14 Şubat 2015

Romanı ayaqyalın fəth edən afrikalı


İlklər həmişə gözlənilməz olduqları qədər, arxasındakı əsrarəngiz hekayələri ilə də diqqət cəlb edirlər. Çünki gedişatları dəyişmək, klişelərin üstündən xətt çəkmək hər insan övladının işi deyil.

Abebe Bikila – bu ad bəlkə də sizin üçün hələlik heç bir məna kəsb etmir. Amma önəmli olan başlanğıc yox, sonda onun kim olduğunun fərqinə varmaqdı. O iş isə mənim üzərimə düşür. 


Abebe Bikila - əzmin, qəhrəmanlığın bir adda təzahürüdü; filmin həm ssenaristi, həm də baş rol ifaçısıdı. Google'da axtarış vermək üçün a, b, e… hərflərinə basan barmaqları görür, klaviaturanın tıqqıltısını eşidirəm.
 


Bikilanın hekayəsini yazmaq üçün tarixin köməyinə ehtiyacım olacaq. Hekayələrin olmazsa olmazı - tarix...
 


Dünya tarixində faşizmdən ən çox əziyyət çəkən ölkələrdən biri Efiopiya olub. Paytaxt Əddis-Əbəba 1936-cı ildə Benito Mussolininin qoşunlarının nəzarəti altına keçmişdi. Ancaq əslində, Həbəşistan planı illər öncə hazırlanmışdı - 1891, 1894, 1896-cı illərdə İtaliya fasilələrlə Şərqi Afrika ölkəsinə hücumlar etsə də, istədiyini ala bilməmişdi. Üzərindən 40 ilə yaxın bir müddət keçmişdi, artıq Afrikanın böyük hissəsi güclü dövlətlər tərəfindən istismar olunmuşdu. “Haqsızlıqlar” qitəsində müstəqilliyini çətinliklə olsa da qoruyub saxlamağı bacaran azsaylı ölkələrdən biri Efiopiya idi. Kiçik gücün ideyalarını yeridə bilməsi həmişə olduğu kimi, “böyüklər” üçün addımın atılmasının vacibliyinə dair siqnalı vermişdi. Hadisə yerinə gələn ilk “ambulansı” isə Mussolini idarə edirdi. Benito 1934-cü ilin dekabrında Somali və Efiopiya arasındakı sərhəd problemini əsas gətirərək, bölgəyə müdaxilə etmək qərarına gəldi və 1935-ci il, oktyabrın 3-də Efiopiya işğal olundu. General Rodolfo Qratsiani və Pietro Badoloya həvalə olunan italyan ordusu zəif və azsaylı Hayle Selassienin əsgərlərini geri çəkilməyə məcbur etdi. 1936-cı il, 9 aprel tarixində Aşanqe gölü ətrafında böyük zəfər əldə edən italyanlar paytaxta yaxınlaşdılar. Əsas hədəf mayın 5-də vuruldu və Əddis-Əbəbə ələ keçirildi.
 


İtalyan zülmünün Efiopiyada hökm sürdüyü o günlərdə bugünkü yazımın qəhrəmanı, illər sonra məhz o qəddar ölkədə öz dastanını yazan Abebe Bikilanın cəmi 4 yaşı var idi. Çobanlıq edərək böyüyən Bikila 20 yaşı olan zaman ailəsinə dəstək ola bilmək üçün Əddis-Əbəbəyə üz tutdu və Selassienin mühafizə xidmətində çalışmağa başladı. İmperatorun yanında işlədiyi günlərdə Melburn Olimpiadasına hazırlaşan atletlər onda yüngül atletikaya qarşı maraq oyatmışdı. Artıq qarşısına hədəf qoymuşdu: onlardan biri olacaqdı.
 


Finlandiyada doğulan isveçli Onni Niskanen Efiopiya höküməti tərəfindən istedadlı atletləri yetişdirməkçün ölkəyə gətirilmişdi. O, tezliklə Bikilanın istedadını kəşf etdi. 1956-cı ildə Efiopiya ordu yığmasının seçmələri zamanı Bikila ölkənin ən güclü atleti hesab olunan Vami Biratunu keçməklə yanaşı, 5 və 10 km məsafələrə qaçışda ölkə rekordlarını qırdı. Buna baxmayaraq, Niskanen hələ də Biratunu bir nömrəli atlet kimi Roma Olimpiya Oyunlarına aparmağı planlaşdırırdı. Ancaq sanki Tanrı əsrarəngiz şeylərin olmasını istəyirdi: Biratu futbol oynayarkən ayağını sındırdı və Bikila son anda onun əvəzinə heyətə daxil edildi. Niskanen Bikila və Abebe Vakqiranı Romaya apardı.
 


1960-cı il Yay Olimpiya Oyunlarına Romanın ev sahibliyi edəcəyi açıqlandıqdan sonra turnirin İtaliyada iqtisadi partlayışın olduğu dönəmə təsadüf edəcəyini təxmin edənlərin sayı çox az idi. Ancaq faşist rejiminin qalıqları hələ də qalmışdı. Protestoçuların sayəsində faşizmə dair işarələr azalsa da, yenə də Olimpiya Oyunlarının keçirildiyi ərazilərdə rejiminin bəlirtiləri şəhərin digər hisslərinə nisbətdə açıq-aydın hiss olunurdu. Romada Mussolininin izi qalmışdı – Via dei Fori İmperiali, Foro Italico və s. hələ də İtaliyanın yeni həyatına tam olaraq adaptasiya olmadığını göstərirdi.
 


Qayıdaq yenidən qəhrəmanamıza... Bikila İtaliyaya bir cüt ayaqqabı ilə yollanmışdı. Ancaq onlar da Olimpiadadan öncəki son məşqlər zamanı yararsız hala düşmüşdü. Turnirin sponsorlarından Adidas'ın deposunda limitli sayda ayaqqabı qalmışdı, əldə olanlar isə Bikilanın ürəyincə deyildi. Nə qədər qəribə səslənsə də, efiopiyalı atlet ayaqyalın qaçmaq qərarına gəlmişdi. Uzun məsafəni ayaqqabısız qaçmaq ilk baxışdan mümkünsüz görünürdü, ancaq onun ayaqları Efiopiya düzənliklərində çılpaq qaçmaqdan bərkimişdi. Bu, Bikilanın ilklərindən birincisi idi. Olimpiya Oyunlarının marafon tarixində ilk dəfə bir atlet ayaqyalın qaçacaqdı.
 


Arıq, ayaqyalın, qırmızı şortikli Bikila 11 nömrəli maykanı geymişdi. Heç kəs onu tanımırdı. Sivilizasiyadan uzaq bir ölkənin, özü də həyatında üçüncü dəfə marafon qaçan təmsilçisinin qalib olacağına kim inanardı kı? Marafon şərhçilərinin hamısı eyni fikirdə idi: “Bu efiopiyalı kimdi?”. Bikila onların təsəvvüründə sinifə yeni gələn uşaq idi.




Yarış günortanın qızmar isti vaxtında Kapitolidə start götürdü. Kolizey, Palatin, Circus Maximus (Böyük sirk) – atletlər qaçmağa davam edirdilər. Yavaş-yavaş liderlər qrupu ayrılmağa başlayırdı. Şərhçi onları təqdim edir: “İngilis Keyli Artur, irland Berite Messitt, mərakeşli Radi Ben-Abdesselam və heç kimin tanımadığı efiopiyalı. Deyəsən, adı Abebe Bikiladı. O, çılpaq ayaqla qaçır”. 

32 km geridə qalmışdı. Günəş işıqları o günlük Roma ilə vidalaşmaq üzrə idi. Yöndəmsiz döngələrdən birini dönən atletlər Brundiziya ilə Romanı birləşdirən Appia yoluna doğru hərəkət edirdilər.
 


Bikila keçmiş roman abidələrinin yanından keçdikcə əslində, uşaqlıq illərinə qayıdırdı, italyanların onun millətinə etdiyi zülmləri xatırladıqca qələbəyə olan istəyinə intiqam hissi də əlavə olunurdu.
 



Hava qaralmışdı, kənarda dayanan əsgərlər əllərindəki asetilen lampaları ilə yolu işıqlandırmağa çalışırdılar. Bikilanın tək izləyicisi qalmışdı. O da yarışın əsas favoriti Radi Ben-Abdesselam idi. San Sebastyanoda Bikila Radi ilə olan fərqi qüsursuz zamanlaması sayəsində daha da artırdı. Buna baxmayaraq, mərakeşli son 500 m-ə qədər onu izləməkdə davam etdi. Son metrlərdə Bikila sürətini artıraraq Radiyə 25,4 saniyə fərq atdı və imkansız görünəni bacardı. Nəticədə 2 saat, 15 dəqiqə, 16,2 saniyəlik göstərici ilə Bikila marafonda Olimpiya Oyunlarının rekordunu qıraraq birinci oldu. O, zəfərini Konstantinin Zəfər Tağı'nda rəqiblərinin önündə rəqs edərək qeyd edirdi. Bikila marafonu qazanan ilk afrikalı kimi tarixə düşdü. 




Efiopiya - İtaliya müharibəsinin üzərindən 25 ilə yaxın vaxt keçmişdi. Məhz bu məsələ Bikilanın qazanmaq üçün kilometrlərlə qaçdığı yarışın anlamına əlavə anlamlar qatırdı. O, insanları məhz elə ölkəsində müstəmləkə rejiminin əsasını qoyanların vətənində heyran qoymuşdu. O, Romanı fəth etməklə, qismən də olsa Efiopiyanın qisasını almışdı. Əslində, Bikila ayaqyalın qaçmasının səbəbini izah edən zaman bütün dünyaya mesaj vermişdi: “Ölkəmin həmişə qərarlılıq və qəhrəmanlıqla qalib gəldiyini hamıya göstərmək istədim”. 

Abebe Bikila o gün Olimpiadalar tarixinə adını yazdırdı. İllər keçsə də, hər dəfə Olimpiya Oyunları ərəfəsində Bikila və Roma marafonu yada düşür. Abebenin bu zəfərinin nə dərəcə böyük hadisə olduğunu daha yaxşı başa düşməyiniz üçün marafona canlı şahidlik etmiş şəxslərin fikirlərinə yer ayırmaq istərdim.
 

Alberto Kavalyarinin Corriere della Sera'dakı məqaləsindən: “Bu, marafon deyil, “Aida” idi. Romalıların yol ətrafında xor şəkilində oxuduqları mahnının ahəngində yazılan “Aida”.
 

Yarışı yerində canlı izləyən World Sports'un redaktoru xatirələrində yazır: “Bu, unudulmaz bir an idi. Drama bənzəyirdi. Müasir dünya atletikası üçün qeyri-adi sayılan şeylərdən birini izlədik. Heç kimin tanımadığı biri dənizləri keçərək Romanı qəhrəmancasına fəth etdi. Bu, təbii və bir o qədər də məntiqsiz bir şey idi. Bu... Bu, həm performans nöqteyi-nəzərdən, həm də nümayiş kimi Olimpiya maratonları tarixinə düşdü. Bu, dekoru, ssenarisi, təqdimatı və sonluğu ilə hamını heyrətləndirən bir dram idi”.
 

Bikilanın bu zəfəri təkcə Efiopiya deyil, həmçinin İtaliya üçün də xüsusi önəm daşıyırdı. Sabiq, faşizmin zərbə vurduğu müstəmləkə dövlətlərindən birini təmsil edən idmançının, özü də bu dərəcə qeyri-adi və möhtəşəm zəfəri İtaliyanın dünyaya artıq faşizm ölkəsi olmadığını göstərmək üçün əla imkan yaratmışdı. Bundan gözəl, bundan yaxşı nümayiş ola bilməzdi. Heç italyanlar istəsələr də, belə bir şey planlaya bilməzdilər.
 

Ayaqyalın qaçan, sısqa atlet ssenaristlərin illərlə üstündə çalışdığı ssenarini 2 saatdan bir qədər artıq müddətdə yazmışdı. Filmin ssenarisi tam da faşizmin qalıntılarını silməyə çalışan İtaliya üçün biçilmiş tərzdə idi.
 



Tokio zəfəri. 


1964-cü il Tokyo Olimpiya Oyunlarından 6 həftə öncə appendisitində ağrılar başlayan Bikila əməliyyat olundu. Onun Olimpiadaya qatılması hamı üçün gözlənilməz oldu. 

Bikila bu səfər də eyni strategiyadan istifadə etdi. Son 20 km-ə qədər qrupdan ayrılmayan atlet sonradan addımlarını sürətləndirdi. Bikila Olimpiya stadionunda 70 min azarkeşin önünə çıxanda tək idi. O, 2 saat, 12 dəqiqə və 11 saniyə ilə özünə məxsus dünya rekordunu təzələdi. Bununla da Bikila növbəti ilkə imza atdı. O, marafon üzrə ardıcıl iki Olimpiadada qızıl medal qazanan ilk atlet hesab olunur.




41! 

1969-cu ildə Efiopiyada vətəndaş müharibəsi gedirdi. Bikila avtomobili ilə gedən zaman küçədə etiraz edən tələbə qrupunu vurmamaq üçün yoldan çıxmağa çalışarkən nəzarəti itirdi və qəzaya uğradı. O, sağ qalsa da, beldən aşağı hissəsi iflic oldu və ömrünün qalan hissəsini araba ilə keçirməyə məhkum oldu. Ancaq bu, belə əfsanəvi atletin əzmini öldürmədi. Niskanenin istəyi ilə bir ara oxçuluqla da məşğul olan Bikila 1970-ci ildə Norveçdə keçirilən 25 km-lik araba yarışının qalibi oldu.




1973-cü ilin oktyabrında Bikila beyindaxili qanaxmadan dünyasını dəyişdi. Bu, məlum avtomobil qəzası ilə əlaqəli idi. Qəzadan sonra atlet belə sağlıq problemləri ilə tez-tez üzləşirdi. Onun dəfn mərasiminə 75 000 insan qatılmışdı. 

Əddis-Əbəbədə stadion, küçə və məktəblər onun şərəfinə adlandırılıb. Hətta 2005-ci ilə kimi Romada marafon həvəskarları gecə saatlarında onun şərəfinə qaçırdılar. Bunlarla yanaşı, zəfərinin 50-ci ildönümündə Roma marafonu Bikilanın xatirəsinə həsr olunmuşdu. Həmin il kişilərin yarışında efiopiyalı Siray Gena qalib oldu. O, mükafatdan əlavə 5 000 avro bonusla da mükafatlandırıldı. Marafonun təşkilatçıları son 300 metr məsafəni çılpaq ayaqla qaçması üçün bu bonusu ona təklif etmişdilər.




41 il insan ömrü üçün heç də çox deyil. Ancaq Abebe Bikila o qədər möhtəşəm idmançı olub ki, bu qısa müddət ərzində ölkəsinin qisasını ayaqyalın almaq və bir neçə ilki reallışdırmaqla yanaşı, əzmi ilə neçə-neçə ümidlərin erkən yaşlarda tükəndiyi Afrika torpaqlarında böyüyən gənclərə örnək ola bilib. İndiki dövrdə yüngül atletika ilə maraqlansın ya da maraqlanmasın, hansısa bir insandan X yarışı kim qazanar deyə soruşsanız, Afrika ölkələri, xüsusilə də Efiopiya və Keniyadan olan bir atletin favorit olduğunu sizə deyəcək. Bikila illərdi heç kəsin fərqində olmadığı və yuxarıdan aşağı baxdığı bir qitənin dünyada hamıdan yaxşı olduğu xüsusiyyəti ortaya çıxardı.

2 Şubat 2015

MISSION: IMPOSSIBLE


2004-cü il, 3 iyul, İngiltərə. “Uimbldon”un finalında son iki ilin (2002, 2003) çempionu, böyük dəbilqə turnirlərinin 6 qat qalibi Serena Uilyams 17 yaşlı, bir gün dünyanın ən yaxşısı olmağı xəyal edən qızla qarşılaşır. Tribunadakı insanlar normal olaraq Serenanın növbəti zəfərini gözləyir, mərcsevərlər kiçik əmsala böyük miqdarda pul qoyuluşu edərək, fürsətdən istifadə etməyə çalışır, təşkilatçılar isə oyun sonrası mükafatlandırma mərasimində Serenanı necə təqdim edəcəkləri barədə düşünürlər. Ancaq hadisələr tərsinə cərəyan edir - “game, set, match” sözləri məhz o 17 yaşlı qız üçün səslənir. Dərhal atasına doğru qaçır, onu qucaqlayır. Kameralar onlara doğru yönəldiyi bir vaxtda ata ilə qızın düşüncələri əks istiqamətdə uzaqlaşmaya başlayır: illər öncəyə qayıdırlar, gənc qız tennisə başladığı günləri, Martina Navratilovanın onun haqda dediyi sözləri xatırlayır, qızını Floridadakı Nik Bollettierinin tennis akademiyasına aparmaq üçün nələrdən imtina etdiyi, onun gələcəyi naminə yaşadığı yeri okeanın o tayına dəyişməsi və inşaatda çalışdığı günlər atanın gözləri önündən keçir. Birdən Mariya Şarapova səsləri eşidilir, keçmişə səyahət tamamlanır, çempion mükafatlandırma mərasimi üçün kortun mərkəzinə dəvət edilir. Maşa raketkası ilə tarix yazaraq 17 yaşında dünyanın ən prestijli böyük dəbilqə turnirinin qalibi adını qazanır.




O gün tennissevərlər yeni Navratilova-Evert rəqabətinin yaranacağına ümid edirdilər. “Niyə də olmasın?” – deyə düşünürdü, insanlar. Hər ikisini qarşıda uğurlarla dolu karyera gözləyirdi. Hələ çox turnirlərdə üz-üzə gələcəklərini təxmin etmək çətin deyildi. Elə həmin ildəcə keçirilən WTA mövsüm sonu finalının həlledici görüşündə baş verənlər ümidləri daha da artırdı. Serena kimi dominant bir tennisçi qarşısında üçüncü setdə 4-0 məğlub durumda olmasına baxmayaraq, geri dönüş edib seti 6-4, matçı isə 2-1 hesabı ilə qazanan Şarapova ili major notlarla bitirmişdi. İkili arasında oynanılan ilk 3 matçın 2-dən rus tennisçi qalib ayrılmışdı.


Görünüşünə görə həmyerlisi Anna Kurnikova ilə müqayisə olunan Şarapova erkən yaşlarda şöhrət qapısını aralaması və kortdakı davranışlarına görə isə Martina Hingisə bənzədilirdi. Birinci oxşarlığa bir o qədər də qatılmıram, Şarapova Kurnikovadan həm daha gözəl idi, həm də ondan fərqli olaraq, oynadığı tennislə gündəmə gəlməyi bacarırdı. Hingislə bənzərliklər isə doğurdan da var idi. Əslində, isveçrəli tennisçi yaş amilinə görə Maşanı qabaqlayırdı. O, 17 yaşı tamam olmamış artıq 3 böyük dəbilqə turnirinin – “Avstraliya Açıq”, “Uimbldon” və “ABŞ Açığ”ın –  qalibi olmuşdu. Şarapova isə 17 yaşında qazandığı “Uimbldon”la adından söz etdirmişdi. Bununla yanaşı, nə qədər gülünc səslənsə də, Navratilova amili də onları birləşdirirdi. Martina Hingisə məhz 18 böyük dəbilqə turnirinin qalibinin şərəfinə bu ad qoyulmuşdu, Maşanı isə hələ 6 yaşı olarkən Navratilova kəşf etmişdi. Hə, bir də Serena məsələsi var -  Hingis də Şarapova kimi karyerasının əvvəllərində Uilyamsla oynadığı ilk 3 matçın 2-dən qalib ayrılmışdı. Ancaq Martina 2002-ci ildə karyerasını bitirməyə qərar verəndə şəxsi görüşlərdə Serena 7-6 hesabı ilə öndəydi. Hamını bir sual maraqlandırırdı: bu səfər də sonda gülən tərəf amerikalı tennisçi olacaqdı?
2015-ci il, 31 yanvar, Melburn, “Avstraliya Açığ”ın finalı. Serena Uilyams Mariya Şarapovaya qarşı… 11 il öncə 17 yaşı olan qız artıq böyük dəbilqə dördlüsünü tamamlayıb, Melburnda ikinci çempionluğu qazanmaq üçün korta çıxır. Serena Uilyamsın tək hədəfi isə onu məğlub edib, Evert və Navratilovanı böyük dəbilqə titullarının sayına görə geridə qoymaqdan ibarət idi. Tennissevərlərin 11 il əvvəlki ümidləri isə artıq puç olmuşdu. Şarapova elə sonuncu dəfə 2004-cü ildə Serenaya qalib gəlmişdi. Ötən 11 il ərzində oynanılan 15 matçın hamısında məğlub olan rus tennisçi Uilyamsdan cəmi 3 set ala bilmişdi.


Serena həmişə olduğu kimi, yenə də favorit idi. Görüş Şarapovanın servis oyunu ilə başladı. İlk qeymdə Maşa 40-30 öndə idi. Ralli zamanı onu tərs ayaqda yaxalayan Uilyams xalı qazandı və matçda ilk “deuce” səsi eşidildi. Bu xala eyslə cavab verən Şarapova “advantage”i əlinə keçirdi. Ancaq öncə topu auta göndərən, sonra isə ikili foulla servisini qırdıran Maşa hesabda geri düşdü. Öz servis oyununu da qazanan Serena fərqi ikiyə çıxartdı: 2-0. Bu fərq setin 7-ci qeyminə qədər davam etdi. Qeymin gedişində oyunu beyslayna yönləndirən Serena istədiyi bucaqları yaxalayırdı. Buna Maşanın dabl foulu da əlavə olundu. Nəticədə amerikalı raketka ustası setin gedişində ikinci dəfə breyk etdi. 8, 9-cu qeymlərdə qarşılıqlı servislər qırıldı və Serena Uilyams birinci setdə 6-3 hesabı ilə qələbə qazanaraq önə keçdi.




İkinci setdə Şarapova Serena ilə başa-başa mübarizə apardı. Setin həlledici anları 5 və 7-ci qeymlərdə yaşandı. Serenanın servis oyunu ilə başlayan hər iki qeymdə rus tennisçi 30-0 öndə idi. Ancaq bu yerdə dünya bir nömrəsinin imdadına ən böyük üstünlüyü olan servisləri çatdı. Uilyams iki qeym ərzində 8 eys vurdu və xalları götürdü. Hər iki oyunçunun servis oyunlarını qazandığı setin qalibini müəyyənləşdirmək üçün tay-breykə ehtiyac duyuldu. Tay-breykə də eyslə nöqtəni qoyan Serena Uilyams 6-cı dəfə “Avstraliya Açığ”ın qalibi oldu. Böyük dəbilqə titullarının sayını 19-a çatdıran SW artıq təkcə Şteffi Qrafdan (22) geri qalır. Şarapova ilə şəxsi görüşlərin hesabında isə fərq 15-ə yüksəldi: 17-2.




Oyun nöqteyi-nəzərdən yanaşanda Mariya bu səfər heç də Uilyamsdan geri qalmadı. Sadəcə ikili arasındakı servis fərqi sözünü dedi. Serena bir çox kişi tennisçinin iki setdə bacarmadığını edərək 18 servisdən birbaşa xal çıxartdı. Cari ilin “Avstraliya Açıq” statistikasına nəzər salsaq, amerikalı tennisçi (88 eys) kişilərin yarışında finala çıxan Endi Marreydən (76 eys) də, Novak Cokoviçdən (61 eys) də daha çox eys vurub. Bununla yanaşı, Uilyams final matçında 3 və 3 zərbədən daha artıq davam edən rallilərin 75 faizindən, birinci servislərin isə 71 faizindən artığında sevinən tərəf idi. Yekun nəticəni ortaya çıxaran bir digər önəmli məqam isə SW-nin servis oyunlarında hesab 30-30 yaxud da 40-40 olarkən oynanılan xalların 63 faizindən artığını götürməsi idi. Bütün sadaladıqlarıma baxmayaraq, Şarapova göstərdiyi oyunla bir set almağa layiq idi. Maşa hər nə qədər qadın tennisində psixoloji cəhətdən örnək alınası önəmli fiqurlardan biri olsa da, qarşısında Serenanı görəndə sanki bütün amillərin təsiri sıfıra enir və o 11 il öncəki soyuqqanlı qızdan əsər-əlamət qalmır.
Qarşıdakı illərdə Serena və Şarapova finallarını hələ çox görəcəyik. İndi tennissevərləri 11 il öncə ilə müqayisədə nə ikinci Evert-Navratilova rəqabəti, nə də Şarapovanın şəxsi görüşlərin hesabına görə Serenanı üstələyib-üstələməyəcəyi maraqlandırmır. Çünki Şarapovanın bu MİSSİYAları yerinə yetirməsi artıq MÜMKÜNSÜZdü. Hamını bir sual düşündürür: Görəsən, nə vaxtsa Mariya 1 matçda Serenadan 2 set ala biləcəkmi?