq, daha yaxşı olar. Ancaq mən kiminsə mənə yardım etməyə çalışdığını görmürəm. Şavi və İnyestanın mənə də ötürmə verməsini istəyirəm, amma sanki onlar ancaq Messini görürlər və mən Leodan iki bədən iriyəm...”

Pep ilk öncə məsələni müzakirə etmək üçün sözügedən iki yarımmüdafiəçi ilə görüşmək istəyirdi. Ancaq böyük ehtimalla, bu, komandanın daha öncə nəzərdə tutulandan çox fərqli bir istiqamətə apara bilərdi. Buna baxmayaraq, Quardiola eyni zamanda İbra ilə harmoniyanı qorumağa da cəhd edirdi.

Çiki Beqiristayn oyunçunun getdikcə daha da məyus olduğunu və daha da pisi – bunu oyunçuların önündə sərgiləməyə başladığını görürdü. Direktor günün səhəri bu barədə Peplə danışdı və elə günortadan sonra Quardiola məsələləri təklikdə müzakirə etmək üçün İbrahimoviçi yeməyə qonaq elədi. Məşqçi ondan nə istədiyini, komandanın ona nə qədər ehtiyacı olduğunu izah edirdi. Hətta İbradan ümidini itirməməsini, sona qədər çalışmasını istəmişdi.

Ancaq isveçli oyunçu yanlış anlamanı ortadan qaldırmağa yardımçı olmaq niyyətində deyildi. Onun üçün məşqçi ilə yemək kifayət deyildi. Miladdan sonra isə dəyişiklik var idi və Pep bunun fərqində idi. Təvazökar və məsuliyyətli İbra “məktəb uşaqları”ndan (İbra “Barça”da yetişən yerli oyunçuları – Şavi, İnyesta... – kitabında belə adlandırır) biri olmaq üçün çalışırdı. “Bu, Zlatan deyil. O, başqa qılığa girib. Sadəcə gözlə...” – Pepə yaxın adamlar onu xəbərdar etməyə çalışırdılar.

Yox, təbii ki, bu, o deyildi. Milad tətili zamanı – bioqrafiyasında etiraf etdiyi kimi – depressiyaya düşmüşdü. Hətta məşqçisi ilə arasında anlaşma probleminə görə futboldan uzaqlaşmaq belə istəyirmiş. Tətildən sonra oyunçunun təkəbbürü və içindəki kin yenidən ortaya çıxdı.

Yeni il yaxşı başlamamışdı: İbra üzündə yanıqlarla qayıtmışdı. Klub olanların səbəbini müəyyənləşdirmişdi: o, tətil zamanı qar maşınını lazımı qoruyucular olmadan sürmüşdü və soyuqdan bu hala düşmüşdü. Klubun sərt qaydaları cəriməni qaçılmaz edirdi. Nəhayət fevralda hər şey dəyişdi. Pep Messini cinahdan mərkəzə keçirdi. İbra bu addımdan sonra Quardiolanın bir öncəki mövsüm Etodan tələb etdiklərini bu səfər ondan gözlədiyini düşünürdü və isveçlinin fikrincə, o, Eto deyildi.

Hücumçu, Messinin mövsümün ilk hissəsində onun parlamasını qəbul edə bilmədiyini və balaca argentinalının Pepə şikayət etdiyini düşünürdü. İsveçli futbolçuya inansaq, matçlardan birindən qayıdarkən Messi məhz bu barədə Pepə mesaj göndərib. Və əgər İbrahimoviç sizin onu incitdiyinizi düşünürsə, inanın, heç vaxt sizi bağışlamayacaq və unutmayacaq.

Reallığa gəlincə, heç kimin İbranın altı boş arqumentlərini dinləməyə vaxtı yox idi, çünki komanda tamamilə başqa istiqamətdə yol almışdı. İbrahimoviç tez-tez məşq sessiyalarında taktiki müzakirələrə girirdi və həmişə məşqçinin göstərişlərini qəbul etmədiyini büruzə verirdi.

Pepin səbri tükənmək üzrə idi, geri dönüşü olmayan qırılma nöqtəsi o qədər də uzaq deyildi və bəzən o, bunu oyunçuların önündə də nümayiş etdirirdi. Futbolçu və məşqçi arasındakı münasibət nifrətə çevrilməyə başlayırdı. İbrahimoviç artıq Pepi düşmən kimi görürdü. “Mənə qarşı diqqətli olmalıdı. Ola bilər ki, məşqdə qoluma nəzarəti itirim və ona şillə vurum” – belə bir ifadə işlətmişdi. Kitabında isə yazır: “Paltardəyişmə otağında Quardiola gözlərini mənə zilləmişdi. Sanki yad cisim idim, onlardan biri deyildim. Özümü zibil kimi hiss edirdim. Divar idi, daş divar... Onda heç bir həyat işarəti görə bilmirdim və komandadan ayrı olmağı arzulayırdım”.

Sərhəd aşılmışdı. Növbədə soyuq müharibə var idi. Məşqçi və oyunçu arasındakı əlaqə tamamilə itmişdi və İbrahimoviçə heç nə motivasiya vermirdi. “Sonra Quardiola filosofluğa başladı. Qulağım demək olar ki, onda deyildi. Niyə mən? Mən otağa girəndə o çıxır. Hamıyla salamlaşır, amma məni gözardı edir. Adaptasiya olmaq üçün çox şey etmişdim. “Barça” futbolçuları məktəb uşaqları kimiydilər: kor-koranə məşqçi nə deyirdisə edirdilər. Mən isə “Niyə biz bunları etməliyik?” sualının cavabını axtarırdım”.

Yazdığına görə, Tyerri Anri ilə arasında belə bir dialoq yaşanıb:

Anri: Bu gün sənə baxıb?
Zlatan: Yox, amma mən onun arxasını görmüşəm.
Anri: Onda hər şey yaxşıya doğru gedir ki...

Aprel ayının əvvəllərində İbrada canlanma müşahidə olunurdu. Ancaq o, “Bernabeu”da “Real”la oynanılan matçdan öncə zədələndi. “El Klasiko”da Messi saxta 9 nömrə kimi əla oynadı və 2:0 hesablı qələbədə 1 qolla pay sahibi oldu. Zədə İbra üçün mövsümün sonunu yaxınlaşdırırdı. Buna rəğmən, Quardiola Çempionlar Liqasının yarımfinalında “İnter”lə görüşdə onun xidmətindən istifadə etdi. Bu qərar həm komandanı, həm oyunçunu, həm də məşqçini məhv elədi. Pep heç vaxt həmin qərara görə özünü bağışlamır.

İbranın yarımfinal oyunlarındakı bərbad töhfəsi bardaqdakı suyu daşıran sonuncu damla idi. 3-1 hesablı məğlubiyyətlə başa çatan ilk matçdan sonra Pep Messinin irəlidə azad hərəkət etməsini təmin etmək məqsədilə İbranı “Kamp Nou”da ehtiyatda oturtmaq istəyirdi. Ancaq ürəyi əvəzinə başının sözünü dinlədi. İbra start heyətində başladı, amma oyuna verdiyi minimal töhfə 63-cü dəqiqədə əvəzlənməsiylə nəticələndi. “Barselona” mərhələni keçə bilmədi və Quardiola beyninin instinktlərinin önünə keçməsinə izin verməyəcəyinə dair qərar verdi. İbranın “Barça” macərası bu iki matçdan sonra daha da sürətlə sona doğru yol almışdı. Pedro və Boyan heyətdə özlərinə yer tapmağa başladılar və Quardiolanın ikinci Liqa titulunu qazanmasında həlledici rol oynadılar.

“Vilyarreal”la oyunda əvəzedicilər skamyasında oturması İbra üçün son oldu. Matçdan sonra özünə nəzarəti tamamilə itirdi. Bioqrafiyasında, “El Madriqal”ın paltardəyişmə otağında Pepi azarladığını və otağı yerlə bir etdiyini belə izah edir: “Quardiola gözlərini mənə zilləmişdi. Özümü itirdim. Elə düşünürdüm ki, önümdə düşmənim dayanıb və keçəl başını qaşıyır. Qışqırdım üzərinə: “Sən kişi deyilsən”. Və bundan da betərləri... Əlavə elədim: “Joze Mourinyo ilə başa çıxmaq üçün özünü nə hallara salırsan. Cəhənnəm ol”. Tamamilə özümdən çıxmışdım. Bir qutu dolu məşq ləvazimatlarını otağa səpələdim. Pep heç nə demədi, sadəcə onları yenidən qutuya qoydu. Zorakı biri deyiləm, ancaq mən Quardiolanın yerində olsaydım, özümdən çıxardım”.

Çempionlar Liqasındakı məğlubiyyətdən sonra Quardiola növbəti mövsüm üçün “doqquz nömrə”sini növbəti dəfə dəyişmək qərarına gəlmişdi. Pep isveçlinin varlığının Messinin mərkəzdə “saxta 9” kimi oynaması prosesini gecikdirdiyini qəbul edirdi. Pep həmçinin öz ideyalarına xəyanət etdiyini də başa düşürdü – təkcə “İnter”lə oyunda yox, bütün mövsüm boyu... İsveçli və argentinalı futbolçunun birlikdə oynamasını təmin edə bilmək üçün mövsüm boyunca komandanı onlara uyğun tənzimləyirdi. Sanki “Barselona” bir öncəki mövsüm təməli qoyulan doğru yoldan uzaqlaşırdı. Nəhayət komanda hər şeyin Messi üzərindən qurulacağına dair inanc ətrafında birləşdi.

Kluba çox baha başa gələn oyunçunu satmaq Quardiola üçün də çətin idi. Qərarında yanıla bilərdi, amma bu addım artıq atılmalı idi.

Pepin komandadakı ikinci mövsümü sona yaxınlaşırdı. Artıq Quardiola və İbrahimoviçin səmimi söhbət etməsinin vaxtı yetişmişdi. Liqanın sonuncu matçından öncə Pep İbranı ofisinə çağırdı. Atmosfer gərgin idi. Vilyarrealda olanlardan sonra bir-birlərini dindirmirdilər. Kreslosunda fırlanan Quardiola əsəbi görünürdü.

Quardiola: “Bundan sonra nə olacağı sənin və menecerin Minonun qərarından asılıdır. Sən İbrahimoviçsən, hər 3 oyundan 1-də meydana çıxan futbolçulardan deyilsən, elə deyil?”

İsveçli heç nə demədi. Ancaq mesajı yaxşı başa düşmüşdü: ondan klubu tərk etməsi tələb olunurdu. Pep əsəbi formada danışmağa davam edirdi: “Səninlə nə edəcəyimi bilmirəm. Nəsə demək istəyirsən? Fikrin nədir?”

İbra: Bu qədər? Çox sağ ol.

İbrahimoviç heç nə demədən otağı tərk etdi.

Yay tətilindən sonra onlar daha bir dəfə danışdılar. Təəccüblüdür ki, yayda sakitləşən Zlatan daha bir şans istəmək qərarına gəlmişdi. Körpünün bərpasının mümkünsüz olduğunu başa düşməkdə çətinlik çəkirdi, həmçinin David Vilyanın onun əvəzinə transfer edildiyini də anlamırdı. Dünyanın ən önəmli klublarından birinin parçası olduğuna özünü inandırmışdı.

Mövsümöncəsi hazırlıqlarının hələ ilk günündə Peplə onun arasında növbəti danışıq baş tutmuşdu. İbrahimoviçə görə, aralarındakı söhbət belə olub:

Pep: Necəsən?
Zlatan: Çox yaxşı, ancaq bir o qədər də narahat...
P: Əvəzedicilər skamyasında oturmağa hazır olmalısan.
Z: Bilirəm, başa düşürəm.
P: Bildiyin kimi, Vilya ilə anlaşmışıq
Z: Əla. Daha da çox çalışacam. Komandadakı yerimi tutmaq üçün hər şeyimi ortaya qoyacam. Səni kifayət qədər yaxşı olduğuma inandıracam.
P: Bilirəm. Biz birlikdə necə davam edə bilərik axı?
Z: Dediyim kimi - çox çalışacam. İstədiyin hər mövqedə oynayacam: Messinin arxasında, ya önündə - fərq etməz. Qərar sənindir.
P: Biz birlikdə necə davam edə bilərik axı?
Z: Messi üçün oynayacam.
P: Amma biz birlikdə necə davam edə bilərik axı?

Hücumçu başa düşmürdü ki, bu sual onun komandaya uyğun oyunçu olub-olmadığını sorğulamaq anlamına gəlirdi: “Bu, şəxsi məsələ idi. Xarakterimlə başa çıxa bilmədiyini demək əvəzinə əsl niyyətini bu anlaşılmaz sual ilə gizlədirdi. Və qərar verdim: bir də Quardiola üçün oynamayacam”.

İbrahimoviç “Barselona”da başına gələnlər barədə heç nəyi anlamır. Pep onunla müqavilə bağlayaraq səhv etmişdi, çünki İbranın xarakterini, yüksək özgüvənini gözardı etmişdi. İbranı kimsə narahat edirsə, reaksiyası sərt və qaçılmaz olur. Yox əgər kimsə Pepi incidirsə, onun üçün emosional əlaqə amili yoxa çıxır və oyunçuya qarşı sadəcə başqa professionallardan biri kimi davranır, bundan artıq heç nə. Münasibətlər bundan uzağa gedə bilməz.

Pep “Biz birlikdə necə davam edə bilərik axı?” deyə soruşanda, əslində, həmişə birbaşa yanaşma tələb edən İbrahimoviçə istədiyini verirdi: onun üçün qapıları açırdı.

“Milan”a transferi sual altında olanda İbrahimoviç vitse-prezidentə xəbərdarlıq etmişdi: “Əgər mən burada qalası olsam, məşqçi ilə birgə medianın önünə çıxana qədər gözləyəcəm, həmin an gələndə isə onu oradaca döyəcəm. Bunu edəcəm!” Həmin yay “Barselona”nın prezidenti təyin olunan Sandro Rozelin üzərinə düşən ilk iş isveçlinin transferini həll etmək idi. İbradan soruşmuşdu: “Hansı kluba getmək istəyirsən?” Zlatan “Real” cavabını verəndə Rozel dillənmişdi: “Bu, mümkün deyil. Başqa hara desən olar”.

İbrahimoviç “Milan”a transferini belə təsvir edir: “Rozel dedi: “Bilməyini istərdim ki, bu, həyatımın ən bərbad anlaşmasıdı. Səni çox aşağı məbləğə satıram”. Dərhal cavab verdim: “Görürsən, bərbad liderlik nələrə səbəb olur...”

İbrahimoviç “Barselona”ya 66 milyon avroya (“İnter” hissə-hissə 46 milyon ödəmişdi və Etonun transfer dəyəri - 20 milyon avro) başa gəlmişdi. Zlatan “Barça”da 21 qol, 9 məhsuldar ötürmə ilə yadda qalaraq, ümumilikdə 4 titul qazandı.

Transferindən sonra isveçli emosiyalarını saxlaya bilməmişdi: “Barça”dakı problemim filosofla bağlı idi. Pep “Barça”nın futbol tərzini kəşf etdiyini düşünür. Mourinyo məni daha çox cəlb edir. O, əsl qalibdir; Quardiola mükəmməl deyil. “Barselona”da idim – dünyanın ən yaxşı komandasında, ancaq xoşbəxt deyildim”. İbra Quardiolanı həmçinin problemləri həll etməyə cəhd göstərməməkdə günahlandırır: “Mənimlə problemin varsa, həll etməlisən. Komandanın lideri sənsən, məşqçi sənsən. 20 nəfərlə münasibətin yaxşı ola bilər, ancaq 21-ci ilə yad kimi davrana bilməzsən”.

Quardiolanın hakimiyyəti və ideyaları sorğulanırdı. İbrahimoviçin xarakteri nəticəsində aralarında yaranan emosional məsafə Pepin ona qarşı getməsini asanlaşdırdı, ancaq bu heç də ucuz başa gəlmədi: bəzən instinktlərini bir kənara atdı, bəzən də İbrahimoviçdən ən yaxşısını ala bilmədiyi üçün özünü günahlandırdı. Sadəcə, ümid edirdi ki, Messini komandanın mərkəzinə yerləşdirməsinə dair qərarı bir gün bəhrəsini verəcək".

Qeyd: Pep Quardiolanın bioqrafiyasından götürülmüşdür.
Tərcümə: Rüfət Məcid

Hiç yorum yok:

Yorum Gönder