10 Ağustos 2014

"Bəzi şeylər üçün ölməyə dəyər"

Başlıq bir az futboldan uzaq görünə bilər. Ancaq yazı futbolu mübarizə üsulu kimi görənlər və qalib gəlməyi ölməkdən üstün tutanlar haqqındadı.

                                     
72 il bundan öncə Ukraynada baş verən biri hadisədi bugünkü mövzum. İkinci dünya müharibəsi zamanı alman ordusu artıq Kiyevi tamamilə mühasirəyə almışdı. Hitler hər şeydə olduğu kimi millətinin futbolda da hamıdan üstün olduğunu isbatlamaqda qərarlıydı. Bu məqsədlə də tez-tez almanlar və ukraynalılar arasında oyunlar keçirilirdi.

Kiyev dedikdə ağlımıza gələn şeylərdən biri də "Dinamo"du. Sözü gedən klub o zamanlar Avropanın ən güclülərindən idi. Ancaq müharibənin başlanması futbolçulara da təsir etdi. Klub futbolçuları təndirxanalarda çörəkçi kimi işləyirdilər. Daha sonra alman əsilli Yosif Kordik adlı biri onları bir araya gətirir və komanda qurulur. Kiyev "Dinamo"sundan Nikolay Truseviç , Mixail Sviridovski, Nikolay Korotkik, Aleksey Krimlenko, Fedir Tyutçev, Mixail Putistin, İvan Kuzmenko, Makar Qonçarenko, "Dinamo Lokomotiv"dən isə Vladimir Balakin, Vasil Suxarev və Mixail Melnikdən ibarət heyət formalaşdırıldı. Komandaya "Start" adı verildi.

Alman komandası isə "Flakelf" adlanırdı. İki komanda ilk öncə 6 avqust 1942-ci ildə üz-üzə gəlir və ukraynalılar 5-1 hesablı qələbə qazanırlar. Ardından faşist general Eberhardt buna əsəbləşərək revanş matçının oynanılmasını tələb edir.

Və həmin gün gəlib çatır. "Zenit" stadionunun tribunaları faşistlərlə doluydu. Alman generalları "Start" futbolçularından almansayağı salamlaşmalarını gözləsələr də, SSSRİ-nin meydandakı "əsgərlər"i "Fizkultura" deyə bağıraraq mübarizə aparacaqlarına dair ilk siqnalı vermişdilər. Bu arada oyunu alman əsgərlərdən Ervin adlı biri idarə edirdi.

Almanlar sərt oyunuyla seçilirdilər. İlk qol nazilərdən gəldi. 10-cu dəqiqədə qolkiper Truseviç başından ağır zərbə aldı və uzun müddət huşunu itirdi. Amma kiyevlilər özlərini toplaya bildilər. "Start" Kusmenko və Qonçarenkonun qollarıyla ilk hissəni 3-1 hesabıyla öndə bitirdi.
Fasilədə almanlardan biri onların soyunub-geyinmə otağına daxil olaraq: "Çox yaxşı oynadız. Ancaq qalib gəlməyi ağlınıza belə gətirməyin"-deyir. Baş məşqçi Osinyuk da daxil olmaqla hamı susur. Yalnız kapitan Truseviç  onlara: "Bəzi şeylərə görə ölməyə dəyər" - deyərək futbolçuları ruhlandırır. Artıq ölməyə qərar verilmişdi.

Matç 5-3 hesabıyla "Start" futbolçularının qələbəsilə yekunlaşır. Futbolçular qarşılaşmadan sonra birlikdə xatirə şəkli də çəkdiriblər.


Almanlara qarşı əhali qalxmasın deyə, futbolçuların stadiondan çıxarılmasına izin verilir. Lakin daha sonra onlar hamısı işlədikləri təndirin sahibi tərəfindən müdirin otağına çağrılır. Amma müdirin yerinə alman generalla üzləşirlər. Komandanın edam edilməsi üçün üç həftə boyunca onlara aclıq, susuzluq və yuxusuzluq kimi cəzalar verilir ki, öz istəklərilə oğurluq etdiklərini qəbul etsinlər. Futbolçular sonuna qədər mübarizə aparırlar. İşgəncələr zamanı Korotkin dünyasını dəyişir. Digər futbolçular isə ən ağır nazi düşərgəsi hesab olunan “Siretz”ə göndərilir.

"Siretz"də günlərin birində maşınının məhz kiyevli futbolçular tərəfindən partladılğını bəhanə edən Radomski adlı alman onları sıraya düzür. Radomski sıra başından başlayaraq hər üçüncü adamın edam ediləcəyini bildirir. İlk öncə İvan Kuzmenko öldürülür. Daha sonra "qızıl oğlan" ləqəbli Aleksey Klimenko. Sıranın özünə gəldiyini görən kapitan Nikolay Truseviç "Qırmızıların idmanını heç vaxt öldürə bilməyəcəksiz"- deyərək Pol Radomskiyə bağırır. Və o da komanda yoldaşları kimi oxşar aqibətlə üzləşir. Xatırladım ki, Truseviç həmin gün 9 avqustda geydiyi paltarını geymişdi.

1981-ci ildə SSRİ rəhbərliyi ölənlərin ruhunu yad etmək məqsədilə hadisənin baş verdiyi "Zenit" arenasına "Start" adını verdi.


Sonradan ukraynalı idman yazarı Valentin Çerbatçev hadisənin belə olmadığını və futbolçuların oyuna görə deyil, SSRİ agenti olduqlarına görə öldürüldüklərini açıqlasa da, bunun üçün inandırıcı isbat tapa bilmədi.

Bu gün futbolu canlarından çox sevənlərdən yazdım. Yazdıqlarımı daha yaxşı təsəvvür etməyinizə kömək etmək məqsədilə "Két félidö a pokolban" və "Escape to victory" filmlərini məsləhət görərdim.