9 Haziran 2016

Meldonium nədir? Mariya Şarapova niyə meldoniumdan istifadə edirdi?


Meldonium qəbulu - monitorinq - sözügedən preparatın Wada (World Anti-Doping Agency) tərəfindən qadağanolunmuşlar siyahısına əlavə olunması - Şarapovanın testi keçə bilməməsi - uzaqlaşdırma...


Ardıcıllığın son elementi dünənə təsadüf edir. Qərara əsasən Mariya Şarapova 2 il müddətinə tennisdən uzaqlaşdırıldı. Qısaca qeydlərim olacaq. Maşanın cəza almasına səbəb olan meldonium nədir? Rus raketka ustası niyə bu preparatdan istifadə edirdi?


- Elmə mildronat adı ilə məlumdur. 


- Meldoniumdan iskemik ürək xəstələrinin müalicəsində istifadə olunur.


- Qan axınını sürətləndirir. İdmançıların performans artımınına yardım edir.


- Wada əzələ toxumasına daha çox oksigen yüklənməsi səbəbilə meldoniumun atletlər tərəfindən performansartırıcı kimi istifadə olunmasını əsas gətirir. Meldoniumun qadağan olunmuşlar siyahısına əlavə olunması ilə bağlı qərar 2015-ci ilin sentyabrında qəbul olundu. Qərar 2016-cı ilin 1 yanvar tarixindən tətbiq olunmağa başlandı.


- Wada 2015-ci ili preparatın monitorinqinə həsr eləmişdi. Yalnız araşdırmalardan sonra meldonium qadağanolunmuşlar siyahısına əlavə edildi.


- Latviyada istehsal olunan preparat əsasən Rusiya və Baltikyanı ölkələrə satılır. ABŞ-da və Avropada istifadəsinə imkan verilmir.


- 2015-ci ildə aparılan araşdırmalara əsasən, Rusiyada 4 316 atletdən 724-nün, yəni 17%-nin qanında meldonium aşkarlanıb. Dünya miqyasında isə bu göstərici 2,2%-ə bərabərdi.


- Fransa Dopinq Əleyhinə Agentliyinin (AFLD) elmi məsləhətçisi Xavier Bigardın sözlərinə görə, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa oyunlarında iştirak edən atletlərin əksəriyyəti meldoniumdan istifadə edib.


- Wada kodu S4 olan meldonium, hormon və metabolik modulyator kimi klassifikasiya olunub. Standard uzaqlaşdırma müddəti 4 ildir.


Mariya Şarapovaya gəlincə, o, həkimlərin tövsiyəsi ilə 2006-cı ildən bəri, maqnezium əskikliyi və ailəsində olan diabetə meyillilik səbəbindən meldoniumdan istifadə edir.


Şarapovanın dediyi kimi, qərar sərtdi, qəbuledilməzdi. Əgər qaydalar hamı üçün eyni formada işləyirsə, human growth hormone qəbul edən Odesnikin rus tennisçidən daha az cəza almasını biri mənə açıqlasın...