19 Ekim 2015

SuperBrat


"Londonda oteldə idim. Yatmağa çalışırdım. Gec idi, 11-12 olardı və ertəsi gün TV-də şou proqrama, ya da ona bənzər bir dəvətə qatılmalı idim. Yuxarıdan pis səslər eşidirdim. Gecənin bu vaxtı kim olar? - deyə düşünürdüm. Elektro gitarada "Rebel Rebel"i tərəddüd içində çalırdı. Dayanırdı, sonra yenidən başlayırdı. Necə ifa etmək lazım olduğunu göstərmək üçün yuxarı qalxdım. Qapını açdım və "Əgər sən ifa edirsənsə..." demişdim ki, sözüm yarıda qaldı. Con Makinro idi. Zarafat etmirəm (gülür). O zamanlar özünü gitara ifaçısı zənn edən Makinro idi. Belə şeylər filmlərdə olur, hə?" - Devid Boui.

Söhbət məşhur tennisçi Con Makinrodan gedir. Tennisin nisbətən yuxarı təbəqəyə daha çox xitab edən idman növlərindən olduğu sirr deyil. Bu səbəbdən də tennisdə etik qaydalara riayət olunması digər idmanlara nisbətən daha önəmlidi. Amma bu adam başqa idi. Oyununu canlı izləyənlər hər dəfə yeni bir söyüş öyrənirdilər. Özündən çıxan kimi açırdı ağzını. Hətta bir ara söyüşlər eşidilməsin deyə kortlardakı mikrofonları yığışdırmaq istəyirdilər. Xüsusilə də hakimlər ondan çox çəkiblər. Bir Stokholm-84 hadisəsi var ki, dillərə dastan. Çox vaxt da tələbində haqlı olurdu. Uduzmağı heç vaxt qəbul edə bilmirdi. Karyerasını bitirəndən sonra veteranlar arasında oynanılan görüşlərdə çıxış edirdi. Orda belə Makinronu tez-tez etiraz edərkən görə bilərdiniz. Bu və bənzəri hadisələri nəzərə alan ingilis mediası ona "SuperBrat" ləqəbini uyğun bilmişdi.

Xarakterinin beləliyinə baxmayın, Makinro həm də dövrünün ən yaxşılarından olub. Kontinental forhəndiylə tanınırdı. 4 "US Open", 3 "Uimbldon" çempionluğu var. O da "Rolan Qarros" zərərçəkənləri qrupuna daxil olan məşhur tennisçilərdəndi. "Avstraliya Open"i qeyd etmirəm, çünki o dövrlərdə AU-ya o qədər də "Böyük dəbilqə" kimi baxmazdılar. Çox vaxt yerli tennisçilər Avstraliyada korta çıxardılar. Makinronun Byorn Borqla olan rəqabəti tarixin ən yaxşıları sırasında yerini alıb. Xarakterləri səbəbindən duelə "Fire and Ice" adı verilib. İki tennisçi arasında oynanılan bir Uimbldon-80 finalı var, baxmadan dünyadan köçmək günahdı. 2:1 Borq öndədi. 4-cü setin 10-cu qeymi, isveçlinin servis oyununda hesab isə 40:15. Borqun iki çempionluq xalı var. Amma Makinro hər iki xalı qaytarır, oyunu götürür. Setin taleyi tay-breykə qalır. Tay-breykdə gah Makinronun set xalı olur, gah da Borqun çempionluq xalı. Bir onda, bir bunda, sonda 10-cu qeymdəki 2 xal da daxil, ümumi 7 çempionluq xalını qaytaran Makinro 18:16 qalib gəlir və matçı 5-ci setə uzadır. Həlledici setdə isə gülən tərəf Borq olur. Makinro çox keçmədən "US Open"in finalında o məğlubiyyətin əvəzini çıxır.

P.S. Bu aralar Serena Uilyamsı uda biləcəyinə inanır.

15 Ekim 2015

Battle of the Sexes


Serena Uilyams kişilərin turuna qatılmalıdı – tez-tez bu cümləni eşidirəm. Yəqin ki, çoxu sırf maraq naminə, elə bir hal reallaşarsa, oyunun nəticəsinin necə olacağı barədə düşünür.
Tarixə nəzər salsaq, qadın və kişi tennisçilər bir neçə dəfə aralarında güclünü müəyyənləşdiriblər. Bu mənada "Battle of the Sexes" qarşıdurmalarını qeyd etməliyəm. Oyunların ilki 1973-cü il 13 may tarixində Kaliforniya/Ramonada keçirilib. Həmin gün 55 yaşlı Bobbi Riqqs Marqaret Kortla (30) qarşılaşırdı. Riqqs professional karyerasını çoxdan bitirməsinə baxmayaraq, tez-tez qadın tennisinə, o cümlədən tennisçilərə şifahi şəkildə sataşırdı. O, 55 yaşında belə əli raketka tutan ən güclü zərif cins nümayəndələrinə qalib gələ biləcəyini iddia edirdi. Əslində, Riqqs Billi Cin Kinqlə oynamaq istəyirdi, ancaq BCK onun təklifini rədd etmişdi. Əvəzində Marqaret Kort oynamağa razılıq vermişdi. 5 000 tennissevərin izlədiyi matçı lobları və dropları ilə diqtə edən Riqqs 2:0 (6:2, 6:1) hesabı ilə qalib gəlmişdi. Oyun Analar Gününə təsadüf etdiyindən “Analar Günü qətliamı” adlandırılır.
İlk “Battle of the Sexes” qarşıdurmasından sonra özünə güvəni daha da artan Riqqs qadın tennisini məsxərəyə qoymaqda davam edirdi. Bobbinin açıqlamalarının təsirində olan Billi Cin Kinq (29) təklif olunan müqavilənin yüksək maliyyə şərtlərini də nəzərə alaraq bu səfər - 1973-cü ilin sentyabrında - oynamağa razılıq verdi. İlk görüşdən fərqli olaraq, matç TV-də canlı yayımlanırdı. Qalib gələn tennisçi kassasına 100 min dollar əlavə edəcəkdi. Bobbi Riqqs korta Sugar Daddy jaketi ilə gəlmişdi. Buna görə o, 50 min dollar mükafat almışdı. Billi Cin isə korta Kleopatra kimi daxil olmuşdu. Kortun məğlubiyyətindən dərs çıxaran Kinq öz hücum oyununu oynamaq əvəzinə, Riqqsin soft şotlarının qarşısını almaq üçün beyslayndan oyun qururdu. Bobbi qarşılaşmanın gedişində servis-volleyə keçsə də, bunun bir faydası olmamışdı. Sürprizə imza atan Billi Cin 3:0 (6:4, 6:3, 6:3) hesabı ilə qalib gəlmişdi.
Sözügedən matçın üzərindən 40 ildən artıq müddət keçməsinə baxmayaraq, hələ də söz-söhbətlər səngimək bilmir. Riqqsin qəsdən uduzduğunu düşünənlərin sayı çoxdu. Bobbi mərci sevən insan idi. Onu tez-tez adi şeylər üstündə kiminləsə bəhsə girdiyini görə bilərdiniz. O, həmçinin qumara aludə olması ilə də tanınırdı. Kinqlə oyun ərəfəsində Bobbinin qumar borcları xeyli artmışdı. İddialara görə, Billi Cinə verilən əmsalın yüksək olduğunu görən Riqqs məhz borclarını bu yolla bağlamaq fikrinə düşüb. Oyun zamanı onun tez-tez dabl foul etməsi və sadə xətalara yol verməsi bu ehtimalları daha da gücləndirirdi. Əslində, bu iddiadan xəbərsiz olduğum halda, oyunun icmalına baxanda nəsə anormal şeylərin olduğunu mən də düşünmüşdüm. ESPN oyundan 40 il sonra Riqqsin qəsdən uduzduğunu iddia edən birini efirə çıxaranda hisslərimin məni yanıltmadığı qənaətinə gəldim. Həmin şəxs matçdan bir neçə gün əvvəl mafiya üzvlərinin oyun alqı-satqısı edəcəkləri barədə söhbətini eşitdiyini bildirirdi. Onun sözlərinə görə, məğlubiyyət müqabilində Riqqsin borcları sıfırlanacaqdı. Digər tərəfdən isə Riqqsin ən yaxın dostu Lornie Kuhle, oğlu və rəqibi Kinq bu iddianı təkzib edirlər. Bu məsələ hələ də tam olaraq həllini tapmayıb. Riqqs sonradan Kinqlə yenidən oynamaq istəsə də, amerikalı qadın tennisçi buna razılıq vermədi. Təkcə ABŞ-da 50 milyon adamın izlədiyi Riqqs – Kinq matçı əsl “Battle of the Sexes” hesab olunur.
Seriyanın 3-cü oyunu, bir digər adla “Battle of the Champions” isə 1992-ci ildə keçirildi. Bu səfər Martina Navratilova (35) Cimmi Konnorsla (40) qarşılaşırdı. Las Veqas/Nevadanın ev sahibliyi etdiyi oyunda iki cins arasındakı fərq nəzərə alınaraq Konnorsa xal başına cəmi bir servis vurmaq haqqı verilmişdi. Həmçinin Navratilova üçün cütlər kortunun xətləri də aktiv idi. Bütün bunlara baxmayaraq, Konnors 2:0 (7:5, 6:2) hesabı ilə qələbə qazanan tərəf olmuşdu. Konnors daha sonra yazdığı “The Outside” avtobioqrafiyasında oyun ərzində rəqibinə 8 qeymdən çox verməyəcəyinə 1 milyon dollar mərc oynadığını etiraf etmişdi.
Serena ilə başlamışdım. Əslində, hamının maraqla gözlədiyi o an 1998-ci ildə reallaşıb. Karyerasının erkən illərində Serena və bacısı Vinus kişilərdə top-200-dən daha aşağıda qərarlaşan tennisçiləri məğlub edəcəklərini iddia edirdilər. Həmin vaxt ATP sıralamasında 203-cü olan Karsten Braş Uilyams bacıları ilə oynamaq istəmişdi. Səhəri qolfla açan, günə pivə və siqaretlə davam edən alman tennisçi, o vəziyyətdə belə Uilyams bacılarını sözlərinə peşman edə bilmişdi. İlk seti Serenaya qarşı oynayan Braş 6:1 hesabı ilə üstün olmuşdu. Alman ikinci setdə isə Vinusu məğlub etmişdi: 6:2.
Oyundan sonra Braş: “Onların 500-lükdə qərarlaşan hansısa kişi oyunçunu uda biləcəklərini də düşünmürəm. Çünki bu gün mən 600-cü biri kimi oynadım”. Uilyams bacıları isə bu dəfə top-350-dən daha aşağı olan kişi tennisçiləri məğlub edə biləcəklərini iddia edirdilər. Braşın onlara cavabı gecikməmişdi: “Serena ilə Vinusa dedim ki, gələn həftə turnirdə xallar itirəcəm və 350-dən aşağı düşəcəm”.
Serena bu məğlubiyyətə baxmayaraq, bir il sonra, yenidən kişi tennisçiləri məğlub edə biləcəyini deməkdən çəkinmirdi. O, hətta “Eurocard Open”də kişilərlə birgə mübarizə aparmaq üçün wild-card almaq istəyirdi. Ancaq bu, mümkün olmamışdı.
2013-cü ildə Endi Marrey və Serena Uilyams arasında şifahi razılıq əldə olunmasına baxmayaraq, hələ də qarşılaşma baş tutmayıb.
Bunlarla yanaşı, son illərdə Yannik Noa – Justin Enen və Li Na – Novak Cokoviç görüşləri keçirilib. Noanın korta qadın geyimində (döşlük və ətək) çıxmasını, Li Nanın isə hər qeymə 30:0 irəlidə başladığını qeyd etmək yerinə düşər.
P.S. Kim Kleysters Lleyton Hyuittlə sevgili olduğu zamanlarda avstraliyalıdan nəinki oyun, hətta bir xal belə almaqda çətinlik çəkdiyini etiraf etmişdi. Digər əfsanəvi qadın tennisçi Kris Evert isə avtobioqrafiyasında, karyerasının zirvəsində olduğu günlərdə kollec səviyyəsində tennis oynayan qardaşı ilə bacarmadığını qeyd etmişdi.

7 Ekim 2015

Kortların şoumeni


Hansısa idman müsabiqəsini izləyəndə bir anlıq hislərimizə hakim ola bilmədiyimiz anlar olur. Qəzəblənmək, əsəb – bunları nəzərdə tutmuram. Bir ötürmə, bir driblinq, bir dank, ya da tennis rallisi yaxşı mənada təsir edə bilir. Özümdən bilirəm. İstər-istəməz şüuraltı o anın qəhrəmanına qarşı kiçik simpatiya yaranır. Hadisələrin davamı olaraq zamanla həmin idmançını izləyən birinə çevirilirəm(ik).

Bu gün məşğul olduğu idman növünü insanlara daha da maraqlı edən biri haqqında yazacağam. Çox olur ki, ətrafımdakılardan tennisin sıxıcı idman növü olduğu ilə bağlı fikirlər eşidirəm. Əsasən konkret oyun vaxtının olmamasını, servislər yerinə yetirilərkən yaranan çox kiçik fasilələri və s. bu kimi şeyləri səbəb göstərirlər. Onlarla razılaşmasam da, irad bildirmirəm. Belə yerdə haqlılıq payı olan bir məşhur klişeyə qatılmaqdan başqa əlimdən heç nə gəlmir. Bu gün tennisdən sıxılanları da nəzərə alan birindən danışacağıma görə, hər kəs dəvətlidir.

Qael Monfis yeniyetmə olarkən qazandığı uğurlarla tennis dünyasına qədəm qoymuşdu. Professional olmamışdan öncə “US Open” xaric, digər “Böyük dəbilqə” turnirlərinin qalibi olan fransız 2004-cü ildə dünyanın ən güclü yeniyetmə tennisçisi hesab olunurdu. Professional tennisdə uğurlu olacağını demək o zaman üçün böyük uzaqgörənlik tələb etmirdi. Ancaq bu səfər təxminlərlə reallıq üst-üstə düşməyəcəkdi.

İlk öncə bir az tennis danışaq, sonra nöqtəni işin şou qismi ilə qoyarıq. Monfis bu gözlərin kişi tennisində gördüyü ən güclü atletlərdəndi. Atletizmini, gücünü oynunda maksimum əks etdirməyə çalışır. Beyslayndan oyun qurmağı sevir. Kifayət qədər güclü forhəndi var. Tez-tez istifadə etdiyi semi-western forhəndi dünyanın ən güclü tennisçilərinə başağrısı ola biləcək hər cür özəlliyə sahibdir. Bununla yanaşı, iki əl bəkhəndi də heç də pis deyil; lazım olan bucaqları yaxalaya bilir, flat vinnerlərlə ralliyə nöqtə qoyur. Servisləri sürətlidir. Servis texnikası isə Endi Roddikə çox bənzəyir. Uşaq yaşlarında bu mənada amerikalını təqlid etməyə çalışdığı üçün onda vərdiş halını alıb. Çox nadir hallarda istifadə etdiyi slayslar onun zəif nöqtəsidir. Yaxşı setka oyunçusu olmadığı üçün volleyləri də onun üstünlükləri sırasına aid edə bilmərəm.

Monfis beyslayna daha yaxın durub oyunu diqtə edə biləcək tennis oynasa, bəlkə də əlində daha çox alternativ olardı. Rəqibin səhv etməsinə yönələn taktika ilə müqayisədə nəzarəti öz əlinə götürməsinin daha çox xeyrinə olacağını düşünürəm. Amma yeniyetməlikdən qalan oyun üslubunda dəyişiklik etməməkdə israrlıdır. Gələk yazının başlıqla birbaşa əlaqədar olan qisminə - mental məsələlər. Monfisin get-gəlləri sevən biri olduğu hamıya məlumdur. Qoy arxasına Parisi, çıxar qarşısına Cokoviçi, Federeri, otur izlə. Lazım olan dəstəyi alanda öz standartlarının belə üstünə çıxa bilir. Digər tərəfdən isə kiçik bir psixoloji təsirlə onu məğlub etmək çətin deyil. Tez-tez tennislə yaxından maraqlanan dostumla onun haqqında danışarkən Monfisin kortda iki nəfərə qarşı oynayan tək tennisçi olduğunu qeyd edirik: özü və rəqibi. Özünü məğlub edə bilsə, bəlkə də hər şey başqa cür ola bilərdi. Buna görə də Monfisin top-5 oyunçusu olması mümkünsüzə yaxın bir şeydir. Onun üçün "ən həvəskar professional" bənzətməsi çox uyğun olardı. Hisləri bəzən çox ön plana keçir və içindəki uşaq ortaya çıxır. Monfisin içindəki uşaq ortaya çıxanda isə tennisdən sıxılmaq mümkün olmur. İndi hünərin var onu saxla. Bu, əslində, işin bizim xeyrimizə olan tərəfidir. Nə qeyri-adi, nə qəribə vuruş axtarırsınızsa, onları məhz Monfisin ifasında görə bilərsiniz. Adam bəzən fantaziyanın limitlərini o qədər aşır ki...

Şoumenin nələrə qadir olduğunu görməyiniz üçün sizi bir neçə maraqlı video ilə baş-başa buraxıram. Özü də tennisdən sıxılanları belə həyəcanlandıra biləcək dərəcədə gözəl görüntülərlə...







“Belə bir şey mümkün deyil, bu, ola bilməz” deyə düşündüyüm o qədər epizod olub ki, Monfis birbaşa göz görə-görə “Rüfət, mənə başqa şeylərlə gəl” deyərcəsinə onun üçün mümkünsüzün olmadığını isbatlayıb. Amma hər şeyin öz zamanı var. Hər istədiyində oyunu şouya çevirməyin nəticəsi ağır olur. Monfis də tez-tez o ağır nəticələrlə üzləşir. Tennissevərlərin bu qədər göz zövqünə xitab edən birinin uğurlu karyerasının olması heç də pis olmazdı. Kortların şoumeni son açıqlamalarının birində artıq mental olaraq böyüdüyünü və bundan sonra fərqli Monfis görəcəyimizi bildirmişdi. İnanmaq istəyirik: Allez, Monfis!

Monfis haqda bilinməyən maraqlı detallar:

- Osgood schlatter adlı xəstəlikdən əziyyət çəkir. Dizin alt hissəsindəki qaval sümüyünün ucunun kənara doğru çıxması xəstəliyin əsas əlamətidir. Əsasən də idmanla mütəmadi məşğul olan insanlarda rastlanılır. Bu səbəbdən də Monfis dizində sarğı ilə korta çıxır. Osgood schlatter bəzən fransızın kortda asanlıqla hərəkət etməsinə mane olur. Sözügedən xəstəlik Rafael Nadalda da var.

- “Gatorade”, “Powerade” və s. bu tip içkilər əvəzinə arada “Coca-cola” içən bir tennisçi görsəniz, bilin ki, o Monfisdi.


- Fransada U-13, U-14 yaş qruplarında keçirilən 100 m qaçış yarışlarının qalibi olub. Tennis sevgisi onu yüngül atletikadan uzaq salıb. Məşqçisinin dediyinə görə, istəsə, Yay Olimpiya Oyunlarında 100 m qaça bilər.


- Tennisçi olmasa, basketbolu seçəcəkmiş. Basketbolu çox sevir. NBA-da “Denver"ə azarkeşlik edir. Ən sevdiyi basketbolçu isə Karmelo Entonidir.


- Ən sevdiyi tennisçi Artur Eşdir.