24 Şubat 2017

Million years ago


Öz aləmimdə önəmli saydığım, maraqlı gələn, ya da nəsə bir xatirəsi olan şeyləri saxlamağı xoşlayıram. Çoxu da elə idmanla bağlıdı. Evdə onlar üçün ayrıca bir yer ayırmışam, arada orda eşələnirəm. Hər dəfə də nələrsə yoxa çıxır. Ən çox yandıranı anamın ilk formamı ("Barça"nın 100 illik forması) məndən xəbərsiz atması idi. Hə, bir də illərlə demək olar ki, heç qaçırmadığım "Futbol+" qəzetinin nömrələrinin atam tərəfindən "istismar" olunması var.

Bu "scorpion"lar 2002-nin söhbətidi - saqqızı çörək əvəzi aldığım vaxtlar idi. İçindən Dünya çempionatında iştirak edən yığmaların futbolçularının şəkilləri çıxırdı. Hansısa komandanın 11-liyini tamamlasan, hədiyyə filan verirdilər. Əlqərəz, Mendietanı tapdıqdan sonra İspaniyanı bitirmişdim. Əslində, İspaniyaya görə forma düşürdü, amma day-day 1 ay yubatdıqdan sonra forma əvəzi top veriləcəyini dedi. 10 yaşlı uşaq üçün nə fərqi... Əsas mövzu da elə topdu. Havanı necə vurmuşdularsa oval forma almışdı. Eynən amerikan futbolundakı topa bənzəyirdi. Görmüşük ki, topu olan uşağın məhəllədə öz "çəkisi" olur, mən isə olan-qalan hörməti də itirmişdim.

18 Şubat 2017

Krayf vs. Romario&Stoiçkov


Romario və Stoiçkov həmişə öz aralarında kimin daha yaxşı olduğuna dair müzakirələr apararmışlar. Onların dili ilə desəm, məqsəd klubun bossunu müəyyənləşdirmək imiş...

Günlərin birində məşqçi Yohan Krayf söhbətə müdaxilə edir və komanda daxilində tək söz sahibinin özü olduğunu deyir. Məsələyə futbol-yaş prizmasından baxan ikili hollandiyalının sözlərini gülüşlə qarşılayır. Bunu görən Krayf "problem"i onların üsulu ilə həll etmək qərarına gəlir. Mini-müsabiqə təşkil olunur: hər iki futbolçuya cərimə meydançası xəttinin kənarından 10 zərbə vurmaq haqqı verilir. Şərt sadədi: tiri daha çox dəqiq nişan alan ən yaxşı seçilir. 3:2 - nəticə Romarionun xeyrinə olur. Braziliyalı yenicə sevinməyə başlamış Krayf topun başına keçir və 6 dəfə tirə vurur, sonra da hər ikisinə işləriylə məşğul olmalarını tapşırır. Romario ilə Stoiçkov hollandiyalının bəxti gətirdiyində israr edir. Krayf geri dönür, bu dəfə sol ayağı ilə nişangahı vurur. Mövzu ordaca bağlanır.

P.S. İllər sonra Krayf son zərbənin şans əsəri alındığını etiraf etmişdi.