29 Kasım 2015

Üçbucaqlar və yetişdirdikləri futbolçularla qazanılan qələbələr


İçəri girirsən. Barselona şəhərinin mərkəzində yerləşən köhnə, kərpicdən olan ferma ev ən yaxşı gənclər akademiyasına ev sahibliyi edir. Sizi dostyana qarşılayıb, qəhvə təklif edirlər. “La Masia” – katalan dilindən tərcümədə “ferma evi” mənasını verən “Barselona”nın akademiyası, “Milan”ın əfsanəvi “Milanello” məşq bazasını andırır. Hər iki təsis insanların birlikdə vaxt keçirməsi, kofe içməsi üçün nəzərdə tutulmuş yerləri xatırladır. Hərçənd “Masia” bənzərsizdi. O, qapının arxasındakı “Kamp Nou” stadionunda oynayan, dünyanın ən yaxşı komandası – “Barselona”nın yarısını "istehsal" edir. Lionel Messi, Xavi, Andres İnyesta və Karles Puyol bu ferma evində yetişiblər. “Liverpul”lu Pepe Reyna, “Arsenal”lı Sesk Fabreqas və “Everton”lu Mikel Arteta da həmçinin... Birlikdə dünyanın ən yaxşı 11-liyi ola bilərlər. Xoşbəxtlikdən “Masia”nın sirrini mənimlə paylaşmaları üçün akademiyanın 3 üzvü – Albert Kapelyas, Ruben Bonastre və skautlar qrupunun rəhbəri Pep Boade ilə birlikdə eyni masa arxasında oturmaq imkanım oldu.

Ferma evinin yüksəlişi 1990-cı ildə, Yohan Kroyf “Barselona”nı çalışdırdığı zamana təsadüf edir. Kroyf böyük futbolçu olub, ancaq onun kluba əsl hədiyyəsi gənc oyunçuları yetişdirmək idi. O, dünyanın ən yaxşı 3 gənc akademiyasından ikisini (“Ayaks” və “Barselona”) qurdu (“San Paulo” akademiyası müstəqil fenomendi). Kroyf “Barselona”da futbolçuların ötürmələrə söykənən məşq sessiyalarını başlatdı. Ona görə futbol meydanda üçbucaqlar yaradaraq paslaşmaq idi. Kroyf bunu bacaran futbolçuları seçirdi. Bu, “Barselona”nın əsas prinsipi olaraq qalır.

Kapelyas: “Oyunçular meydanda həmişə üçbucaq yaratmalıdılar”.

“Masia” təkcə yaxşı futbolçular deyil, həm də yaxşı insanlar yetişdirməyə çalışır

Boade: “Buradakı 50 oğlana ailəmizdən biri kimi yanaşırıq”. O, bunu yalandan, söz xətrinə demədi. Bəzi akademiyalar militarist qaydalarla idarə olunur, amma “Barselona”nın məşqçiləri katolik analara bənzəyirlər. Bu ailədə uşaqlar ev yeməkləri yeyir, tapşırıqlarını yerinə yetirir və öz davranışlarına diqqət yetirməyi öyrənirlər. Bəzən onlardan biri komandadan ayrılanda, digəri “Masia”nı tərk edən uşaqdan daha yaxşı futbolçu olmasında özünü günahlandırıb, ağlayır.

Akademiyadan çıxan oyunçular ulduz olduqdan sonra belə, tez-tez “evləri”ni ziyarət edirlər.

Boade: “Messi və İnyesta bəzən yemək üçün bura gəlirlər. Valideynləri kimi, bizə də problemləri ilə gəlmişdilər”.

Bonastre əlavə edir: “Messi, İnyesta və Viktor Valdes - onlar normal oğlanlar idi. Biz onların zəfərlərini də bilirik, çətin günlərini də”. “Barselona”nın əsas komandası geniş ailədi. “Masia”nın yeməkxanasının ağ divarında 1988-ci ildən qalmış bir foto var; 20 saçı uzun yeniyetmə oğlanın fotosu. Aralarındakı ən sısqa oğlan “Barselona”nın hazırkı baş məşqçisi Pep Qvardioladı. Yanında dayanan digər iki futbolçu isə onun köməkçiləri – Tito Vilanova və Aureli Altimiradı.

“Dairə yumrudu” – Kapelyas

“Masia”da yetişənlər indi buranı idarə edir. Kapelyas sözünə davam edir: “Qvardiola “Masia”dakı hər oyunçunun nəyə qadir olduğundan xəbərdardı. O, indidən 3 il sonra kimlərin əsas komandaya qoşulacağını bilir. Qvardiolanın ofisinin qapıları akademiya məşqçilərinin üzünə açıqdı”.

Bu əməkdaşlıq öz bəhrəsini verir. İstənilən məşqçi Messini komandasında oynadar, çünki o, dahidi. Amma.. Kapelyas əlavə edir: “Pedro ulduz deyildi. Pedro şanslı idi, çünki Qvardiola onu yaxşı tanıyırdı”.

“Barsa”nın məqsədi əsas komandanın yarısını “Masia”dan çıxan oyuçulardan təşkil etməkdən ibarətdi. Qısa müddətdə bu göstərici 60% də ola bilər.

Gənclərdən biri əsas komandaya qoşulanda, məşqçilər “Masia”nın köhnə oğlanlarından birinə, məsələn, İnyestaya ona yaxşı baxmasını tapşırırlar. İnyestanın cavabı belə olur: “Narahat olma, ona ən yaxşı şəkildə baxacağıq”.

Bonastre: “Əsas komandada oynamaq futbolçularımıza asan gəlir, çünki Xavi və İnyesta ilə birlikdə oynamaq akademiyadakı gənclərlə müqayisədə daha asandı”.

Bəlkə də “Kamp Nou”nu yaxından tanımaları onlara kömək edir: yataqxanaları belə, stadionun içərisindədi. Məşqçilərin sözlərinə görə, böyük klublardan çox az bir qisminin gənc oyunçulara şans verməyə cəsarəti çatır. “Barsa” və “Real”ın gəncləri qarşılaşanda onların təxminən eyni səviyyədə olduqlarını görürsən. Amma “Real”ın gəncləri çox nadir hallarda əsas komandaya düşə bilir. Bütün bunlar “Barselona”nın göstəriş xatirinə olan təbliğatı kimi görünə bilər, amma gerçək olan bir şey var, bu da “Masia”nın daha yaxşı işlədiyidi.

Bunun isbatını həftə sonları “Kamp Nou”da görə bilərsiniz: üçbucaqlar və yetişdirdikləri futbolçularla qazanılan qələbələr... (Saymon Kuper, 2009)

“Barselona” adlanan, özündə bu mükəmməl sistemi, mədəniyyəti ehtiva edən geniş ailə 116-cı ilinə qədəm qoyur. Sevimli Saymon Kuperdən bu yazını paylaşmaq üçün əlimə daha yaxşı fürsət düşməyə bilərdi. “Barselona”nın yaranışı bəhanəmiz olsun.

25 Kasım 2015

Best haqda bilmədiklərimiz - Barri Flayın qələmindən


Adətən adını eşidən əksəriyyət oynadığı futbolu öydükdən sonra içkiyə, qadınlara düşkünlüyündən danışır. Dumanlı Albionun əsl "dumanlı" oğlanının bilmədiyimiz fərqli yönləri də var idi. Barri Fray - yaxın dostu - Bestlə vidalaşmaq üçün qələmini işə salanda onlardan bəziləri gün üzünə çıxdı.

Best 17 yaşında qazandığı nə varsa, ailəsinə göndərərdi. Əlində bir şey qalmayanda imdadına Fray yetişərmiş. Belə bir gündə həmin yazıdan qısa bir hissə paylaşmaq pis olmaz deyə düşündüm:

"İllər sonra köməyə ehtiyacım olanda Corc məni unutmadı, hətta milyon dəfə artığını qaytardı. "Dansteybl Taun"a - ard-arda 8 il idi ki, çıxış etdiyi liqanı sonuncu sırada bitirirdi - yeni baş məşqçi təyin olunmuşdum. Məşqçi kimi ilk işim idi. Birinci oyunda stadionda cəmi 34 azarkeş var idi. Pul yox, komanda batmaq üzrə.. Məşqçilik karyeram başlamamış bitməyə yaxın idi.

Həmin yay Mançesterdə gecə klubunda Bestlə görüşdüm. Ondan mövsüm öncəsi "Dansteybl Taun" forması ilə, qonaq qismində meydana çıxmasını istədim. "Mançester Yunayted"lə hələ də müqaviləsi olmasına baxmayaraq razılaşdı. İyulda "Mançester Yunayted"ə qarşı oynadıq. Stadiona 34 əvəzinə 10 min adam toplaşmışdı. Kənarda isə 5 min azarkeş var idi. Bu, inanılmaz idi. O günə kimi insanların "Dansteybl Taun", o cümlədən mənim məşqçiliyim haqqında məlumatı yox idi. Oyundan əldə edilən gəlir sayəsində klubu yenidən qurduq.

İki il sonra "Dansteybl Taun" prezidenti həbs olundu. İki ay nə mən, nə də futbolçular maaş ala bildi. Yenə Besti imdada yetişdi. Bizimlə birlikdə "Luton Taun"a qarşı oynadı; heç nə tələb etmədən. Stadion doldu və hamı məvacibini aldı.

Bu da son deyil. "Barnet"də işləyəndə oxşar vəziyyət yaranmışdı. 6 həftə idi ki, klubda heç kim maaş almırdı. Vəziyyət bərbad, aşağı liqaya düşməyə yaxınıq. Bu dəfə də Best köməyimizə çatdı. Qonaq oyunçu qismində "Spurs"ə qarşı meydana çıxdı. O gecə klubun maliyyə problemləri həll olundu.

Bestə borcluyam, həmişə də belə olacaq. O olmasa, məşqçilik karyeramın davam edəcəyini düşünmürəm. Best mənim 31 illik dostum idi.

Qəzetlərdə yazılan Corc Best mənə yaddı, elə birini tanımıram. Mən böyük insanı və dünyanın ən yaxşı oyunçusunu tanıyıram.

Corc kiminsə onun üçün pis olmasını istəməzdi, çünki o, yaxşı həyat keçirdiyini qəbul edirdi. Sonda alkoqolizmə qarşı mübarizəsi bir az uzun müddət davam etdi. Xəstəlik kimi bir şey idi və qarşısını almaq üçün heç nə etmirdi.

Sadəcə, futbolçu karyerası kimi, həyatının da erkən bitməsinə görə təəssüflənirəm. Ancaq bir şeydən əminəm: Corc Best heç vaxt unudulmayacaq".

9 Kasım 2015

Life Kinetik

"Life Kinetik" müxtəlif beyin məşqlərini özündə birləşdirən bir sistemdir. Bu məşq sisteminin məqsədi beyinin imkanlarından ən yaxşı şəkildə istifadə etməyi təmin etməkdir. Kənardan baxanda "bunu etməyə nə var ki?" deyə biləcəyimiz qədər sadə hərəkətləri özündə birləşdirən "Life Kinetik" 3 hissədən ibarətdir:

1) bədənin idarə olunması
2) vizual qavrayışlar
3) yaddaş, xatırlama, hisslə bağlı bacarıqların inkişafı.

Bu məşğələlər nəticəsində beyinin ətrafdakı hərəkətlənmələrə reaksiyası daha da sürətlənir, qısası, daha tez düşünüb, reaksiya verə bilirik. Almaniyada təkmilləşən sistem idmanda da geniş tətbiq olunur. "Life Kinetik"i idman dünyasında məşhurlaşdıran alman xizəkçi Feliks Noyroyterdi. Sevərək tətbiq edənlərin başında isə Yürgen Klopp gəlir. "Borussiya"da işləyəndə hər çərşənbə gününü "Life Kinetik"ə ayırırdı. Yığırdı Roysu, İlkayı, Levanı filan başına, hərəsinin əlində 2-3 top, atıb tuturdular. Əlləri bir-birinə vuraraq, çarpaz formada tutaraq və s., müxtəlif variantların üzərində işləyirdilər. Klopp bir neçə dəfə "Life Kinetik"dən sonra oyunçularının meydanı görməsində böyük irəliləyiş olduğunu deyib. LK ən çox da "first touch" üçün ideal məşğələlərdəndir. Hazırda Almaniya başda olmaqla, Avropanın əksər klublarında tətbiq olunur. Nümunə kimi bu videoya baxa bilərsiniz:


3 Kasım 2015

Monika


Gəncliyi 80-lərin sonu, 90-ların əvvəllərinə təsadüf edənlərlə qadın tennisi haqda danışsanız, mütləq söhbətin böyük bir hissəsində Şteffi Qrafın adını eşidəcəksiniz. Qeyri-adi heç nə yoxdu. Necə indi ağzımızı açıb tennis deyəndə, avtomatik Serena eşidirik, o dövr üçün də Qraf elə idi. İmkan düşmüşkən onlardan bir də Monika Seleşi soruşun. Qrafın hegemonluğuna kölgə salan yuqoslav qız haqqında da mütləq danışası bir şeyləri olacaq.

Seleş oyununu ən çox bəyəndiyim qadın tennisçidi. Old school tennisə marağımı artıranların başında onun adı gəlir. Monika haqqında kiçik bir tarixçə danışacam. Sözünü etdiyim hadisə olmasa, bəlkə də bu gün Açıq erada ən çox Böyük dəbilqə qazanan qadın tennisçiləri sadalayanda Qrafın adını ən başda çəkməyəcəkdik.

Seleş 1992-ci ildə 3 Böyük dəbilqə seriyalı turnirin ("Avstraliya Open", "Fransa Open", "US Open") qalibi olmuşdu. 1993-ün startında da üzərinə düşən tapşırığın öhdəsindən gəlmiş, finalda Şteffini məğlub edərək "Avstraliya Open" zəfəri ilə mövsümə başlamışdı. Başa düşdüyünüz kimi, WTA reytinqində birinci pillədə qərarlaşan tennisçi Seleşdən başqası deyildi.

30 aprel, 1993, Hamburq. O vaxtkı adı ilə "Citizen Cup"ın 1/4 finalında Monika Seleş Maqdalena Maleyeva ilə qarşılaşırdı. Monika ilk setdə 6:4 hesabı ilə qalib gəlmişdi. İkinci setdə də üstün tərəf yuqoslav tennisçi idi: 4:3. 7-ci qeymdən sonra yaranan fasilə zamanı tennisdə bənzərinə rastlamadığım bir şey oldu. Oyunu birbaşa arenadan izləyən Qünter Parxe adlı alman azarkeş Seleşi kürəyindən bıçaqladı. Xəstəxanaya aparılan Monikanın vəziyyəti normal idi. Sağlığı üçün bir problem olmasa da, tennisə qayıtması çətin görünürdü. Üstəlik həmin günlərdə atasına xərçəng diaqnozu qoyulduğu barədə xəbər almışdı. Həmkarları isə ona biganə yanaşırdılar. Sanki hamısı onun karyerasını bitirməsini istəyirdi.

Monikanın bədəni tennis oynamaq istəsə də, beyni hər dəfə korta yaxınlaşanda həmin günə qayıdırdı. Depresiyaya düşən Seleş çarəni yeməklərdə tapmışdı. Özünün dediyi kimi, o artıq kartof qızartması yemək üzrə çempion idi.

WTA hadisədən sonra Seleşin birinciliyini saxlamaqla bağlı təklif irəli sürsə də, Qabriela Sabatinidən başqa turda olan qadın tennisçilərin heç biri bununla razılaşmadı. Seleşin özündə güc tapıb tennisə qayıtması 2 ilini aldı. Qayıtdı qayıtmağına, hətta "Avstraliya Open"in qalibi də oldu. Ancaq heç vaxt əvvəlki Seleş ola bilmədi. Bir də, heç vaxt Şteffinin vətəni Almaniyada korta çıxmadı.

Hadisəni törədən Qünter Parxeyə gəlincə, o, Şteffi Qrafın fanatı idi. Parxe psixoloji cəhətdən problemləri olduğu üçün həbsxana əvəzinə, xəstəxanaya göndərildi.

Həmin zaman Seleşin heç 20 yaşı tamam olmamışdı. Buna baxmayaraq, o artıq 8 Böyük dəbilqə turnirinin qalibi idi. Bunu əfsanə adlandırdığımız tennisçilərdən (Serena, Navratilova, Qraf, Kort, Evert) heç biri bacarmayıb. Oyunlarına baxmaq imkanınız olsa, fürsəti əldən verməyin. Məsələn, Qrafla oynadığı Fransa Open-92 finalı başlanğıc üçün idealdı. Hamburq hadisəsi həm Seleşin, həm Qrafın "Wikipedia"sında öz əksini tapıb. Birində karyerasının qırılma nöqtəsi kimi, digərində isə 22 BD titulu kimi...