29 Ağustos 2015

Topla çubuğun müharibəsi


Səhv etmirəmsə, sonuncu dəfə “Old Firm” haqqında yazanda rəqabət sözündən doyunca istifadə etmişdim. Bu gün normanı dolduracam. Elə girişdəcə sualımı verim: Sizcə, ən böyük idman rəqabəti hansıdır? Cavabları az-çox təxmin edirəm: “El Klasiko”, “Superklasiko”… Ancaq yenə də şərhlər bölməsində suala cavab verə bilərsiniz, əsaslandırmaq şərti ilə.

Mən bir az Hindistan - Pakistan kriket rəqabətindən yanayam. Bilirəm, bax elə bu anda sayımızda azalma oldu. Bəzi oxuyucular üçün yazı elə burada – "kriket" sözü işlənəndən sonra bitdi.

Bilinməyən bir həqiqət var: kriket dünyada futboldan sonra ikinci ən populyar idman növüdür. Həm də bir o qədər faydalı idmandır. Məsələn, yuxusuzluqdan əziyyət çəkirsinizsə, gecələr kriketə baxıb, asanlıqla yuxuya gedə bilərsiniz. Saymaqdan daha effektiv vasitədir. Təbii, bu, sözügedən idman növününün qaydalarını bilməyənlər üçün aktiv olan funksiyadır. “Kriket yeganə idmandır ki, azarkeşlər oyunçulardan daha çox yorulur” – belə bir anekdot da var. Amma siz siz olun, yolunuz Hindistan, Pakistan, Banqladeş və yaxud da Şri-Lankadan düşsə, bu dediklərimi təkrarlamayın. Adlarını sadaladığım ölkələrdə kriket qeyri-rəsmi dindir. Necə Braziliyada küçədə oynayan 5 uşaqdan 5-i də futbolçu olmaq barədə xəyallar qurursa, onlarla yaşıd olan hindistanlı eynisini kriket haqda düşünür.

İşin zarafat tərəfi bir yana, qaydaları tam dərk edənə kimi kriket sizə çox mənasız gələ bilər. Amma öyrəndikdən sonra heç də maraqsız idman növü deyil. İlkin mərhələ üçün testləri istisna kimi qəbul edin. Çünki futbolda belə 4-5 gün dayanmadan 7-8 saat eyni iki komandanın oyununa baxsanız, iyrənərsiniz.

Keçək əsas məsələyə. Müəmma qalmasın deyə, Hindistan – Pakistan kriket rəqabətinin yaranma səbəbindən başlayacam. Zamanda bir az səyahət edəcəyik. Bu tip rəqabətlərin formalaşmasında əksər hallarda tarix və siyasət həlledici rol oynayır.

1947-ci ildə Cənubi Asiyanı tərk edən ingilislərdən geriyə bir neçə miras qaldı. Mübahisəli Kəşmir bölgəsi və kriket də onların sırasına daxildir. Hindistan və Pakistan arasında rəqabətin formalaşması isə özü-özlüyündə elə birbaşa Kəşmirlə bağlıdır.

Britaniya əsarəti bitdikdən sonra Kəşmir xalqı seçim haqlarından özləri kimi müsəlmanların çoxluq təşkil etdiyi Pakistanın lehinə istifadə etmişdi, yəni bu bölgə Pakistana tabe olmalı idi. Ancaq Kəşmir şahzadəsi hind əsilli Mihrace Hari Sinq insanların istəyinin əksinə hərəkət edərək bölgənin Hindistana aid olduğunu təsdiqləyən sənədi imzalamaqla illər boyu davam edəcək mübahisənin təməlini atdı. Məhz elə bu imzadan sonra Hindistan ordusu bölgəyə daxil olaraq səmərəli torpaqları zəbt etdi. Hazırda Srinaqar, Cammu və Kəşmir hindlərin nəzarəti altındadır. Quraqlıqdan əziyyət çəkən 30 %-lik hissə - Azad Kəşmir və Gilgit-Baltistan ərazisi isə Pakistanın tabeçiliyindədir. BMT-nin normalarına əsasən, Kəşmir əhalisinin öz müqəddəratını təyin etmək haqqı var. Kəşmirlilər referendum keçirilməsini istəsələr də, Hindistan hökuməti bunun əleyhinə çıxır. Çünki böyük əksəriyyəti müsəlmanlardan ibarət olan əhalinin növbəti dəfə Pakistanı seçmək ehtimalı yüksəkdir.

Qısaca qeyd edim ki, bölgənin şərqində yerləşən və təxminən 10 faizlik ərazini əhatə edən Aksayçin isə Pakistanın müttəfiqi Çinin nəzarətindədir.

Hindistan və Pakistan Kəşmir uğrunda indiyə kimi 4 dəfə (1947, 1965, 1971, 1999) müharibə ediblər. Ancaq milyonlarla insan itkisinə baxmayaraq, məsələ həllini tapmayıb. Bölgəni "yer üzünün cənnəti" adlandırırlar.

Rəqabətin necə başladığını, haradan qaynaqlandığını az-çox anladınız. Normal olaraq düşünə bilərsiniz ki, bu iki ölkə arasında belə qatı rəqabət başqa idman növündə yox, niyə məhz kriketdə var? Cavab çox sadədir: britaniyalılar Cənubi Asiya, CAR və Avstraliya başda olmaqla, əsarəti altında olan yerlərdə milli idman növləri hesab olunan kriketi yayırdılar. Təbliğat özünü doğruldub. Kriket Hindistanda Hinduizmdən, Pakistanda isə İslamdan sonra ikinci din hesab olunur. Bəlkə bir az irəli gedirəm, amma sözümdə həqiqət payı çoxdur. Küçələrdə kriket topunu daşla, çubuğu isə əlləri ilə əvəz edən uşaqlar görəndə mənə haqq verəcəksiniz. Kəlküttədəki “İden Qardens”i isə “kriketin Məkkəsi” adlandırırlar.



Sərhəddə ölən və yaralananlar olur, insanlar isə onların qisasının təkcə ordu vasitəsilə deyil, həm də kriketçilər tərəfindən alınacağına inanır, kriket millisini ordudan fərqli görmürlər. Rəqabətdən danışırıqsa, azarkeş amilini unutmaq olmaz.

Hindistan millisinin sabiq kapitanı Sunil Qavaskar: “1980-ci ildə BƏƏ-nin Şardja şəhərində Pakistanla qarşılaşırdıq. Orada yaşayan immiqrantlar – avtobus sürücüsündən tutmuş qəzet satıcısına, mehmanxana işçisindən çanta daşıyan uşağa kimi, hamı bizi görəndə aşağı-yuxarı eyni cümləni işlədirdi: “Turnirin qalibi olub-olmamağınız barədə o qədər də düşünmürük, ancaq Pakistanı mütləq məğlub etməlisiniz”.

1986-cı ildə Şardjada keçirilən "Austral-Asia" kubokunun finalında Hindistan və Pakistan kriketçiləri qarşılaşırdı. Pakistanın çempion olmaq üçün son topda 4 rana ehtiyacı var idi. “Ağ-yaşıllar”ın vurucusu Javed Miandad Hindistanın ən sürətli atıcılarından olan Çetan Şarmanla üz-üzə idi. Hind fanatlar artıq çempionluğu bayram etməyə başlamışdılar. Ancaq Miandad çətin olanı bacarmış və topu birbaşa meydandan kənara vuraraq komandasına 6 xal qazandırmışdı. Nəticədə Pakistan "Austral-Asia" kubokunun qalibi olmuşdu. Hind fanatlar məğlubiyyətin səbəbkarı qismində Çetan Şarmanı görürdülər. Şarman həmin oyundan sonra azarkeşlərin qorxusundan iki ay evindən çölə bir addım belə atmamışdı.

Hər iki yığmanın oyunçuları məğlubiyyətdən sonra gizlənmək üçün yer axtarırdılar. Xüsusilə də 80-ci illərdə kriketçilərin həyati təhlükəsi daha çox idi. Bu səbəbdən də o dövrdə Hindistan və pakistanlı oyunçular bilərəkdən ardıcıl 11 test matçında heç-heçə etmişdilər.

90-cı illərdə vəziyyət daha da gərginləşdi. Artıq oyunçuların evlərinin daş-qalaq edilməsi, şəkillərinin və müqəvvalarının yandırılması adi hal almışdı. 1996-cı ildə keçirilən Dünya çempionatından sonra Pakistanın atıcısı Vasim Əkrəm sui-qəsd təhlükəsi ilə üz-üzə qalmışdı. Əkrəmin DÇ-96-da əzələ dartılmasını bəhanə edərək Hindistanla görüşdə oynamaması azarkeşləri özündən çıxarmışdı. Onlar atıcının yüksək təzyiq altında qalmamaq üçün bilərəkdən bu addıma əl atdığını düşünürdülər.

Azarkeşlərlə bağlı əhvalatlar o qədərdi ki... 1997-ci ildə sözügedən iki komanda bu səfər Kanadada üz-üzə gəlirdi. Oyunun gedişində tribunadakı hind azarkeş Pakistan millisinin vurucusu İnzamam-ul-Haq vuruş xəttinə yaxınlaşan zaman onun fiziki görkəmini lağa qoyub, özündən çıxarmaq üçün meqafonla “kartof” qışqırırdı. Buna dözməyən ul-Haq polislər gələnə kimi həmin fanatı kriket çubuğu ilə döymüşdü.

Elə həmin il Pakistan Karaçidə Hindistanı qəbul edirdi. Bu səfər isə pakistanlı fanatlar diqqət mərkəzində idi. Onlar hindistanlı kriketçilərə daş və digər sərt əşyalar atırdılar. Özündən çıxan “kriketin Allahı” ləqəbli Saçin Tendulkar Hindistan yığmasını meydandan çıxarmışdı. Polislə azarkeşlər arasında yaşanan gərginlik zamanı isə 30-a yaxın yerli azarkeş yaralanmışdı.

Bitmədi. Cəmi iki il sonra Pakistan “İden Qardens”də Hindistanın qonağı idi. Bu dəfə hakimin Tendulkarın ranına aut qərarı verməsi azarkeşlərin qəzəbinə səbəb oldu. “Kriketin Məkkəsi”ndə yer-yerindən oynayırdı. Yalnız polislərin sərt müdaxiləsi nəticəsində 65 min insan stadiondan çıxarılmış və oyun 3 saat sonra, qaldığı yerdən davam etmişdi. Bu, kriket tarixində indiyə kimi baş vermiş ilk belə hadisədir.

Kriket onlar üçün oyunçuya “Hindistanın fatehi” ləqəbini qoyacaq qədər müqəddəsdir. Ciddiyəm, pakistanlı kriketçilər 1987-ci ildə Hindistandakı test seriyasından Lahora qələbə ilə qayıdanda imperatorlar kimi qarşılanmışdılar. O gündən sonra kapitan İmran Xanın ikinci adı “Hindistanın fatehi”dir.

Bitmək-tükənmək bilməyən nifrətə baxmayaraq, azarkeşlərin digər komandaya hörmətlə yanaşdığı anlar da olub. Misal üçün, Hindistanın baş naziri Atal Bihari Vajpayeenin Pakistana tarixi səfərindən sonra 1999-cu ildə Pakistan kriketçiləri 12 il sonra ilk dəfə Hindistana test seriyası üçün yollanmışdılar. Nə qədər qəribə olsa da, Pakistan millisinin üzvləri Çennaidə böyük sevgi ilə qarşılanmışdılar.

Həmin tarixi matçda Saçin Tendulkar “century” (100 ranı keçmək) eləmişdi. Buna baxmayaraq, Hindistan Pakistana uduzmuşdu. Çennaidə təxminən 30 min azarkeş Pakistan kriketçilərini ayaq üstdə alqışlamışdı. Oxşar vəziyyət 5 il sonra Pakistanda təkrarlanmışdı.

Əzəli rəqibə qarşı bu qeyri-adi sevgiyə insanların doğma ölkələrində bir də dünyanın ən böyük idman rəqabətini görməyəcəklərini düşünmələri səbəb olmuşdu.

2008-ci ildə Mumbaidə baş verən terror aktından sonra Hindistan test seriyalarında Pakistanı qəbul etməkdən imtina etdi. 2009-cu ildən bəri isə Pakistanda beynəlxalq kriket matçı oynanılmır. Hətta DÇ-2011-in ev sahibliyi haqqı belə onların əlindən alındı. Buna səbəb məhz həmin il Lahorda Şri-Lanka kriket millisinin üzvlərinin vurulması idi. Artıq uzun müddətdir ki, Hindistan və Pakistan arasında 2 tərəfli seriyalar oynanılmır. Komandalar yalnız Dünya çempionatlarında qarşılaşırlar.

Hindistan – Pakistan oyunlarının statistikası:

Test oyunları – Pakistan (12 qələbə), Hindistan (9 qələbə), 38 heç-heçə

Test seriyaları – Pakistan (5 qələbə), Hindistan (4 qələbə), 7 heç-heçə

ODI (One Day International) oyunlar – Pakistan (72 qələbə), Hindistan (51 qələbə), 4 heç-heçə

T20I (Twenty 20 International) oyunlar – Hindistan (4 qələbə), Pakistan (1 qələbə), 1 heç-heçə.

Komandalar sonuncu dəfə 2015-ci ildə keçirilən Dünya çempionatının qrup mərhələsində üz-üzə gəliblər. Həmin görüşdən 76 ranla Hindistan qalib ayrılıb.

Daha bir maraqlı faktı qeyd edim ki, 2011-ci ildə Dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində oynanılan Hindistan – Pakistan matçını 1,5 milyard insan televiziya vasitəsilə izləmişdi. Bu, idman müsabiqələri üçün rekord hesab olunur.

Kriket hər iki millət üçün heç vaxt bitməyəcək ortaq ehtirasdır. Bununla belə, Kəşmirin kimə məxsus olduğunu kriket meydanında müəyyənləşdirmək mümkün deyil. Ancaq nə hindistanlılar, nə də pakistanlılar bunu başa düşmək niyyətindədilər. Onlar başa düşənə kimi isə Hindistan və Pakistan kriketçiləri arasındakı oyunlar milyonlarla idmansevər üçün dünyanın ən böyük idman rəqabəti olaraq qalacaq.

26 Ağustos 2015

Bonomi və Matsola: Addadan Supergaya...

1929-cu ildə Adda çayının kənarında oynayan Andrea Bonomi tarazlığını itirərək suya düşür. Üzə bilmədiyi üçün boğulmaq təhlükəsi yaşayır. Ancaq oradan keçən 10 yaşlı uşaq son anda onu xilas edir. Həmin Bonomi 1941-ci ildə "Milan"da futbola başlayır və sonradan komandanın əvəzolunmaz oyunçularından birinə çevrilir. 1949-cu ilin 4 mayında Superga təyyarə qəzası baş verir. İtaliya tarixinin ən güclü heyətlərindən biri hesab olunan, "Grande Torino" kimi tanınan "Torino"nun futbolçuları qəza nəticəsində həlak olurlar. Sual yaranır: Bunun Bonomiylə nə əlaqəsi? Onların arasında Andrea Bonominin qəhrəmanı, 10 yaşı olarkən həyatını qurtaran "Torino" əfsanəsi Valentino Matsola da var idi.

Foto 1948-ci ildə oynanılan "Milan" - "Torino" görüşündəndi. Kapitanlar - Andrea Bonomi və Valentino Matsola yan-yana.


24 Ağustos 2015

Never say never: Dennis Berqkamp


Dennis Berqkampın atası Vim "Feyenoord" azarkeşi olub. Normal olaraq "Ayaks"a nifrət edərmiş. Nifrəti oğluna da aşılayıbmış. Ata Vimin kumiri "Mançester Yunayted" əfsanəsi Denis Lou idi. Bu səbəbdən oğluna Dennis adını qoymuşdu. İmkan düşdükcə oğlu ilə birlikdə İngiltərə çempionatının oyunlarını izləmək üçün adanın yolunu tutarmış. Zamanla Qlenn Hoddlun oyununa heyran olan Dennis sevimli futbolçusuna görə "Tottenhem"i dəstəkləyərmiş. Normal "Spörs" azarkeşi kimi onun da "Arsenal"dan xoşu gəlmirdi.

Futbol adama "etmərəm" dediyini etdirər, sevmədiyini sevdirərmiş. 12 yaşında "Ayaks"ın məktəbinə yazılan Dennis Amsterdam klubunda məşhurlaşmış, "İnter" karyerasının ardından isə 11 il "Arsenal" forması geymişdir. Berqkampın 2006-cı ildə oynanılan vida matçında uşaqlıqda sevmədiyi iki klub - "Arsenal"la "Ayaks" qarşılaşıb.

21 Ağustos 2015

Rednappın pizza hekayəsi


"Bornmut" haqqında yazanda qeyd etmişdim ki, 1984-cü ildə FA Kubokunun 3-cü turunda "Mançester Yunayted"i mübarizədən kənarlaşdırmaları (2:0) son illərə kimi "albalılar"ın əsas uğuru hesab olunur. Ron Atkinsonun Norman Uaytsayd, Rey Uilkins, Brayan Robsonlu "qırmızı şeytanları"nı məğlub etmək hər komandanın işi deyildi. Amma olur da, arada olur.

Oyundan əvvəl Bornmutda yerləşən "Di Luca's" adlı pizza restoranının sahibi qol buraxmayacağı təqdirdə qolkiper Ayan Liyə ömürlük pulsuz pizza vədi vermişdi. Məlum, MY 90 dəqiqə ərzində "Bornmut"un qapısına yol tapa bilməmişdi. Bu Li də kefinə düşən kimi gedib pizza yeyərmiş - oyundan əvvəl, sonra, nə vaxt ürəyi istədi. Kalori üstünə kalori, Ayan Linin çəkisinin artdığını görən Rednapp işə əl atır. Bir gün yenə Li restorana gəlir və pizza sifariş edir. Yedikdən sonra ondan hesab istəyirlər. Qolkiper təəccüblə restoran sahibinin vədindən bəhs edir. Amma yox, bir faydası olmur, Li hesabı ödəmək məcburiyyətində qalır. Sonradan məlum olur ki, Harri Rednapp məsələni kökündən həll etmək üçün restoranı satın alıb.

19 Ağustos 2015

Konçetta üçün...

Roberto Di Matteo 1996-cı ilin 18 avqustunda rəsmi oyunlarda ilk dəfə “Çelsi” formasını əyninə keçirmişdi. Həmin tarixdən 19 il keçdi. Bu əsnada italyanla bağlı kiçik bir hekayə danışmaq yerinə düşər.
Məşqçiliyi müzakirə mövzusudur. Ancaq bu, onun “Çelsi”yə Çempionlar Liqasını qazandıran ilk çalışdırıcı olması reallığını dəyişmir. O, artıq indidən “Çelsi” tarixinin gəlmiş-keçmiş ən yaxşı məşqçisi hesab olunan Joze Mourinyonun hələ də bacara bilmədiyini bacarıb. “Zadəganlar”ı Abramoviç dönəmindən əvvəl də sevənlər üçün isə Di Matteo təkcə ÇL-i qazanan məşqçi olaraq yox, həm də futbolçu kimi etdikləriylə yadda qalıb. Görünüşünə görə daha çox asiyalılara bənzəyən Di Matteo məşqçiliklə müqayisədə top arxasınca qaçmağı daha yaxşı bacarırdı.
Abramoviçdən əsər-əlamət olmadığı günlərdə “Çelsi” daha xarizmatik komanda idi. Romanın gəlişindən sonra London klubu nüfuzunu artırdı artırmağına, amma bu dönəmdə “mavilər”dən üz döndərənlərin sayı da az olmadı. Qazanılan çempionluqlar, nəticələr, uğurlar – bəlkə də bunları “həzm etmək” çətin gəldi. Nəysə, xarizmatik komanda deyirdim, elə idilər. İndiki uğurların yanına yaxınlaşa bilməsələr belə…
Çox uzağa getmirəm, 1996-97 mövsümündən danışacağam. O günlərdə “Çelsi” Dennis Uayzın komandası idi. Ruud Qullit İngiltərə millisinə baş məşqçi təyin olunan Qlenn Hoddlu əvəzləmişdi. Hollandiyalı oyunçu-məşqçi funksiyasını yerinə yetirirdi. Heyətdə haqqında ağız dolusu danışılası adamlar çox idi: Mark Hyuz, Canluka Vialli, Canfranko Zola, Frank Leböf, Dan Petresku, Stiv Klark… və Roberto Di Matteo. İtalyan yeni transferlərdən idi. “Latsio”dan gəlmişdi. Zdenek Zeman onu “bişirib” Qullitə yollamışdı. Oyunun hər iki tərəfini oynaya bilirdi.
Yuxarıda Di Matteonun “Çelsi” forması ilə debüt etdiyi tarixi qeyd etmişdim. İlk qolunu isə ikinci turda “Midlsbro”ya vurmuşdu. Meydanı görmək qabiliyyəti, pasları, müdafiə və hücum fazalarında nə edəcəyini bilməsi, uzun məsafədən vurduğu zərbələrlə onu xarakterizə edərdim.
Uzatmadan hekayəyə keçim. 1997-ci ildə FA Kubokunun finalında “Çelsi” Brayan Robsonun “Midlsbro”su ilə qarşılaşırdı. Oyun başlar-başlamaz “zadəganlar” önə keçir: Di Matteo Uayzdan topu qəbul edir, mərkəz xəttini keçdikdən sonra onun üçün adi olan möhtəşəm zərbələrindən birini vurur və 42-ci saniyədə hesab açılır.
Stadion sevincə qərq olanda tribunadakı görmə əngəlli qız insanların sevinməsinin birbaşa qardaşı ilə əlaqədar olduğunu atasından öyrənir. Retinitis pigmentosa xəstəliyindən əziyyət çəkən Konçetta Di Matteo görmə qabiliyyətini itirmişdi. Qardaşı ona kuboku qazanacağına dair söz vermişdi. Roberto bacısının stadionda olacağını bilirdi və oyundan bir gün öncə mətbuata açıqlamasında “Bacımın həyata bağlanması mənim üçün dərsdir. Təkcə onun üçün kuboku qazanmaq istəyirəm” demişdi. Elə bu səbəbdən də “Boro” ilə final matçı onun üçün bir başqa önəm daşıyırdı. İlk dəqiqələrdən hər şeyini ortaya qoymağa çalışırdı. Nəticə də özünü çox gözlətməmişdi. Eddi Nyutonun qolu isə yekun hesabı müəyyənləşdirmişdi: 2:0. Ruud Qullit tarix yazaraq 27 il sonra “Çelsi”yə ilk titulunu qazandırmışdı. Di Matteo isə kuboku bacısına həsr etmişdi. O, digər qolun müəllifi və bacısı Konçettaya verdiyi sözə əməl etməsinə yardımcı olan Eddi Nyutonun adını heç vaxt unutmayacaqdı.
Zədələrdən başı ağrayan Nyuton 1999-cu ildə “Çelsi”ni tərk etdikdən sonra aşağı divizion klublarına üz tutdu. Ancaq heç vaxt əvvəlki formasına yaxın düşə bilmədi və karyerasını bitirdi. Müsəlman olan Eddi türk əsilli bir qızla ailə həyatı qurdu. Di Matteo isə 2002-ci ildə həm “Çelsi”, həm də futbolla vidalaşdı.
2008-ci ildə Di Matteo “Milton Kins Dons”un baş məşqçisi təyin olundu. İlk zəng vurduğu adam kim olsa yaxşıdı? Təxmin etdiyiniz kimi, Eddi Nyuton. O, keçmiş komanda yoldaşına Federasiya Kubokunun finalından bəhs etdikdən sonra köməkçisi olmasını istəmişdi. Eddi “yox” deməmişdi. Onlar birlikdə “Vest Bromviç”i də çalışdırdılar. Daha sonra Di Matteo “Çelsi”də Andre Villaş-Boaşın köməkçisi oldu, Nyuton isə işsiz qaldı.
2012-ci il, 4 mart - İstefaya göndərilən Andre-Villaş Boaşı köməkçi məşqçi Roberto Di Matteo əvəzləyir. Nyutonun işsiz qalmasında özünü günahlandıran italyan bir gün sonra ona zəng edir və növbəti dəfə köməkçisi olmağını istəyir. Eddi Nyuton tərəddüd etmədən təklifi qəbul edir.

2012-ci il, 19 may - Di Matteo–Nyuton ikilisi bu səfər təkcə Konçettanın yox, bütün “Çelsi” azarkeşlərinin yaddaşında əbədi iz qoyacaq Çempionlar Liqasını qazanırlar.

14 Ağustos 2015

12-ci oyunçu

Hamının necə azarkeş olduğu ilə bağlı bir hekayəsi var. Sevimli klubunuzu hansı səbəbdən, ya da nə vaxtdan etibarən dəstəklədiyinizi soruşsam, heç düşünmədən cavab verərsiniz. Məsələn, mən 16 il əvvəl aldığım formanın ardınca getmişdim. Bir formaya görə... Klubun adını, tarixini belə bilmirdim. Bəzilərimiz sırf hansısa oyuna və ya futbolçuya görə azarkeş olub. Bir çoxumuz isə doğulduğu şəhərin klublarından birinə könlünü verib. Səbəblər müxtəlifdir.
Bizdən biri olan Stiv Deyvisin uşaqlığı Raşdenin küçələrində keçib. Britaniyada doğulub-böyüdüyün bölgənin klubunu dəstəkləmək daha geniş vüsət alıb. Amma Deyvis bu mənada istisnalardandır. O, nə “Raşden Taun”, nə də “Koventri Siti” azarkeşidir. Heç “Northempton Taunu” da sevmir. 1975-ci ildə “Vest Hem” və “Fulhem” (2:0) arasında oynanılan Federasiya Kubokunun finalından sonra Stiv “çəkicdöyənlər”in sırasına qoşulub. Raşdenlə London arasındakı məsafə onun gözünü qorxutmayıb. Ev, səfər demədən “Vest Hem”i dəstəkləyib.
Stivin ən sevdiyi futbolçu “Vest Hem” əfsanəsi Ser Trevor Brukinqdir. 1980-ci ildə “Uotford”la oynanılan görüşdə tribunalara qədər gedən top Deyvisi tapıb. O, Brukinqin tələbinə baxmayaraq, topu geri qaytarmayıb. Bunu sadəcə Seri daha da yaxından görə bilmək üçün edib və istəyinə çatıb. Brukinq ona yaxınlaşıb toxunduqdan sonra matç qaldığı yerdən davam edib. Stiv hələ də həmin anı unutmur. Raşdenə qayıtdıqdan sonra bu barədə atasına ağız dolusu danışıb.
Stivin xəyalı professional futbolçu olmaq və bir gün “Vest Hem” formasını əyninə keçirmək imiş. Atası kimi, həddi-büluğa çatdıqdan sonra Sunday Liqasında oynamağa başlayıb. Trevor Brukinq bir kənara, Billi Bonds, Rey Styuart və Kenni Sansom kimi müdafiəçilərin oyununu da çox bəyənirmiş. Bu səbəbdən də arxa xəttdə oynayarmış.
Ancaq yaş ötdükcə Stivin “Vest Hem” sevdası futbolçu olmaq istəyini üstələyib. Evdən tez-tez qaçıb Londona gedərmiş. Nəyinki “Boleyn Qraund”da oynanılan matçlar, həmçinin səfər oyunlarında da onu tribunalarda görmək mümkün idi. Artıq siqaret və içki qoxan barlar onun üçün “Vest Hem” qədər doğma idi. Şənbə günləri Qrin Stritdəki pablarda Stivə sərxoş halda “Bubbles” oxuyarkən rastlaya bilərdiniz.
Təqvimlər 1993-cü ili göstərəndə Stivin artıq Kloe və Samuel Brukinq adlı iki övladı var idi. Kumirini oğluna ad verəcək qədər çox sevirdi. Ata olan Stiv maşını ilə kuryer fəaliyyəti göstərər, İngiltərəni o baş, bu baş demədən gəzib lazım olan malları çatmalı olduqları yerlərə çatdırarmış. İşdən kənar vaxtlarını isə yenə “Vest Hem”ə ayırarmış.
Stivin “Chunk” ləqəbli elə onunla adaş olan yaxın dostu var idi. O da “Vest Hem”i Deyvis qədər sevirdi. Onlar “Chunk”ın “Chevrolet Cavalier”i ilə tez-tez “çəkicdöyənlər”in oyunlarına gedərdilər.
Günlərin birində “Chunk” Stivə “Vest Hem”in “Oksford Siti” ilə səfərdə oynayacağı hazırlıq matçından bəhs edir və oyuna getməyi təklif edir. Söhbət “Vest Hem”dən gedirsə, Stiv “yox” deyə bilməzdi. Bu səfər “Chunk”ın dostu Bazza və Stivin həyat yoldaşı Kelli də onlarla birlikdə idi.
“Vest Hem” eyni gün ərzində iki hazırlıq görüşü keçirəcəkdi. Komanda iki qrupa bölünmüşdü. Baş məşqçi Billi Bondsun rəhbərliyi altındakı qrup Billerikedə idi. “Oksford Siti” ilə qarşılaşacaq komandaya isə köməkçi məşqçi Harri Rednapp rəhbərlik edirdi.
Rednapp Stiv, Kelli, Bazza və “Chunk”ın düz önündə dayanaraq oyunun gedişatını izləyirdi. Aralarındakı məsafə o qədər də çox deyildi. Hazırlıq oyunu olsa da, Stiv susmaq bilmirdi; daha çox Li Çapmanın oyununu tənqid edir, tez-tez ünvanına təhqirlər səsləndirir, hətta Rednappa, o, oynamağa davam edəcəyi təqdirdə oyunlara gəlməyəcəyini belə deyirdi. Harri bütün bunları eşidirdi. Bədənində “Vest Hem” döymələri olan, sırğalı oğlan (Stiv) onun diqqətini cəlb etmişdi. İkinci hissə başlamışdı. “Vest Hem” hesabda irəlidə olsa da, zədəlilərin sayı artırdı, Rednapp isə əlində olan futbolçulardan istifadə etmişdi. Üstəlik, Premyer Liqanın startına cəmi bir həftə qalmışdı. Harri avtobioqrafiyasının ən maraqlı hekayələrindən birini yazmaqda qərarlı idi. O, Stivə baxaraq “Danışdığın qədər yaxşı oynaya bilirsən?” deyəndə hamı bunu zarafat kimi qəbul etmişdi. Stiv tərəddüd etməmişdi: “Çapmandan yaxşıyam”.
Harri Rednapp Stivi formasını geymək üçün paltardəyişmə otağına yolladı. Saniyələr sonra 3 nömrəli formanı əyninə keçirən Stiv artıq meydanda idi. “Chunk”, Kelli və Barza təəccüb içində idi. Elə Stiv də... O, meydana ayaq basana qədər Harrinin zarafat etdiyini düşünürdü. Stiv 45 dəqiqə boyunca söydüyü Li Çapmanı əvəzləmişdi. “Oksford”un spikeri Harriyə yaxınlaşaraq “Bu oyunçunun adı nədir?” – deyə soruşanda isə Rednapp ciddi-ciddi cavab vermişdi: “Dünya çempionatını izləmirsən? Bolqarıstanlı Tittişevdir də”.
Bəlkə Stiv xəyalındakı kimi professional futbolçu olmamışdı, amma arzuladığı “Vest Hem” forması ilə meydana çıxmışdı. O, Çapmanın yerində - hücumda oynayırdı. İnanmaq çətin olsa da, bu hadisə reallıqdır. Hər azarkeşin istədiyi, amma bacara bilmədiyini Stiv həyata keçirmişdi. Bir də hekayənin kuliminasiya nöqtəsi var: 71-ci dəqiqədə Stiv Deyvis Metti Holmsun pasını qola çevirdi. O, bütün meydan boyu qaçaraq qolu qeyd etmişdi. Dəqiqələr öncə pivəsini içə-içə Çepmeni söyən kuryerdən söhbət gedir...
Təəssüf ki, həmin anı əks etdirən video yoxdur. Yaxşı ki, “Vest Hem”in fotoqrafı Stiv Beykon Stivin şəklini çəkib. Yoxsa, kimi belə bir hekayəyə inandıra bilərdim?
Matç bitdikdən sonra Stiv yuxudan ayılmışdı. 3 nömrəli formanın onda qalmasına belə icazə verməmişdilər. Təxminən yarım saat sonra “Cavalier”də Bazza, “Chunk” və Kelli ilə birlikdə idi.
21 il keçir, ancaq hələ də Stiv pablarda qol vuran azarkeş kimi xatırlanır. Fanatları “12-ci oyunçu” adlandırırlar. Yəqin ki, futbol tarixində sözügedən ifadənin bu qədər həqiqi mənada işlənməsinə rast gəlinməyib.
P.S. Bu, Stiv, mən və Harri arasında sirr olaraq qalmalı idi. O da həmişə hekayəsini danışanda bu hissəni sona saxlayır, hətta bəzən demək belə istəmir. Amma yanlış məlumat verməyi özümə rəva bilmədim. Əslində, referi ofsayd qeydə alaraq qolu hesaba almamışdı. Stiv isə ürəyindən keçən söyüşləri hakimlə bölüşmüşdü. Qrin Strit pabları məhəllə futbolu kimidir, orada offsayd anlaşı yoxdur. Ürəyinizi sıxmayın, Stiv elə qol vuran azarkeş olaraq qalır.

8 Ağustos 2015

"Dumanlı Albion"dan hekayələr (Son): Həyata gülən adam

İçi qan ağlasa da, bunu heç bir zaman yan-yörəyə hiss etdirməyən insanlar var. Bəlkə ətraflarına, bəlkə də özlərinə hörmət etdiklərindən bəzi şeyləri büruzə vermirlər. Bu gün onlardan biri haqda yazacağam.
Playlist: The Beatles – Let It Be, Natasha Bedingfield – Unwritten.
Yəqin ki, “Dumanlı Albion”dan hekayələr”də o qədər də tanınmayan insanların və yaxud da klubların başına gələnləri qələmə aldığım diqqətinizdən yayınmayıb. Əfsanə adlandırdıqlarımız haqda hamımız az-çox məlumata sahibik. Ənənəni pozmaq olmaz. Yenə demək olar ki, tanınmayan, amma gec tanıdığınıza görə peşman olacağınız, türkün sözü “həyat dolu” birinin hekayəsini bölüşəcəyəm.
1963-cü ildə Holloueylər ailəsinə daha bir üzv əlavə olundu. Adını İan (“Olli” deyə çağırırlar) qoydular. Ata Uilyam hələ o, doğulmamış gələcəyini planlaşdırmışdı: oğlu futbolçu olmalı idi. İan da atasının sözündən çıxmadı. O, qısa müddət ərzində “Bristol Siti” skautlarının diqqətini çəkdi. “Şəhərlilər” 9 yaşlı İana 12 illik müqavilə təklif etdilər. Eyni zamanda komanda rəhbərliyi Holloueyin bütün məktəb xərclərini qarşılamağa da razılıq vermişdi. Gəl gör ki, bizim bu İanın könlü başqa yerdə idi.
Ada futbolunu yaxından izləyənlər bilir, Bristolun 2 professional klubu var: “Bristol Siti” və “Bristol Rovers”. Şəhərin daha yaxşı maliyyə imkanlarına, daha güclü heyətə və daha çox azarkeşə malik klubu “Bristol Siti”di. İanın bütün sinif yoldaşları bir gün “şəhərlilər”in formasını geymək istəyirdi. Ancaq Hollouey yaşıdlarından fərqli düşünürdü. Olli tərəddüd edirdi: nə "hə" deyə bilərdi, nə də "yox". Ta ki şəhərin digər komandası “Rovers” Holloueylərin qapısını döyənə kimi. “Piratlar”ın təklifi “Siti” kimi cəlbedici olmasa da, İanın ürəyi onlardan yana idi. Nəticədə 9 yaşlı qəhrəmanımız Qordon Bennetin təklifini qəbul edir və “Rovers”ə transfer olur.
Günlərin birində 15 yaşlı İan məktəb avtobusunda Kim Mitçell adlı bir qıza ilk görüşdəcə aşiq olur. Onların hekayəsi amerikan filmlərindən bildiyimiz, bizə yaxşı tanış olan səhnə kimidi. Məktəbin məşhur oğlanı və gözəl qızı arasındakı sevgi macərası o gün başlayır. Dediyinə görə, 3 aya yaxın Kimi izləyir və nəhayət, hisslərini ona deyir. Sən demə, xanım Mitçell də İana qarşı boş deyilmiş. Kim Holloueyin oyunlarını tribunada izləməyə başlayır. Artıq İanın ürəyində təkcə “Rovers”ə yox, həm də Kimə yer var idi.
İanın komandadakı işləri qaydasında gedirdi. 17 yaşında peşəkar olan yarımmüdafiəçi iki dəfə klub azarkeşləri tərəfindən ilin ən yaxşı gənc futbolçusu seçilməyə də fürsət tapmışdı.
İan 20 yaşına çatanda artıq seçim etməli idi. Kimin ailəsi qızlarının münasibətinin rəsmiləşməsinin tərəfdarı idi. Ancaq hər gəncdə olduğu kimi, Olli də erkən yaşda evlənməkdən qorxurdu. O, hələ həyata atılmağa hazır olmadığını düşünürdü. Nəticədə ailə təzyiqi ucbatından Kim İanın fikrinin başqa olduğu, onunla evlənmək istəmədiyi qənaətinə gələrək Holloueyi tərk etdi. İlk cümlədə bəzi çətinliklərdən bəhs etmişdim. Onların zamanıdır.
İlk öncə İan ən yaxın komanda yoldaşı Mayk Barretti xərçəngə qurban verir. Çox keçmədən isə Kimin məhəllənin tipik imkanlı ailələrindən birinin oğlu ilə nişanlandığını öyrənir. Artıq onu Bristola bağlayan bir şey qalmamışdı: nə Barrett var idi, nə də Kim. Şəhər unutmaq istədiyi köhnə xatirələri onun yadına salırdı. Keçmişindən qaçmaq istəyən İan “Uimbldon”un təklifini qəbul edir və Londonun yolunu tutur.
Londonda həyat qaydasında gedirdi. Bir gün İan komanda tərəfindən verilən istirahətdən istifadə edərək ailəsini ziyarət etmək qərarına gəlir. Yəni Bristola yollanır. Yemək zamanı anası Jan Hollouey ona həyatının sonrakı gedişatını dəyişəcək bir şeydən bəhs edir, Kimin xəstəxanada yatdığı, ağciyərində xəstəlik olduğu və vəziyyətinin ağırlığından danışır. İan dərhal keçmiş sevgilisinin yanına yollanır. Nişanlısı otaqda olsa da, Kim Holloueyi görən zaman, sanki dərmanı Ollidə imiş kimi onu qucaqlayır. Ertəsi gün İan məcburiyyətdən Londona qayıdır. Amma ürəyi Kimin yanında idi. Futbol barədə düşünmək belə istəmirdi.
Bir müddət sonra anası Jan ona zəng edir və Kimin nişanlısından ayrıldığını deyir. Məsələnin məğzinə gəlim. Kimin xərçəng olduğu ortaya çıxır. Həkimlər ona ömrünün az qaldığını deyirlər. Həmin günlərdə nişanlısı demək olar ki, onun qeydinə qalmırmış. Kim isə son istəyini reallaşdırmaq qərarına gəlir. O günlərdə tək arzusu son anlarını yenidən İanla keçirmək idi. Ollinin hekayəsi bir telefon zəngi ilə yenidən yazılır. O, sevdiyi qadından heç vaxt imtina etməmişdi, Kim nişanı atanda belə, indi də edə bilməzdi. İan hər həftə Kimi görmək üçün London-Bristol arası məsafə qət edir.
Kim İanı tez-tez görürdü və getdikcə vəziyyəti yaxşıya doğru gedirdi, amma İan çox yorulurdu. “Uimbldon”da qalmasının qeyri-mümkün olduğunu anlayan Olli “Brentford”a keçdi. İan sevdiyi qadın üçün Premyer Liqa arzusunu yarıda qoyub, 1-ci divizion (sayca 3-cü) klubuna transfer olmuşdu. Futbol onun üçün Kimdən sonra gəlirdi. Daha sonra İan və Kim evlənirlər. Hə, bir də möcüzə reallaşır: Kim xərçəngə qalib gəlir.
Hər şey yaxşıya doğru gedirdi. Amma bu səfər İanın atası Uilyamın vəziyyəti ağırlaşır. Bu səbəbdən o, 1987-ci ildə evinə - “Bristol Rovers”ə qayıtmalı olur. Amma ata Uilyam Kim kimi, çətini bacara bilmir. İan atasının ölüm xəbərini oyun zamanı alır.
İan ata acısını Kimin ona bəxş etdiyi övlad sevgisi ilə gec də olsa, üzərindən ata bildi. Artıq köhnə formasını bərpa edə bilmişdi. Hədəfi bir gün Premyer Liqada oynamaq idi. Bir müddət sonra İanın əkiz qızları dünyaya gəldi. Əkizlərdən sonra evdə vəziyyət əvvəlkindən fərqli idi. Qızların az yatması, tez-tez ağlaması onları həkimə getməyə vadar etdi. Nəticədə əkizlərin eşitmə əngəlli olduqları ortaya çıxdı. İan növbəti dəfə zərbə almışdı. Amma yenə dik durmaq məcburiyyətində idi. Bunun da öhdəsindən gəldi. İan və Kim Bristol Universiteti daxilində fəaliyyət göstərən və eşitmə əngəlli uşaqları olan valideynlərə yeni dil öyrədən kurslara qatıldılar. Kurs sayəsində həyatları normala döndü, artıq qızları ilə ünsiyyətdə ola bilirdilər. Eyni zamanda böyük oğullarının diqqətdən kənar qalmaması üçün ona da vaxt ayırırdılar.
İan ailəsinə daha yaxşı baxa bilmək və Premyer Liqa arzusunu reallaşdırmaq üçün təklifləri dəyərləndirirdi. Bir müddət sonra “Kuins Park”ın təklifini qəbul etdi. KPR-dakı ilk mövsümün ardından hədəfinə çatdı: 1992-ci ildə London klubu Premyer Liqaya yüksəldi. Amma yenə ailəsi və Kim... Artıq qızların məktəbə getmək zamanı gəlmişdi. Londonda eşitmə əngəllilər üçün olan məktəb şəhərdən çox uzaq idi və qızlar hər gün o yolu getməkdən yorulurdular. Bununla yanaşı, ölkənin ən yaxşı belə məktəbi İanın doğma Bristolunda yerləşirdi. KPR rəhbərliyindən icazə alan Olli klubdan ayrılmasa da, Bristolda yaşamağa başladı. Həftədə 5 gün məşqlərə qatılmaq üçün Bristol-London arası yol ölçürdü. Ağır rejimə 1996-cı ilə kimi dözdü, düz 3 il... Artıq əvvəlki kimi gənc deyildi. “Bristol Rovers” yenə onunla maraqlanırdı, bu dəfə məşqçi-oyunçu kimi. İan 3-cü dəfə sevimli klubuna “hə” dedi.
3 ilin tamamında karyerasını bitirib, “Rovers”in baş məşqçisi oldu. 2001-ci ildə yenidən “Kuins Park”a qayıtdı. 2004-cü ildə London klubunu Çempionşipə çıxardaraq ilk uğuruna imza atdı. Adının “Lester Siti” ilə hallanması KPR rəhbərliyinin xoşuna gəlmədi və 2006-cı ildə onunla yollar ayrıldı. Qısa müddət “Plimut Arqayl” və “Lester Siti”də çalışdıqdan sonra karyerasına bir illik fasilə verdi.
Bu arada İanın dördüncü uşağı dünyaya gəldi. Nə qədər qəribə olsa da, bu dəfə də eşitmə əngəlli... İan və Kimdə nadir hallarda rastlanan DNA uyğunsuzluğu var idi və bu, sözünü deyirdi. İanın diliylə desək, 4 uşaqdan 3-nün eşitmə əngəlli olması lotereyada 5-də 5 tapmaq kimi bir şey idi. Amma bu səfər əkizlərdəki kimi, təcrübəsiz deyildilər. İan və Kim artıq ünsiyyət cəhətdən heç bir çətinlik çəkmirdilər.
Bir mövsümlük fasilədən sonra İan “Blekpul”la anlaşdı. Elə ilk ilindəcə büdcəsi kiçik olan klubla tarix yazaraq Premyer Liqaya yüksəldi. Komanda demək olar ki, azad agentlərdən və icarəyə götürülmüş futbolçulardan qurulmuşdu. İan “Blekpul”a açıq  futbol oynadırdı. O, “Barselona” və İspaniyanın “tiki-taka”sına vurulmuşdu:
“İspaniya kimi “tiki-taka” oynamalarını istəyirəm. Komandamı İspaniya kimi oynayarkən görmək istəyirəm. Necə pas atırlar, necə top saxlayırlar, görürsünüz? Möhtəşəmdi. Nəyimiz əksikdi? Niyə biz onlar kimi oynamayaq?”
Dediyini də etdi, təbii, əlindəki oyunçularla oynaya bildiyi qədər oynatdı “tiki-taka”sını. “Mandarinlər” itiriləcək bir şeyləri yoxmuş kimi oyunlara çıxırdılar. Müdafiəni öndə qurub, irəlidə pressinq və bol pasla oynayırdılar. Cinah müdafiəçiləri demək olar ki, hər hücumda irəli çıxırdılar. Onlar künc bayrağına yaxınlaşanda cərimə meydançasında mütləq 5-6 “Blekpul”lu futbolçu olurdu. Nəticədə arxaya qayıdarkən çətinlik çəkirdilər və qapılarında çox qol görürdülər. Amma İan dediyindən dönmədi, sona qədər açıq futbol oynatdı. İPL-də keçirtdikləri bir mövsüm ərzində oynadıqları görüşlərin 14-də qapılarında 3 və 3-dən artıq qol gördülər. Hətta “Arsenal” mövsümün əvvəlindəcə Uolkottun ulduzlaşdığı matçda onları 6 dəfə cəzalandırmışdı.
Daha sonra “Liverpul”dan tanıdığımız, indilərdə isə “Stok Siti”nin formasını geyən Çarli Adams o günlərdə “Blekpul”un əsas ulduzu idi. Ayan Evatt var idi, Qeri Teylor-Fletçeri də unutmaq olmaz. Hətta Harri Rednappa görə, İanın “Blekpul”da etdiklərini Mourinyo “Çelsi”də edə bilməzdi.
Çempionat başa çatanda sondan ikinci olan “Blekpul” aid olduğu yerə - Çempionşipə qayıtdı. Amma bütün futbolsevərlərin sevgisini qazanaraq... Bir il daha “mandarinlər”lə qalan İan 2012-də “Kristal Pelas”ın yolunu tutdu. O, London klubunu da ilk mövsümündə İPL-ə çıxardı. Amma sonrakı il ilk 8 matçda qazanılan 3 xalı uğursuzluq sayaraq istefa etdi.
2014-cü ildə adanın bəlkə də ən çox nifrət edilən klubuyla ən çox sevilən adamı bir araya gəldi. İan “Milluoll”un baş məşqçisi oldu. Amma DNA uyğunsuzluğu burda da sözünü dedi. 2015-ci ilin ortalarında İan ilk dəfə bir klubdan qovuldu. “Milluoll” isə mövsümün sonunda Liqa 1-ə (sayca 3-cü divizion) düşdü.
Oxuduğunuz kimi, İanın həyatı çətinliklərlə doludu. Ancaq onu hər dəfə TV-də görəndə və ya müsahibələrini oxuyanda heç də elə bir həyatı olduğunu düşünməzsiniz. İan Hollouey ada futbolunun ən gülərüz simalarındandır. Həyata optimist baxışı, verdiyi maraqlı və bir o qədər gülməli açıqlamaları – bunlarla onu xarakterizə edə bilərəm. Bəlkə də yaşadıqları onu daxilən gücləndirib.
“Çesterfild”lə oyundan sonra dedikləri isə əfsanələr arasına çoxdan girib:  “Gecələr çölə çıxanda qadın axtarırıq və birini tapırıq. Bəzi həftələr tapdığımız qadınlar çox gözəl olurlar, bəzi həftələr isə çirkin. Bugünkü performansımız da gözəl olmayan qadın kimidi, amma ən azından onu taksiyə mindirmişik. Bəlkə evə apardığımız ən gözəl qadın deyil, amma canayaxındı, bu səbəbdən ona təşəkkür edirəm. Gəlin, qəhvə içək”.
“Plimut”da çalışarkən “Sanderlend”lə görüşdən sonra 700 azarkeşə içki alan, saçım olsa, rok ulduzu olardım deyən, arada da Pit Doertiyə sataşan adam, “Dumanlı Albion”dan hekayələr”ə son qoymaq üçün səndən yaxşısını tapa bilmədim.
Cimmi Qlassla başlayan macəranın sonuna gəldik. Artıq İngiltərə Premyer Liqası start götürür. Hekayələr yaşıl meydanlarda yazılacaq, mənə söz düşməz.
“Dumanlı Albion”dan hekayələr"də mümkün qədər ada futbolunun gizli qəhrəmanları haqda bildiklərimi bölüşməyə çalışdım. Alındı, ya yox? Söz sizdədi.