27 Temmuz 2015

Noyabrdan sonra...

Onlarla birlikdə olmağı çox istəyirdi. Bəzən özünü günahkar qismində görürdü. Axı o, kapitanlardan biri olmaqla yanaşı, hücumlara, həm də cüssəli rəqiblərin hücumlarına sinə gərən “defensive back”* idi. Qarışıq hücum xətlərinin arasından keçib “quarterback”ları* yerə yıxdığı kimi, bunu da hər nə yolla olursa olsun, etməliydi, onlarla olmalıydı, komandasını ən böyük hücumdan qorumalı, onları ondan əbədi uzaqlaşdıracaq “taçdaun”un qarşısını almalıydı. Bu düşüncələr ağlından çıxmırdı. Hətta tez-tez yuxusunda onlarla danışırdı…
14/11/1970
Marşall Universitetinin amerikan futbolu üzrə komandası – “Thundering Herd” Şərqi Karolina Universitetini təmsil edən “Pirates”ə son anlardakı 3 xallıq fild qolla təslim olmuşdu. “Yaşıllar” mövsüm ərzində keçirdikləri 9-cu matçda 6-cı dəfə uduzmuşdu. Artıq “Ohayo” ilə oyunda qazanılacaq mümkün qələbə komandanın növbəti məğlub mövsümünü keçirməsinin qarşısını ala bilməyəcəkdi. 6 il (1964 – 7 qələbə, 3 məğlubiyyət) idi ki, Marşall futbolçularının mövsüm ərzində qazandığı oyun sayı uduzduğundan artıq olmurdu. Ancaq 1968 mövsümündə qeydə alınan 0-9-1-lik (0 qələbə, 9 məğlubiyyət, 1 heç-heçə) biabırçı göstərici və sabiq çalışdırıcı Perri Mossun NCAA-nın (Tələbə idman növləri üzrə Milli Assosasiya) qaydalarını pozması səbəbindən komandanın Mid-Amerika konfransından kənarlaşdırılmasından sonra yeni baş məşqçi Rik Tolinin rəhbərliyi altında “Herd”in toparlandığını asanlıqla demək olardı.
Rik, Moss dönəmindən fərqli olaraq, rəqabətədavamlı komanda yaratmağı bacarmışdı. Onunla birlikdə hər şeyin yaxşıya doğru gedəcəyinə ümidlər böyük idi. Ancaq sadəcə bir neçə saat sonra səmada o ümidlərin üzərindən yekə bir xətt çəkiləcəkdi.
Rik Toli ənənəvi olaraq oyunçularına qələbənin önəmindən danışıb, yaxşı futbol oynamağın hər şey demək olmadığını dedikdən sonra evə - Hantinqtona dönmək zamanı gəlmişdi. Adətən oyunlar  bir-birinə yaxın şəhərlərdə oynanıldığı üçün məsafələr çox uzun olmurdu və komanda avtobusla geri qayıtmağa üstünlük verirdi. Ancaq bu səfər seçim fərqli idi: “Herd” təyyarə ilə Hantinqtona qayıdacaqdı. Maraqlısı budur ki, “yaşıllar” 1970 mövsümündə ilk dəfə təyyarə ilə səyahət edəcəkdi.
“Thundering Herd”in müdafiə üzrə koordinatoru Uilyam “Red” Douson avtomobillə yol qət etməyi daha çox sevirdi. Douson bu səfər işiylə əlaqədar olaraq Hantinqtona qayıtmayacaqdı. O, Ferrum kollecində təhsil alan Billi Co Mantus adlı 19 yaşlı “linebacker”i* komandada oynamağa razı sala bilmək üçün Virciniyaya getmək niyyətindəydi. Qeyl Parker (birinci kurs futbolçularının məşqçisi) isə son anda fikrini dəyişdirərək təyyarədəki yerini digər məşqçi Dek Braketə verdi və Dousonla Ferruma getmək qərarına gəldi. Qısası, özü də bilmədən həyatını qurtardı. Əslində, Parkerin əvəzinə Braket Dousonla birlikdə Mantusu razı salmaq üçün Ferruma yollanmalıydı.
Bu ərəfədə oyunçulardan Robert Van Horn, Lerri Senders, Fred Uilson və Co Hud Marşall Universitetinin şəhərciyində olan Recci Oliverə zəng edərək ondan “Colt 45” (arpadan hazırlanan pivəyə bənzər içki) almasını və onlar üçün saxlamasını istəmişdilər. Qeyd etmək yerinə düşər ki, Recci Oliver məktəbdə oxuyarkən sözügedən 4 futbolçuyla komanda yoldaşı olmuşdu. Digər bir arxa plan qəhrəmanı Keyt adlı uşaq isə Hantinqtonda atasının – futbol komandasının radio şərhçisi olan Cin Morhauzun evə qayıtmasını səbirsizliklə gözləyirdi.
Yağışlı gün idi. Ancaq hava şəraiti Hantinqtonda yerləşən Tri-State Hava Limanının işinə mane olmurdu. Təxminən eyni vaxtda iki təyyarə enməliydi. Biri “Eastern”, digəri isə “Southern” hava yollarına məxsus idi. Uçuşlar təxirə salınmamışdı. “Southern”ə aid təyyarə Marşall Universitetinin futbol komandasının heyətini daşıyırdı. Artıq Duqlas DC-9 Tri-State hava limanına yaxınlaşırdı. Lakin nə oldusa, elə bundan sonra oldu. Təyyarə eniş zolağının qərb hissəsində yerləşən Ueyn Kauntidəki  meşəlik əraziyə çırpıldı.
Xəbər qısa müddət ərzində şəhərə yayıldı. Hantinqton, Seredo və Kenova yanğınsöndürənləri dərhal həmin bölgəyə yollandılar. Şəhər əhalisi bir andaca əraziyə axışdı. Onlar təyyarənin “Eastern”, yoxsa  “Southern” hava yollarına məxsus olduğunu dəqiqləşdirməyə çalışırdılar. “The Herald-Dispatch” qəzetinin müxbiri Cek Hardın təyyarənin qalıqları arasında “Thundering Herd”in “tight end”i* Con Yanqın pul qabını tapanda artıq hər şey gün işığı kimi aydın idi.
Qəzaya uğrayan təyyarənin Marşall Universitetinin amerikan futbolçularını daşıyan təyyarə olduğu ortaya çıxmışdı. Bəzi tələbələr universitetdəki Kristian Tələbə Mərkəzində dua edir, digərləri isə sadəcə oturub ağlamaqla sakitləşməyə çalışırdılar. 24 azarkeş, 36 oyunçu, 5 məşqçi, 5 ümumi heyət (radio spikeri Cin Morhauz da onların arasında idi) və 5 ekipaj üzvü, ümumilikdə 75 nəfər, yəni təyyarədə olanların hamısı dünyasını dəyişmişdi. Bu, ABŞ idman tarixində indiyə kimi baş vermiş ən böyük təyyarə qəzasıdı.




Bu zaman yolda olan Parker və Douson radiodan qəzanın baş verdiyini öyrəndilər. Onlar Ferruma getmək əvəzinə, geriyə, birbaşa Hantinqtona qayıtdılar.
Hadisə yerindəki insanlar ölənlərin kimliklərini müəyyənləşdirməyə çalışırdılar. Oyunçular, ailə üzvləri və qrup yoldaşları üzük, boyunbağı və s. bu kimi əşyalarla qəza qurbanlarını ayırd edirdilər. Sadəcə 6 bədən tanınmaz halda idi. Yanğın o qədər güclü olmuşdu ki, onların kim olduğunu müəyyənləşdirmək qeyri-mümkün idi. Sözügedən 6 nəfər Spring Hill qəbiristanlığında yan-yana dəfn olunublar. Onlar sanki Marşall Universitetinin şəhərciyinə tərəf baxırlar.
Tələbə ittifaqının mərkəzi artıq qəzada həlak olanların xatirəsinə Memorial Tələbə Mərkəzi adlanır. Mərkəzin yaxınlığında fəvvarə quraşdırılıb. Hadisənin hər il dönümündən sonra, yaz praktikasının başlanğıcına kimi bu 75 başlı fəvvarənin suyu dayandırılır.
Hadisənin ardından Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura (NTSB) faciənin baş vermə səbəblərini araşdırdı. Təəssüf ki, müxtəlif fikirlər irəli sürülsə də, Şura heç vaxt hadisənin necə baş verdiyini tam dəqiqliyiylə tapa bilmədi.
Qəzadan sonra...
ABŞ-da universitetlərin daxilində idman növləri üzrə xüsusi proqramlar var. Bu proqramlar sayəsində məktəbi bitirmək üzrə olan və skautlar tərəfindən bəyənilmiş idmançılar universitetin hesabına təhsillərini seçdikləri təhsil ocaqlarında davam etdirmək şansı əldə edirlər. Yəni, xərclər universitet tərəfindən qarşılanır, əvəzində onlar oxuduqları ali məktəbi NCAA-da təmsil edirlər, üstəlik məzun olduqdan sonra NFL, NBA və MLB-də oynamaq şansı qazanırlar. Onu da qeyd edim ki, ABŞ-da universitet/kollec idmanına təsəvvür etdiyinizdən çox önəm verilir.
Məlum qəzadan sonra – 1971-ci ildə Marşall Universiteti amerikan futbolu proqramının davam edib-etməyəcəyiylə bağlı qərar verməliydi. Son illərdə “Thundering Herd” heç də uğurlu nəticələr qazanmırdı. Digər tərəfdən komandanın əsas oyunçuları vəfat etmişdilər. Yəni, universitetdə futbol oynayacaq adamların sayı barmaqla sayıla biləcək qədər az idi. NCAA isə birinci kurs tələbələrinin oynamasına icazə vermirdi. Həm də şəhər əhalisinin bir qismi, xüsusilə də vəfat edənlərin ailələri proqram davam edəcəyi təqdirdə hər şənbə günü yaralarının təzələnəcəyini düşünürdülər. Belə bir şəraitdə müvəqqəti rektor vəzifəsini icra edən Donald Dedmon qərar verməli idi: davam, yoxsa tamam?
Birinci abzasa qayıdıram. Adını məqalənin əvvəlində gizli saxladığım şəxs haqqında danışmaq istəyirəm. Komandanın ikinci kapitanı və “defensive back”ı olan Neyt Ruffinin adı Şərqi Karolinayla oynanılan matçın heyətindən çıxarılmışdı. O, təyyarənin hərəkət etməsinə dəqiqələr qalmış “Pirates”lə görüşdə oynamayacağını öyrənmişdi. Buna səbəb Ruffinin qolundakı zədə idi.
O da Douson, Oliver və Parker kimi hadisənin mənəvi qurbanlarından idi. Ancaq məhz Neytin inadı olmasa, bəlkə də Marşallda bir də futbol oynanılmayacaqdı.  Kapitan çətinliklə olsa da, zamanla bəzi şeyləri dərk edə bildi. Artıq Ruffin Tanrının komanda yoldaşlarının xatirəsini əbədi yaşatmağı ona tapşırdığını düşünürdü. Neyt Ruffin və universitet tələbələri sayəsində Donald Dedmon proqramın davam etməsinə dair qərar qəbul etdi.
1971-ci ildə Penn Steytdən Co MakMullen atletik direktor kimi komandaya dəvət olundu. Növbə “Herd”i çalışdıracaq baş məşqçiyə çatmışdı. Dedmonun ağlında bir isim var idi: komandanın müdafiə üzrə koordinatoru Uilyam Douson. Ancaq o, nə qədər çalışsa da, “Red”i razı sala bilmədi. O, hadisəni yadından çıxara bilmir, “Fairfield” stadionuna ayaq basmağa belə qorxurdu. Nəticədə MakMullen komandanı Georgia Tech.dən yaxşı tanıdığı Dik Bestuikə tapşırdı. Ancaq Dikin Marşall macərası cəmi bir həftə davam etdi. Bestvik Hantinqtonu tərk etdi və “Herd” yenidən məşqçi axtarışlarına başladı. Çox keçmədən Marşall Universiteti Vuster kollecində çalışan Cek Lenqyellə anlaşdı.
Cek Lenqyel dərhal işinin icrasına başladı. O, ilk olaraq Uilyam Dousonu köməkçi məşqçi olmağa razı sala bilmək üçün evinə getdi. “Red” bölgəni və universiteti yaxşı tanıyırdı. Bu, yeni məşqçi üçün önəmli idi. Cekin danışıq qabiliyyəti işə yaradı. Douson bir mövsümlük köməkçi məşqçi olmağa razılıq verdi. Onlar birlikdə oyunçu axtarışlarına başladılar. Lakin hər şey yazıldığı kimi asan deyildi. Marşallda oynamaq istəyənlər az, “Herd”in siyahısında olan futbolçuları heyətinə cəlb etmək niyyətində olan komandalar isə çox idi. Nəticədə Marşallın istədiyi futbolçuların əksəriyyəti Qərbi Virciniya başda olmaqla, seçimlərini “Herd”in rəqiblərinin leyhinə edirdilər. Çıxılmaz vəziyyətdə qalan Cek rektor Dedmondan Marşall Universitetinin birinci kursları oynatmasına dair NCAA-dan razılıq almasını istədi. Gözlənilməz olsa da, qurum “Thundering Herd”in istəyini geri çevirmədi.
Yaz praktikası başlamaq üzrə idi. Qısa müddət ərzində Cek Lenqyel, Uilyam Douson və Co MakMullen möcüzəni reallaşdırmağa çalışırdılar. Onlar Neyt Ruffinin ətrafını sıfırdan doldurmağa başladılar. Amerikan futbolunun qaydalarını belə bilməyən gənclərə bu idman növünü öyrədib, komandada yer verdilər. MakMullen komandanı “Young Thundering Herd” adlandırdı. Komandanın əsas oyunçularından biri qəzada 4 sabiq komanda yoldaşını itirmiş Recci Oliver idi. Lenqyel “quarterback” olan Reccini  bir həftəlik “wide receiver”* kimi oynatsa da, qərarının Oliverin ürəyincə olmadığını görüb, ondan yenidən “quarterback” olmasını istəmişdi. Sonradan Oliver Deyv Uolşu qabaqlayaraq komandanın əsas oyun qurucusu oldu.
“Thundering Herd” üçün 1971-ci il mövsümü səfərdə Morhed Steytlə oynanılan görüşlə başladı. Gənc komanda rəqibinə 6:29 hesabı ilə məğlub oldu.
1971-ci il, 25 sentyabr – Hantinqton əhalisi, Marşall Universiteti və komandanın azarkeşləri üçün tarixi gün idi. Çünki qəzadan sonra ilk dəfə futbol Marşalla qayıdırdı. Şəhər yenidən “Match day” həyəcanını yaşayırdı. Oyundan əvvəl baş məşqçi Cek Lənqyel komanda üzvlərini Spring Hill qəbiristanlığına və Memorialın önünə apardı. O, oyunçulara komandanın, futbol proqramının keçmişini, haradan gəldiyini başa saldıqdan sonra birlikdə stadiona yollandılar. Əslində, Ksavyerlə oyunun nəticəsi o qədər də əhəmiyyət daşımırdı. Hər şeyə rəğmən amerikan futbolunu şəhərdə yaşatmaqla komanda ən böyük qələbəsini qazanmışdı. Amma belə bir gündə yəqin ki, heç kəs qələbəyə etiraz etməzdi. Həm də “Thundering Herd” meydanda sayca üstün idi, rəqibə qarşı 11 yox, 86 nəfərlə hücum edir, 86 nəfərlə müdafiə olunurdular.
Neyt Ruffin yenidən qolundan zədə almasına baxmayaraq, qəzada vəfat edən komanda yoldaşlarının ruhuna hörmət əlaməti olaraq həmin gün meydana çıxmışdı. Marşall son anlarda skrin pasdan sonra gələn 13 yardlıq taçdaunla* rəqibini 15:13 hesabı ilə məğlub edərək tarixi qələbəyə imza atdı. Oyundan sonra tribunalardan ayrılmayan azarkeşlər göz yaşlarına hakim olmaqda çətinlik çəkirdilər.
Marşall növbəti 8 matçın daha birindən qalib ayrılaraq mövsümü 2 qələbə, 8 məğlubiyyətlə tamamladı. Uilyam Douson söz verdiyi kimi, komandanı tərk etdi. O, qəzanı unutmadığını hər dəfə qeyd edirdi. Bu səbəbdən də “Red” məşqçilik karyerasına son qoydu və 1996-cı ilə kimi bir də Marşallın oyunlarını stadiondan izləmədi.
Baş məşqçi Cek Lenqyel ardıcıl 4 məğlub mövsümün ardından 1974-cü ildə komandadan ayrıldı. O, daha sonra Hərbi Dəniz Akademiyasında atletik direktor vəzifəsində uzun müddət çalışdı. Lenqyelin adı Marşall Universitetinin Məşhurlar Zalına daxil edilib.
Atletik direktor Co MakMullen 1979-cu ildə Marşallı Touson Steytə dəyişdi. Co 1983-cü ildə 59 yaşında dünyasını dəyişdi.
Donald Dedmon 1972-ci ilin martında Marşall Universitetindən ayrıldı. O, 1994-cü ildə təqaüdə çıxana kimi Redford Universitetinin rektoru vəzifəsində çalışdı. Dedmon 1998-ci ildə Floridada vəfat etdi.
Qəza baş verərəkən 9 yaşı olan Keyt Morhauz atasının iziylə getdi və Marşall Universiteti futbol komandasının radio spikeri oldu. Hazırda Hantinqtonda yerləşən WSAZ-TV-nin idman departamentinin rəhbəridi.
Recci Oliver isə məzun olanadək komandanın əsas oyun qurucusu olaraq qaldı. RO verdiyi paslarla “Thundering Herd” tarixinə adını yazdırdı. Recci illər sonra Marşall Universitetinə köməkçi məşqçi olaraq qayıtdı.
Marşall Universitetinin futbol komandasına gəlincə, I-AA* divizionunda 2 dəfə (1992, 1996) milli çempionluq yaşayan “Thundering Herd” 1997-ci ildə NCAA-nın əsas liqası I-A* divizionuna (indiki adı ilə FBS) yüksəldi. Komanda qəzadan sonrakı illərdə 9 konfrans çempionluğu yaşayıb, oynadığı 11 boul matçının 9-dan qalib ayrılıb. Marşall futbolçuları I-A divizionuna (FBS) yüksəldikdən sonra 3 dəfə (1999, 2002, 2014) həm AP (Associated Press), həm də məşqçilərin səsverməsinə əsasən, Top-25-də qərarlaşıblar. Marşallın futbol proqramı 90-cı illərdə ABŞ-ın ən çox qələbə qazanan proqramı seçilib.
Komandanın hazırkı baş məşqçisi Dok Hollidey hadisə baş verən günlərdə Hurrikeynin uşaqlardan ibarət komandasında futbol oynayırdı. O, hər il mövsümün startından öncə Lenqyel kimi, bütün komandanı Spring Hill Qəbiristanlığına aparır. Yalnız bundan sonra “Herd” üçün mövsüm başlayır.






Memorial, fəvvarə, Spring Hill Qəbiristanlığı və yuxarıda sadaladığım möhtəşəm nəticələr – bunlar Marşall Universiteti futbol komandasının hardan hara gəldiyini göstərir. 1970-cı il, 14 noyabr tarixindən bəri amerikan futbolu Marşallda ABŞ-ın digər bölgələriylə müqayisədə daha böyük mənalar ifadə edir.
Yazını başladığım kimi də bitirmək istərdim. Nəhayət, Neyt Ruffin... Məzun olduqdan sonra Hantinqtondan ayrıldı, dəmiryolları üçün vaqonlar istehsal edən “ACF Industries”də, daha sonra isə “The Herald-Dispatcher”də İnsan Resursları Departamentinin direktoru vəzifəsində çalışdı. “Gannett Company” media holdinqində uğurlu karyerası oldu. Kapitan 2001-ci il, 2 oktyabr tarixində, Arlinqtondakı evində uzun müddət əziyyət çəkdiyi xərçəngdən dünyasını dəyişdi. Neyt Spring Hill qəbiristanlığında qəzada dünyasını dəyişən və kimlikləri naməlum olaraq qalan 6 komanda yoldaşının yanında dəfn olunub. O, gec də olsa, arzusuna çatdı. Həyat yoldaşı “Bəzən cənnətdən  “bacardım” deməsini eşidirəm” deyirdi. Neyt həm Marşallda amerikan futbolu proqramının davam etməsində böyük pay sahibi olaraq qəza qurbanlarının xatirəsini yaşatdı, həm də onlarla birlikdə dəfn edilərək komanda yoldaşlarına qovuşdu.

P.S. 2006-cı ildə rejissor MakCinin çəkdiyi və qəzadan sonra baş verən hadisələri özündə əks etdirən “We Are Marshall” adlı film tamaşaçıların ixtiyarına verildi. Yazdıqlarımı daha da yaxşı anlamaq istəyirsinizsə, bu möhtəşəm filmi izləməyiniz məsləhətdi. Sadəcə “We Are Marshall”da bəzi personajlar real deyil. “Spoil” vermək istəmirəm. Ona görə də belə deyim: əgər filmdə yazıda adı qeyd olunmayan önəmli obrazlarla qarşılaşsanız, bilin ki, onlar ssenaristlərin fantaziyasının məhsuludu.

----------------------------------------------------------------------------------
Defensive back – Müdafiə komandasının üzvü olan oyunçulardılar. Toqquşma xəttinin arxasında dayanırlar. Bu mövqedə oynayan futbolçuların əsas hədəfi başda “quarterback”lar olmaqla, top əlində olan oyunçuları yerə yıxmaqdan ibarətdir.
Quarterback – Amerikan futbolunda hücum komandasının lideri hesab olunur. Hücum xəttinin arxasında dayanırlar. Komandanın oyununu qururlar.
Linebacker – Müdafiə komandasının üzvü olurlar. Rəqibin “running back” və “quarter back”larına qarşı müdafiə olunurlar. Əsas vəzifələri “running back”ları dayandırmaqdan ibarətdir.
Tight end (TE) – Hücum komandasının ən önəmli mövqelərindən biridi. Adətən bu mövqedə oynayan futbolçular sağ və sol bitiş xəttinin kənarında dayanırlar. TE-lə arxasındakı oyunçuları qorumaq üçün xətt oyunçuları kimi yaxşı blok qoymaqla yanaşı, həm də pas oyunlarına qoşula bilərlər.
Wide receiver – Hücum komandasının üzvü olurlar. Əsas vəzifələri müdafiə arxasına girib, boşluqlardan istifadə edib, topu ələ keçirməkdən ibarətdir. Adətən rəqibin “corner back”ları onlara qarşı təkə-tək oynayır.
NCAA I-AA/FCS divizionu – Səviyyəsinə görə universitetlərarası çempionatın ikinci divizionu, I-AA 2006-cı ildən etibarən FCS adlanır.
NCAA I-A/FBS divizionu – Əsas divizion, I-A 2006-cı ildən etibarən FBS adlanır.

Hiç yorum yok:

Yorum Gönder