İndividual və komanda ilə birlikdə qazandığı titullardan danışmaq fikrində deyiləm. Anrinin karyerasını 400-500 sözlə tam əhatə etməyim mümkünsüzdü. Çünki söhbət 2000-ci illərin ən yaxşı hücumçularından birindən, bəlkə də ən yaxşısından gedir. Onun haqda yazmamışdan öncə Arsen Vengerə kiçik bir paraqraf ayırmaq istəyərdim. Venger bir vinqerin həyatını dəyişdi. Arsen o addımı atmasa, nə mən bu gün Anri haqqında fikirlərimi bölüşürdüm, nə Conatan Sayds onun haqqında sənədli film çəkmişdi, nə də Filipp Okleyr “Lonely at the top” avtobioqrafiyasını yazmışdı. Arsenə Anridən danışanda ilk olaraq yaşını soruşdu, 21 dedilər. Əslində Venger onu dörd il öncə izləmişdi. Anri onun gizli potensialına bələd olan və gənclərlə işləməyi dünyada ən yaxşı bacaran məşqçilərdən olan Vengerin əlində bişdi desək, yeridi. Venger ilk olaraq onun sürətli olduğunu, ancaq bunun sağ cinahda bir o qədər komandaya və özünə xeyr gətirməyəcəyini bildirərək, mərkəz hücumçusu kimi oynamasını məsləhət gördü. Anri təəccübünü gizlətməmişdi. Çünki hamı onu vinqer kimi tanyırdı. Ancaq “Yuventus” karyerasının ardından itirəcəyi heç nə yox idi. Tyerrinin "Arsenal"a satılması bəlkə də “Yuventus” tarixinin ən böyük səhvləri arasında top 5-ə girər. Sanki “Yuve”yə təkcə ən yaxşı fransız futbolçular “Yuventus”dan çıxar (Mişel Platini, Didye Deşam, Patrik Viera, Lilian Turam, Zinəddin Zidan) sözünü doğrulamaq üçün getmişdi. “Qoca Sinyora” rəhbərliyi illər sonra bunun fərqinə varsa da, sonrakı peşmançılıq fayda verməmişdi. Arsen bu səhvi bağışlamadı və vinqerdən vinner yaratdı. Finiş bacarığını inkişaf etdirməyə yönəldilmiş individual məşqlər və Anrinin futbol İQ-sunun çox olması tapşırılanları tez mənimsəməsinə yardımcı olurdu. Nəticə özünü çox gözlətmədi. Vengerin əsas planı sadəcə “Real”a transfer olan Anelkanın boşluğunu doldurmaq idi. Doldurdu doldurmağına, hətta istədiyindən artığını da aldı. İllər keçəcək və Anri "Arsenal" əfsanəsi İan Rayta məxsus klub tarixinin ən məhsuldar oyunçu rekordunu 228 qolla tarixin yaddaşına qovuşduracaqdı.
Bir neçə il bundan öncə TV-də canlı yayımlanmayan matçların hesabına "Livescore", "Soccerstand" kimi saytlarda baxanda bəzən “Arsenal”ın 4,5 qol vurduğunun şahidi olardım. O an ilk düşündüyüm şey yəqin ki, sizə yad olmaz: “Anri dəqiq 2-3-ün vurub”. "Play Station"da bizə R2-nin nəyə lazım olduğunu öyrədən adam da Anriydi. Ancaq futbol simulyatorunda belə onun kimi zərbə (plase) vura bilmirdik. Topa ayağının içi ilə incə toxunub, qapıya göndərməyini necə izah etmək olardıkı? Sanki Tayqer Vuds ayron qolf çubuğu ilə topu çuxura göndərirdi.
Sprinterlərə xas sürət, texnika, finiş qabiliyyəti, fiziki güc, ara pasları əvvəlcədən hiss etməsi və vinqerlikdən qalma özəlliklərini də qatsaq, ortaya mükəmmələ yaxın bir şey çıxır. Hər nə qədər Şevçenko, Rud Van Nistelroy, Maykl Ouen və s. bu kimi güclü sayılan forvardlarla eyni dövrdə oynasa da, onların heç biri Anri qədər komplekt deyildilər. Bəziləri Rudu ondan daha yaxşı hücumçu kimi qələmə verirdi. Nəticədə Nistelroyla Tyerri arasında rəqabət yaranmışdı. Təsadüfdən həmin rəqabət İspaniyada da davam etmişdi. Rudu pisləmək fikrində deyiləm, onun adı gələndə ağlıma gələn tək şey var - qol. Rud və qol sözləri bir-birinə o qədər yaraşırdıkı... Ola bilər hollandiyalının qol duyumu daha yaxşı idi, amma heç vaxt Anri qədər komplekt forvard olmağı bacarmamışdı. Tyerri cərimə meydançasının mərkəzində Rud kimi top gözləyən biri olmayıb. Düzü, Vengerin ondan Nistelroy olmasını istəməsi fransızın istedadına ayıb olardı. Tyerri adətən cərimə meydançasında basketbolun 3 saniyə qaydasını həyata keçirərdi. Əslində hər iki forvardın mövqeləri eyni olsa da, missiyaları bir-birindən fərqli idi. İngilislərdə “clinical forward” deyilən bir ifadə var. Bu ifadənin bəzən tam mənasını başa salmaq üçün sadəcə bir söz işlədirdilər və o da yetərli olurdu: Tyerri Anri.
Əgər onunla müqayisə olunan futbolçular Tyerri qədər daha uyğun mövqedə olan futbolçulara ötürmə versəydilər, onların bombardirlik keyfiyyətlərindən də danışmazdıq. Anri “Arsenal” karyerası ərzində təkcə vurduğu qollarla deyil, həm də etdiyi 93 asistlə yadda qalıb. Bu bəzi pleymeykerlər üçün belə əl çatmaz nəticə hesab olunur. Bunu bacaran isə mərkəz hücumçusu idi. Ancaq illər keçdikcə Lionel Messi adlı biri gəldi və bu mənada ikinci bir nümunəni bizə göstərdi.
Fransızın birə-bir mübarizələrdəki üstünlüyü də ayrı bir yazı başlığı ola bilər. Təkə-tək mübarizədə Anri ilə başa çıxa biləcək müdafiəçi sayı bir əlin barmaq sayını keçməzdi. Bu sıraya dünyanın ən yaxşısı sayılan (bəzən şişirdilmiş şəkildə) italyan müdafiəçiləri də qata bilərsiniz, yetərincə sərt olan ingilis stoperləri də... Bəzən sürəti və cəldliyi hesabına etdiyi driblinq və fintləri "slow motion"un köməkliyilə tam olaraq anlamaq olurdu. Hakimlər tərəfdən ən çox başı ağrıyan futbolçulardan biri də elə Anriydi. Yox, o, tez-tez qayda pozan futbolçulardan deyildi. Sadəcə ən çox yanlış offsayd qərarı yəqin ki, elə fransız futbolçu haqqında verilib. Referiləri də qınamamaq lazımdı. Eyni xəttdə olduğu futbolçudan saniyə içərisində yoxa çıxacaq dərəcədə uzaqlaşması hakimləri çaşdırırdı, ya da sadəcə rəqib qolkiperlərə yazıqları gəlirdi. Normal insanın topla sürətlə gedib dayandıqdan sonra, üstəlik qarşısında rəqib müdafiəçi olmasına baxmayaraq, birdən-birə əvvəlki sürətinə qovuşa bilməsinin mümkünlüyünü də mən onun ifasında görmək imkanı tapmışdım. Sözümə dəstək olsun deyə, Con Terridən bir sitat gətirmək istəyərdim:
“Bəzən onu görürsünüz, ancaq bir saniyə sonra yoxa çıxır. Onu harda tapacağınızı heç vaxt bilmirsiz”.
“Barselona”ya transfer olduğu zaman “gunner”lərin bəziləri bunu xəyanət kimi yozurdu. Maldini “Milan”a, Cerrard "Liverpul"a, Puyol “Barselona”ya necə ömürlük aidiydisə, o da elə olmalı idi. Bir tərəfdən razıyam, bəlkə də əfsanənin karyerasına elə sonluq yaraşardı. Ancaq yenə də bunu xəyanət kimi görmürdüm. Bəzilərinə görə, Devid Deynin olmaması səbəbindən, bəzilərinə görə isə Anri tək əksiyi olan Çempionlar Liqasını qazanmaq üçün gəmini tərk etmişdi. Mən isə bəzən TH-in gənc potensiallı komanda yoldaşlarına yol açmaq fikrində olduğunu düşünürdüm. Çünki o meydanda olarkən digərləri çox arxa planda qalırdılar. Anri və Anrisiz matçlar arasındakı fərqi açıq-aydın hiss etmək olurdu. Nəticədə bir sonrakı mövsüm Anri yox idi, amma idarəetmə Fabreqasın əlindəydi. London klubu göstərdiyi oyunla bir çox futbol şərhçisinin fikirlərini alt-üst etmişdi. Səbəbimin nə dərəcədə doğru olub-olmadığını bilmirəm, amma ən azından buna ümid edirdim. Yoxsa, uşaqlıq qəhrəmanlarımdan birinin sadəcə ÇL və ya uğurlar üçün bunu etdiyini düşünmək belə istəmirdim. "Barselona" azarkeşi olsam belə, onu "Sega", "Dreamcast", "O2" yazılan formada görmək üçün darıxırdım.
Tyerri 2012-ci ildə “Arsenal”a qısa müddətli qayıtdı. İnanmıram ki, “Lids”lə oyunda (9 yanvar, 2012-ci il) vurduğu qolu hansısa “gunner” unutsun. O an hamımız duyğulara qapılıb 1-2 dəqiqəlik "Arsenal"lı olmuşduq. Anri o anları doyunca yaşamışdı, bəlkə də karyerasının ən uzun qol sevinci məhz "Lids"lə görüşə təsadüf etmişdi. O, yenidən illər öncəsinə qayıtmış, Londona ayaq basdığı günü, "Sauthempton"a vurduğu ilk qolu, "Hayberi"nin qapısını "Uiqan"a vurduğu qolla bağlayıb, "Emireyts"in açılışını etdiyi günləri xatırlamış, yenidən aid olduğu yerdə olduğunu hiss etmişdi.
Onun ən sevdiyim özəlliklərindən biri isə karyerasının son günlərində də formada olması idi. Həmişəki kimi qolunu vurur, asistini edir və onu özünəməxsus şəkildə qeyd edirdi. Bu yaxınlarda Almaniyanın "11freunde" portalında onun karyerasını bitirməsi ilə bağlı yazılan bir fikir diqqətimi çəkdi: “Niyə bizi Ronaldo, Messi və onlar kimi futbol simulyatorlarından çıxmış həqiqətdən uzaq reklam ulduzları ilə baş-başa buraxdın? Vurduqları qollar hamısı bir-birinə bənzəyir. Amma səninkilər...İncə, möhtəşəm və inanılmaz idilər”. Təəssüf ki, o da getdi, uşaqlığımın qəhrəmanlarından biri son qolunu "Sky Sports"la anlaşaraq BBC və "BT Sports"a vurdu.
“Hanri”, “henri”, “onri”, “anri” - adını hər formada eşitmişdik. Adının necə səslənməyindən asılı olmayaraq, o bizim üçün sevimli 14 nömrə olaraq qalacaq. Bəzən yaşımın Maradona, Pele, Best, Kroyff, Van Basten və s. bu kimi əfsanələrin oyunlarını görəcək qədər çox olmamasına təəssüflənirəm. Ancaq mənim də artıq bir gün gələcək nəsillərə haqqında danışa biləcəyim və onu izləmək imkanım olduğu üçün sevinəcəyim biri var: Tyerri Anri.