15 Temmuz 2015

Çempionların mahnısı

Bəzən musiqi və idmanın Tanrının həyatda bizə bəxş etdiyi iki ən yaxşı şey olduğunu düşünürəm. Özümüzü pis hiss etdiyimiz anlarda əhvalımızı onların köməkliyilə dəyişə bilirik. Hərdən də lazım olan sakitliyi, hüzuru elə onlarda tapırıq.
Elm də bunun əksini iddia etmir. İdman və musiqinin stressə qarşı mübarizədə birə-bir köməyinin dəydiyini deyən elm adamlarının sayı kifayət qədərdir. Alimlərin bəzilərinə görə isə, idmanla məşğul olarkən həm də musiqiyə qulaq asmaq xoşbəxtlik hormonu olan endorfinə müsbət təsir göstərir, yəni əhvalınız yüksəlir.
Digər tərəfdən, musiqinin idmanda performansı və motivasiyanı artırmaq üçün ideal vasitə olduğu danılmazdır. Yəqin ki, NBA ulduzları və yaxud da futbolçuların oyunlara qulaqcıqlarla gəlmələri diqqətinizdən yayınmayıb.
Günlük həyatımızda professional şəkildə idmanla məşğul olmasaq da, çoxumuz formada qalmaq üçün fitness zallara üz tuturuq. Getdiyimiz zalda musiqi olmayanda, kor-koranə məşq etmək bir az qəribə gəlir. Sanki nə isə tamamlanmayıb, yarımçıq qalıb.
Girişdən də bəlli olduğu kimi, bu gün bir az fərqli mövzuya toxunacağam. Musiqinin idmana ən gözəl təsirindən və yaxud da bir mahnının idman vasitəsilə qazandığı populyarlıq ətrafında cızma-qara edəcəyəm.
Sizcə də Çempionlar Liqasının himni turnirə əlavə fərqlilik qatmırmı? O möhtəşəm musiqini eşidəndə sanki ekran başında biz də meydandakı futbolçuların həyəcanını paylaşırıq. Ancaq musiqi və idman ortaqlığından bəhs ediriksə, ÇL himnini belə geridə qoyan bir mahnı var ki, uşaq-böyük fərq etməz, adı və sözləri dillər əzbəridir - “We Are The Champions”. İllərdir, daha dəqiq 38 ildir ki, müxtəlif idman müsabiqələrinin, mükafatlandırma mərasimlərinin əvəzolunmazı - “We Are The Champions”. Freddi Merkyuri bizə elə bir miras qoyub getdi ki…
“We Are The Champions”un yazılma hekayəsi bir digər futbol əfsanəsi olan mahnıyla bağlıdır. 1977-ci ildə “Queen”in Birmingemdə verdiyi konsertdə qrup üzvləri “You’ll Never Walk Alone”nin sədaları altında səhnəyə dəvət olunurlar. Hamı bir ağızdan YNWA-nı ifa edir. Bundan sonra Brayan Mey (qrupun elektro gitaristi) və Freddi Merkyuri (qrupun əfsanəvi solisti)  “hamının bir ağızdan ifa edəcəyi mahnı” sloqanı ilə ilham pərilərini işə salırlar. Nəticədə qısa müddət ərzində Mey “We Will Rock You”nu, Merkyuri isə “We Are The Champions”u yazır. Beləliklə, dünya musiqi tarixinə 2 şah əsər hədiyyə olunur.
Freddi Merkuri: “Mahnını yazanda ağlımda futbol var idi. Azarkeşlərə təsir edəcək, hər kəsin bir ağızdan oxuya biləcəyi mahnı olmasını istəyirdim".
1977-ci ildə satışa çıxan “News Of The World” albomunun açılış mahnıları elə məhz bu iki sinqldır. Hər nə qədər “Queen”in “A Night At The Opera” (1975) albomu qədər möhtəşəm olmasa da, “News Of The World”un da dünya musiqi tarixində özünəməxsus yeri var. “A Night At The Opera” “News Of The World”la müqayisədə daha simfonik və vokal ağırlığı olan mahnılardan ibarətdir. Bu iki albom arasındakı ən böyük fərq “rok tarixinin Messisi” adlandırmaqdan çəkinmədiyim “Bohemian Rhapsody”di. “Death On Two Legs”, “Seaside Rendezvous”, “Love Of My Life” və “The Prophet’s Song”u unutduğumu düşünməyin. Sadəcə onlar “Bohemian Rhapsody”nin kölgəsində qalmağa məhkum idilər. Məncə, “A Night At The Opera” bəlkə də gəlmiş-keçmiş ən yaxşı albomdur. “Queen” küləyinə qapılıb, deyəsən, bir az mətləbdən uzaqlaşdım, qayıdaq “We Are The Champions”a.
Hətta təriflər yağdırdığım “Bohemian Rhapsody” belə İngiltərə reytinqlərində zirvədə yer almasına baxmayaraq, ABŞ sıralamalarında 9-cu sıradan yuxarı qalxa bilməmişdi. Ancaq bir istisna var idi - “We Are The Champions” idman dünyasında olduğu kimi, musiqi siyahılarında da bütün ölkələrdə eyni templə yüksələrək əzbərləri pozdu. İngiltərədə 2, ABŞ-da isə 4-cü sıraya qədər qalxan mahnı 1970-ci illərin sonlarından etibarən təkcə “Queen” konsertlərinin qapanış mahnısı deyil, həm də müxtəlif idman növləri üzrə vacib turnirlərin finalında çalınan marşa çevrilmişdi. Bu səbəbdən "We Are The Champions"un sıralamalardakı uğurunu təkcə notların təsir gücüylə ölçə bilmərik. Təbii, mahnını və Freddinin solo bacarığını kiçiltmək istəmərəm, amma qazanılan uğurda idman amilinin payı böyük idi.
Adətən “We Are The Champions” mükafatlandırma mərasimləri zamanı arenalarda səslənir. Ancaq bəzi hallar olub ki, mahnını birbaşa çempion idmançılar ifa ediblər. Bunlardan bir neçəsini sizinlə bölüşəcəyəm.
1981-ci ildə MLB-də çempion olan "Los Anceles Dodjers" beysbolçuları Stiv Yiqer, Rik Mondey, Cey Conston və Cerri Reassın ifasında...

2005-ci ildə Formula-1 üzrə dünya çempionu olan Fernando Alonso isə yarış bitər-bitməz radioda o möhtəşəm sözləri dilə gətirmişdi. 2009-cu ildə Censon Batton Alonsonun bu addımını təkrarladı.

2011-ci ildə NBA çempionu olan "Dallas"ın ulduzu Dirk Novitski bərbad səsiylə "qaliblərin marşı"nı oxuyanların siyahısına qoşuldu.

2014-cü ildə Çempionşipin qalibi olan "Lester Siti" futbolçuları, azarkeşləri və "The X Factor" yarışmasının 10-cu mövsümünün qalibi olan Sem Beyli "We Are The Champions" mahnısını birlikdə ifa etmişdilər. Videoda xüsusilə Kasper Şmeyxelə diqqət yetirin.

Geridə qalan mövsümdə Milli Hokkey Liqasının çempionu adını qazanan "Çikaqo Bləkhoks" hokkeyçiləri paltardəyişmə otağında "We Are The Champions"la qələbələrini qeyd etmişdilər.

İllər keçir, ancaq hələ də idman müsabiqələrinin bağlanışlarında və mükafatlandırma mərasimlərində "We Are The Champions"u əvəzləyə biləcək mahnı tapılmır. Freddi o zamanlar mahnıya olan marağa görə sevincini gizlətməsə də, eyni zamanda alternativinin olmadığına görə təəccüblənirdi. Bir də yaşasa, 38 il sonra hələ də “We Are The Champions”un əvəzedicisinin tapılmadığını görsə, kim bilir nə düşünərdi?
Dinləmək, heç bezmədən, həm də hər gün ilk “Queen” albomundan sonuncu “Made In Heaven”ə qədər dinləmək – bu dünyadakı günlərinizin daha maraqlı, ən azından daha mənalı keçməsini istəyirsinizsə, çalışın “Queen” rutininə özünüzü öyrəşdirəsiniz. Qrupun konserti olanda İngiltərədə bəzən tətil elan edilərdi. Siz də qulaqlarınıza “Queen”lə istirahət verin. Çünki dünyaya nə başqa "Queen" gələcək, nə də ikinci Freddi Merkyuri...
Başda Freddi Merkyuri olmaqla, Brayan Mey, Rojer Teylor və Con Dikona, bu möhtəşəm mahnını musiqi və idman dünyasına qazandırdıqları üçün təşəkkür edirəm.
Mən də son nöqtəni “We Are The Champions”la qoyacam. “Queen”dən bütün çempionlara və özünü “vinner” hesab edənlərə gəlsin. Mahnıda deyildiyi kimi: “No time for losers”.

Hiç yorum yok:

Yorum Gönder