25 Haziran 2017

Messi-30


Messinin 30-cu doğum gününə özəl

Leonun üstün bacarıqları, futbol sevgisi və sonda komandada söz sahibi olmasına gətirib çıxaran mini-hekayə - Pep Quardiolanın bioqrafiyasından:

"Messi üçün futbol hər şeydir. Ən xoşbəxt anlarını soruşsanız, hələ balaca olarkən, keyfiyyətsiz meydançada 30 nəfərlə futbol oynamaqdan, driblinq edib onları keçməkdən danışar. Messi deyir: “Futbol olmasa, görəsən, nə edərdim? Uşaq olarkən necə oynayırdımsa, indi də eləyəm. Meydana çıxıram və əylənirəm – bu qədər. Bacarsam, hər gün bir oyunda meydana çıxardım”.

O, meydanda və meydandan kənarda eyni insandır. Həmişə kameralardan və diqqətdən uzaq olmağa çalışır. Bilin ki, onunla bağlı gördüyünüz hər şey elə olduğu kimidir. Klub ona evindəki kimi – Rosario, Argentina – yaşamaq imkanı yaradıb; ailəsi yanındadır. “Barselona”dakı digər oyunçulardan fərqli olaraq, klub heç vaxt onu katalanca danışmağa sövq etmir və ya önəmli tədbirlər istisna, heç vaxt ondan klubu meydandan kənarda tez-tez təmsil etmək tələb olunmur. Jurnalistlərlə demək olar ki, danışmır, zəng vuracağı meneceri belə yoxdur. O, həyatını xüsusi qayğı ilə idarə olunan PR kampaniyası kimi görmür. Hər şey sadəcə meydanda etdiklərindən ibarətdir.

Tokioda Klublararası Dünya çempionatı keçirilirdi. Finalda “Barselona” və "Santos" qarşılaşacaqdı. Həmin gün Pep Quardiola dostlarından birinə "ulduz" və "professional" anlayışları arasındakı fərqi izah etməyə çalışarkən Neymar bənzətməsindən istifadə etmişdi: "Məsələn, Neymarı götürək. Braziliyalı final matçına özəl saç düzümü ilə çıxır, bahalı saat alıb və butsuna yaponca nəsə yazdırıb. İndi isə Messiyə bax – dünyanın ən yaxşı futbolçusu, bəlkə də gəlmiş-keçmiş ən yaxşı oyunçu... Amma sadəcə Messidir”.

Pep başqa bir açıqlamasında vurğulayır: “Messi jurnalların üz qabıqlarında, reklamlarda görünmək üçün və ya qızlara görə oynamır; qalib gəlmək, titul qazanmaq, yeni şəxsi uğurlar qazanmaq üçün bunu edir. O, rəqibə qarşı mübarizə aparır: Kriştiano Ronalduya, “Real”a, Mourinyoya qarşı. Nə olursa olsun, ona qarşı qaydanı pozurlar, ya yox, o həm də ən yaxşı olduğunu sübut etmək üçün özünə qarşı mübarizə aparır. Qalan şeylər isə onun üçün önəm kəsb etmir. Bizim öhdəmizə düşən şey isə topu ən uyğun şəraitdə ona ötürməkdir. Sonrası? Sadəcə oturmaq və onu izləmək".

Argentinalı ilə futbol haqqında danışkarən bir şeyi iki dəfə izah etməyə ehtiyac yoxdur, həmçinin Pepin tez-tez işlətdiyi hiyləyə - media vasitəsilə mesaj göndərmək - əl atmaq da lazımsızdır. O, Quardiolanın nə istədiyini yaxşı bilir və lazım olanı oyununa tətbiq edirdi. “Barça”nın zonada üstün olması üçün cinahları dəyişirdi, lazım olanda arxaya çəkilir, lazım olanda isə sürpriz etmək, birdən ortaya çıxmaq üçün yoxa çıxırdı. Pepin Argentina yığmasının baş məşqçisi Alexandro Sabelyaya dediyi kimi: “Onunla çox danışmağa ehtiyac yoxdur, sadəcə, onu qoru və dediklərinə qulaq as. Və onu mümkün qədər oyundan çıxarma, hətta alqışlatmaq üçün olsa belə...”

Müqavilə bağladığımız xarici ulduzlardan fərqli olaraq, o, "La Masiya"da - klubun içərisində böyüyüb. Ramon Besanın təsvir etdiyi kimi: “Şavi və İnyestanı müşayiət edərək, hər hansı musiqi əsərinin kənar parçası ola bilər. Bəzən finişi möhtəşəm solo ilə edənin də o olduğunu görə bilərsiz”. O, adətən ondan tələb olunanı edir. Göstərişli fəndlərini isə ancaq problemləri həll etmək üçün işə salır.

İşlər mürəkkəb vəziyyət alanda ilk addımı atan da həmişə o olur. Messiyə nəsə deyə bilmək üçün çox ağıllı olmalısan. Pep bəzən oyundan öncə oyunçuları ilə danışır: “Leonun öndə press edəcəyini bilməlisiz və həmçinin bilin ki, biz irəlidə təzyiq etməyə qərar verəndə, o, məsuliyyəti üzərinə götürəcək”. Dolayı yolla demək istəyir ki, Leo, bu, sənin işindir. “Suonsi”də baş məşqçi işləyərkən Brendan Rocersin dediyi kimi: “Leo Messi özlərini yaxşı futbolçu adlandıranların işini çox çətinləşdirib. Onun kimi biri əgər topsuz pressinq edirsə, əminəm ki, dostum Neytan Dayer də edə bilər. Onu inandırmaq üçün çox dil tökməyə ehtiyac yoxdur”.

Hücumda Messiyə azadlıq verilirdi, amma o həmçinin müdafiədəki məsuliyyətinin də yaxşı fərqində idi. Diqqəti yayınsa belə, yarımmüdafiəçilər ona missiyasını xatırladırdılar. Çünki komanda işinin ən böyük uğuru vəzifələrin bölüşdürülməsidir. Argentinalı bilir ki, bir-iki müdafiə həmləsini qaçıra bilər, ancaq üçüncünü əsla... “Arsenal”la oyunlardan birində Şavi və İnyesta – onun qoruyucuları – bir anlıq yoxa çıxdığına, arxaya köməyə gəlmədiyinə görə, həmin gecə mərkəz hücumçusu kimi oynayan və iki dəfə fərqlənən İbrahimoviçin kölgəsində qalan Messini azarlamışdılar.

İlk gündən etibarən Quardiola komanda hazırlığının hər mərhələsinə - fiziki, tibbi, qida - nəzarət etmək üçün vahid yanaşma mənimsəmişdi. O, Messinin günlük qidasının əsasının mal ətindən təşkil olunduğunu və argentinalının heç vaxt balıq əti yemədiyini öyrəndikdən sonra, onun üçün kolanı, popkornu, pizzanı və Messinin favoriti - "conguitos"u qadağan edən xüsusi pəhriz proqramı hazırlatdırmışdı.

Messini başa düşmək, ona istədiyini vermək istəyi təkcə onun istedadı ilə əlaqədar deyildi; bu həm də birbaşa onun davranışları ilə bağlı idi. Leo hər məşq sessiyasında həddindən artıq çox çalışırdı. Komanda yoldaşları da bunu görürdülər. “Mən Messiyəm, bunu mənim üçün etməlisiz” – dediyini görə bilməzdiz. Komandada “mən” deyə bir şeyin olmadığını başa düşürdü. Ona görə də bəzən Quardiola onu hamıdan əvvəl tətilə göndərir, ya da hamıdan gec məşqlərə qayıtmasına icazə verirdi. Məntiq başadüşüləndir: o, digərlərindən çox çalışır, çox oynayır, çox qol vurur və çox matç qazandırırdı.

Quardiola Messinin hücumdakı ideal partnerini müəyyənlişdirərkən, bir sıra önəmli qərarlar vermişdi. Eyni zamanda, onun komanda ilə nə etmək istədiyinə dair bəzi şübhələri də var idi. “Barselona” bənzəri görülməmiş uğurlar əldə edirdi, ancaq Pep oyun kriteriyalarını ildən-ilə dəyişirdi və o, Eto və İbrahimoviçin düzgün addım olmadığını anladıqdan sonra növbəti dəfə doğru yolu tapmalı idi.

Əvvəl Pep Eto kimi bir “punta” ilə - cəld, tez düşünüb, tez qərar verən və daim müdafiə arxasına açılan hücumçu - oynamaq niyyətində idi. Daha sonra o, başa düşdü ki, qısa yarımmüdafiəçilər və Eto ilə oynamaq hava toplarının müdafiəsində problemlər yaradır. İbrahimoviçin - dərinə uzun top oynanılmasına imkan yaradan, ikinci xəttdən irəli çıxan forvard - gəlişi ilə başqa imkanlar təklif edən digər bir sistemə keçid başlandı. Ancaq yeni ideya bir mövsümün ardından iflasa uğradı və üçüncü bir istiqamət tapıldı. Bəlkə də elə birinciyə qayıtdılar. O, forvardın işlətdiyi müəyyən boşluğu azad buraxmaq qərarına gəldi: heç kim dəyişməz "doqquz nömrə" olmayacaqdı. Messi nə vaxt uyğun hesab etsə, o vaxt orada peyda ola bilərdi.

“Saxta hücumçu” rolu daha öncə rast gəlinməmiş bir şey deyildi. Alfredo Relanyonun AS qəzetində yazdığı kimi, siyahıda Sinkleyrin "Möcüzəvi komanda"sı, Laudrupun “Barça”sı, Pederneranın “River Pleyt”i, Hideqkutinin Macarıstanı, Di Stefanonun “Real”ı, Tostaolu Braziliya və Krayflı “Ayaks” da var idi.

İrəlidəki dəyişikliklər şübhələri bərabərində gətirmişdi, ancaq heyətin keyfiyyəti və əlavə olaraq, təməlində topa sahib olmaq və mövqe oyunu duran tərz, komandanın, hücum futbolu haqqında müzakirələrin aparılmağa başladığı bir dönəmdə titullar qazanmasına imkan yaratdı. İbranın gedişi, David Vilyanın gəlişi ilə formul yenidən kəşf edilmişdi. Messi "saxta 9", Vilya sol vinqer kimi oynayırdı. Nəticələr və uğurlar özünü çox gözlətmədi: Leo "Qızıl top"u və "Qızıl buts" mükafatlarını qazandı. O, artıq özünü bənzəri olmayan "qol maşını", unikal ötürmə verən və lazım gələndə müdafiəni yaran futbolçu kimi təsdiqləmişdi. Təsadüfi deyil ki, Quardiolanın rəhbərliyi altında çıxdığı son səkkiz finalın altısında fərqlənmişdi.

Pep onun prosesdəki rolunu belə izah edir: “Messidən yoxdur. Ümid edirik ki, canı sıxılmır. Özünü rahat hiss etməsi, əhvalının pozulmaması üçün klub onun üçün oyunçular transfer edir. Əgər o, yaxşı oynamırsa, bunun bir səbəbi ola bilər: ətrafında nəsə yanlış bir şey baş verir. Klub onun ətrafını düzgün transferlərlə doldura biləcək qədər ağıllıdır". Xose Manuel Pintonun - Messinin paltardəyişmə otağındakı ən yaxşı dostu - “Barselona”ya transferinin əsas səbəbi də elə budur.

Əgər tarixin ən güclü komandalarını müqayisə etsələr, “Barselona” liderlər siyahısında olar. Komanda təkcə baxımlı futbol oynamırdı, həm də bir o qədər rəqabətcil idi. Oyunçular despot deyildilər; onlar həmişə qələbəyə acıydılar. Pepin dediyi kimi, onları idarə etmək asandır, çünki rəftarları hər şeyin özəyidir. Onların arasında ən yaxşı şəkildə ruhu xarakterizə edən isə Messi idi. Bəli, uduzduqdan sonra ağlayan futbol ikonu.

“Barselona” 2010-cu ildə Kral kubokunun 1/16 finalında mübarizəni dayandırdıqdan sonra, Sevilyada Messini ağladan tək bir səbəb var idi: o, uğurlardan hələ də doymamışdı. Sözügedən titul önəminə görə komanda üçün üçüncü prioritet idi və Pep komandadakı ilk iki ili ərzində ilk dəfə idi ki, hansısa kuboku qazana bilmirdi. Messi həmin gecə möhtəşəm oynamışdı, hətta het-trik də edə bilərdi - təbii, əgər Palopun qapı önündəki sensasional performansı olmasaydı...

Final fitindən sonra argentinalı emosiyalarına hakim ola bilmədi. Yerə çöküb – gözlərdən uzaq – balaca oğlan uşağı kimi ağlamağa başladı – eynən klubdakı ilk aylarında özünü tək və balaca hiss edəndə, o cümlədən vurulan böyümə hormonlarının yan təsirlərinin səbəb olduğu artan ağrılara dözmədiyi üçün ağladığı kimi...

Quardiola o zaman anlamışdı ki, argentinalının həyatda futbol oynamaq qədər zövq aldığı heç nə yoxdur (hərçənd günorta yuxusunu müqayisə edə bilərik). Messi ilə bəzi məsələləri müzakirə etmək üçün ayrılıqda yemək yeməyə ehtiyac yox idi. Onların münasibətləri meydan, matçlar və məşq sessiyaları üzərində qurulmuşdu. Jestlər və hərdən isə susmaqla ünsiyyət qururdular. Qucaqlaşmalar, qısa danışıqlar, bəzən sadəcə “Hər şey yaxşıdır?”, bəzən isə baş barmaq işarətləri və gülümsəmə...

Ancaq dünyanın ən yaxşı futbolçusunun özünü pis hiss etdiyi anlar da olurdu. Pep Leonun 100 faizini meydanda qoymadığını görəndə, oyundan sonra sadəcə onun gözlərinin içinə yaxşıca baxırdı və bu, kifayət edirdi. Oyunçunun diqqəti yayınıbsa, Pep onu geri gətirməyə fokuslanırdı.

Həmin məyusedici oyunlar əsəbi Messini ortaya çıxarırdı - gülməyən, susqun, heç kimlə danışmayan və sadəcə yerə baxan Messini. Mələk kimi görünüşün, günahsız olmasının altında həmçinin bir yırtıcı yatırdı: ambisiyaların, rekord qıran uğurların arxasında bir uşaq gizlənmişdi. Və o uşaq tez-tez hisslərini gizlədə bilmirdi.

Bir dəfə Messi ağzında çay qaşığı ilə məşq meydançasına gəlmişdi və sessiyanın böyük bir hissəsini də o vəziyyətdə keçirdi. Normalda məşqdən əvvəl ya kofe, ya da "yerba mate" (Argentinaya məxsus bitki mənşəli çay) içir. Meydançaya çatana kimi qaşığı ağzında oynatmağı sevir, məşq başlayan kimi isə onu bir kənara atır. Həmin gün isə istisna idi: “işlətdi”də isinərkən qaşığı çeynəyirdi. Səbəbi məşqdən bir gün öncəki matçda əvəzlənməsi idi. Ona istirahət veriləndə, ya da əvəzlənəndə günlərlə məşqçini dindirmədiyi olurdu.

İbra klubdakı ilk aylarındakı oyununa görə təriflər eşidəndə, Messi Pepə yaxınlaşıb, ondan ya “doqquz nömrə” kimi oynadılmasını, ya da ümumiyyətlə meydana buraxılmamasını istəmişdi. Pep: “Bəs İbrahimoviçi necə edim?” Messi fikrindən dönmək niyyətində deyildi: “Ya orada oynayacam, ya da heç oynamayacam”.

2010-11 mövsümünün sonunda “Barselona” “Kamp Nou”da “Deportivo” ilə qolsuz heç-heçəyə razılaşdı. Ancaq çempionluq artıq qazanılmışdı. Oyundan sonra şənliklər başladı. Messi həmin gün əvəzedicilər siyahısında olsa da, meydana çıxmamışdı. Qarşıda “Mançester Yunayted”lə oynanılacaq Çempionlar Liqası finalı var idi. Argentinalı özünü şənliklərdən uzaq tutmaq istəyirdi, halbuki titula ən layiq oyunçu bəlkə də özü idi. Ronaldunun “Vilyarreal”a iki qol vurması nəticəsində “Piçiçi” mükafatını qazanmaq şansının olmadığını anladığı üçün məyus idi, evə getmək istəyirdi. Xuanyo Brau – komandanın fizioterapevti – onu güclə yanımıza gətirdi. Ancaq komanda fotosu onsuz çəkilmişdi. Məcburiyyətdən geri qayıtdıqdan sonra bir də şəkil çəkdirdik.

Pepin sonuncu ilində “Sosyedad”la oynanılan matçın son otuz dəqiqəsində meydana çıxan Messi ən pis performansını göstərmişdi. Bunun davamı olaraq növbəti gün məşqə gəlmədi. Leo əsas heyətdə meydana çıxmadığı üçün hirsini üstündən ata bilmirdi. Ancaq sentyabrın əvvəlində ikili arasında baş tutan görüşdən sonra hər şey yoluna düşdü. Həmin gündən etibarən Messi mövsümün hər dəqiqəsində meydanda oldu. Onu futboldan uzaq tutanda bütün həyat motivasiyasını itirir. Elə bil ki, onu yeməksiz və yuxusuz qoymusuz.

Quardiola Messidən canavar yaratmışdımı? Məşqçinin sonuncu ilində argentinalı artıq komandada açıq-aşkar söz sahibinə çevrilmişdi. Bəzən bu, yersiz hal alırdı. Kuenka və Telyo kimi gənclər ona ötürmə verməyəndə əsəbləşirdi. Hətta David Vilyanı belə, ötürmə vermək imkanı ola-ola qapıya zərbə vurduğunu görəndə bağışlamırdı.

“Messi hər oyunun tələbinə uyğun qərarlar qəbul etməyi öyrənmişdi”, - deyə Sesar Luis Menotti vurğulayır. Haqlıdır, amma onun təsir gücü artıq meydanı da aşmışdı. Klub Neymarı transfer etmək istəyəndə Messi və ətrafının fikrini öyrənirdi. Messi gənc ulduzu Dani Alvesin sayəsində tanımışdı. Onlar tez-tez birlikdə “PlayStation” oynayırdılar. Sonda klub istədiyi cavabı aldı: “Onunla müqavilə imzalayın”.

Pep Messiyə həddindən çox səlahiyyət verdiyini düşünürdümü? O, “heç kimi incitməmək” adına klubdan ayrılmaq barədə danışanda, əksəriyyət bunu Messi və digər oyunçular arasındakı seçim məsələsi ilə əlaqələndirirdi. Pep üçün qalmaq həqiqətənmi gücün kimdə olduğunu sorğulamaq anlamına gəlirdi?

Belə bir arqument irəli sürülə bilər ki, Pep “Barselona”da məşqçilik karyerasına komanda oyununu inkişaf etdirərək başlamışdı, ancaq sonuncu mövsümündə individual keyfiyyətlərə daha çox önəm verdi. Bu, bütün məşqçilərin etdiyi bir şeydir, çünki futbolçular oyunun taleyini həll edən şəxslərdir. Burada isə söhbət Messi kimi bir individualdan gedirdi.

Üstün bacarıqlara sahib oyunçu ilə komanda etikası arasında balans yaratmaq çox çətindir və Pep bunu məşqçi kimi karyerasının böyük bir hissəsində bacara bilib. Ancaq Pep üçün Messinin xüsusi biri olduğunu açıq şəkildə və tez-tez demək zəruriydimi? Quardiolanın klubdan ayrılmasına gətirib çıxaran şeyin başlanğıcı bu – yaradılan qeyri-balansın fərqində olmaq – idi? Məşqçi balansı yaradan adamdır və əgər o, avtoriteti oyunçuya verirsə, futbolun yazılmayan qanunlarına görə, yüklər yenidən tərəziyə qoyulmalıdır..."

Pep Quardiolanın bioqrafiyasından götürülmüşdür.
Tərcümə: Rüfət Məcid

14 Haziran 2017

Mourinyunun "Ayaks" planı


Joze Mourinyu "Ayaks"a qarşı Avropa Liqasının finalını necə planladığı barədə danışıb:

"Ayaks"ın 8 oyununa baxmışdım. Adətən İngiltərədə rəqibləri yaxşı tanıdığımdan, 2-3 matçlarını izləyirəm. Avropa barədə eynisini deyə bilmərəm. Mənim üçün rəqib analizi önəmlidir, çünki oyunumuz bunun üzərində qurulur.

Qeyri-stabillik yaratmaq istəyirdik. Əslində, arxadan oyun qurmalarına izin vermişdik, ancaq sağ mərkəz müdafiəçisi De Liqti bağlamışdıq. Məcburən bu mənada problemləri olan Davinson Sançes üzərindən oyun qurmağa çalışırdılar. Yarımmüdafiə triomuzun yerdəyişmələri rəqibin arxadan oyun qurmasını pozmağa hesablanmışdı. Belə olan halda, Sançes məcbur olub uzun oynayırdı. İstədiyim də bu idi. Topun göndərildiyi yerlərdə daha uzun və daha dominant idik.

"Ayaks" oyunun istiqamətini dəyişməyə çalışanda Poqbanın mövqeyindən kənarda Klasseni izləməsinə icazə vermirdim. Cinah müdafiəçilərimizi mərkəz dairəsinə yaxın zonada yerləşdirmişdik. Vinqerləri topu geniş ərazidə qəbul edəndə isə cinah müdafiəçilərimiz onlara yaxın oynayırdı, həmin an mərkəzdə cinah müdafiəçilərindən boşalan zonanı isə Errera doldururdu.

Öz zəif cəhətlərimizi biləndə oyunlara daha yaxşı hazırlaşırıq. Hamı deyirdi ki, "Ayaks" gözəl futbol oynayır, əsas gözəl oyundur... Oyunçularıma dedim ki, gözəl oyun rəqibə istədiyini verməməkdir. "Təbii ki, sən olan yerdə arxadan oyun qurası deyilik" - Smollinqlə zarafatlaşmaq üçün hətta belə bir ifadə də işlətdim.

Oyun quruculuğunun ilk fazasında mərkəz müdafiəçilərimiz topu birbaşa yarımmüdafiəçilərə ötürmürdülər, çünki onların irəlidə təzyiq edib, topu rahatlıqla ələ keçirəcəklərini yaxşı bilirdik. Oyunu elə burada udduq. Yarımmüdafiədə bir dəfə də olsun topu ələ keçirə bilmədilər. Əgər top orada deyilsə, harada pressinq edə bilərlər ki?"

7 Haziran 2017

İbrahimoviç və Quardiola arasında baş verənlər (I hissə)


Zlatan İbrahimoviçin qısamüddətli "Barselona" macərası, "Milan"a transfer olunmaq üçün oynadığı oyunlar və bütün bunların başında duran Pep Quardiola ilə münasibətləri... - İbranın nəzərindən:

"Xəyallarımın asanlıqla puç olmasını istəmirdim. Qərara almışdım ki, məşqlərdə daha çox çalışıb, daha da yaxşı olacam. Heç kim məni dayandıra bilməz. Onlara göstərəcəm. Amma nə baş verdiyini bilirsiz? Özümü göstərmək üçün şansım belə olmadı. Quardiola mənə bir daha zəng elədi. İyulun 19-u idi. Oyunçuların əksəriyyəti Dünya çempionatından qayıtmamışdı. Pep mini-dialoqa cəhd elədi. Aydın məsələdi ki, həll etməli olduğu bəzi önəmli mövzular var idi. Əsəbi və bir o qədər də yöndəmsiz idi. Əvvəlcə nələrinsə xatirinə bir az xoş davranmaq istədi:

- İstirahətin necə keçir?
- Yaxşı.
- Yeni mövsüm öncəsi nə düşünürsən?
- Hazıram. 100 faizimi ortaya qoymağa hazıram.
- Dinlə...
- Eşidirəm.
- Əvəzedicilər skamyasında oturmağa hazır olmalısan.

Mövsüm hazırlıqları heç başlamamışdı. Quardiola bir dəqiqə belə olsun məni oyun zamanı izləməmişdi. Şəxsimə yeni hücum dalğası idi – bunu başqa cür başa düşmək olmazdı.

- Yaxşı. Anladım.
- Bildiyin kimi, “Valensiya”dan David Vilyanı transfer etmişik.

Vilya əla investisiya idi – buna şübhə yox. Dünya çempionatını qazanan İspaniya millisinin əsas ulduzlarından biri idi, amma o, vinqerdi, mən isə mərkəz oyunçusuyam. Mənimlə nə əlaqəsi?

“Bu haqda nə deyə bilərsən?”, - deyə davam etdi. Heç nə. İlk öncə təbrik etmək istəyirdim. Amma sonra düşündüm: bəlkə Quardiolanı test edim? Onun bütün bu addımları sadəcə futbolla əlaqədardı, yoxsa tək dərdi məni komandadan göndərməkdi? Niyə də öyrənməyim?

Cavab verdim: “Çox çalışacam. Komandadakı yerimi tutmaq üçün dəlilər kimi çalışacam. Səni kifayət qədər yaxşı olduğuma inandıracam”.

Düzünü desəm, öz dediklərimə özüm də inanmırdım. Heç vaxt bir məşqçini xoşbəxt etmək üçün belə dil tökməmişdim. Həmişə oyunumla sözümü demişdim. Yüz faizimi ortaya qoymağa hazıram? Dediklərim axmaqlıqdan başqa bir şey deyildi. Ancaq onun əsil niyyətini anlamaq üçün tək seçimim bu idi. Nə deyəcəyini gözləyirdim. Razılaşsa, bir məna ifadə edərdi. Amma...

Bilirəm. Amma biz birlikdə necə davam edə bilərik axı?
- Dediyim kimi, çox çalışacam və əgər sən kifayət qədər yaxşı olduğumu düşünsən, istədiyin mövqedə oynamağa razı olacam – fərq etməz, Messinin önündə ya arxasında, necə istəyirsən, qərar sənindi.
- Bilirəm. Amma biz birlikdə necə davam edə bilərik axı?

Eyni sözləri təkrarlayırdı. Bir dəfə də olsun mənalı bir şey demədi. Bacarıqsız idi. Amma deməyə məcbur da deyildi. Anlamışdım. Məsələ şəxsi zəmində idi. Kişi kimi xarakterimi sevmədiyini demək əvəzinə, ört-basdır eləməyə çalışırdı.

- Biz birlikdə necə davam edə bilərik axı?
- Hamı kimi çalışacam. Messi üçün oynayacam.
- Bilirəm. Amma biz birlikdə necə davam edə bilərik?

Axmaqlıq idi. Yəqin ki, özümdən çıxmağımı, dediklərini qəbul etməməyimi və nəticədə klubdan ayrılacağıma dair ifadələr işlətməyimi istəyirdi. Belə olan halda, çıxıb rahatla deyəcəkdi ki, getmək istəyən Zlatandı, bu, mənim qərarım deyil. Bəlkə də mən aqressiv biri idim – tez-tez konfliktlərdə adı hallanan vəhşi. Amma özümü nə zaman cilovlamaq lazım olduğunu da yaxşı bilirdim. Satışa çıxarılacağımı açıqlamaqla heç nə qazanmayacaqdım. Mənimlə danışdığına görə təşəkkür edib, onunla sağollaşdım.

Təbii ki, qəzəblənmişdim. Çox əsəbi idim. Amma danışığımızı məhsuldar hesab etmək olar. Ən azından vəziyyətin nə yerdə olduğunu dərk etmişdim. Məni oynatmaq niyyəti yox idi. Əsas suallar burada yaranır: bununla başa çıxa bilərəmmi? Bunları bilə-bilə məşqə gedib, hər gün bu adamı görməyə dəyərmi? Şübhələrim var idi. Bəlkə də problemə yanaşmamı dəyişməliyəm - bütün gün bu barədə düşünürdüm.

Yeni mövsüm hazırlıqları üçün Cənubi Koreyaya, ardınca isə Çinə yollandıq. Oradakı bəzi matçlarda meydana çıxdım, amma bu, bir məna ifadə etmirdi. Əsas oyunçular hələ Dünya çempionatından qayıtmamışdılar. Mən hələ də ailəyə yad biri idim və Quardiola məsafəni qoruyurdu. Nəsə lazım olanda mənimlə danışmaları üçün başqalarını yollayırdı. Media nəzarətdən çıxmışdı. Bütün yay boyu belə idi: Zlatanla aranızda nə baş verir? Zlatan transfer olunacaq? Zlatan komandada qalacaq? Daim bu tip suallar ünvanlanırdı – mənə və Quardiolaya. Sizcə, o suallara necə cavab verirdi? Zlatanı sevmirəm və onu burada istəmirəm – belə? Əlbəttə yox. Rahat deyildi və mənasız cavablarla kifayətlənirdi – “Zlatan gələcəyi ilə bağlı qərarını özü verəcək”.

İçim içimi yeyirdi. Tənqid olunurdum və qəzəbli idim. Birdən-birə “partlamaq” istəyirdim. İçimdə qığılcım yaranırdı. Hadisələrin yeni mərhələyə qədəm qoyduğunu anlayırdım. Bu, sadəcə müharibə deyildi. Artıq transfer bazarında da qarşıdurma başlamışdı və mən bu oyunu sevirdim. Bu işləri ən yaxşı bacaran adam mənim tərəfimdə idi – Mino Rayola (meneceri). Bütün gün danışırdıq və oyun oynamaq qərarına gəlmişdik. Quardiola heç nəyə layiq deyildi.

Cənubi Koreyada klubun yeni vitse-prezidenti Josep Bartomeu ilə görüşdüm. Oteldə danışdıq. Ən azından o daha açıq danışırdı:

- Zlatan, əgər təkliflər varsa, onlar barədə düşünə bilərsən.
- Heç hara getmirəm. “Barselona”nın futbolçusuyam, “Barça”da da qalacam.
- Bunu necə həll edə bilərik?
- Bir ideyam var: “Real”a zəng edə bilərsən.
- Niyə onlara zəng etməliyik ki?
- Çünki “Barça”dan ayrılacağım təqdirdə “Real”da oynamaq istəyirəm. “Real”a transferimi həll edə bilərsən.
- Zarafat edirsən.

Bartomeu qorxmuşdu. Mən isə ciddi görünürdüm.

Davam etdim: “Problemimiz var. Məni burada istəmədiyini kişi kimi üzümə deyə bilməyən məşqçiyə sahibik. Mən qalmaq istəyirəm. O, məni satmaq istəyirsə, önümə çıxsın və açıq-aydın bunu desin. Bilmək istəyirsizsə, getmək istədiyim yeganə klub “Real”dı”.

Otağı tərk etdim. Artıq situasiya daha aydın idi. Oyun oynayırdıq. “Real” demişdim. Bu, hələ başlanğıc idi – provakasiya, stratejik jest. Həqiqətə gəlincə, “Mançester Siti” və “Milan”la danışıqlar aparırdıq.

Ərəblər klubu aldıqdan sonra “Mançester Siti”dəki irəliləyişin fərqində idim. “Siti”nin bir neçə il ərzində böyük klub olacağından əmin idim. Amma mənim tezliklə 29 yaşım olacaqdı. Uzunmüddətli planlara ayırmağa vaxtım yox idi və pul heç də önəmli faktor deyildi. Sadəcə, yaxşı formada olan klubda oynamaq istəyirdim və onların arasında tarixi “Milan” kimi böyük olan klub yox idi. Odur ki, "Milan"ı seçdim.

Quardiolanın zəng edib, mənə əvəzedicilər skamyasında yer verəcəyini dediyi gündən bəri oyun oynayırdıq. Quardiola və idarə heyətini stressə saldığımızı anlayırdıq. Onları demotivasiya edib transferimi aşağı qiymətə bitirəcəkdik, ki bu, mənə əla şərtlərlə müqavilə bağlamaq imkanı verəcəkdi - hər şey plana uyğun davam edirdi. Sandro Rozellə görüşümüz var idi. Yeni prezident seçilmişdi və biz bundan da istifadə etmək fikrində idik. O, çətin vəziyyətdə idi.

Quardiolayla aramdakı problemi tam olaraq bilmirdi. Tək bildiyi o idi ki, baş verənlərin müdafiə ediləsi tərəfi qalmamışdı: ya məni satmalı, ya da məşqçini qovmalıydı. Amma klubun qazandığı uğurlardan sonra ikincini edə bilməzdi. Bu, mümkünsüz idi. Rozelin şansı qalmamışdı. Məni sevsin, ya sevməsin, mənə qarşı getmək məcburiyyətində idi:

- Hadisələr bildiyin kimidi. Səninlə maraqlanan klub var?

Mino və mən Bartomeu qarşı oynadığımız oyunu təkrarladıq:

- Var.
- Əla. Hansı klub?
- “Real”.

Birdən-birə rəngi soldu. “Barça”nın ulduzunu “Real”a göndərmək? Xəyanət kimi bir şey idi.

- Mümkün deyil.

Qorxmuşdu və həm mən, həm də Mino oyunun plana uyğun getdiyini yaxşı bilirdik. Sakitcə davam etdim: “Sual verdin, mən də cavablandırdım. Bunu təkrarlamaqdan şadam: getmək istədiyim yeganə klub “Real”dı. Mourinyonu bəyənirəm. Amma sən onlara zəng etməlisən və özün bu barədə danışmalısan. Oldu?”

Sandro Rozelin qorxuya düşdüyünü görürdük. Klub məni 700 milyon İsveç kronası ekvivalenti müqabilində transfer etmişdi. Sandro təbii ki, transferə xərclənən pulu qaytarmaq niyyətində idi, ancaq digər tərəfdən, məni “Real”a – Mourinyonun yeni klubuna satacağı təqdirdə azarkeşlər tərəfindən linç ediləcəkdi. Onun üçün belə bir qarışıq vəziyyətin öhdəsindən gəlmək çətin idi. Məşqçiyə görə mənim qalmağıma razılıq verə bilmirdi, eyni zamanda, məni əbədi düşmənə sata bilməzdi. Üstünlük bizim tərəfimizdə idi və biz təzyiq etməyə davam edirdik: “Məsələni problemsiz həll etmək lazımdı. Mourinyo məni nə qədər çox istədiyini özü deyib”.

Əslində, belə bir şey yox idi, sadəcə, bu yolu seçmişdik.

Rozel: Yox. Olmaz.
Biz: Utancvericidi. Həqiqətən! Ağlımızda olan tək klub “Real”dı.

Otağı gülə-gülə tərk etdik. Əslində isə həmin zaman “Real” yox, “Milan” məsələsi üzərində işləyirdik. Ümidsiz bir Rozel “Barça” üçün yaxşı deyildi, amma “Milan” üçün əla idi. Rozel ucuz qiymətə “Milan”a keçməyimə razılıq verəcəkdi və sonda bu işdən qazanclı çıxan tərəf mən olacaqdım. Təbii ki, bu, oyun idi – hamının önündə və yeri gələndə pərdə arxasında davam edən oyun. Amma saat əleyhimizə işləyirdi. “Transfer pəncərəsi” avqustun 31-də bağlanacaqdı. Avqustun 26-da isə bizim “Kamp Nou”da “Milan”la yoldaşlıq görüşümüz var idi. Heç bir şey dəqiqləşməmişdi, amma mediada bəzi işartıları görə bilərdiz. Fərziyyələr hər yerdə idi və “Milan”ın vitse-prezidenti Adriano Qalliani formal olsa da, mənsiz Barselonanı tərk etməyəcəyini açıqlamışdı.

Stadionda azarkeşlər üzərində “İbra, qal” yazılmış plakatlar açmışdılar. Diqqətlər üzərimdə idi. Amma bu, daha çox Ronaldinyonun matçı idi. Ronaldinyo Barselonada Allah kimi bir şeydi.

"Milan"da oynayırdı. Ancaq əvvəllər “Barça”da forma geymiş və hətta o zamanlarda ardıcıl iki il dünyanın ən yaxşı futbolçusu seçilmişdi. Oyundan öncə stadiondakı böyük ekranda onun ən yaxşı anlarından ibarət video yayımlanırdı. Meydanda şərəf turu atırdı, ürəyi istədiyini edirdi.

Biz isə meydana çıxmaq üçün gözləyirdik. Qəribə hisslər idi. Azarkeşlərin səsi içəriyə kimi gəlirdi. Təbii ki, Quardiolanın diqqəti yenə məndə deyildi. Mənə isə maraqlı idi: görəsən, bu, “Barça”dakı sonuncu oyunumdu? Ümumiyyətlə, nə baş verir? Heç bir fikrim yox idi. Sonra hamı yerinə oturdu.

“İbra” – paltardəyişmə otağımıza səssizcə gələn Ronaldinyo gülərək səsləndi. “Çantanı toplamısan? Səni Milana aparmaq üçün gəlmişəm”, - deyə davam etdi. Ronaldinyonun bunları deməsi hamının gülüşünə səbəb oldu. Təbii, diqqətlər bir anlıq mənə yönəldi.

Hamının şübhələri var idi, amma heç kim bu barədə birbaşa, belə formada eşitməmişdi. İndi bu söhbət dəfələrcə təkrarlanacaqdı. Oyuna yenidən başlamalı idim. Matç isə mənim üçün həqiqətən də bir məna ifadə etmirdi. Start fiti səslənməmiş meydanda Ronaldinyo ilə bu barədə zarafatlaşdıq da. “Sən dəlisən?” – belə bir şey dedim. Meydanda gülüşməyimiz hər yerdə yayımlandı. Amma daha pisi fasilədə oldu. “Milan”ın böyük oyunçuları məni çağırırdılar: Pirlo, Nesta, Qattuzo və Ambrozini... “İbra, “Milan”a gəlməlisən. Sənə ehtiyacımız var” – dedilər.

“Milan” yaxşı günlərini yaşamırdı. “İnter” son illərdə İtaliya A Seriyasında dominantlıq edirdi və təbii ki, “Milan”da hər kəs yeni uğurlarla dolu eranı səbirsizliklə gözləyirdi. Oyunçuların, xüsusilə də Qattuzonun klub idarəçilərini təzyiq altında saxladığını bilirdim: “İbranı alın. Komandada əsil qalib zehniyyətli birinə ehtiyac var”.

Amma hər şey bu qədər bəsit deyildi. “Milan” maliyyə cəhətdən əvvəlki qədər əzəmətli deyildi və nə qədər pis vəziyyətdə olursa-olsun, Sandro Rozel mümkün qədər çox pul qopartmaq istəyirdi. Ən azından 40-50 milyon avro tələb edirdi. Amma Mino oyuna davam edirdi:

- İbra “Real”a keçəcək. “Milan”ı istəmirik.
- 30 milyon avroya da?

Vaxt keçdikcə Rozel qiyməti düşürməyə davam edirdi. Bu arada Qalliani məni və Helenanı ziyarət etmək üçün evimizə gəldi. Qalliani güclü insandı. O, Berluskoninin keçmiş dostu və biznes ortağıdı. Danışıqlar aparmaqda, vasitəçilikdə ondan yaxşısı yoxdu.

“Yuventus”dan ayrılanda da onunla danışıqlar aparmalı olmuşdum. O zaman demişdi: “Təklifim budu. Ya bu, ya da heç nə”. “Yuventus” böhranda idi və üstünlük onun tərəfində idi. Amma indi isə vəziyyət tərsinə idi. Təzyiq altında olan tərəf o idi. İndi o, verdiyi sözlərə görə, azarkeşlərin və futbolçuların təzyiqinə görə məni almadan geri qayıda bilməzdi. Əlavə olaraq, biz də ona bu səfər kömək etdik. Transfer məbləğini aşağı salmağa çalışırdıq.

Mən: Bu, mənim şərtlərimdi. Ya bunlar, ya da heç nə.

Dəfərlərlə məsələlərin üzərindən keçdiyini düşüncəli halından təxmin edirdim. Əslində, orada bəzi çox sərt maddələr var idi, amma qəbul etdi.

Əl sıxışdıq, transfer məbləği ilə bağlı danışıqlar isə davam edirdi. Qalan məsələlər klublar arasında idi – mənlik bir şey deyildi. Amma bir az drama bənzəyirdi və bir çox faktor araya qarışmışdı. Satan tərəfin narahatlığı onlardan biri idi. Həmçinin fakt bu idi ki, məşqçi mənlə yola getmirdi. Hər saat Rozel daha da gərginləşirdi. Nəhayət 20 milyon avroya razı oldu. 20 milyon! Bir adam sayəsində qiymətim 50 milyon avro aşağı düşmüşdü.

Quardiola problemi klubu bərbad anlaşmaya məcbur etdi. Dəlilik idi, bunları Rozelin özünə də dedim. O da gözəl bilirdi, əminəm ki, bütün gecəni hadisələrin gedişatını izləmək üçün oyaq olub. “Barselona”dakı ilk mövsümümdə 22 qol, 15 məhsuldar öyürmə ilə yadda qalmışdım. Buna baxmayaraq, dəyərim 70 faiz aşağı düşmüşdü. Bu, kimin səhvi idi? Sualın cavabını Sandro Rozel də yaxşı bilirdi.

“Kamp Nou"nun ofisindəki halımız indi də yadımdadı: o, Mino, mən, Qalliani, hüquqşünas və Josep Maria Bartomeu. Müqavilə önümüzdə dururdu. Geriyə tək bir şey qalırdı: onu imzalamaq və sağollaşmaq.

Rozel dilləndi: “Bilməyini istərdim ki, bu, həyatımın ən bərbad anlaşmasıdı. Səni çox aşağı məbləğə satıram”.

Dərhal cavab verdim: “Görürsən, bərbad liderlik nələrə səbəb olur...”

“Bilirəm, vəziyyət düzgün idarə olunmadı” – dedi və müqaviləni imzaladı.

Sonra sıra mənə çatdı. Qələmi götürdüm, hamı məni izləyirdi, nəsə deməli olduğumu hiss etdim. Sonra düşündüm: bəlkə yox, bəlkə sakit durum? Amma içimdən atmaq istədiyim bəzi şeylər var idi.

“Quardiolaya mesajım var”. Təbii, bir anlıq gərginlik oldu. Görəsən, nə baş verir? Yetərincə müzakirə olmadımı? Təkcə imza atmalı deyilmi?

“Ona demək istərdim ki...” – başladım və ona demək istədiklərimi bir-bir dedim.

Otağa sükut çökmüşdü. Amma inanın, deməli idim. Birdən-birə beynimdə nəsə oldu. Motivasiyamı geri qazandım. Yenidən özüm olmaq məni həvəsləndirdi – həqiqətdi.

Müqaviləyə imza atanda həmin sözləri dedim və yenidən özüm oldum. Kabusdan oyanmaq kimi idi. Uzun müddət idi ki, ilk dəfə o an yenidən futbol oynamaq üçün alışıb yanırdım. Hər şey bir anda getdi və mən sevinclə dolu yeni mərhələyə qədəm qoydum. Ya da, sevinc və qəzəb dolu – “Barça”dan ayrıldığım üçün sevinirdim, həmçinin eyni anda bir insanın xəyalımı məhv etdiyi üçün qəzəblənirdim.

Sanki yenidən azadlıqda idim və hər şeyi daha aydın görməyə başladım. Baş verənlərin ortasında pozitiv hiss etməyə çalışırdım: çox da pis deyil vəziyyət, mən onlara göstərəcəm... Ancaq hər şey bitdikdən sonra həmin günlərin nə qədər ağır olduğunun fərqinə vardım. Böyük təzyiq altında olduğunuz anlarda məşqçinin yardımına ehtiyacınız olur. Mənim əlimdə nə var idi? Məndən qaçan adam, mənlə sanki yoxmuşam kimi davranan adam... Ulduz olacaqdım, amma əvəzində istənməyən adam oldum.

Mourinyo və Kapello kimi iki ən intizamlı məşqçi ilə çalışmışam və onlarla heç vaxt problemim olmayıb, amma Quardiola... Bu barədə düşünəndə əsəbiləşirəm və Minoya dediklərimi heç vaxt unutmayacam: “O, hər şeyi məhv etdi”.

Mino: “Zlatan, xəyallar gerçəkləşə bilər və onlar səni bir gün xoşbəxt edə bilər. Amma eyni zamanda xəyallar reallaşaraq səni öldürə də bilər” – bir anda dediklərinin doğru olduğunu anladım.

“Barça”da xəyallar həm gerçəkləşdi, həm də məhv oldu. Çöldə jurnalistlər məni gözləyirdilər. O an onun adını çəkmək istəmirdim, başqa bir sözə ehtiyacım var idi. Danışdığı bütün cəfəngiyatları xatırladım və birdən ağlıma bir söz gəldi: Filosof!

Onu “filosof” adlandıracam. İçimdəki bütün qəzəb və iftixarla dedim: “Problemin nə olduğunu filosofdan soruşun”.

Tərcümə: Rüfət Məcid

2 Haziran 2017

Dani Alvesin hekayəsi: Sirr


Son günlərdə oxuduğum ən gözəl yazıdı bu.

Dani Alvesin sirlərlə dolu - "Barça" sevgisindən tutun, Quardiola, Messi, "Sevilya", ta uşaqlığına kimi bilmədiklərimiz - 34 illik həyat hekayəsi, öz qələmindən, həm də ÇL finalı öncəsi:

"Sirlə başlayacam. Bu hekayədə sirləri öyrənəcəksiz, çünki bəzi insanlar tərəfindən yanlış anlaşıldığımı düşünürəm. Gəlin, birincidən başlayaq.

Üç ay əvvəl, “Barselona” Çempionlar Liqasında PSJ-yə qarşı inanılmaz geridönüşü reallaşdırdığı zaman - o anların hamısını divanımdan izləyirdim - köhnə klubumun məğlubiyyətini arzuladığımı düşünə bilərsiz.

Amma Neymar o gözəl cərimə zərbəsini qola çevirəndə divanımdan atıldım və televizorun önündə qışqırmağa başladım: Vamoooooooos!

Serci Roberto 95-ci dəqiqədə möcüzəyə imza atanda dünyadakı hər “Barça” azarkeşi kimi, mən də özümdə deyildim, çünki “Barselona” hələ də qanımdadı - həqiqət budu.

Keçən yay klubdan ayrılmamışdan öncə idarə heyəti mənə qarşı hörmətsizlik eləmişdimi? Şübhəsiz. Mən belə düşünürəm və bu mövzuda başqa bir şey deyə bilməzsiz. 8 il bir klub üçün oynayıb, biz kimi mümkün olan hər şeyi qazansan, sən də o klubu ürəyindən çıxarda bilməzsən. Məşqçilər, oyunçular və idarə heyətinin üzvləri – hamısı gəlir və gedir. “Barça” isə daimidi.

“Yuventus”a keçməmişdən öncə “Barselona” idarə heyətinə sonuncu sözümü dedim: “Mənim üçün darıxacaqsız”.

Futbolçu profilini nəzərdə tutmamışdım. “Barça” möhtəşəm oyunçulara sahibdi. Onlar mənim ruhum üçün darıxacaqlar. Paltardəyişmə otağındakı qayğı üçün darıxacaqlar. Hər dəfə formanı geyəndə axıtdığım qan üçün darıxacaqlar.

Növbəti mərhələdə “Barça” ilə qarşılaşmaq qəribə hiss idi. Xüsusilə də ikinci matçda - “Kamp Nou”da olanda özümü yenidən evimdə hiss edirdim. Oyun başlamamışdan köhnə dostlarımla görüşmək üçün “Barça”nın əvəzedicilərinə yaxınlaşdım. “Dani, gəl bizimlə otur. Sənin yerini saxlamışıq”, - deyə dilləndilər.

Hamısının əlini sıxdım. Qəflətən fit səsini eşitdim. Arxaya çevriləndə gördüm ki, hakimi artıq oyunu başladıb. Qaçaraq meydana qayıdanda köhnə məşqçim Luis Enrikenin qəhqəhəsi qulağıma çatdı.

Gülməlidi, hə? Amma o matç zarafat deyildi, xüsusilə də mənim üçün. İnsanlar məni görəndə deyirlər: “Dani həmişə zarafat edir. O, həmişə gülümsəyir. O, ciddi deyil”.

Dinləyin, sizə daha bir sirrimi deyəcəm. Dünyanın ən yaxşı forvardlarına – Messi, Neymar, Kriştiano – qarşı oynayanda onların güclü və zəif tərəflərini öyrənirəm, onlara qarşı necə hücum edəcəyimi planlaşdırıram. Bu, məndə xəstəlik halını alıb. Hədəfim Dani Alvesin eyni səviyyədə olduğunu dünyaya göstərməkdi. Bəlkə də driblinq edib, məni keçə bilərlər – bir dəfə, iki dəfə. Əlbəttə. Amma mən də onlara qarşı hücum edəcəm. Görünməz olmaq istəmirəm. Mən səhnəni istəyirəm. Hətta 34 yaşdan, 34 tituldan sonra belə, hər dəfə bunu sübut etməli olduğumu hiss edirəm.

Hər oyundan öncə eyni rutini təkrarlayıram: təxminən 5 dəqiqə aynanın önündə dayanıram, hər şeyi bir kənara atıram, sonra beynimdə film canlanır. Bu, mənim həyatımın filmidi.

İlk səhnə - 10 yaşım var. Juazeyrudakı balaca evimizdəki beton yataqda yatıram. Döşək çeçələ barmaq qalınlığındadı. Evdən nəm torpaq iyi gəlir. Hava hələ də qaranlıqdı. Səhər saat 5, günəş hələ çıxmayıb. Məktəbə getməmişdən öncə fermamızda atama kömək eləməliyəm.

Qardaşım və mən sahəyə çatırıq, atam isə artıq orada işlə məşğuldu. Böyük bidonu belində, bakteriyaları öldürmək üçün meyvələrə və bitkilərə kimyəvi maddələr səpir.

Yəqin ki, toksinlərə toxunmaq üçün yaşımız az idi, amma ona yenə də kömək edirdik. Bu, sadəcə, bizim xilas olmaq üçün çıxış yolumuz idi. Saatlarla qardaşımla birlikdə kimin daha yaxşı işçi olduğunu nümayiş elətdirmək üçün yarışırdıq. Çünki atamızın qərarına əsasən, sonda ona ən çox kömək edən evdəki yeganə velosipedi sürmək haqqı qazanırdı.

Əgər velosipedi qazanmasam, fermadan məktəbə 12 mil yolu yeriyərək getməli idim. Məktəbdən qayıdış daha da betər idi, çünki məhəllədəki futbol mənsiz başlayacaqdı. Ona görə də 12 mil geriyə doğru qaçırdım, sonra da meydanda qaçmağa davam edirdim.

Bəs velosipedi qazansam? Qızları velosipedimlə apara bilərdim. Onlardan birinə məktəbə kimi birgə getməyi təklif edə bilərdim. Mən kişiyəm – sadəcə 12 mil üçün.

Var gücümlə çalışırdım...

Məktəbdən qayıdanda görürdüm ki, atam hələ də arxasında bidon, oradadı. Bütün günü sahədə olurdu, sonra da əlavə pul qazanmaq üçün kiçik bara üz tuturdu. Cavanlığında yaxşı futbolçu olub, ancaq pulu olmadığından, böyük şəhərlərə gedə bilməyib. Nəticədə skautların diqqətindən kənarda qalıb. Mənim o şansı əldə eləməyimi istəyirdi, ölümü bahasına olsa belə...

Ekran qaralır.

Bazar günüdü. Ağ-qara televizorumuzda futbola baxırıq. Antenin ətrafında tel süngər var. Onun köməkliyilə şəhərdən siqnalı ala bilirik. Evdə sevinc hakimdi. Bizim üçün həftənin ən yaxşı günüdü.

Ekran qaralır.

Atam köhnə maşını ilə məni şəhərə aparır – skautların önündə özümü göstərməyə çalışacam. Mexanikadı, maksimum ikiyə ata bilir: yavaş və daha da yavaş. Tüstü qoxusu...

Ekran qaralır.

Artıq 13 yaşım var. Ailəmdən uzaqdayam. Böyük şəhərdə, gənc futbolçular üçün olan akademiyadayam. 100 uşaq kiçik yataqxanada - həbsxanaya bənzəyir. Evi tərk etməmişdən öncə atam mənə şəhərdən yeni forma almışdı. Sayəsində qarderobum böyüyüb, çünki o günə kimi sadəcə bir formam var idi.

İlk məşq günündən sonra yeni formamı ciyədən asdım ki, qurusun. Sabahsı gün artıq orada yox idi; kimsə götürmüşdü. O zaman anladım ki, ora ferma deyil, əsl dünyadı – belə adlandırıram, çünki orada başını bəlaya salmaq an məsələsi idi.

Otağıma qayıtdım, acından ölürdüm. Bütün gün məşq edirdik, ancaq buna baxmayaraq, düşərgədə kifayət qədər yemək yox idi. Kimsə paltarlarımı oğurlamışdı, ailəm üçün darıxırdım və mən oradakı ən yaxşı futbolçu deyildim. Bacarığıma görə oradakı 100 nəfər arasında 51-ci olardım. Mən də özümə söz verdim.

Özümə dedim: “Atanı qürurlandırana qədər fermaya qayıtmayacaqsan. Bacarığına görə 51-ci ola bilərsən, ancaq əzminə görə 1 və ya 2-ci olmalısan. Döyüşəcəksən. Nə olursa-olsun, evə qayıtmayacaqsan”.

Ekran qaralır.

Artıq 18 yaşım var. Futbol həyatımdakı nadir yalanlarımdan birini danışıram.

Braziliya liqasında “Baiya” forması geyinirdim. Skautlardan biri gəldi və mənə dedi: “Sevilya” səninlə müqavilə imzalamaq istəyir”.

Mən: “Sevilya”! Möhtəşəm.
Skaut: Bilirsən ora haradı?
Mən: Əlbəttə, Sevilyanın hara olduğunu bilirəm. Seviiiiilya.

Əslində, Sevilyanın harada olduğu barədə heç bir ideyam yox idi. Göylərdə ola bilərdi. Ancaq deyiliş formasından hiss edirdim ki, önəmlidi. Beləliklə, mən yalan danışdım.

Bir neçə gün sonra ətrafdakılardan öyrəndim ki, “Sevilya” “Barselona” və “Real”a qarşı oynayır. Portuqalca belə anlarda işlətdiyimiz bir söz var. Öz-özümü onu dedim: “Agora”.

Ekran qaralır.

Sevilyadayam. Aclıqdan o qədər arıqlamışdım ki, komanda yoldaşlarım və məşqçilər mənə sanki gənclərdən ibarət komandada oynamalıyam kimi baxırdılar. Həyatımın ən ağır 6 ayının ortasında idim. Dillərini bilmirdim. Məşqçi mənə inanmırdı və ilk dəfə ciddi-ciddi evə qayıtmaq barədə düşünürdüm. Sonra niyəsə atamın 13 yaşım olanda mənə aldığı formanı xatırladım – oğurlanan formanı. Atamı belində bidonla düşündüm – kimyəvi maddələri səpərkən. Və birdən qalmaq qərarına gəldim; dili öyrənəcəkdim, yeni dostlar tapmağa çalışacaqdım. Beləliklə, ən pis ehtimalla Braziliyaya qayıdanda paylaşmağa təcrübəm olacaqdı.

Məşqçi hamıya göstərişlər verirdi: “Sevilya”da müdafiəçilər mərkəz xəttini keçməyəcəklər. Olmaz”.

Bir neçə oyun deyilənə əməl elədim: topu sadəcə irəli atırdım, xəttə baxa-baxa - hasarı aşmağa qorxan it kimi. Sonra bir oyunda, özüm də səbəbini bilmədən xətti keçdim. Özüm olmalı idim.

Öz-özümə dedim: "Agora".

İrəlilədim. Hücum, hücum, hücum.

Məşqçi dilləndi: “OK, Dani. Yeni planımız: “Sevilya”da hücuma çıxa bilərsən".

Sadəcə bir neçə mövsüm ərzində, düşmə xəttində mübarizə aparan klub iki dəfə UEFA kubokunu qazandı.

Ekran qaralır.

Telefonum zəng çalır. Menecerimdi.

“Dani, “Barselona” səninlə maraqlanır”.

Bu dəfə yalan danışa bilməzdim. Barselonanın harada olduğunu bilirdim.

Bu, hər oyundan əvvəl aynanın önündə duranda beynimdə canlanan filmdi. Sonda həmişə eyni şeyi özümə deyirəm:

Mən heçdən bura gəlmişəm.
Mən buradayam.
Qeyri-realdı, amma mən buradayam.

18 yaşım olanda sadəcə “Barselona”ya qarşı oynayan komandada çıxış eləmək ümidi ilə okeanın digər tərəfinə keçdim. “Barça”da oynadığıma görə qürur hissi keçirmək? İnanılmaz idi. Əsl dahinin şahidi olmuşdum.

Məşq sessiyalarından birini xatırlayıram. Messi topla məntiq çərçivəsinə sığmayan hərəkətlər edirdi. Təbii, hər gün elədiklərindən biri idi. Ancaq bu dəfə nəsə fərqli görünürdü.

Xatırlatmaq istəyirəm. Olduqca gərgin məşq sessiyası idi, yəni ortalıqda boş-boş gəzişmirdik. Messi müdafiənin arasında driblinq edib, tamamlayırdı.

Budu, yanımdan keçir. Mən isə onun butslarına baxa-baxa düşünürəm: Bu, zarafatdı?

Yenə yanımdan keçir, düşünürəm: Bu, imkansızdı.

Bir daha... Artıq gördüklərimdən əminəm. 

Butsları bağlı deyil – hər ikisi.

Tamamilə açıq idilər. Bu adam dünyanın ən yaxşı müdafiəçilərinə qarşı meydan boyu süzürdü, sanki bazar günü parkdadı - elə hərəkət edirdi. Həmin an başa düşdüm ki, həyatım boyunca bir də onun kimi biriylə oynamayacam.

Və təbii ki, Pep Quardiola.

Kompyuter dedikdə Stiv Cobs, futbol dedikdə isə Pep başa düşülür. O, dahidi. Bir də deyirəm: dahi.

Pep oyunda nələrin baş verəcəyini dəqiqliyi ilə sənə deyə bilər. Məsələn, 2010-cu ildə “Real”a qarşı oynayıb, 5:0 hesabı ilə qələbə qazandığımız matç. Pep oyundan əvvəl bizə demişdi: “Bu gün topla atəş topu kimi davranın. Ayağınızda saxlamayın. Saniyənin yarısı belə olsa, saxlamayın. Buna əməl eləsəz, onların təzyiq eləmək üçün vaxtı olmayacaq. Asanlıqla qələbə qazanacağıq”.

Onun oyunöncəsi nitqlərindən birini dinləyib, meydana çıxanda hesabda 3:0 öndə imiş kimi hiss edirdik. Özgüvənimiz yüksək, hazırlıqlı, sanki qələbə qazanırmış kimi...

Gülməli tərəfi: oyunumuz alınmayan günlərdə fasilədə Pep alnını ovuşdurardı. Bilirsiz də necə? Yəqin ki, görmüsüz, hə? Elə bil beynini masaj edir - dahiyanə fikirlərdən birini axtarırmış kimi...

Bunu paltardəyişmə otağında önümüzdə edirdi. Və birdən ideya gəlirdi: “Tapdım”. Sonra göstərişlər verməyə başlayırdı – lövhədə riyazi qeydlər aparıb, fiqurlar çəkərək. “Biz bunu, bunu və bunu edəcəyik. Və bu da necə qol vuracağımız..."

Meydana çıxırdıq və bunu, bunu və bunu edirdik, sonra da qol vururduq. Dəlilik idi.

Pep mənə topsuz oynamağı öyrədən ilk məşqçidi. O, bizdən sadəcə oyunu dəyişməyi tələb eləmirdi. Bizə niyə dəyişməli olduğumuzu video və statistikalarla izah edirdi.

Həmin “Barça” məğlubedilməz idi. Sanki əzbərdən futbol oynayırdıq. Nə edəcəyimizi əvvəldən bilirdik. Düşünməyə ehtiyacımız yox idi.

Bax buna görə də “Barça” bu günə kimi qəlbimdədi. Buna görə Çempionlar Liqasının ¼ finalında “Barça”nı mübarizədən kənarlaşdırdıqdan sonra Neymara yaxınlaşıb, onu qucaqladım. Ağlayırdı, o an sanki mənim də bir hissəm ağlayırdı.

İnsanlar bu hekayəni oxuduqca sirləri niyə paylaşdığımı düşünürlər – təsəvvür edə bilirəm.

Həqiqət budu ki, mənim 34 yaşım var. Bundan sonra daha nə qədər oynayacağımı bilmirəm. Bəlkə iki, ya da üç il. Ancaq hiss edirəm ki, insanlar sanki məni və hekayəmi başa düşmürlər.

Bu mövsüm “Yuventus”a keçməyim evimi tərk eləməyə bənzəyirdi – 13 yaşımda akademiyaya getdiyim kimi. 18 yaşımda İspaniyaya köçərək yenidən eynisini təkrarlamışdım. Və 33 yaşımda bir daha – bu səfər İtaliya.

İlk günlərdə “Yuve” tamamilə yeni məktəb kimi idi. Həyatım boyunca hücuma çıxmağı sevmişəm. Amma bu səfər müdafiənin hər şeydən daha üstün olduğu bir yerdə idim. 

Yenidən bağçadakı it idim. Hasara gözümü zilləmişdim.

Getməliyəm?

Amma getmədim. Mövsümün əvvəlində “Yuve”li oyunçuların, onların fəlsəfələrinə və tarixlərinə hörmətlə yanaşdığımı bilmələrini istəyirdim. Əmin olduqdan sonra güclü tərəflərimi göstərməyə cəhd elədim.

Bir gün mərkəz xəttinə baxdım və öz-özümə dedim: “Getməliyəm?”

...Agora.

Hücum, hücum, hücum. (Hə, bəlkə bu səfər bir az da müdafiə, yoxsa Buffon üstümə qışqıracaq)

Bəzən düşünürəm ki, həyat dairəyə bənzəyir. Bax, argentinalılardan canımı qurtara bilmirəm. “Barça”da Messi var idi, “Yuve”də Dibala. Dahilər hər yerdə məni izləyir.

Bir gün məşq zamanı daha öncə Messidə gördüyüm bir şeyi Dibalada gördüm. Sadəcə istedadın təcəssümü deyildi. Onu həyatım boyunca dəfələrlə görmüşəm. O istedadın təcəssümü ilə dünyanı fəth eləmək istəyinin qarışığı idi.

“Barça”da biz əzbərdən oynayırdıq.

“Yuve”də başqadı. Kollektiv zehniyyəti bizi Çempionlar Liqasının finalına daşıdı. Fit çalınanda, situasiyadan asılı olmayaraq, qələbə qazanmağın bir yolunu tapırıq. “Yuve”də qələbə qazanmaq təkcə qol demək deyil, burada qalib gəlmək xəstəlik kimi bir şeydi. Bəhanələrə yer yoxdu.

Bu şənbə günü 34 yaşımda 35-ci titulumu qazanmaq şansım var. Bu, mənim üçün xüsusi şansdı. “Barselona” idarə heyətinə məni göndərməklə səhvə yol verdiklərini sübut eləmək kimi bir dərdim yoxdu. Bilirəm ki, onlar heç vaxt bunu qəbul eləməyəcəklər. Mövzu bu deyil.

Braziliyada akademiyada olan zaman, atamı qürurlandırmadıqca fermaya qayıtmayacağımı dediyimi xatırlayırsız?

Atam çox emosional adam deyil. Onu nə vaxt doğrudan da qürurlandırdığımı heç bilmirəm. Karyeramın böyük bir hissəsində Braziliyada olub. Amma 2015-ci ildə Berlində idi; ilk dəfə məni Çempionlar Liqasının finalını qazanarkən görürdü. “Barça” həmin vaxt futbolçuların ailələri üçün xüsusi parti təşkil eləmişdi. Kuboku xəyallarımıza çatmaqda bizə yardımçı olan insanlara verirdik. Sıra mənə gələndə, onu atama təqdim elədim. Bir qulpundan o, digərindən mən tutdum və şəkil çəkdirdik.

Portuqalca bir ifadə işlətdi, ancaq tərcümə eləməyim etik cəhətdən düzgün olmaz.

Sadəcə, belə bir şey idi: “Oğlum artıq kişidi”.

Uşaq kimi ağlayırdı. Həyatımın ən böyük anı idi.

Şənbə günü növbəti Çempionlar Liqası titulu üçün oynamaq şansım olacaq – tanış rəqibə qarşı. Həmişəki kimi yenə Kriştianonu analiz edəcəm.

Həmişəki kimi oyundan öncə yenə aynanın önünə keçəcəm və eyni filmi beynimdə canlandıracam. Ekran qaralacaq və mən xatırlayacam:

Betondan yataq...
Nəm torpağın iyi...
Atam - belində bidon dolusu kimyəvi maddələrlə...
Məktəbə velosipedlə 12 mil yol...
Yeni forma...
Boş ciyə...
"Əlbəttə, Sevilyanın harada olduğunu bilirəm".
Mən heçdən gəlmişəm.
Mən indi buradayam.
Qeyri-realdı, amma mən buradayam".

Tərcümə: Rüfət Məcid