23 Ağustos 2016

Qolsuz əfsanə


Ordudan qayıtdıqdan sonra karyerasını Stuttgart'da davam etdirən Robert Schlienz'in həyatı 1948-ci ilin avqustunda tamamilə dəyişir. İlk öncə - 13 avqustda - anasını itirir. Buna baxmayaraq, Offenbach'la oynanılacaq görüşdə meydana çıxmaqda israr edən alman futbolçu bir gün sonra maşını ilə stadiona gedərkən qəzaya düşür. Qəzanın nəticələri ağır idi: həkimlərin təkidi ilə Schlienz'in sol qolu amputasiya olunmuşdu.

Schlienz bir daha futbol oynaya bilməyəcəyini düşünürdü. Amma fərqli fikirdə olanlar da var idi - Stuttgart'ın baş məşqçisi Georg Wurzer. Schlienz'in mövqeyini dəyişmək qərarına gələn Wurzer kontaktdan maksimum qaçmaq üçün ondan mərkəz hücumçusu yox, vinqer kimi istifadə edəcəkdi. Bərpa prosesini qısa müddətdə tamamlayan Schlienz isə cəmi 4 ay sonra meydanlara qayıdacaqdı.

Həmin Schlienz qəzadan sonra 12 il professional futbol oynayıb. 391 matçda vurduğu 143 qolla Stuttgart tarixinin əfsanələri sırasına adını yazdırıb. Alman nəşrlərinə görə, o olmasa, "cənublular" çempion ola bilməzdilər. Robert Schlienz həmçinin 3 dəfə Qərbi Almaniya millisinin heyətində meydana çıxıb.

17 Ağustos 2016

Based on a True Story


Bəlkə də Olimpiadada çıxışını ən çox gözlədiyim idmançı - Julius Yego bu gecə mübarizəyə qoşulur. İndiyə kimi hekayəsini yazdıqlarımı, haqlarında qısaca bir şeylər bölüşdüklərimi (Abebe Bikila, Ervin Zador, Charlie Austin, Robin Friday, Jimmy Glass və s.) kənara atın. Bu, başqa bir şeydi.

Kasıb ailədən gələn Yego uşaq olarkən Keniyada dostları ilə çubuq yarışları keçirərmiş. Sadə qayda: çubuğu uzağa atan qalib olarmış. Yaşı artdıqca oyunun professional variantı olduğunu öyrənib - mizraq atmaq. İdmanla məşğul olmaq üçün məşqçi axtarışlarına başlasa da, elə birini tapa bilməyib. Təbii bunda maddi imkanın da müəyyən rolu olub. Digər tərəfdən də oğullarının məktəbə köklənməsini istəyən ailə mane olurmuş. Yego çarəni internetdə tapıb. Şəhərdəki internet klublardan birinə gedib və "YouTube"də əfsanəvi Jan Zelezny'nin məşqlərini izləməyə başlayıb. Ardından məşqləri öz şəraitinə uyğunlaşdırıb və həmin proqramlarla işləyib. Məktəbdaxili və müəyyən yaş qruplarında qazanılan qızıl medallar sonda Keniya millisinə çağırılması ilə nəticələnib.

..Və həmin Yego 2015-ci ildə mizraq atmada Dünya çempionu adını qazanıb. İndi isə keniyalı atlet, Thomas Rohler və Antti Ruuskanen'lə birlikdə Olimpiadanın əsas 3 favoritindən biridi. Kənd şəraitində çubuq atmaqla idmana vurulan, "YouTube"də videolar izləməklə dünyanın ən yaxşısı olan birini necə dəstəkləməyəsən axı?