28 Kasım 2016

Stiven Cerrard və idolunun tanışlıq hekayəsi


Hər ingilis futbolçunun onunla bağlı bir tanışlıq hekayəsi var. Stiven Cerrardınkı isə daha özəldi, çünki bənzəmək istədiyi oyunçu modeli məhz o idi:

"Xəyallarımı yaşayırdım. Uşaqlıq idolum Pol Qaskoyna qarşı oynayırdım. 1999-cu ilin fevralında "Ənfild"də “Midlsbro” ilə oynadığımız matçda ilk dəfə Qazza ilə qarşı-qarşıya gəldim, daha doğrusu, o, mənimlə.. Cəmi 36 saniyə keçmişdi ki, mənə dirsək atdı. Sağ dirsəyi ilə sol göz hədəqəmə vurdu. Top heç orda deyildi. Səbəbsiz yerə. Bu da Qazzadan – qəhrəmanımdan hədiyyə! Sağ ol, dostum. Səbəbini öyrənmək istəyərdim: niyə axı? Bəlkə də işlərin qaydasında olduğunu, insanların məndən İngiltərənin gələcəyi kimi bəhs etdiyini eşitmişdi və məni yerimdə oturtmaq istəyirdi. Bəlkə də o dirsək sadəcə “aramıza xoş gəldin” anlamına gəlirdi. Acımasızca vurdu. Gözüm tez-tez atırdı: bum, bum. Heç topa da toxunmamışdım. Qazzanın üstünə qışqırdım: “Yaxşı. İstədiyin budur?”

Növbəti dəfə top onda olanda sərt oynamağa çalışdım, öküz kimi idim. Gücümlə onu sarsıtmağa çalışırdım. Alınmadı. Yaxın belə düşə bilmədim. Matador kimi çevrildi, topu apardı. Qazzanı qovalamaq ruh tutmağa bənzəyir. Sonra yenidən cəhd elədim. Sıra Qazzada idi. Oyun içində oyun. Sürətlə aranı qapadı. Topu onun ayaqları arasından keçirməyə çalışdım. Neynəmək istəyirdim? İngiltərənin ən istedadlı yarımmüdafiəçilərindən birinin ayaqları arasından topu keçirmək? Dəli idim. Qazzaya meydan oxumaq üçün alışıb yanırdım. “Tərbiyəli ol. Neynəyirsən?” deyərək gözlərini mənə zillədi. Məni təhrik elədiyini bilirdim.

Oyundan sonra yanıma gəldi, saçımı sığalladı, qolunu çiynimə atdı və dedi: “Yaxşı futbolçusan. Belə də davam elə”. İnanılmaz idi. O zamanlar üçüncü seçim idim, akademiyadan gələn uşaq. Və Qazza gəlib məni təbrik edir! Qazzanın, dirsəyə verdiyim reaksiyanı xoşladığını düşünürdüm. Şikayət eləmədim, gizlənmədim, sadəcə onu axtarırdım. Təəssüf ki, yanına yaxın belə düşə bilməmişdim. Paltardəyişmə otağında, Qazza ilə aramızda olanları digər oyunçulara danışdım. Hakim kimi, onların əksəriyyəti də epizodu görməmişdi. “Narahat olma, Qazza yəqin ki, oyundan əvvəl bunu edəcəyini planlaşdırmışdı. Ondan belə şeyləri hələ çox görəcəksən” – Ceymi məni sakitləşdirdi.

Onunla qarşılaşmaq mənim üçün dünyalara bərabər idi, çox ağrılı olsa da. Formasını xatirə kimi götürmək istəyirdim, amma gözüm qorxmuşdu. Rədd cavabı verəcəyini düşünürdüm. Soruşmağa belə qorxurdum. 90 dəqiqə parçalara ayırmağa çalışdığın birinə hörmətlə yanaşmaq qəribə səslənir, amma mənlə Qazza arasındakı münasibəti ən yaxşı halda belə təsvir edə bilərəm. Uşaqlığım onun parladığı dövrlərə təsadüf edir, kitabını oxumuşdum, məhz onun İngiltərə formasını almışdım – Qazzaya bənzəməyə çalışan qardaşım Pol kimi.

“Gascoigne’s Glory”yə milyon dəfə baxmışdıq. Kasetə baxanda öz-özümə “necə də yaxşı oyunçudu” deyə düşünərdim. Heç bezmirdik. Qazza İtaliya-90-da. İstedad, əzm, forma sevgisi, arsız-arsız gülümsəməsi - tam paket. Futbolda sitayiş etdiyim hər şey onda var idi. Öz dövrünün Devid Bekhemi idi. Onu çox izləmişəm. “Liverpul”dakı ilk günlərimdə insanlar məni dayaq yarımmüdafiəçisi kimi görürdülər, amma mən məşqlərdə həmişə Qazza olmağa çalışırdım. Həmin dövrlə müqayisədə indi oyunum daha çox ona bənzəyir. İstedad baxımından yanına yaxın düşə bilmərəm, amma məndə onun heç vaxt sahib olmadığı bir şey var: dözümlülük.

“Ənfild”də onunla qarşılaşanda karyerasının son mərhələsində olduğunu dərk edirdim. Sənin üçün xüsusi önəmi olan birinin düşüşünü izləmək üzücüdü. Qazza ilə bağlı yaxşı şeyləri xatırlamağa çalışıram: markajdan necə çıxmasını, driblinqləri, fantastik qolları. 1991-ci ildə FA kubokunun yarımfinalında vurduğu roketəbənzər cərimə zərbəsini, Avro-96-da Şotlandiya ilə oyundakı top qəbulunu və ardından epizodu qolla bitirməsini.. Qazza dahi idi. Hamı onun dəlisov dahi olduğunu deyirdi. Qazza haqqında oxuduğum pis şeylərə heç vaxt inanmaq istəməmişəm, çünki onu çox sevirdim.

Qazza “Everton”da oynayanda evlərimiz yaxın idi. Onunla yetərincə danışmaq imkanım olduğu üçün özümü şanslı hesab edirəm. Meydanda tülkü kimi idi, həmişə məni təhrik eləməyə çalışardı. Amma meydandan kənarda Qazza çox yaxşı biridi. O, mənə özgüvən verirdi. Bir neçə dəfə oyunumu tərifləmişdi, tez-tez mənimlə maraqlanardı. Mən isə bunların əvəzinə ondan İtaliya-90-ı, “Latsio”nu, “Tottenhem”i, bir sözlə, haqqındakı hər şeyi soruşmaq istəyirdim. Gənc olanda avtoqraf almağa cəhd etdiyim tək adam Qazza idi. O, mənim istədiyim həyatı yaşayıb: şöhrət, uğur və İngiltərə".