12 Mart 2016

Mini Mourinyo

"Hoffenaym" Naqelsmann gələndən sonra üçüncü ev görüşündən də qalib ayrıldı. Badenlilər bu gənc adamın sayəsində ümidləniblər.

Hekayəsi bir az Tomas Tuhelin hekayəsinə bənzəyir. Ralf Ranqnik Tuhelə dəstək olmuşdu, o isə Naqelsmanna. Zədə məsələsi, sonrakı period - oxşarlıqlar çoxdu. Bonus olaraq Tuhel haqda bir gün mütləq cızma-qara edəcəm, onda nə demək istədiyimi başa düşəcəksiniz.

Naqelsmann Bundesliqa tarixinin full-time məşqçilik edən ən gənc mütəxəssisidi. 28 yaşda Bundesliqa - bir az qəribə gələ bilər, amma təsadüf deyil. İlk öncə Tuhelin analizçisi kimi çalışıb. Rəqib təhlilində Tomas qədər olmasa da, kifayət qədər yaxşıdı. Yaş və təcrübə artdıqca Tuhelə də başağrı ola bilər. "Hoffenaym"ın 19 yaşlıları ilə 2013-14-də U-19 Bundesliqanın qalibi olub. U-19-da çempionluq yaşayan ən gənc məşqçidi. Sonrakı il isə final oynadıb, "Şalke"yə uduzub. Ardına həftə sonları şahidlik edirik.

Məşqçilik kursunu 1.0-lə bitirdiyini də əlavə edim. Bu, ən yüksək nəticədi. Ləqəbi mini Mourinyodu. Ən əsası, Uli Hönessin vergi məsələsi filan olmasa, bəlkə də indi "Hoffenaym"ın əsas komandasında yox, "Bavariya" U-17-də idi.

İndilik Naqelsmann haqqında qısaca yazmağı lazım bildim. Onsuz gələcəkdə haqqında çox danışılacaq. "Hoffenaym"ın liqada qalması ümidiylə...