15 Ocak 2017

Nifrətdən daha mürəkkəb


89 dəqiqə boyunca “Liverpul” azarkeşləri mən və anam haqqında dilə gətirilməyəcək qədər iyrənc bəstələr oxuyurdular. Hesab 0:0 idi. “Liverpul” cərimə meydançasının kənarından cərimə zərbəsi vururduq. Topun arxasında Rayan Qiqqz dayanmışdı. “Old Trafford”dakı izdiham elə gurultulu idi ki, öz düşündüyünü eşidə bilmirdin.

O an zehnin, bədənin, diqqətin başqa səviyyədə olur. Bu, “Arsenal”la oyunlardan fərqlidi, həmçinin “Çelsi”dən də, hətta “Mançester Siti”dən belə - ən azından mənə görə. Böyük gərginlik var idi.

"Liverpul"la oyunlar zehninizi iki həftə əvvəldən işğal edir, bir həftə qalmış bütün fikirlərinizin mərkəzinə yerləşir və son 3 gün ərzində başqa heç nə düşünə bilmirsiz.

“Liverpul”u məğlub etdiyiniz gün mövsümün ən yaxşı günü hesab olunur.

Uduzacağınız təqdirdə isə ən pis..

90-cı dəqiqə, Qiqqz topun arxasında dayanmışdı və tək xatırladığım cərimə meydançasına göndərdiyi topu Ferdinandın kəllə ilə qapıya göndərməsi idi. Stadion dağılırdı. Daha sonra olanlar isə instinklə əlaqədar şeylər idi.

Uzaq küncdəki “Liverpul” fanatlarına tərəf çevrildim və düşündüm: onlara göstərəcəm..

60 yard qaçdım, özümdə deyildim. Ora çatdığımda isə.. Sonrasını bilirsiz.

89 dəqiqə boyunca oxuyan “Liverpul” azarkeşlərinin üzlərinə baxdım, deyəcək bir şeyləri yox idi, susmuşdular - tamamilə sükut. Həyatım boyunca yaşadığım ən yaxşı hisslərdən biri idi.

FA hərəkətimə görə məni 5 min funt cərimələdi. 100 dəfə olsa, yenə məmnuniyyətlə cəriməni ödəyərdim.

Həmin günlərdə bəzi insanların dediklərini xatırlayıram: “30 yaşındakı adamın edəcəyi hərəkət deyil”.

Haqlı idilər. Ancaq futbolu sehrli edən də elə budu. 90 dəqiqə ərzində yenidən uşaq olursan. Hamımızın xəyalını qurduğu bu deyildimi?

Beş və ya altı yaşım olarkən babamla M60 motor yolundan keçdiyimiz günlər hələ də xatirimdədi. Stadionun istiqamətini bilmirdim. Böyük maraqla pəncərədən başımı çıxarmağım yadımdadı: “Yaxınlaşırıq? Ora nə vaxt çatacağıq?"

Sonra Barton körpüsünü keçirdik, ancaq o zaman dərk edirdim: “Old Trafford”a cəmi 10 dəqiqə uzaqlıqdayıq. Atamla hər şənbə günləri rutini təkrarlayırdıq və bu, heç vaxt dəyişmədi. “Xəyalların teatrı”nı gördüyüm anda ürəyimin döyüntüsü sürətlənirdi. Sonra maşını park edər və piroqla cips almaq üçün "Marina's Grill"ə gedərdik.

Əslində nostaljik biri deyiləm, ancaq “Yunayted” azarkeşləri ilə birlikdə stadionun önündə növbəyə düzüldüyümüz günlərə qayıtmaq istərdim. O anların xüsusi, sözlərlə ifadə edilməsi mümkün olmayan bir cazibəsi var idi. Hələ bir də uşaq olduğunuzu düşünün.. Cəzbetmə ədalət hissini bir kənara atır, elə deyilmi? Futbol sizi bütünü ilə təsiri altına alır və ruhunuza işləyir.

Atam oyunlardan öncə pivəsini içib bəstələr oxumağı sevən biri idi. Böyüdükcə onu orda dostları ilə tərk edib, özbaşıma içəri girməyə başladım. Köhnə K tribunasının təpəsindəki yerlərimizə çıxmaq üçün soyuq beton pilləkənlərdən istifadə edirdim. Sonra ən təpədə arxamı dönər və “Old Trafford”un bütününü izləyərdim. Möhtəşəm qırmızı və bəyaz tribunalar, parlaq yaşıl zəmin.. Bir saat orda tək başına oturar, stadionun dolmasını gözləyərdim. Sosislərin və qızartmaların qoxusu, köhnə tanış simalar, getdikcə artan həyəcan hissi.. Sehrli idi.

Bu xatirələr hələ də mənimlə yaşayır. Atam “Mançester Siti” və ya “Bolton” fanatı olsa idi, hər həftə onların stadionlarına gedər, onların bəstələrini oxuyardım. Tanrıya şükür edirəm ki, o, “Yunayted”li idi.

Təəssüf ki, o günlər “Yunayted” üçün heç də parlaq keçmirdi. 80-lərdə - “Liverpul”un İngiltərə futbolunda dominantlıq elədiyi dönəmdə böyümüşəm. Beridəki məktəb yoldaşlarımın əksəriyyəti “Liverpul”a azarkeşlik edərdi. Onların bitmək tükənmək bilməyən sataşmalarına məruz qalardım. Mersisaydla müqayisədə Mançesterə daha yaxın idik, amma uşaqlar o dövrdə də eyni idi: kim ən yaxşı idisə, onu seçərdilər. Bu günlərdə şimalda “Çelsi” forması ilə gəzənləri görə bilərsiz.

1985-ci ildə Çantlers məktəbinin həyətində gəzişəndə Liverpulda olduğunuzu düşünə bilərdiz. Məktəb yoldaşlarımla hər gün buna bənzər müzakirələrim olardı:

Mən: “Stadionumuz daha böyükdü”.
Onlar: “Yunayted” 11-ci oldu”.
Mən: “Amma bizim Robsonumuz var”.
Onlar: “Ancaq biz çempionuq”.

Müzakirələr hər gün saatlarla davam edərdi. Böyüdükcə fərqinə vardım ki, məktəb atışmaları bitsə də, televiziya studiyasında hələ də Ceymi Karraqerlə söz güləşdirirəm.

“Ənfild”ə “Yunayted” oyunçusu kimi səfər etdiyim ilk günü heç vaxt unutmayacam. M62 yolu ilə Mersisayda gedirdik, yolun sonuna çatanda kənar küçələrə girdik, bax o zaman nə olduğunu başa düşdüm: artıq düşmən bölgəsində idik. Həqiqətən də belə idi. Avtobus sarı və qırmızı kərpiclərdən tikilmiş evlərin sıralandığı dar küçələr boyunca irəliləyirdi. Klastrofobik idi.

Meydana çıxanda da eyni hissləri keçirirdim. Stadion dar idi. Başınız üstündə olan azarkeşlər oyunun başlamasına hələ 40 dəqiqə qalmış iyrənc sloqanlar atmağa başlayırdılar.

Karyeranızı bitirdikdən sonra o anlar üçün çox darıxırsız.

Əvvəllər “Liverpul”a nifrət elədiyimi deyərdim, amma son illərdə bir az yumşalmışam. İndi isə deyə bilərəm ki, bu, nifrətdən daha mürəkkəb bir şeydi.

2006-cı ildə “Liverpul” azarkeşləri önündə etdiyim hərəkətə görə peşman olub-olmadığım haqda suallar veriləndə hər dəfə eyni cavabı verirəm: “Əlbəttə ki, yox”.

Futbol hisslərlə əlaqəli bir şeydi. Məmnunluq, məyusluq, narahatlıq, saf sevinc, saf kədər – həftə boyunca yaşadığınız bütün bu hissləri bir 90 dəqiqəyə sığışdırırsız. Mənim üçün futbolun gözəlliyi bu enişlər və çıxışlardı. Həyatda sizə bunları yaşada biləcək çox az şey var.

Sizə ağlıma gələn ən yaxşı nümunədən bəhs edəcəm.

1999-cu ildə "trebl" (3 kubok) elədiyimiz zaman, böyük ehtimalla bir daha yaşamayacağım anları yaşayırdım. Üstüaçıq avtobusda Dinsqeytlə Mançesterin mərkəzinə doğru irəliləyirdik, izdiham arasındakı bir adam xüsusilə diqqətimi çəkdi. Gözləri yaşarmışdı, elə bağırırdı ki, boynundakı damarları görə bilirdim. O damarları heç vaxt unutmayacam.

Mənlə yaşıd olardı. O da mənim kimi qısqanc uşaq idi, məktəbdəkilər tez-tez ona sataşar, Kenni Dalqliş və “Liverpul”un kubok kolleksiyasından bəhs edərdilər. Ancaq artıq onun zamanı idi. Bütün o ağrılar, məzələr bu anı daha da mənalı edirdi.

O qiyamətin ortasında düşündüm: həyatı boyunca heç bir şey bir daha ona bu hissləri yaşatmayacaq.

Belə anlar nəfəsinizi kəsir.

“Yunayted” və “Liverpul” 1894-cü ildən bəri savaşırlar. Bazar ertəsi, 197-ci dəfə qarşılaşdıqlarında, bir az gərgin, bir az da çirkin matç olmasını arzu edirəm. Əgər “Liverpul”dan hansısa bir oyunçu qələbə qolunu vurarsa, ümid edirəm ki, digər 10 komanda yoldaşı ilə birlikdə Kopa tərəf qaçacaq, Yurgen Klopp isə meydanın kənarında manyakca hərəkətlər edəcək. Bundan daha azını etsələr, üzülərəm.

Dəlilik və ehtiras – futbol budu.

“Liverpul” və “Mançester Yunayted” bir-birlərinə çox bənzəyə bilərlər, amma bir o qədər də fərqlidilər. Dürüst insanlar, çalışqanlıq və hamısından irəlidə futbol..

Bu, nifrətdən daha mürəkkəb bir şeydi.

“Liverpul” məndən meydanda və meydandan kənarda revanş almağı bacardı. Azarkeşlərin önündə elədiyim o hərəkətdən 4 həftə sonra bizi FA kubokundan uzaqlaşdırdılar. “Old Trafford”dan bir mil kənarda, tıxac zamanı, skauslar tərəfindən kim olduğum anlaşılanda, maşınım az qala tərsinə çevriləcəkdi. Ən pisi: karyeramı bitirdikdən sonra belə, Karra ilə başa çıxmaq məcburiyyətimdəyəm.

Ancaq heç cür qəbul edə bilmədiyim bir şey var.

Bir neçə il öncə evimdəki bəzi işləri tapşırdığım iki skaus qardaş haqqında bir hekayə danışılır. Qardaşların hovuzumun zəminindəki plitələrin altında “Liverpul” şərfi basdırdıqları haqda söhbətlər gəzir. Bunu sübut etmək heç vaxt mümkün olmayacaq.

Bilirsiz nə var? Artıq o evdə belə, yaşamıram. Amma əgər o lənətə qalmış şərfi kimlərsə tapsa - hətta bundan 100 il sonra - onlardan son istəyimi yerinə yetirmələrini istəyirəm..

Yandırın onu.

Qəri Nevill - Nifrətdən daha mürəkkəb ("The Players' Tribune"də dərc olunmuşdur)

Tərcümə: Rüfət Məcid