2 Kasım 2017

İstanbul xatirələri


"Fasilədə telefonuma baxdım, "Everton" azarkeşi olan tanışlarım məni mesaj yağmuruna tutmuşdular. Yazdıqlarını tam olaraq ifadə etmək istəsəm, "məzələnmək" sözü belə kifayətsiz qalar. İkinci 45 dəqiqədə birinci hissənin ssenarisi təkrarlanacağı təqdirdə məni nələrin gözlədiyini təxmin etmək çətin deyildi.

Məktəb vaxtlarından tanıdığım bir dostum var idi, "Seddo" deyə çağırardıq. Mənim sədaqətimdə dəyişiklik olsa da, onun "Liverpul"a olan nifrəti heç azalmamışdı. Deməli, Seddo fasilədə "Liverpul"un qələbəsinə verilən əmsalı öyrənmək üçün bukmeker kontorlarından birinə zəng vurub. Əmsalı eşitdikdən gülməyə başlayıb və deyib: "Nə? Sizə hələ də onlara şans verirsiz?" İndi də deyir ki, kaş sizə pul qoyardım, bəlkə bu yolla üzüntüm azalardı.

Eşitdiyimə görə, "Everton" azarkeşi olan biri gecə saat 4-də işə getməliymiş. Fasilədən sonra, uduzduğumuzdan əmin olduğu üçün yatağına uzanıb. Gecə yarısı birdən atəşfəşanlığın səsinə ayılıb ki, görəsən, nə baş verir. Televizoru yandırıb, görüb ki, əlimizdə kubok, stadionda dövrə vururuq. Adam bir anlıq öldüyünü və cəhənnəmə düşdüyünü düşünüb..." - Ceymi Karraqer, İstanbul-2005 xatirələri.

27 Ekim 2017

50/50: Klopp&Vaqner


Sabah iki yaxın dost - Yurqen Klopp ("Liverpul) və David Vaqner ("Haddersfild") - bir-birinə rəqib olacaq. Onların dostluğu "Maynts" günlərindən başlayır. Karyeralarının sonrakı gedişatı fərqli istiqamət alsa da, heç vaxt əlaqəni kəsməyiblər.

Vaqnerin "Quterslo" formasıyla "Maynts"a qarşı ulduzlaşdığı bir matç var. Aylardı qol üzünə həsrət olan David rəqib müdafiədə Kloppu görər-görməz orucu pozur - həm də üç qol birdən. İndiyə kimi het-trikin söhbətini o qədər də açmasa da, Vaqner etiraf edir, bəlkə sabah əlindəki "kozer"dən istifadə etdi:

"Onunla birlikdə oynamışıq, otaq yoldaşı olmuşuq. Aramızda çox münaqişələr olub, ancaq hamısı unudulub. Eynilə, bilirəm ki, 90 dəqiqə ərzində baş verənlər də oyundan sonra yaddan çıxacaq. Hə, çox göylə getsə, bəlkə o het-trik mövzusunu açdım (gülür)".

26 Ekim 2017

Mixels və ağıl oyunları


Rinus Mixels ağıl oyunlarını sevərdi. Qəsdən edilən tənqidlər, provokasiya cəhdləri... - menyuda nə istəsən var idi. Oyunun gedişində işlər istədiyi kimi getməyəndə, fasilədə süni münaqişələr yaradarmış. Çox vaxt bilərəkdən komandanın əsas futbolçularına yüklənərmiş. Təxmin etdiyiniz kimi, hədəf əksər hallarda Yohan Krayf olarmış. Məsələn, Krayfın oyununda gördüyü xırda bir səhvi şişirdib, yüklənirmiş, mesaj avtomatik digərlərinə də çatırmış. Ancaq özü də etiraf edir, belə manipulyasiya çox riskli idi. Dozanı aşsan, işlər tam tərsinə də ola bilərdi.

Məşq sessiyaları da istisna deyilmiş. Köməkçi məşqçi Bobbi Haarms xatirələrində qeyd edir: "Məşqlər zamanı bəzən hakim funksiyasını yerinə yetirərdim. Mixels isə hər şeyə nəzarət edirdi. Günəşli günlər yadımdadı, oyunçular o qədər də can yandırmazdılar. O dəqiqə mənə yaxınlaşardı və deyərdi: "Ölü kimidilər. Bir şey elə. Oyunu canlandır". Bunun açıqlamasını deyim? Ok. Yəni heç nədən hansısa tərəfin əleyhinə cərimə zərbəsi verməliydim, ya da boş yerə ofsayd. Belə-belə aqressiya yaranırdı və işlər qaydasına düşürdü".

Krayfın da özünəməxsus rolu var imiş. Yohan önəmli matçlar ərəfəsində komanda yoldaşlarını film izləmək üçün evinə dəvət edərmiş. Seçim kriteriyası günlük ortama baxırdı: komandada gərginlik varsa, komediya, yox, sakitlikdisə, canlanmaq üçün müharibədən, döyüşdən bol film...

25 Ekim 2017

Dayerin dönüşü&Poçettino amili


Maurisio Poçettino Avro-2016-dan sonrakı periodda Erik Dayerdən narazı idi. Digər tərəfdən, Vanyamanın transferi, Poçettinonun stopper yaratma cəhdləri, "Mançester Yunayted"in sonu naməlum israrı... - etiraf edək, ingilis oyunçunun bütün diqqətini futboluna yönəltməsi üçün heç də münasib zaman deyildi. 

2016-cı ilin dekabrında "Mançester Yunayted"lə oynanılan və "Tottenhem"in 0:1 hesablı məğlubiyyəti ilə başa çatan matçdan sonra baş verənlər isə argentinalı məşqçini məsələ ilə bağlı addım atmağa vadar edib. Oyundan sonra Joze Mourinyunun Dayerlə portuqal dilində danışmasını, üstəlik bütün bunların Poçettinonun önündə baş verməsini bir yerə qeyd edək.

Poçettino Eriki yenidən qazanmaq üçün ona fokuslanmaq qərarına gəlib. İlk görüşləri 4 saat davam edib. Mourinyu, şəxsi həyatı, meneceri... - nələr baş verdiyini tam olaraq anlamaq üçün bütün mövzulara toxunublar. Dayer Mou ilə Portuqaliyadan yaranan tanışlığından bəhs edib, sadəcə salamlaşdıqlarını və bu mövzuda onluq bir şey olmadığını vurğulayıb. Eyni zamanda, söhbət əsnasında "Yunayted"in yaydan bəri onunla maraqlandığı ortaya çıxıb.

Poçettino: "Ona dedim: "Qulaq as, avqustda yeni 5 illik müqavilə imzaladın, klubdan ayrılmayacaqsan. 22 yaşın var və artıq indidən "Tottenhem"in ən çox qazanan futbolçularından birisən. Bizim üçün önəmlisən. Məncə, Premyer Liqanın ən yaxşı mərkəz müdafiəçilərindən biri ola bilərsən".

Yanvar ayında daha bir həftəmi ona ayırdım. Hər gün müxtəlif şeyləri gözdən keçirirdik. Bir dəfə onun üçün cədvəl hazırlamışdım. Dörd kateqoriyaya bölmüşdüm: yaxşı, çox yaxşı, əla, unikal. Maradona, Messi və Kriştianu Ronaldunun adlarını dördüncü - unikal - sıraya yazmışdım.

Sonra ondan özünü hansında gördüyünü soruşdum. "Çox yaxşı" cavabını verdi. Təsdiqlədim və "əla" olmaq üçün elə də çox yol qət etməli olmadığını dedim. Sonra ondan, ayrı-ayrılıqda mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi kimi özünü dəyərləndirməsini istədim. Erik yarımmüdafiəçi kimi daha yaxşı olduğunu düşünürdü. Bu mövzuda uzun müddət davam edən müzakirəmiz oldu, çünki mən razı deyildim. Sonda ona dedim: "Ok, fərq etməz. Harada oynayırsan oyna, 100%-ni ortaya qoyduğun müddətcə problem yoxdu".

Futbolçular bəzi şeyləri özləri kəşf etməlidilər. Zamanla Dayer diqqətini toplaya bildi. O, artıq limitlərini anlayır və daha doğru qərarlar qəbul edirdi. Yeni-yeni zirvəyə çatdığını unutmamalıyıq. Onu, trenajor zalında intensiv məşq edərkən gördüm, yanına yaxınlaşdım və dedim: "Erik qayıtdı".

18 Ekim 2017

Sarri-ball

Mauritsio Sarrinin "Napol"inin məşq sessiyalarında istifadə etdiyi dron
Məqsəd sadədi. Yuxarıdan çəkiliş oyunçuların meydana səpələnməsi, bu zaman ortaya çıxan düzülüş xətaları barədə daha dəqiq fikir sahibi olmağa imkan verir. Hər halda, oyunları stadionlarda həm aşağı, həm yuxarı tribunalardan izlədiyiniz olub. Ortaya çıxan fərq bəllidi. Əlqərəz, Sarri sessiyadan sonra oyunçuları bir-bir otağına çağırır, dron-çəkiliş köməkliyilə səhvlərini görüntülü izah edir və çıxış yolunu göstərir.

Roberto Martines dron texnologiyasını futbola ilk tətbiq edən məşqçilərdəndi. Eddi Hau isə bir müddət əvvəl İtaliyaya baş çəkərək Mauritsio Sarridən məsələnin incəliklərini öyrənmişdi.

11 Ekim 2017

Alman məşqçilik məktəbi


Almaniyada məşqçilik, kursların strukturu, ümumiyyətlə, yaradılan sistemlə bağlı özüm üçün kiçik bir araşdırma aparırdım. Sevirəm bu tip şeyləri. Mövzunun diqqətimi çəkməsinin səbəbi də sadədi. Avropa daxilində təkcə futbol yox, voleybol, basketbol kimi idman növlərində də italyan çalışdırıcıların müəyyən dominantlığı olub/var. Son illərdə isə spesifik olaraq futbolda Almaniya bu mənada söz sahibi olmağa başlayıb. Burasına ilişdim, sonra da başlama səbəbini bir kənara atıb, detallarda boğuldum.

Professional futbolçu olmayanların işgəncə çəkməsi üçün dizayn edilən "ilk pilləkənlər"dən danışmayacam. Ən çox diqqətimi çəkən, bu işin "magistratura"sı hesab olunan A lisenziyası və oradan "PhD"yə, yəni Pro lisenziyaya gedən yolu təsvir edəcəm.

Bildiyimiz "Pro" anlayışı almanlar üçün bir az yaddı. Onlar bütün mərhələləri tamamlayan məşqçiləri "futbol müəllimi" adlandırırlar. Bu ada sahib çıxmaq üçün məşhur Hennes Vaysvaylerin adını daşıyan akademiyaya üz tutmalı olursan. İldə 1 dəfə akademiya "müəllim" olmaq istəyən ən yaxşı 24 nəfərə qapılarını açır. Cəmi 24 nəfər! Məşqçi kimi bir neçə il təcrübəsi olan A lisenziya sahibləri kursa müraciət edə bilərlər. İlkin seçim mərhələsində müraciətlərə baxılır və aralarından kriteriyalara daha uyğun gələn 80-i 24 nəfərlik yekun heyətin müəyyən edilməsi məqsədilə imtahana dəvət olunur. Sonra ümumi 3 gün davam edən dəyərləndirmə başlayır. İlk növbədə hər namizəd təklikdə müsahibəyə çağırılır. Müsahibə bitər-bitməz futbol məntiqindən yazılı imtahana keçilir. Taktiki lövhədə süni vəziyyət yaradılır və namizəddən problemdən taktiki çıxış yolunu yazması istənilir. Və yaxud, hansısa real oyundan götürülmüş qısa bir fraqmenti göstərirlər, yenə eyni cür problemi həll etməsini istəyirlər. Bu da OK, amma namizədin günü bununla da bitmir. Yazılı imtahanın ardından meydançada praktiki imtahan başlayır. Məsələn, deyilir ki, skaut raportuna görə, rəqib komanda daha çox 4-3-3 düzülüşündən istifadə edir. Ondan bu təlimata uyğun öz komandasını formalaşdırması istənilir. Sonra konkret zonalar üzrə süni çətin vəziyyətlər yaradırlar və namizəddən dərhal yerindəcə çıxış yolunu komandasına öyrətməsini gözləyirlər. 1 nəfərin praktiki imtahanı 2 saat davam edir. İmtahanları akademiyanın heyəti ilə yanaşı, xüsusi psixoloqlar da izləyirlər. Onlar namizədlərin komanda ilə işini, tapşırıqlar zamanı düşdükləri vəziyyətləri diqqətlə müşahidə edirlər. Yekun qiymətləndirmə zamanı psixoloqların rəyləri də nəzərə alınır. Beləliklə, bu formatda keçən imtahanın ardından "futbol müəllimliyi", ya da UEFA dili ilə desək, Pro kursuna qəbul olan 24 nəfərin adı açıqlanır. Özünüz düşünün, bu, təkcə Pro kursuna qədər olan mərhələ idi, lisenziyanı qazanmaq üçün olan əsas proses isə hələ bundan sonra başlamalıdı. UEFA-ya görə, Pro kursları heç olmasa 240 saatlıq müddəti əhatə etməlidi. Digər Avropa ölkələri bu rəqəmin azacıq üzərinə çıxmaqla işlərini bitmiş hesab edirlər: 256, 270... Almaniya? "Futbol müəllimliyi" kursu ümumilikdə 815 saat davam edir. Klublarda keçirilən təcrübənin bu müddətə aid edilmədiyini öyrənəndə işlər lap da mürəkkəb forma alır.

İlk olaraq 24 namizəd birlikdə, gənclərin iştirakı ilə keçirilən hansısa beynəlxalq turniri - Dünya çempionatı, Avropa çempionatı - izləməyə yollanır. Məqsəd - skaut işlərini mənimsəmək. Onlardan, gözlərinə çarpan gənc istedadların videolarını çəkmək və bu barədə prezentasiya hazırlamaq tələb olunur. Belə-belə günlər keçir... Sonra dərs otaqlarında müəllimlər tərəfindən nəzəri mövzular - fizioterapiya, psixologiya, taktiki nəzəriyyə... - tədris olunur, keçilənə uyğun sual-cavab aparılır.

Növbəti etap praktiki məşğələlərdi. İlk növbədə namizədlər iki-iki bölünür və müəyyən spesifik taktiki göstərişlərə uyğun məşq proqramları hazırlamaları istənilir. Təbii, meydanda baş verənlərin hamısı kameralar tərəfindən lentə alınır və hamılıqla müzakirəyə qoyulur. Bu zaman müəllimlər tərəfindən edilən tənqidlər/iradlar bir yana, xüsusilə namizədlərin bir-birlərini dəyərləndirməsi istənilir. Psixoloq məsələsinin niyə qiymətləndirmədə nəzərə alındığı yavaş-yavaş üzə çıxır.

Ardınca prosesin kənar parçalarının - fizoterapevtlərin, həkimlərin, fitness məşqçilərinin proqramlarına uyğun tədris aparılır. Məqsəd - təkcə özünüzün yox, komanda daxilində olan hər kəsin nəyi necə və niyə etdiyini bilməlisiz. Üzərinə media məsələsini də gəlin. Jurnalist təzyiqinin üzərindən necə gəlmək lazım olduğu öyrətmək üçün başlarına açılmayan oyun qalmır: simulyasiya dalınca simulyasiya... Bütün bunlar 815 saatlıq periodu əhatə edir. Sonra məşqçilər iki ay müddətinə təcrübə keçmək üçün Bundesliqa klublarının düşərgələrinə göndərilirlər. Yekun mərhələdə isə seçdikləri mövzu üzrə minimum 15 səhifəlik iş yazmaları tələb edilir. O işin dəyərləndirməsinə əsasən isə akademiyadan məzun olub, Pro lisenziyasına sahib çıxırlar, ya da almanların diliylə, "futbol müəllimi" olurlar. Bütün bu məşəqqətli proses həyatınızdan 10 ay alır.

Düşünürəm ki, bütün bunları oxuduqdan sonra, son illərdə o 24-lükdən çıxanların - Tuxel, Klopp, Löv, Naqelsmann... - adlarının işin asları sırasında hallandığını gördükdə təəccüblənməzsiz.

P.S.Yulian Naqelsmann adlanan qeyri-adi varlıq bu kursu 1-lə (ən yüksək qiymət) bitirib.

10 Ekim 2017

Qaydaları yıxan - Tomas Tuxel


"Şərhçilər/jurnalistlər hər oyunda fərqli düzülüşdən istifadə etdiyimizi deyirdilər. Bunun səbəbi nə idi? Düzülüş, qapıçı istisna olmaqla, digər 10 oyunçunun meydanda geometrik olaraq yerləşməsidi. Klassik 4-4-2, paxlava 4-4-2, 3-5-2, 4-3-3 və s. O dövrə qədər olan təxmini 7 illik məşqçilik karyeram ərzində mənə bir sistemi komandada oturtduqdan sonra zamanla onu maksimum avtomatikləşdirərək ən yaxşı səviyyəyə çatdırmalı olduğum öyrədilmişdi. Fərqli düzülüşlər və sistemlərdən istifadə etməyimiz sadəcə bir qərarın nəticəsi deyildi. Düzünü desəm, şərtlər bizi buna məcbur edirdi. Komandanın digərləri ilə rəqabət edəcək səviyyədə olmadığı, heyətin həm taktiki, həm də individual oyunçu keyfiyyətləri və komanda işi baxımından lazımı səviyyədə olmadığı mövzusunda məşqçilər korpusu ilə həmfikir idik. Qısası, oyunun hər nöqtəsində çatışmazlıqlarımız var idi.

Vaxt yox idi, qısa bir zaman ərzində həll yolu tapmalıydıq. Rəqib analizi, rəqib analizi, yenə də rəqib analizi... Videoları qabağa ver, arxaya ver, orasını kəs, burasını kəs... Nəhayət rəqiblərin meydandakı düzülüşünün yansıması olmağa qərar verdik. Rəqib 4-4-2 oynamaq istəyirdisə, problem yoxdu, biz də eynisini oynayacaqdıq. Çünki top rəqibdə olanda müdafiə necə hərəkət etməli olduğunu asanlıqla anlaya bilirdi. Rəqibin düzülüşünün yansıması oyunçuların işini asanlaşdırırdı. Bu, bizim üçün meydanın daxilində çox düşünmədən doğru formada hərəkət etməyin bir yolu idi. Hər matça fərqli düzülüşlə çıxmaq instinktlə hərəkət edib, müdafiə olunmaq sisteminin bir nəticəsi idi. Rəqibi narahat etmək və düzgün şəkildə müdafiə olunmaq üçün bu yolu seçmişdik. Əslində, bu, bir konsept idi. Matçın onuncu saniyəsində kim filan nöqtəyə press tətbiq edəcək, filan kəs hara qaçmalıdı, ya da mən, yoxsa sən... - hoop, bunları düşünə-düşünə bir də görürsən ki, iş işdən keçib. Bundesliqada oyun sürəti çox yüksəkdi. Bu, belə dilemmalara düşmədən meydan daxilində doğruyu tapmaq üçün düşünülmüş bir yol idi. Bir yerdən sonra artıq müxtəlif sistemləri oynaya bildiyimizin fərqinə vardıq və mən də bunu lehimizə çevirdim. Artıq bunu bilmənin rahatlığı ilə planlar hazırlayırdım.

Əlbəttə, məşq prosesində çoxlu dəyişikliklər etmişdik. Bundesliqa oyunlarında əksər hallarda mərkəzdə daha çox adam olur, o zona daha yaxşı qorunur və komandalar mümkün olduğu qədər ən qısa müddət ərzində topu cinahlara daşımağa çalışırlar. Biz də istisna deyildik. Əslində isə, bu, bizim üçün doğru istiqamət deyildi. Asan bir məqsəd olduğunu deyə bilərik, yəni topu götürərəm, hücum oyunçusuna çatdıraram, gerisinə də qarışmaram, onun işidi, hə? Biz nə etdik? Diaqonal uzun oynamaq məcburiyyətində qalmaq üçün süni şərait yaratdıq. Necə? Məşq meydançalarında ölçüləri kiçildib beşbucaqlı meydançalar yaratdıq və komandanı orada məşq etməyə məcbur etdik. Yəni çizgiyə enən şəxsin diaqonal oynamağa məcbur edilməsi üçün meydanı fərqli formalara saldıq. Çünki bizim təməl məqsədimiz artıq irəliyə doğru diaqonal oynamaq idi. "Maynts" bu barədə o gündən bəri problem yaşamır.

Ancaq çox inadkar davranmırdıq. Məşqçilər korpusu ilə birlikdə, paxlava dilimi formasında olan meydançalarda oyunçulara necə həll yolu tapmaları mövzusunda yardımçı olurduq. Əslində, bütün bu baş verənlər mənim məşq metodlarıma da təsirsiz ötüşmədi. Məsələn, irəliyə doğru diaqonal pas olmayan kimi fiti çalıb oyunu dayandırmırdım. Nəyisə zorla diqtə etmirdik, əksinə, sadəcə, meydanı ölçüb-biçdikdən sonra orada futbolçulara həll yolunu tapmaqda kömək edirdik. Yəni oyunçunun bir şeyi daim edib-etmədiyinə nəzarət etmək əvəzinə onun tapşırılanı etdiyi zamanlarda yaşadığı problemi həll etməyə çalışırdıq.

Məşq sessiyalarında həddindən artıq təkrarlar olurdu. Düzü, ötürmə+ötürmə+ötürmə+kross tipli şeyləri heç etmirdik. Ancaq öz müəyyənləşdirdiyimiz planlar üzərində çalışırdıq. "3 ay bunu, 3 ay digərini edəcəyik" prinsipi də yox idi. Planlarımız daxilində olan hər şeyi hər gün, hər zaman məşq edirdik. Tez-tez mümkün olduğu qədər dar formaya salınmış və fərqliləşdirilmiş meydançalarda çalışırdıq. Dairə formasında olanlardan tutun, 18 m eni, 75 m uzunluğu olan meydançalara kimi müxtəlif geometrik formaları yoxlamışıq. Ancaq bu günə qədər bir dəfə də olsun normal meydançada 11v11 məşq etməmişik. Həmişə ilk fikrim şənbə günü keçiriləcək matçın eynisini əvvəlcədən futbolçularıma oynatmaq olub. Zamanla məşqçilərimlə birlikdə "qaydaları yıxan" fərdlər olmuşduq - həm də bunun fərqində belə olmadan. Çünki hədəfimiz həmişə bəlli idi: Çatışmazlıqları necə həll edə bilərik? Bizə nə kömək edə bilər?" - Tomas Tuxel.

4 Ekim 2017

Kum – Ku – Kun


Serxio Aqueronun "Kun" ləqəbinin maraqlı hekayəsi var.

Argentinalı sevimli "Kum-Kum" adlı yapon cizgi filmini gecə-gündüz demədən, təkrar-təkrar izləyərmiş. Əsas obrazın - Kum-Kumun adını tam tələffüz edə bilmədiyindən, gah "Ku", gah da "Kun" deyərmiş. Babası, sözügedən cizgi filminə olan sevgisi və uşaq ikən Kum-Kumla arasında olan bənzərliyi səbəbindən Aqueronu belə çağırdıqlarını iddia edir. Əslində isə Kum-Kumun səhv tələffüz formasını eşidən qonşulardan biri ilk dəfə Serxioya "Kun" ləqəbini verib.

3 Ekim 2017

Zlatan–36


"Bir müddət öncə tanımadığım biri mənə Annelund körpüsünün şəklini göndərmişdi. Rusenqordun kənarında yerləşən körpünün üzərində yazılmışdı: "Bəlkə də nə vaxtsa Rusenqorddan uzaqlaşa bilərsən, ancaq Rusenqordu heç vaxt ürəyindən çıxarda bilməzsən". Sonda isə sitatın müəllifinin adı qeyd edilmişdi, yəni mənim - Zlatan.

Bu barədə heç nə bilmirdim. Onda zədəliydim; ayağım burxulmuşdu. Fizioterapiya üçün bir neçə günlük Malmödəydim. Milandan olan fizioterapevtim də mənimlə birlikdəydi. Bir gün günorta onunla həmin körpünün altına getdik. Qəribə hisslər idi. Yay, hava isti, avtomobilimdən düşdüm, yazıya baxdım və özümü qəribə hiss elədim. O yer mənim üçün çox xüsusi idi.

Məhz o körpünün altında atam yağmalanmış, nəticədə ağciyərindən yara almışdı. Gecələr anamın yanına - Kronmansa gedərkən təlaş içində, əlimdə lampa qaranlıqda qaçdığım tunel də uzaqlıqda deyildi. Bura mənim uşaqlığımın keçdiyi yerlər idi. Hər şey buradan başlamışdı.

Artıq futbol ulduzu idim; qəhrəman olaraq geri dönmüşdüm. Ancaq həm də yenidən sürətlə qaçacağı təqdirdə tuneldəki qaranlıqdan yaxa qurtaracağını düşünən uşaq idim. Bir anda bütün xatirələr gözümün önündə canlanmışdı.

Atamı yadıma saldım - qulaqlıqda, iş paltarında. Bir anlıq boş soyuducu və pivə butulkaları gözümün önünə gəldi. Eyni zamanda atamın yatağımı daşımağını, xəstəxanada necə qayğıma qaldığını xatırladım. Sonra anamın siması yadıma gəldi - təmizlik işindən qayıdarkən üzünün aldığı forma... Yaponiyaya - Dünya çempionatınına yollananda məni qucaqlamağı... Endirimlə 59,90 krona aldığım ilk futbol ayaqqabılarımı xatırladım. Dünyanın ən universal futbolçularından biri olacağıma dair xəyallar qurardım. O an anladım ki, artıq xəyallarım reallaşıb. Düzü, bütün bunları, birlikdə çalışdığım böyük oyunçular və məşqçilər olmadan bacara bilməzdim.

Rusenqord, həmin tunel... Birdən qatar səsi eşitdim. Mənə yaxınlaşan başörtülü bir qadın şəkil çəkdirmək istədi, gülümsədim və razılaşdım. İnsanlar ətrafıma toplaşdılar. Nağıla bənzəyirdi və mən Zlatan İbrahimoviç idim..."

Zlatan İbrahimoviçin bioqrafiyasından götürülmüşdür.

Tərcümə: Rüfət Məcid

25 Eylül 2017

SƏDDAM


Feliks Maqatın qəribə məşqçilik metodlarını az qala bilməyən yoxdu. Bu yaxınlarda o məlum hekayələrdən birini eşitmişəm. Qısaca bölüşmək istədim.

Deməli, "Fulhem"də çalışdığı dönəmdə bir məğlubiyyətlə bitən oyun sonrası komandasına tapşırır ki, sabah səhər 8-də meydanda olun, məşqə çıxacağıq. Normalda matçlardan sonrakı gün futbolçulara istirahət verilirmiş. Amma söhbət Maqatdan gedir, qayda filan dinləməz.

Danışıldığı kimi, 8-də futbolçular məşqə gəlir, ancaq ətrafda top yox. Maqat tapşırır ki, hamı dünənki oyundakı mövqeyinə keçsin. Qapıçı, 4 müdafiəçi, 4 yarımmüdafiəçi, 2 hücumçu... - hamı yerini alır. Əlavə edir: "Dünən qaçmaq istəmirdiz. Ona görə bu gün də qaçmayacaqsız". Yəni Maqat futbolçulardan, oynadıqları mövqelərə uyğun şəkildə meydanda düzülüb hərəkətsiz qalmalarını istəyir. Bu arada, hava da bumbuz, ətrafda futbolçulardan başqa demək olar ki, heç kim yox. Fiti çalır və "məşq" başlayır. Özü isə o baş-bu baş meydanı gəzir. Düz 40 dəqiqə futbolçular yerlərində hərəkətsiz qalırlar.

20 Eylül 2017

Rak&Rak – Sevgi hekayəsi


Bu dəfə mövzu fərqlidi. Sırada sevgi hekayəsi var. Yəqin, əksəriyyət İvan Rakitiçin sevgili Rakeliylə necə tanış olduğunu ucundan-qulağından bilir. Ancaq arzu edirsinizsə, tamamını bir də səbəbkardan oxuyaq:

"Tam da “Hollivud”luq hekayəm var. Romantik komediyadı, amma tamamilə həqiqəti əks etdirir. Hər şey xorvatiyalı birinin bara daxil olması ilə başlayır.

2011-ci il, 21 yaşım var… İspaniyaya çatanda axşam saat 10 idi. 4 illik “Şalke“ karyeramın ardından, “Sevilya“ ilə müqavilə imzalamaq üçün buradaydım. Tibbi baxışdan keçməli və kağızları imzalamalı idim.

Böyük qardaşım Deyan da mənimlə birlikdə idi. Otelə çatanda bəzi klub rəsmiləri ilə yemək yedik. Yeməkdən sonra gərgin idim, gözümə yuxu getmirdi. Qardaşıma dedim: “Gəl, yatmamışdan öncə bir az içək“.

Bu sözlər həyatımı dəyişdi. Çünki otelin barında işləyən qız… Vau… Bir anlıq hər şey “slow motion"a keçir. O, çox gözəl idi.

Öz-özümə dedim: “Sevilya. Vau. Bu yeri sevdim”.

İspanca bilmədiyimdən, “hola”dan (salam) başqa heç nə deyə bilmədim. Alman, ingilis, italyan, fransız və serb-xorvat dillərini bilirdim, amma siyahımda ispan dili yox idi. Qorxunc anlar idi.

Qardaşımla söhbətləşərkən telefonuna zəng gəldi. Bizim Sevilyada olduğumuzdan xəbərdar olan hansısa böyük Avropa klubunun rəsmiləri, “Sevilya” əvəzinə həmin klubla müqavilə imzalamağım üçün özəl təyyarə göndərməyə hazır olduqlarını dedilər.

“Sevilya” ilə rəsmi anlaşmamız yox idi. İspaniyaya köçmək mənim üçün böyük addım idi, ancaq bir o qədər də riskli idi: yeni ölkə, yeni dil, heç kimi tanımırdım. Mənim üçün özəl təyyarə göndərməyə hazır olan bir klub… - fikrimi dəyişdirməyə dəyəcək səbəb deyildi.

Qardaşım soruşdu: “Nə etmək istəyirsən?”

Mən: “Artıq “Sevilya” prezidentinə “hə” demişəm.

Verdiyim söz atacağım imzadan dəyərlidir”.

Qardaşım tərəddüd etmədən razılaşdı.

Əlavə elədim: “Oradakı xanım ofisiantı görürsən? “Sevilya”da oynayacam və bu xanımla evlənəcəm”.

Qardaşım gülürdü: “Ok. Sən nə deyirsənsə, odur”. Zarafat elədiyimi düşünürdü.

Ofisiant xanım bizə yenidən yaxınlaşdı və qalxıb-qalxmayacağımızı soruşdu. Qardaşıma dedim: “Hələ də gərginəm. İnanmıram ki, yata bilim. Birini də içək”.

Səhər “Sevilya” ilə müqavilə imzaladım və ev axtarana qədər 3 ay boyunca həmin oteldə yaşadım. Hər gün səhər o gözəl ofisiant xanımı görmək üçün otelin barına yaxınlaşıb kofe və “Fanta” sifariş edirdim.

Tək bildiyim adının Rakel olduğu idi. O, ingiliscə danışa bilmirdi, mən isə ispanca. Hər gün eyni şey: “Salam, Rakel. Bir kofe və “Fanta”.

Necə izah edəcəyimi bilmirəm. Bəzən biriylə qarşılaşırsan, səni tamamilə başqa hisslərə qapılmağa məcbur edir. Onu hər görəndə içimdə sanki bomba partlayırdı.

Zamanla yavaş-yavaş ispan dilini öyrənməyə başladım. Fikrimi çatdırmaqda çətinlik çəkəndə isə əllərimdən istifadə edirdim. Mən əl-qolla nəsə başa salmağa çalışanda gülürdü. Ceynlə Tarzan kimi bir şey idi.

Çox kofe içirdim, gülünc haldaydım. Bəlkə də 20-30 dəfə ona görüşmək təklifi etmişdim. “Yox” demirdi, ancaq "hə" də demirdi. Hər səfər bəhanə uydururdu. Üç ay sonra evə köçdüm. Hər şeyin bitdiyini düşündüyümdən, özümü pis hiss edirdim. Amma əl çəkmədim. Kofe içmək üçün yenə otelə getməyə başladım.

İşdə olmayanda dərhal başqa məkana üz tuturdum. Orada olanda isə... gün mənim günüm idi.

İspancam inkişaf edirdi. Artıq yavaş-yavaş danışa bilirdik. Özümü bütün gün ispan TV kanallarına baxmağa və ispan radiosu dinləməyə məcbur edirdim. Özümü şanslı sayıram, çünki Balkan zonasından olanlar dil öyrənməkdə bacarıqlı olurlar. Niyəsini bilmirəm, amma belədir.

Bir gün Rakel mənimlə görüşməməsinin səbəbini açıqladı: “Sən futbolçusan. Növbəti il başqa ölkədə ola bilərsən. Bağışla məni, ancaq olmaz”.

Öz-özümə düşündüm: “Bəlkə də yaxşı oynamayacağıma və “Sevilya”nın yayda məni satacağına inanır”.

Artıq məşqlərə, buralarda daha çox qalmaq və bu qızı mənimlə yeməyə getməyə razı salmaq üçün xüsusi motivasiya ilə çıxırdım. Tam 7 ayımı aldı mənim: 27 yanvarda İspaniyaya gəlmişdim, 20 avqusta qədər gözləməli oldum. Həmin gün mənə mesaj gəldi: “Qız bu gün işdə deyil, hazırda bacısıyla birlikdə barda içir”.

Görürsən, şəhərdə hamı mənim hekayəmi bilirdi, ona görə də həmin an barda olan biri məni olanlardan xəbərdar etmişdi. Mənbəmin adını verməyəcəm.

Dostumla birlikdə otelə yollandıq. Rakelin yanına oturdum və dedim: “Bu gün işləmirsən. Artıq mənimlə yemək yemək üçün vaxtın var”.

Təəccüblənmişdi. Nə edəcəyini bilmirdi. Əlavə etdim: “Sənsiz bir yerə gedən deyiləm. Bacınla olduğunu bilirəm. Ancaq bu gün yeməyə çıxmalıyıq. Mənimlə gəl. Hətta hamımız bir yerdə gedək...”

Birlikdə oradan ayrıldıq. Bir gün sonra da yemək yedik və o gündən bəri bərabərik. Birlikdə 6 il və iki gözəl qız uşağı...

Həyatımda bacardığım ən çətin şey idi. Çempionlar Liqasını qazanmaqdan daha çətin idi. Açığı, elə bir o qədər vaxtımı aldı.

Ailəsi ilə ilk dəfə tanış olduğum an daha da komik idi. Artıq ispancam çox irəliləmişdi. Ancaq birdən-bir böyük bir ailənin ətrafında olanda... Allahım, çox sürətlə danışırdılar, özü də Sevilya ləhcəsi ilə.

Atası mənimlə zarafatlaşmağa çalışırdı, ancaq dediklərindən heç nə anlamırdım. Özümü başa düşürmüşəm kimi göstərib, yalandan gülürdüm. Ancaq danışılanlar haqqında heç bir fikrimin olmadığını başa düşürdü. Sonunda dilləndi: “Eybi yox. İki-üç ay sonra hər şeyi başa düşəcəksən”.

Sevilyalılar cana yaxın insanlardılar, onlar hər kəsi öz ailələrindən biri kimi qəbul edirlər. Həyat yoldaşımın futbol haqda heç bir anlayışı yoxdur, bu səbəbdən ailəsinin də elə olduğunu düşünürdüm. Amma sən demə, onlar əsil “Sevilya” azarkeşləri imiş. Rakelin babası, mən onunla tanış olmamışdan öncə dünyasını dəyişmişdi. Həyat yoldaşımın atası onun xəstəxanadakı son günlərindən bəhs edərdi. Deyərdi ki, tibb bacısı onu soyundurub xəstəxana paltarı geyindirirmiş, ancaq o, təkcə saatını çıxarmaqdan imtina edib.

Saat “Sevilya” atributlarını daşıyan özəl saat imiş...

Rakelin babası tibb bacısına deyib: “Olmaz, bu, sona qədər mənimlə qalacaq. Klubumla birlikdə bu dünyadan köçəcəm”.

Məncə, insanlar futbolçuların həyatlarındakı insanlardan necə təsirləndiklərini anlamırlar. Həmişə müsahibə zamanı bizdən məşqçi, məşq prosesi və taktika haqda soruşurlar. Biri də çıxıb, meydandan kənar nələrin baş verdiyi barədə sual vermir. Məncə, bu da önəmlidir. 6 il ərzində İsveçrədən Almaniyaya, oradan isə İspaniyaya köçmüşdüm. Olduqca gərgin, bir o qədər də yalnızlığı hiss etdiyim təcrübə idi. “Bazel” və “Şalke”də olanda da yaxşı futbolçu idim, ancaq həmişə nəyinsə çatışmadığını düşünürdüm.

Həyat yoldaşımla qarşılaşanda uğrunda oynaycağım bir şeyə sahib olduğumu anladım. Düzü, elə ondan sonra karyeram yüksəlişə keçdi. “Sevilya”da çox özəl illərimiz olub. 2013-cü ildə, Maradonadan sonra komandanın kapitanı seçilən ilk legioner futbolçu oldum. Bu, mənim üçün şərəf idi - xüsusilə də klubun həyat yoldaşımın babası üçün nə anlama gəldiyini anladığım üçün...

Böyük qızımızın dörd yaşı var. Artıq Barselonada insanların futbolu necə önəmsədiklərini anlamağa başlayır. Rakellə proqnozlaşdırmağa çalışırıq: görəsən, mənim kimi futbol xəstəsi olacaq, yoxsa anası kimi futboldan heç nə anlamayacaq? Hələlik ikisinin ortasında bir yerlərdədi.

Bəzən onunla birlikdə evdə futbola baxırıq. Qol vurulanda və qolun müəllifi məndən qeyri biri olanda özündən çıxır: “Yox! Qolu sən vurmalısan!”

Messi və ya Suarez, fərqi yoxdur, qolu ata vurmalıdı. O, assist edə bilməz, ancaq qol vurmalıdı. Mən də öz növbəmdə ən yaxşısını edirəm. Bəlkə də Leoyla bu barədə danışmalıyam".

Tərcümə: Rüfət Məcid

18 Eylül 2017

"Dadadu"nun həyatı


"Dünya çempionatı haqqında düşünəndə ağlıma ilk olaraq boyalar gəlir. Balaca boya qabları: mavi, yaşıl, sarı... – xəyal edə biləcəyiniz ən parlaq rənglər.

Çölə çıxırsan, şəhərin küçələrini boyayırsan – Braziliyada bu ənənə hər 4 ildən bir - turnir başlamamışdan öncə təkrarlanır. Görəsən, kimin divar rəsmləri və ya boyadığı səki ən gözəldir? Sanki yarışırdıq. 1982-ci ildə ölkədəki hər uşaq kimi, mən də küçədə idim. Qonşu uşaqlarla məhəlləmizi boyayırdıq. Bütün şəhər sakinləri ritualı yerinə yetirirdi. Rəsmləri hər yerdə görə bilərdiz: quşlar, Braziliya bayrağı, yığma komanda oyunçuları... - hər cür rəng və dizayn.

Boya işləri bitdikdən sonra, bir yaşlı qonşumuz vardı – cənab Renato, oyunları izləmək üçün onun evinə yığışardıq. Balaca idim, mənə nəzərən çox böyük idi – bunun xaricində haqqında çox şey xatırlamıram. Hə, deyəsən, Hava Qüvvələrindən təqaüdə çıxmışdı, ya da ona bənzər bir şey. Hamımız üçün kartof qızartması və qazlı su alardı. İndi bu, o qədər də önəmli bir şey kimi görünmür. Ancaq o zaman elə hey bu tip qidalarla bəslənmək imkanımız olmazdı. Buna bənzər balaca şeylər xatirələri daha da özəlləşdirir: kartof qızartması, sular, dostlarınla TV-nin önündə oturub futbola baxmaq... bir gün professional futbolçu ola biləcəyinin xəyalını qurmaq.

Bento Ribeyruda – Rio-de-Janeyrunun şimalında böyümüşəm. Orta sinifin nisbətən aşağı təbəqəsinin yaşadığı bölgə idi. Nə xarabalıq idi, nə də TV-də gördüyünüz üst-üstə evlərə rast gələ bilərdin: adi evlər. Və elə bir gün olmazdı ki, futbol haqqında düşünməyək.

Düzü, 5 yaşım olanda artıq həyatımı futbolun ətrafında görürdüm. Necə izah edəcəyimi bilmirəm, amma idmana bağlı idim – bunu içimdə hiss edirdim. Cavan yaşlarda “Futbolçu olmaq istəyirəm” demək çox asandır. Ancaq uşaq yaşlarda bunun həqiqətdə nə anlama gəldiyini başa düşə bilmirsən. Reallıq balaca olarkən qavraya biləcəyin bir şey deyil. Beş yaşım olarkən, fırçamı boya dolu qaba batıranda, doğrudan da bunun nə demək olduğunu anlamırdım. Mavi boya biləyimə, qoluma axanda, futbolun məni haralara aparacağını bilmirdim. Sadəcə, həmişəki kimi, dostlarımla küçədə idik. Zikonun portreti bizə baxırdı.

Hadisələrin sürətlə cərəyan edəcəyini, xəyalların tez bir zamanda həyata keçəcəyini bilmirdim.

Qəsəbəmizdə futbol oynaması ilə nam salan balaca uşaqlardan sadəcə biriydim. Futbol oynamaq dedikdə, sözün həqiqi mənasında bütün gün oynamaqdan bəhs edirəm. Bəzən o günləri yada salanda düşünürəm ki, bəlkə də bu, məni Braziliyada futbolçu olmaq istəyən uşaqlardan fərqləndirirdi. Mən təkcə ən böyük olmağın xəyalını qurmurdum, həm də ona həqiqətən inanırdım: gəlmiş-keçmiş ən yaxşılardan biri ola bilərəm...

Bütün bunlar barədə düşünəndə gülümsəyirdim, çünki bu fikirlərin haradan, necə yaranması haqda heç bir fikrim yox idi.

Həyat... Topa ilk dəfə toxunduğum andan başlayan həyat...

Düzünü desəm, atamla birlikdə “Marakana”da izlədiyim ilk “Flamenqo” matçını belə xatırlamıram. Qəribədir, amma futbola qarşı olan hisslərimlə müqayisə edəcəyim tək şey yeriməkdir. Hə, yeriməyə bənzəyirdi. Təbii, elə anlar olur ki, yeriməyi bacarmırsan, bunu edə bilmirsən. Ancaq həyatın anlamını yerimədən anlaya bilməzsən. Mən də futbolsuz həyatımı təsəvvür edə bilmərəm.

Hətta ilk ləqəbimi də xatırlamaqda çətinlik çəkdiyim günlərdə almışdım. Böyük qardaşlarıma qol vuranda, qışqırardılar: “Dadaduuuuuuu!”

Balaca olarkən “Ronaldu” sözünü tələffüz etməkdə çətinlik çəkirdim. Söz ağzımdan "Dadadu" kimi çıxardı.

Qardaşlarım evdə olanda belə, küçədə topla oynayardım: sol ayaq, sağ ayaq, sol ayaq. Bağçamızda oynamağı sevirdim. Evimiz elə də böyük deyildi. Çox vaxt da divanda yatardım. İşin yaxşı tərəfi həyətimiz var idi. Və bu, mənim əsil ehtiyacım olan şey idi: futbol oynamaq üçün ərazi. Evimiz meyvə ağacları ilə əhatələnmişdi: quava, manqo, jabotikaba ağacları... Qardaşlarım olmayanda ağacların arasında dribblinq edirdim. Orada olanda öz-özümə düşünərdim: mən tarixin ən böyük futbolçularından biri olacam.

Professional futbolçu olmaq üçün hər imkanı dəyərləndirməyə hazır idim. Düşüncə beynimi işğal edirdi. Valideynlərim bütün diqqətimi dərslərimə yönəltməyimi istəyirdilər. Mən isə başqa bir şey haqda düşünə bilmirdim. Futzal oynamağa başladıqdan sonra hər şey qaydasına düşdü. Təbii, bəxtim də gətirdi. Ancaq baş verənlərin əsas izahı fədakarlığım idi. Növbəti il “Sau Kriştavu” klubu ilə məşqlərə başladım. 13 yaşım var idi, ancaq klublar artıq məni gözardı etməyə başlamışdılar. Sonda “Kruzeyru”da oynamaq üçün Belu-Orizontiyə yollandım. 15 yaşım olanda milli komanda ilə birgə məşq etmək üçün dəvət aldım. 16 yaşım olanda isə “Kruzeyru” forması ilə professional debütümü elədim. Növbəti il – 1994-də isə Braziliya millisi ilə Dünya çempionatına yollandım. Dediyim kimi, hər şey bir göz qırpımında baş verdi.

Başından bəri bütün bunların həyata keçməsini nə qədər çox arzulasam da, yaşadığım hər an mənə sürpriz kimi gəlirdi. Professionallığa keçidin necə olacağı barədə heç bir təsəvvürüm yox idi. Nə plan var idi, nə də yol göstərən, rəhbər olacaq kitabça. Bəzən, məktəbdə, bağçada futbol oynayan uşağın Bebeto ilə məşqə çıxmasının bir andaca baş verdiyini düşünürdüm.

Sonra Dünya çempionatı başladı. 1994-cü il Dünya çempionatını necə təsvir edə bilərəm ki? O komandanı necə sözlə izah edim?

Belə deyim. Harvard Amerikada çox önəmlidir, hə? O komanda ilə Dünya çempionatında oynamaq da futbolun “Sarmaşıq liqası”nda (ABŞ-ın şimal-şərqində yerləşən və yüksək səviyyəli təhsil verən 8 universitetin toplamı belə adlanır) olmaq kimi bir şey idi. Bu, ən üst səviyyə təhsil idi – sadəcə futbol oynamağı yox, necə futbolçu olmağı öyrədən... necə dünya çempionu olmağı öyrədən.

Mundialda bir dəqiqə belə olsun meydana çıxmadım. Ancaq əvəzində bacardığım qədər izlədim, gördüm, götürdüm. Qeydlər aparırdım, bütün məlumatları toplayırdım, çünki bir gün bu səviyyəyə yenidən qayıdacağımı bilirdim.

Həmin yay həm həyatım, həm də karyeramın gedişatı dəyişdi.

İlk dəfə Romariuyla qarşılaşmışdım. 1994-cü ilin yayı həm də bu baxımdan əlamətdar idi. Onu izləyərək böyümüşdüm. Romariu və Zikuya tamaşa edəndə öz-özümə düşünərdim: “Meydanda və meydandan kənar... - bax, əsl oyunçu belə olmalıdır”.

Həmin yay Romariu komandanın düşərgəsindəki gənclərə qarşı çox diqqətcil idi – xüsusilə də mənimlə münasibətdə. Bəlkə də hər ikimiz hücumçu olduğumuz üçün, ya da eyni qətiyyət və fədakarlığı məndə də görmüşdü, bilmirəm. Çox olurdu ki, məşqdən sonra söhbət edirdik. Qəribədir, amma mənə elə gəlir ki, onun idmana yanaşması mənimkiylə üst-üstə düşürdü. Məncə, o da idmanı təkamül kimi görürdü, yəni növbəti mərhələyə keçmək üçün bir neçə addım atmalısan, addımlar, addımlar, növbəti mərhələ - belə-belə, ta ki ən yaxşı olana qədər.

Mənə demişdi ki, növbəti mərhələ Avropadır. Romariu PSV-də oynamış, daha sonra isə “Barselona”nın sıralarına qoşulmuşdu. Mənimlə PSV-yə keçidim haqda danışardı. Gülməli səslənə bilər, ancaq haqqında danışdığımız şeylərdən biri də hava idi. Görəsən, Braziliyadan sonra Hollandiyadakı qarla örtülü meydanlarda oynamaq nəyə bənzəyirdi?

Ən böyük dəyişiklik rəqabət olacaqdı. Mənə La Liqanın qalibi olmaqdan, Çempionlar Liqasının finalında oynamaqdan bəhs edərdi. Sonra mən də anladım: əgər ən yaxşı olmaq istəyirəmsə, həmin addımları izləməliydim. Beləliklə, PSV ilə anlaşdım.

Corc Vea, Marko van Basten, Paolo Maldini – uşaq olarkən onlara heyran idim. Və artıq mən də Avropadayam. Mən də artıq futbolçular arasında seçilməli idim. Beləliklə, daha da cəsur addımlar atmağa başladım: özüm üçün hədəflər qoydum və onlara nail olmaq üçün yola çıxdım. İnsanların mənim nə etmək istədiyimi bildiyimdən əmin olmalarını istəyirdim.

PSV-yə keçəndə demişdim ki, ilk mövsümdə 30 qol vuracam. Dediyim kimi də oldu: 30 qol vurdum. Sonra dünyanın ən yaxşısı olacağıma dair hədəf qoydum. “Barselona”ya transferim reallaşdı və ardınca “Qızıl top” mükafatını qazandım.

Həmişə özümdən əmin olmuşam. Ancaq mükafatlarımı, vurduğum qolları anons etmək? Böyüyərkən izlədiyim digər oyunçuların etdiklərini təkrarlayırdım. Lovğalıq, şoumenlik... – bəlkə illərimi aldı, ancaq sonunda bu adamın mən olmadığını anladım. Özümdən razılıq edəndə şəxsiyyətimdən uzaqlaşırdım. Mən də sadəcə oyunumla sözümü deməyə başladım.

Təbii, qətiyyətimdə bir dəyişiklik olmamışdı. Hələ də özümə meydan oxuyurdum, yeni hədəflər müəyyənləşdirirdim, ancaq bütün bunlar məndə gizli idi. Ən yaxşı olmaq üçün manşetlərə ehtiyac yox idi. Ən yaxşı olmaq - idmanla bunun üçün məşğul olurdum. Daim öz üzərimdə çalışmaq... Daim limitlərimi müəyyənləşdirmək və həmin limitləri aşmaq... Məqsədim sərhədləri sınaqdan keçirmək idi.

Təcrübə etmədiyim yeganə şey Dünya çempionatında meydana çıxmaq idi. Bir gün bunun onsuz da reallaşacağından əmin idim. Hələ zamanım çox idi.

DÇ-1998-də 21 yaşım var idi. Futbol mənim üçün sadəcə əyləncədən ibarət idi. Fransayla finala gedən yolda 4 qol vurmuşdum. Final günü isə izah etməkdə çətinlik çəkdiyim şeylər baş verdi. Çox xəstə idim, yatağa məhkum olmuşdum. Çox şeyi xatırlamıram. Sonra həkimlər bir neçə dəfə məni yoxladıqdan sonra oynamağıma icazə verdilər və mən də meydana çıxdım. Təbii ki, oyunum alınmadı və biz 0:3 hesabıyla məğlub olduq.

Məhv olmuşduq, amma hələ də gənc idim və daha bir neçə Dünya çempionatında oynayacağımı düşünürdüm. İrəlidə hələ çox imkanlar olacaqdı.

Əlbəttə, həyatda hər şey düşündüyünüz kimi olmur. Növbəti il dizimdən ağır zədələndim. Bəzi insanlar bir daha futbol oynaya bilməyəcəyimi deyirdilər. Bunları eşitmək çox üzücü idi. Hətta bəziləri bir daha yeriməyimə belə tərəddüdlə yanaşırdılar. Bax, o zaman mənim limitlərim həqiqətən də sınaqdan keçirdi.

Səmimi olacam, futbolda bəzi şeylər var ki, həmişə məni narahat edib. Məsələn, səyahət etmək, gözləmək... Amma meydanın daxilində olanlar... futbol oynamaq? Bax, bunu çox sevirdim. Bu duyğular heç vaxt əksilmədi. PSV, “Barselona”, “İnter” – harada olmağım fərq etməz, meydanda ikən eynən uşaqlıqdakı kimi özümü xoşbəxt hiss edirdim.

Mənim üçün həyat meydandan başlayır və elə orada da bitirdi. Normal olaraq, dizimdən zədə alanda, sanki həyatımı əlimdən almışdılar.

Geri qayıtmağım üçün lazım olanı etdim: həkimlər və cərrahlarla görüşmək üçün ABŞ-a yollandım. Dünyanın müxtəlif yerlərində oldum. Rehabilitasiya prosesi 3 il bu formada davam etdi. 2002-ci il Dünya çempionatının yaxınlaşdığının fərqində idim, amma məni motivasiya edən titullar və ya qollar deyildi. Təkcə o hiss barədə düşünürdüm – sadəcə meydanda, top ayağımda olarkən hiss etdiklərimi...

Ən pis zədəmdən 3 il, 1998-ci ildəki final məğlubiyyətindən isə 4 il sonra, Cənubi Koreyada nəhayət top ayağımda idi. Mən Braziliya millisi üçün meydanda idim.

Almaniya ilə final görüşündən öncə möhtəşəm bir şey baş verdi. Oyundan əvvəl paltardəyişmə otağında idik. Baş məşqçi Luis Felipe Skolari televizorda bizə nəsə göstərmək istəyirdi. Bir-birimizə baxırdıq, ancaq nə baş verdiyini anlamıdıq. Paltardəyişmə otağında televizor – bu, normal bir şey deyildi. Luis dilləndi: “Oturun. İzləmənizi istədiyim bir şey var”.

Televizoru yandırdı və videonu başlatdı. Görüntülər Braziliya kanalı “Qlobu”dan idi. Yaponiyada olduğumuz gündən bəri ölkə xəbərlərini izləmək imkanımız olmamışdı. Yəni birinci dəfə idi ki, braziliyalıları görürdük/eşidirdik.

Bu görüntülər adi deyildi. Bizim hər birimizin doğulub-böyüdüyü yerlərdən reportaj hazırlamışdılar. Həmin yerlər sırasında Bentu-Ribeyru da var idi. Futbol oynayaraq böyüdüyüm küçələri göstərirdilər. Topu vurduğum divarları görürdüm.

Birdən uşaqları göstərdilər, rəngli divar rəsmlərinin önündə dayanmışdılar. Divarda bizim şəkillərimiz var idi – uşaq vaxtı necə biz yığma komanda futbolçularının rəsmini çəkirdiksə, bu səfər eynisini onlar etmişdi. Meydana çıxmamışdan öncə gördüyümüz son şey bu idi.

İlk yarı 0-0 hesabı ilə yekunlaşmışdı, ancaq komandada heç bir narahatlıq yox idi. Sizə düzünü deyəcəm, aramızda heç bir söhbət olmadı, paltardəyişmə otağında hər hansısa bir strategiyanı da müzakirə eləmədik. Nə etməli olduğumuzun fərqində idik. Bizə lazım olan qolları vuracağımızı bilirdik – eyniylə qalib gələcəyimizi də... Sadəcə, özümüzdən əmin idik.

Bütün turnir boyunca belə hiss edirdik. Hər oyun bizim idi. Böyüklüyümüz haqda nəsə deməyə ehtiyac yox idi. Bunu onsuz da hiss edirdik. O komanda yəqin ki, birlikdə oynadığım ən yaxşı komanda idi.

Mənim üçün təzyiq çoxalanda hadisələrin gedişatı asanlaşır. Baş verənləri anlaya bilirdim. Məncə, hücumçunu yaxşı hücumçu edən məhz bu xüsusiyyətdir: emosiyalara nəzarət etməyi bacarmaq.

Qol vurmaq isə orqazm kimi bir şeydir, bəlkə ondan da o tərəfə.

Almaniyanın qapısına iki qol vurduqdan sonra öz-özümə düşündüm: "Budur. Hər şey oradadır". Dünya kuboku bizdən sadəcə bir neçə dəqiqə uzaqlıqda idi. Meydanda özümü heç vaxt belə hiss etməmişdim.

90-cı dəqiqədə əvəzləndim. Bu, Luisin (baş məşqçi) mənim üçün etdiyi ən yaxşı şey idi, çünki kənardan hər şeyi görə bilirdim. O zaman etdiklərimizin daha yaxşı fərqinə vardım. Meydandan çıxarkən, bir daha futbola qayıda bilməyəcəyimi deyən insanları düşünürdüm. Bir də oynaya bilməyəciyimi deyənlər, hətta yeriməyimə belə tərəddüdlə yanaşanlar var idi. Onları ağlımdan keçirirdim.

2002-ci il idi, mobil telefonlar yeni-yeni məşhurlaşırdı. Stadiona nəzər salanda bütün o kvadrata bənzər balaca şeyləri gördüm. Nə baş verdiyini anlamağım bir dəqiqəmi aldı. İnsanlar əllərində telefon, şəklimi çəkirdilər. İşıqlar yanıb sönürdü – diskotekadakı kimi. O vaxt üçün belə şeylər yeni idi.

Kənara gələndə isə milli komandanın mətbuat katibi Rodriqu Paivanı gördüm. Bərpa prosesimin hər anında bu adam mənimlə birlikdə olmuşdu. Tək edə bildiyim şey yerimək olanda, mənimlə yanaşı astaca yerimişdi. Onu görəndə özümü itirdim, ağlamağa başladım. Emosiyalar... Daha öncə özümü heç belə hiss etməmişdim. O an... sanki mənim üçün bir hədiyyə idi.

Sonrası? Əlbəttə qələbəni qeyd etdik. Məncə, o gecə heç yatmamışdıq. Braziliyaya qayıdan təyyarəyə minənə kimi əylənmişdik. Təyyarədə oğlum – o zaman iki yaşı var idi – qucağımda oturmuşdu, mən isə gözlərimlə atamı süzürdüm. Həqiqətən də bir-birimizə heç nə demədik. Əslində bir şey deməyə ehtiyac da yox idi. Bir-birimizi anlayırdıq. Bizim aramızdakı münasibət belə idi. Hər ikimiz dünya çempionluğunun nə mənaya gəldiyini, bunun bizim ailəmiz və Braziliya üçün necə böyük anlamlar ifadə etdiyini bilirdi. Və təbii ki, Bentu-Ribeyru üçün də...

Təyyarə Braziliyanın müxtəlif şəhərlərində dayanırdı. Ölkədəki bütün insanları görmək, simalarındakı xoşbəxtliyi hiss etmək, divarlarda bizim şəkillərimiz... - həyatımın ən yaxşı günləri idi.

Dünya çempionatının qalibi olmağımıza baxmayaraq, növbəti addımları, növbəti hədəfləri gözdən keçirdirdim. Ancaq zədələrdən sonra hər şey daha da çətinləşdi. Hələ də düşünürəm, əgər düzgün formada məşq edə bilsəydim, əgər o diz zədələri olmasaydı, mən haralarada ola bilərdim.

Mənim üçün futbol həmişə nə qədər uzağa gedə biləcəyimi müəyyənləşdirən bir şey olub və məncə, bacardığım müddətcə bunun öhdəsindən layiqincə gəlmişəm. Daha bir diz zədəmi sağaltdıqdan sonra “Korintians”la anlaşdım. Ancaq digər sağlamlıq problemlərim təkcə oynamağıma yox, nəfəs almağıma, ayağa qalxmağıma və yeriməyimə maneə yaratmağa başladı, Bax, o zaman dayanmalı olduğumu anladım. Əgər meydanda olmaq istədiyim futbolçu kimi deyiləmsə, əgər eyni hissləri yaşamıramsa, o zaman meydanda olmağımın da mənası yoxdur.

2011-ci ildə qərar verməliydim. Futbolla sağollaşmalı olduğumu bilirdim. Ən azından meydandakı vaxtım artıq bitmişdi.

Futbol asılılıq yaradır, ona bağlanırsan. Oyunçular, fanatlar... – dediklərim hamıya aiddir. Bu səbəbdən futbol dünyada bu qədər adamı özünə cəlb edir. Karyeramı bitirdikdən sonra bu barədə çox düşünmüşəm. İdmanın mənə nə verdiyi haqda fikirləşmişəm.

Əmin olmaq istəyirdim ki, hazırda böyüyən uşaqlar – yaşadıqları məkan fərq etməz – futbolu mənim gördüyüm kimi görürlər. Ancaq şəhərlər dəyişir. Mən uşaq olarkən hər yerdə futbol meydançaları var idi. İndi isə onların yerində binalar və digər tikililər var. Artıq uşaqları küçələrdə futbol oynayarkən görmək olmur.

Mənim üçün futbol meydançası dünyadakı ən mükəmməl şeydir; stadion, çimərlik, ya da ətrafında meyvə ağacları olan otluq – harada olması fərq etməz. Uşaq olanda o meydançalara baxarkən gələcəyini görürsən.

Messi, Neymar, Kriştianu Ronaldu, İbrahimoviç kimi futbolçular ümumi futbola və onların oyununa təsirimdən, xatirələri və futbolçu olmaqla bağlı qurduqları xəyallarındakı rolumdan danışanda çox sevinirəm. Bir düşünün... Braziliyada, divarlara şəkillər çəkən və Ziku kimi olmağın xəyalını quran bir uşaq idim. Onlar isə Argentinada, Braziliyada, Portuqaliyada və İsveçdə mənim kimi olmağı xəyal edirdilər. Bu hiss bizi birləşdirir. Mənim üçün futbol budur.

Yazını necə bitirəcəyim haqda çox fikirləşmişəm. Hekayələr danışmaqda yaxşıyam, amma heç vaxt bitirmək istəmirəm. Bu sözlərlə nöqtə qoyacam: mən xəyallarımı yaşamışam. Neçə insan həyatı haqda eynisini deyə bilər?"

Qeyd: Yazı Ronaldu tərəfindən qələmə alınmışdır.

Tərcümə: Rüfət Məcid

14 Eylül 2017

Məşqçi: Rejissor+Ssenarist


"Dövr, taktika fərq etməz, tarix boyunca böyük komandaların bir ortaq cəhəti olub: onlar meydanın sahibiydilər, onlar topun sahibiydilər. Top səndədirsə, oyunu diqtə edən tərəf də sənsən, müdafiə olunursansa, sadəcə müəyyən zonaya nəzarət edirsən.

Marko van Basten bir dəfə məndən, qələbə qazanmaqla yanaşı, bunu edərkən niyə həm də daha inandırıcı olmalı olduğumuz barədə soruşmuşdu. Bir neçə il əvvəl "France Football" gəlmiş-keçmiş ən yaxşı futbol komandalarının siyahısını hazırlamışdı. Mənim "Milan"ımın adı da orada var idi. "World Soccer" də bənzər bir siyahı tərtib etmişdi. Burada isə çalışdırdığım "Milan" dördüncü sırada qərarlaşmışdı. İlk üçlükdə yığma komandalar idi: Macarıstan-54, Braziliya-70 və Hollandiya-74. Həmin jurnalları Markoya göstərdim və dedim: "Bax, buna görə". Əslində tarix yazmaq niyyətində deyildim. Sadəcə, 90 dəqiqə boyunca insanlara həzz hissi yaşatmaq istəyirdim. Bu hissin təkcə qələbə qazanmaqla bağlı olduğunu düşünməyin. Məqsədim onların xüsusi anlara şahidlik etməsini təmin etmək idi. Nə "Milan"ı çalışdırmaq istəmişdim, nə də Avropa kubokunu qazanmaq. Bütün bunları etmə səbəbim oyuna qarşı olan hisslərim idi. Mən sadəcə ideyaları olan və öyrətməyi sevən biri idim. Unutmayın, yaxşı məşqçi həm ssenaristdir, həm də rejissor, komanda isə onun meydandakı əksi" - Arriqo Sakki.

17 Ağustos 2017

Anri-40


Titi həmişə ən sevdiklərim sırasında olub. Özəl günündə onu unutmaq olmazdı. Oxuyun, daha sonra isə cavablandırın - xüsusilə də "Arsenal" fanatları: o, sizin üçün "ən yaxşı" olmağı bacardımı?

“Futbol oynamaq üçün ot olan meydança tapmaq çox vaxtımızı alırdı. Biz də əvəzində beton üzərində oynayardıq. Böyüdükcə də situasiya dəyişmirdi. Bəzən futbol oynamaq üçün Parisin o biri başındakı gil rəngli meydançaya gedərdik. Futbol adına nə bacarığım varsa, orada qazanmışam. Atam həyatımda, bu gün gəldiyim nöqtəyə çatmağımda çox böyük rol oynayıb. Ancaq küçədə görüb-götürdüyün şeyləri – o arzunu, ehtirası kimdənsə öyrənə bilməzsən. “Ehtiras” sözünü pis mənada işlətmədim - qətiyyən. Ən yaxşı olmaq arzusunun gücünü nəzərdə tuturam. Çünki məhəllədə bəzən cəmi 1 top olurdu. Küçədə 50 nəfər futbol oynayardıq, ancaq cəmi bir topumuz olardı.

Top sıçrayardı, hamı onun arxasınca qaçardı... Bacarıqlarımın əksəriyyəti məhz orada formalaşıb. Topu özündə saxlamaq, hamıdan birinci topa çatmaq, top uğrunda böyük arzu ilə mübarizə aparmaq – mən orada qələbə ehtirasını, arzulu oynamağı və topa sahib olmağın necə dəyərli olduğunu öyrənmişəm. Bəzən insanlar haradan gəldiyimi, meydandakı tərzimi başa düşmürlər. Mən 100 faizimlə oynayıram, ürəyimi qoyuram. Bəzən işlər qaydasında getməyəndə üzgün olduğumu görə bilərsiz. İşlər istədiyim kimi gedəndə isə həmişə üzüm gülür. Meydanda olarkən hiss etdiyimdən fərqli davranmaq - saxta olmaq məndə alınmır. İçimdəki futbol eşqi ilə oynayıram. Bacarmadıqda isə olanları qəbul etmək mənim üçün çətin olur.

Yadımdadı, uşaqlar arasında çempionat oyunu idi, birdən dava düşdü. Atamın meydana daxil olması gözümün önündədi. O zaman 11 yaşım var idi: təbii, onda bu baş verənlər bir az utandırıcı idi. Heç də yaxşı namı olmayan komandalardan biri ilə oynayırdıq. Rəqib oyunçu mənə qarşı təkcə qaydanı pozmadı, o sanki məni həm də davaya dəvət edirdi. Atam meydançaya daxil oldu... Yox, yox, sonunu danışmayacam. Çox utanmışdım, ancaq başa düşürəm ki, ailə övladını qorumalıdı. O zaman atamın hərəkətini heç də bəyənməmişdim. Ancaq indi başqa cür düşünürəm. Atamı sevirəm. O, məni qorumaq istəyirdi. Məncə, bütün valideynlər belədi, ancaq atam bu barədə digərlərindən bir az öndədi. Məsələn, adi öskürəyim tutanda elə həmin an həkimə getməliydik. Bədənimdə balaca bir yara görəndə o dəqiqə narahat olmağa başlayırdı.

Bəzən insanlar məndən daha çox gülümsəməyimi istəyirlər. Ancaq bu, mənəm. Atam mənə əlimdə olanlara görə xoşbəxt olmamağı, heç vaxt qane olmamağı öyrədib. Atamın necə biri olduğunu bilmək istəyirsiz? Ok. Deməli, het-trik etdiyim oyunlardan sonra deyərdi: “Dörd qol vura bilərdin”. Qol vurmayanda, ancaq komanda yoldaşıma assist edəndə isə deyirdi: “Ok, ancaq sən qol vurmamısan”. Həmişə edə bilmədiyim şeylərdən bəhs edərdi. Buna görə də meydanda olanda etmədiyim şeylər haqqında düşünürəm - bu sayədə bütün diqqətimi oyuna yönəldə bilirəm. Ancaq bu vasitə ilə inkişaf edə bilərsən. Bu, mənim yolumdu. Bir gün mən də uşaqlarıma deyəcəm: "Əlinizdə olanlarla heç vaxt kifayətlənməyin, çünki arxanızdakı insanlar sizin yerinizi tutmağa çalışırlar". Qəribə səslənə bilər. Bəzən - ən yaxşı oyunumu keçirdiyim günlərdə evə gedib, qaçırdığım asmaları düşünərdim. Bilirəm mükəmməl olmaq imkansızdı. Heç kim mükəmməl deyil, heç vaxt o nöqtəyə çata bilmərik. Ancaq mən vurduğum qollardan çox qaçırdıqlarım barədə düşünürəm.

Klerfonten akademiyasına gəlməmişdən öncə artıq özüm başımın çarəsinə baxa bilirdim. Bunu valideynlərim mənə öyrətmişdilər. Həqiqətən də yaxşı valideynlərim olub. Mənə deyərdilər: “Bir gün tək qalmalı olacaqsan və həyat çox çətindi”. Akademiyada telefonla danışkarən, “ana, sənin üçün darıxıram” deyən uşaqlardan olmamışam.

Klerfontendə mənə öyrətdiyi şeyləri danmaq olmaz. 16 yaşımda “Monako”nun gənclərdən ibarət komandasına qoşulanda texnika cəhətdən oradakılardan çox öndə idim. Klerfontendə futbol, oyundan həzz almaq, gözəl ötürmə vermək və gözəl oynamaq demək idi. Gözəl futbol, futbol, futbol... Klerfontendə bir matçda belə uduzmamışam - heç vaxt. Parisdən, Oserdən, digər bölgələrdən olan gənclərlə futbol oynayardıq. Mən orada olarkən 12 oyun keçirmişdik, həmişə də 4:0 və ya buna bənzər hesablarla qalib gələrdik. “Monako”da isə əsil rəqabət başladı. Əla məşq sessiyalarımız olurdu, ancaq burada artıq uduzmaq önəm kəsb edirdi – səyahətimin artıq professional hissəsinə çatmışdım.

“Arsenal”da ilk matçımdan sonra özümü yaxşı hiss etmirdim, çünki əslində 2-3 dəfə fərqlənə bilərdim. Azarkeşlər məni əla qarşılamışdılar, mən də onun qarşılığını vermək istəyirdim. Ancaq onlar bir az daha gözləməli oldular. İlk dəfə “Sauthempton”la oyunda fərqləndim, sonra Çempionlar Liqasında bir daha qapıya yol tapdım, davamını bilirsiz. Ondan sonra elə mərkəz hücumçusu kimi oynadım. Arsen Venger üçün mövqeyimi dəyişmək asan məsələ idi, çünki “Monako”da işləyəndə məni mərkəz forvard kimi tanımışdı. O getdikdən sonra məni cinaha çəkmişdilər və orada oynamağa məcbur qalmışdım. Yığma komandada da vinqer kimi oynayırdım, amma Arsenlə növbəti dəfə - bu səfər "Arsenal"da görüşəndə mənə dedi: “Mərkəz hücumçusu olacaqsan. O mövqedə olanda tez-tez qol vurardın. Məncə, bu şansı qaçırmayacaqsan”. Ona inanırdım. Dəfələrlə təkrarlaya bilərəm: ona inanırdım...

Martin Kioun… Düzünü desəm, təkcə o da yox, elə Toni Adams da çox sərt idi. Sonra Li Dikson, Naycel Vinterbörn… Məşqdə mənə qarşı çox sərt oynayırdılar, amma bunun mənə çox faydası dəydi. Onlar sayəsində çox gözləmədən – dərhal ingilis futbolunun nə olduğunu öyrəndim. Bir çox hücumçudan onları soruşa bilərsiz. Hücumçu kimi arxanda Martinin, Adamsın, Diksonun, Vinterbörnün olduğunu bilmək asan deyil. Mənə doğrudan da çox köməkləri dəyib. Yanlış anlamayın, amma onlarla məşq sessiyaları heç də həmişə əyləncəli olmurdu. Bəzən məşqlər fiziki cəhətdən çox ağır olurdu. Ohh, xüsusilə də Martin Kioun. Fiziki mənada onunla birə-birə gəlmək… Özün üçün ayağa qalxıb mübarizə aparmalı idin. Onların istədiyi də bu idi. Başqalarına qarşı oynayanda artıq hazır idim.

İngilis futbolu mənə çox şey verdi: ehtiras, istək, sədaqət… Sadaladıqlarımın lazım olanından da artığını İngiltərədə tapdım. O sədaqəti, ehtirası futbolçuların və azarkeşlərin simalarında görə bilərsən. Ancaq biz də öz növbəmizdə futbolumuzla kluba çox şeylər qatdıq: ötürmə təməlli futbolumuz, topu daha çox yerdə saxlamaq, gözqamaşdırıcı tərz - əla qarışıq idi. Hazırda əsas məsələ elə müxtəlif komponentləri düzgün miqdarda qarışdırmaqdan ibarətdi. Məsələn, bunsuz çayın nə olduğunu anlamazsan. Eynisi bizim üçün də keçərlidi. Londonu gözəlləşdirən də budu.

Həqiqətən də Londonu çox sevirəm. Əsil kosmopolitan şəhərdi. Burada müxtəlif atmosferlərin dadına baxacağın çoxlu yerlər var. Nottinq-Hill Portobello ilə eyni deyil, öz növbəsində o da Kovent Qardenə bənzəmir, hansı ki Naytsbriclə heç bir oxşarlığı yoxdu. Dəbdəbə istəyirsənsə, Sohoya üz tuta bilərsən. Dincəlmək istəyirsənsə, Hampsted var. Londonun gözəlliyi bundadı. İdman da buna bənzəyir. Nə qədər çox komponenti özündə ehtiva edirsənsə, bir o qədər yaxşısan. Başqa fikirlərə açıq olmalısan. Bizim paltardəyişmə otağına nəzər salın: alman dilini öyrənmək istəsəm, Yens Lemannla danışa bilərəm, Sesk Fabreqas yanımda oturur, bəzən ondan katalanca "salam" və "sənin üçün darıxıram" ifadələrinin necə deyildiyini soruşuram, Aleksandr Qleb – ondan belarusca nəsə soruşa bilərəm. Adi şeylər, elə-belə. Kim bilir, bəlkə bir gün yolum ora da düşər…

Buna görə də kluba ilk gəldiyimdə Deyvid Deyn mənə ingiliscə dərs almaqla bağlı sual ünvanlayanda "yox" cavabını verdim. Mən sadəcə dinləmək istəyirdim. İngiliscəm yaxşı idi. Məktəbdə çoxlu söz öyrənmişdim, ancaq onları cümlə halına gətirə bilmirdim. Əvvəl-əvvəl tez-tez soruşurdum: "Nə demək istəyirsən?" Çünki jarqonu, Kokni ləhcəsini və ya insanların şimalda necə danışdıqlarını məktəbdə öyrətmirlər. Bunları müəllimlə öyrənə bilməzsən. Öz-özümə öyrənmək istəyirdim, əsas yükün qulaqlarıma düşməsini istəyirdim. Mənim yolum bu idi.

Məni yanlış anlamayın. Fransız olduğuma görə həddindən artıq fəxr edirəm. Ancaq sizi əmin edə bilərəm ki, evim barədə söhbət düşəndə Londondan bəhs edirəm. Həmçinin əmin ola bilərsiniz ki, Londonda yaşayacam – karyeramı bitirdikdən sonra belə. İngiltərə əyləncəlidi. Bura ilk dəfə gələndə "kriket" deyilən şeyin nə olduğunu anlamırdım. İdman barədə patriot olmaları çox xoşuma gəlir. Fransada belə deyil. Biz ancaq qələbə qazananda fransız oluruq. İngiltərə bu barədə inanılmazdı. İdman növü fərq etməz, ingilissənsə, hər kəs arxandadı. Qələbə qazanmaq və ya məğlub olmaq - heç bir fərqi yoxdu, insanlar ölkələrini dəstəkləyir. Bunu sevirəm. İngilis olmaları ilə fəxr edirlər. Bəlkə də adadan gəldiyim üçün onları daha yaxşı başa düşürəm. Çünki adalılar mühafizəkar olurlar və həmişə adalarının ən yaxşı olduğunu deyirlər. Valideynlərim Quadalupe və Martinikadandılar. Onlar üçün də eynisi keçərlidi. Bu, tarixlə bağlı məsələdi: kimsə torpağını işğal etmək istəyəndə özünü qorumağa məcbur olursan. Hisslər nəsildən nəsilə keçir. Sol Kempbelllə danışanda bəzən "Avropada" ifadəsini işlədir. Ona deyirəm ki, siz də Avropa sayılırsınız. Ancaq ingilislər sizə hər dəfə özlərinin necə xüsusi olduqlarını isbat edirlər.

"Arsenal" tarixinin ən məhsuldar futbolçusu olduğum matçdan sonra özümü qəribə hiss edirdim. Sadəcə bir şeyə görə məyus idim: mən İan Raytın rekordunu Praqada yox, "Hayböri"də qırmaq istəyirdim. Bax, o zaman daha da möhtəşəm olardı. Ancaq əminəm ki, bir gün kimsə o rekordu mənim əlimdən alacaq. Ola bilər ki, bir müddət bunun üçün gözləməli olacağıq. Bir zamanlar hamı Kliff Bastinin rekordunun qırılmayacağını düşünürdü, sonra Rayti bunu bacardı. Dünya belədi. Öz imzanı qoymaq möhtəşəmdi. "Mən burada olmuşam" anlamına gəlir.

Dennis? O, çox xüsusi biridi. Əslində, iki Dennis olduğunu düşünürəm: sizin gördüyünüz Berqkamp onlardan biridi, bir də başqa Dennis var – komanda yoldaşlarının gördüyü. "Buzdan adam" deyirik ona, çünki o gözəl üzü əslində olanı əks etdirmir. Çünki o baxışları ilə, gülüşü ilə bəzən sizi öldürə də bilər. Sənə baxanda düşünə bilərsən: "Necə de sevimlidi..." Ancaq sonra o baxışları ilə səni öldürər.

Onunla oynamaq ona qarşı oynamaqdan yaxşıdı. O, komandada olanda topu nə vaxtsa qəbul edəcəyimi bilirəm. Bu, kifayətdi. Topu sənə ötürməklə səni məmnun etmək istədiyini bilirsən. Futbol budu – kollektiv idman. Təkbaşına sən heçsən. İnsanlar bəzən "Oh, Anri belə, Anri elə" deyirlər. Amma komanda yoldaşlarım olmasa, mən Anri olmazdım. Bu, komanda işinin bəhrəsidi.

Dəfələrlə mənə "Hayböri"nin kralı" olmaq barədə suallar ünvanlayıblar. İnandırım sizi, eyni sualı bir o qədər Dennis Berqkampa da veriblər. Bir daha deyirəm: komanda yoldaşlarını məmnun eləməlisən. Onlara ötürmə verməlisən, çünki kiməsə yaxşı ötürmə vermək hədiyyə vermək kimi bir şeydi. Bəzən qarşılığında yaxşı ötürmə almayanda narazı qalırsan.

Futbol komandası ailədi – dəri ilə sümük kimi. Bəzən komanda yoldaşlarınla aranda mübahisə ola bilər, bəzən onlarla küs də ola bilərsən. Çox vaxt da bu mübahisələr axmaq, mənasız şeylər üzərində düşür. Çünki əksəriyyətimizin böyük eqoları var. Ancaq hər şey bitdikdən sonra ortada heç nə qalmır: hər şey unudulur. Dennislə də, digərləri ilə də çoxlu problemlərim olub. Ancaq həmişə əlaqədə qalacağıq. Baş məşqçi ilə də həmçinin. Arsen Arsendi. Onunla olan əlaqələrimi heç vaxt kəsməyəcəm. O, çox gözəl insandı. Bəzən insanlar onu anlamırlar. Məndən məsləhət: sətir aralarına nəzər salın. O bir şeyi deyəndə əslində başqa şeyləri nəzərdə tutur.

Ən yaxşı qolum? "Mançester Yunayted"ə - Bartezə vurduğum qolu hamı xatırlayır. "Hayböri"dəki ikinci ilim idi. "Çarlton"a dabanla vurduğum qol var. Sonra öz meydançamızdan hücuma başlayıb, "Tottenhem"ə vurduğum qol da yadımdadı. Ancaq mən "Liverpul"la oyundakı qolu seçərdim. FA kubokunda "Mançester Yunayted"ə uduzmuşduq, sonra həftəiçi Çempionlar Liqasında "Çelsi"yə də məğlub olduq. Ardından "Liverpul"la matçımız var idi, yadımdadı, hesabda 1:2 geri düşmüşdük. Rober Pires hesabı bərabərləşdirdi. Sonra mərkəz yaxınlığında topu qəbul elədim, bir neçə "Liverpul"lu futbolçunu keçdikdən sonra cərimə meydançasına daxil oldum və qol vurdum. O an elə bil stadiondakı hər kəs bunu gözləyirdi. Təkcə mən yox, hamı. Stadionda partlayış effekti yaratmışdı.

Məndən eqoist olub-olmadığımı soruşsan, deyərdim: məncə, insanlar bəzən özlərinə gerçəkləri deməkdən qorxurlar, nə istədiklərini deməkdən çəkinirlər. Mən ən yaxşı olmaq üçün gəlmişdim: özündən razılıq və ya başqa bir şey kimi yozmayın. Hekayəmi yazmaq istəyirdim, imzamı atmaq, formanı əynimə keçirmək… Həmişə demişəm: insanların məni yaxşı futbolçu kimi xatırlamasını istəyirəm. Etdiyim hər şey qələbə qazanmaq üçündü – hətta aldığım vərəqələr belə… İnsanların "Oh, Anri – "Arsenal"ın ikinci ən yaxşısı" demələrini istəmirəm".

31 Temmuz 2017

Tomas Tuxelin hekayəsi


Tomas Tuxelin məşqçiliyə başlamaq hekayəsi də Villaş-Boaş qədər diqqətçəkəndi. Deməli, Tuxel zədə səbəbiylə 25 yaşında futboldan ayrı düşür. Həmin zaman Ralf Ranqnikin rəhbərliyi altında "Ulm"da oynayırdı. İstiqaməti dəyişir və universitetdə iqtisadiyyat üzrə təhsil almağa başlayır. Eyni zamanda, təhsil xərclərini qarşılamaq üçün Ştuttqartdakı barlardan birində barmen işləyir. Ancaq iqtisadiyyat bəhanə, hələ də ürəyi futbol üçün döyünürdü.

Günlərin birində Ralf Ranqnik barda Tuxellə qarşılaşır. Söhbət əsnasında Tuxel ona barda işləmək istəmədiyini, lakin buna məcbur qaldığını, əslində planlarının yenidən futbola qayıtmaqla bağlı olduğunu deyir. "Professor" o zaman işlədiyi "Ştuttqart"da Tuxeli tibbi müayinədən keçirir. Məlum olur ki, Tomasın professional futbolla məşğul olması imkansızdı. Ancaq Ranqnik Tuxelin futbol sevgisini qarşılıqsız qoymur. Hələ "Ulm"da oynadığı dönəmlərdə, digərlərindən fərqli olaraq, hər taktiki detala görə uzun-uzadı müzakirələr aparan Tuxeldə məşqçilik potensialı görən Ralf, onu himayəsinə götürür. Qısa zaman ərzində Tuxel "Ştuttqart"ın U-14-də məşqçi kimi çalışmağa başlayır. Sonrası məlum məsələ...

Maraqlısı budu ki, sonradan Tomas Tuxel onunla bənzər taleyi bölüşən və məhz zədə səbəbindən karyerasını erkən bitirən Yulian Naqelsmannın məşqçiliyə başlamasına yardımçı olur.

30 Temmuz 2017

AVB: TRUE STORY


Günlərin birində Bobbi Robson blokda 17 yaşlı qonşusu ilə qarşılaşır. "Portu" fanatı olan bu yeniyetmə əlinə fürsət düşmüşkən, "Dominquş Pasiensiya niyə oynamır?" adlı məktubunu ingilis məşqçiyə verir. Məktubda "Portu"nun hücumçusu Pasiensiyanın detallı analizi yer alırdı. 17 yaşlı oğlan bu yolla sevimli futbolçusunun niyə oynamalı olduğunu Robsona izah etməyə çalışırdı.

Nə qədər təəccüblü səslənsə də, Bobbi Robson ona qulaq asır və hücumçuya heyətdə yer verir. Deyim ki, nəticələr heç də pis olmur. Sonradan Robson, "işıq" gördüyü yeniyetməni Şotlandiyada məşqçilik kursuna yazdırır. Və o, cəmi iki il ərzində - 19 yaşı olarkən A lisenziyasını alır. Sonrası? İrəlidəki illərdə Mourinyonun köməkçisi kimi "Portu", "Çelsi" və "İnter"in yolunu tutur. Artıq təxmin etdiyiniz kimi, söhbət Andre Villaş-Boaşdan gedir.

Hekayənin ən sevdiyim qismi: 2011-ci ildə baş məşqçisi Boaş olan "Portu" Avropa Liqasının finalında məhz həmin Dominquş Pasiensiyanın çalışdırdığı "Braqa"nı məğlub edərək kuboku qazanır.

10 Temmuz 2017

İbrahimoviç və Quardiola arasında baş verənlər (II hissə)


Daha öncə İbrahimoviçin, "Barça"dan gedişi və Quardiola ilə olan münasibətləri barədə fikirlərini paylaşmışdım. Yadınızdadırsa, qısaca qeyd etmişdim ki, bu mövzuda mənim üçün müəmmalar çoxdur və elə deməyimin səbəbi də oxuduqlarım nəticəsində fikir sahibi olduqlarım idi. Quardiolanın məsələyə yanaşma tərzi, hadisələri təsviri heç də İbranın dedikləri ilə üst-üstə düşmür və Zlatanın məlum xarakteri də mövzuya əlavə olunanda, yazılanlar məndə "şişirtmə" təsiri bağışlayırdı. Onun üçün də vaxt tapan kimi ikinci tərəfin fikirlərini də paylaşmaq istəyirdim. Bu günə qismət imiş...

Aşağıda oxuyacaqlarınız Quardiolanın bioqrafiyasındandır. Bu səfər olan-bitənləri Pepin nəzərindən öyrənəcəksiniz. Əvvəlcədən deyim ki, bioqrafiya yazar məhsuludur, yəni bəzən olur ki, həyatından danışılan şəxs özü fikirlərini yazıya tökür, redaktəyə ehtiyac duyulur, bəzən - əksər hallarda - isə fikirlər bölüşülür, yazar qələmə alır. Bu, ikincilərdəndir:

“İnter” və “Barselona” arasında baş tutan mübadilədən sonra İbrahimoviç “Barça”da Etodan boşalan mövqeni doldurdu. Meydana çıxdığı ilk 5 oyunun hamısında fərqlənmişdi - isveçli ulduz üçün bundan daha yaxşı başlanğıc ola bilməzdi. O, Quardiolaya önəmli alternativlər təklif edirdi. “Taktiki cəhətdən çox yaxşıdır, fiziki güclüdür, müdafiəçilərdən tez aralana bilir, arxası qapıya oynamağı da bacarır. Onun kimi birinə sahibik” – məşqçi mövsümün ilk mətbuat konfranslarından birində bu sözləri işlətmişdi.

Mövsümün ilk yarısında hər şey qaydasında idi, ancaq ikinci yarı haqqında eynisini deyə bilmərik. İsveçli artıq əvvəlki qədər effektiv deyildi. Sanki klubdakı rolunu dərk etmirdi, hətta bəzən Messinin driblinq edərək keçməli olduğu rəqib müdafiəçilərdən biri kimi görünürdü.

Tezliklə İbrahimoviçin güclü temperamentini və mövsümün ağır keçəcəyinə dair işartıları özündə təzahür edən anlaşılmazlıqlar silsiləsi başladı. “Barselona” – “Malyorka” matçında (4:2) hakim İbraya qarşı edilən qayda pozuntusuna görə penalti təyin etdi. İbrahimoviç həmin gün fantastik oynayırdı, ancaq buna rəğmən, qol vurmağa imkan tapmamışdı. 11 metrlik zərbəni Messi vurdu və qol oldu. İsveçlinin əsəbi reaksiyası təəccüblü idi. Məşqçiyə bağırırdı: “Penalti mənim idi”. Bu tip insidentlər bir-birini əvəzləyirdi.

Liqa çərçivəsində “Kamp Nou”da “Real”la oynanılacaq matçdan öncə İbra zədəli idi və ultrasəs müayinəsinin nəticələri bərpa baxımından heç də qənaətbəxş görünmürdü. Pep risk almaq istəmirdi. Zlatan isə ilk “El Klasiko”sunda meydana çıxmaq üçün hər şeyi gözə almağa hazır idi. Tez-tez təkrarlayırdı: “Oyuna qədər sağalacam”. O qədər əsəbi idi ki, günlərin birində “Barça”nın fitness məşqçisi Lorenzo Buenaventuranın boğazından yapışmışdı. İbranın qulağına belə bir söhbət çatmışdı ki, guya Buenaventura onu sakitləşdirmək üçün oyuna yetişəcəyini deyir, əsl həqiqət barədə isə yalnız Pepi xəbərdar edir. “Mənimlə oyun oynama, yoxsa başını üzərəm” deyərək Buenaventuranın üzərinə qışqırmışdı. Oyuna gəlincə, İbra matça start heyətindən başlamasa da, meydana çıxdıqdan sonra qələbə qoluna imza atmışdı.

Komanda Messini topla təmin etməkdə davam edirdi, İbrahimoviç isə nə edəcəyini bilmirdi. İsveçli ulduz təkəbbürlü, özündən başqa heç kimi önəmsəyən və təvazökarlıqdan məhrum biri kimi bilinirdi – hərəkətləri və “Mən Zlatanam” adlı bioqrafiyası da bu inancı dəstəkləyirdi. Əsil Zlatan isə ağla qara arasında bir şey idi. Miladdan öncə İbrahimoviç komandadakı rolunu Pep və futbol direktoru Çiki Beqiristaynla müzakirə etmək qərarına gəlmişdi: “Həm mən, həm də Messi komandadan eyni formada dəstək alsaq, daha yaxşı olar. Ancaq mən kiminsə mənə yardım etməyə çalışdığını görmürəm. Şavi və İnyestanın mənə də ötürmə verməsini istəyirəm, amma sanki onlar ancaq Messini görürlər və mən Leodan iki bədən iriyəm...”

Pep ilk öncə məsələni müzakirə etmək üçün sözügedən iki yarımmüdafiəçi ilə görüşmək istəyirdi. Ancaq böyük ehtimalla, bu, komandanın daha öncə nəzərdə tutulandan çox fərqli bir istiqamətə apara bilərdi. Buna baxmayaraq, Quardiola eyni zamanda İbra ilə harmoniyanı qorumağa da cəhd edirdi.

Çiki Beqiristayn oyunçunun getdikcə daha da məyus olduğunu və daha da pisi – bunu oyunçuların önündə sərgiləməyə başladığını görürdü. Direktor günün səhəri bu barədə Peplə danışdı və elə günortadan sonra Quardiola məsələləri təklikdə müzakirə etmək üçün İbrahimoviçi yeməyə qonaq elədi. Məşqçi ondan nə istədiyini, komandanın ona nə qədər ehtiyacı olduğunu izah edirdi. Hətta İbradan ümidini itirməməsini, sona qədər çalışmasını istəmişdi.

Ancaq isveçli oyunçu yanlış anlamanı ortadan qaldırmağa yardımçı olmaq niyyətində deyildi. Onun üçün məşqçi ilə yemək kifayət deyildi. Miladdan sonra isə dəyişiklik var idi və Pep bunun fərqində idi. Təvazökar və məsuliyyətli İbra “məktəb uşaqları”ndan (İbra “Barça”da yetişən yerli oyunçuları – Şavi, İnyesta... – kitabında belə adlandırır) biri olmaq üçün çalışırdı. “Bu, Zlatan deyil. O, başqa qılığa girib. Sadəcə gözlə...” – Pepə yaxın adamlar onu xəbərdar etməyə çalışırdılar.

Yox, təbii ki, bu, o deyildi. Milad tətili zamanı – bioqrafiyasında etiraf etdiyi kimi – depressiyaya düşmüşdü. Hətta məşqçisi ilə arasında anlaşma probleminə görə futboldan uzaqlaşmaq belə istəyirmiş. Tətildən sonra oyunçunun təkəbbürü və içindəki kin yenidən ortaya çıxdı.

Yeni il yaxşı başlamamışdı: İbra üzündə yanıqlarla qayıtmışdı. Klub olanların səbəbini müəyyənləşdirmişdi: o, tətil zamanı qar maşınını lazımı qoruyucular olmadan sürmüşdü və soyuqdan bu hala düşmüşdü. Klubun sərt qaydaları cəriməni qaçılmaz edirdi. Nəhayət fevralda hər şey dəyişdi. Pep Messini cinahdan mərkəzə keçirdi. İbra bu addımdan sonra Quardiolanın bir öncəki mövsüm Etodan tələb etdiklərini bu səfər ondan gözlədiyini düşünürdü və isveçlinin fikrincə, o, Eto deyildi.

Hücumçu, Messinin mövsümün ilk hissəsində onun parlamasını qəbul edə bilmədiyini və balaca argentinalının Pepə şikayət etdiyini düşünürdü. İsveçli futbolçuya inansaq, matçlardan birindən qayıdarkən Messi məhz bu barədə Pepə mesaj göndərib. Və əgər İbrahimoviç sizin onu incitdiyinizi düşünürsə, inanın, heç vaxt sizi bağışlamayacaq və unutmayacaq.

Reallığa gəlincə, heç kimin İbranın altı boş arqumentlərini dinləməyə vaxtı yox idi, çünki komanda tamamilə başqa istiqamətdə yol almışdı. İbrahimoviç tez-tez məşq sessiyalarında taktiki müzakirələrə girirdi və həmişə məşqçinin göstərişlərini qəbul etmədiyini büruzə verirdi.

Pepin səbri tükənmək üzrə idi, geri dönüşü olmayan qırılma nöqtəsi o qədər də uzaq deyildi və bəzən o, bunu oyunçuların önündə də nümayiş etdirirdi. Futbolçu və məşqçi arasındakı münasibət nifrətə çevrilməyə başlayırdı. İbrahimoviç artıq Pepi düşmən kimi görürdü. “Mənə qarşı diqqətli olmalıdı. Ola bilər ki, məşqdə qoluma nəzarəti itirim və ona şillə vurum” – belə bir ifadə işlətmişdi. Kitabında isə yazır: “Paltardəyişmə otağında Quardiola gözlərini mənə zilləmişdi. Sanki yad cisim idim, onlardan biri deyildim. Özümü zibil kimi hiss edirdim. Divar idi, daş divar... Onda heç bir həyat işarəti görə bilmirdim və komandadan ayrı olmağı arzulayırdım”.

Sərhəd aşılmışdı. Növbədə soyuq müharibə var idi. Məşqçi və oyunçu arasındakı əlaqə tamamilə itmişdi və İbrahimoviçə heç nə motivasiya vermirdi. “Sonra Quardiola filosofluğa başladı. Qulağım demək olar ki, onda deyildi. Niyə mən? Mən otağa girəndə o çıxır. Hamıyla salamlaşır, amma məni gözardı edir. Adaptasiya olmaq üçün çox şey etmişdim. “Barça” futbolçuları məktəb uşaqları kimiydilər: kor-koranə məşqçi nə deyirdisə edirdilər. Mən isə “Niyə biz bunları etməliyik?” sualının cavabını axtarırdım”.

Yazdığına görə, Tyerri Anri ilə arasında belə bir dialoq yaşanıb:

Anri: Bu gün sənə baxıb?
Zlatan: Yox, amma mən onun arxasını görmüşəm.
Anri: Onda hər şey yaxşıya doğru gedir ki...

Aprel ayının əvvəllərində İbrada canlanma müşahidə olunurdu. Ancaq o, “Bernabeu”da “Real”la oynanılan matçdan öncə zədələndi. “El Klasiko”da Messi saxta 9 nömrə kimi əla oynadı və 2:0 hesablı qələbədə 1 qolla pay sahibi oldu. Zədə İbra üçün mövsümün sonunu yaxınlaşdırırdı. Buna rəğmən, Quardiola Çempionlar Liqasının yarımfinalında “İnter”lə görüşdə onun xidmətindən istifadə etdi. Bu qərar həm komandanı, həm oyunçunu, həm də məşqçini məhv elədi. Pep heç vaxt həmin qərara görə özünü bağışlamır.

İbranın yarımfinal oyunlarındakı bərbad töhfəsi bardaqdakı suyu daşıran sonuncu damla idi. 3-1 hesablı məğlubiyyətlə başa çatan ilk matçdan sonra Pep Messinin irəlidə azad hərəkət etməsini təmin etmək məqsədilə İbranı “Kamp Nou”da ehtiyatda oturtmaq istəyirdi. Ancaq ürəyi əvəzinə başının sözünü dinlədi. İbra start heyətində başladı, amma oyuna verdiyi minimal töhfə 63-cü dəqiqədə əvəzlənməsiylə nəticələndi. “Barselona” mərhələni keçə bilmədi və Quardiola beyninin instinktlərinin önünə keçməsinə izin verməyəcəyinə dair qərar verdi. İbranın “Barça” macərası bu iki matçdan sonra daha da sürətlə sona doğru yol almışdı. Pedro və Boyan heyətdə özlərinə yer tapmağa başladılar və Quardiolanın ikinci Liqa titulunu qazanmasında həlledici rol oynadılar.

“Vilyarreal”la oyunda əvəzedicilər skamyasında oturması İbra üçün son oldu. Matçdan sonra özünə nəzarəti tamamilə itirdi. Bioqrafiyasında, “El Madriqal”ın paltardəyişmə otağında Pepi azarladığını və otağı yerlə bir etdiyini belə izah edir: “Quardiola gözlərini mənə zilləmişdi. Özümü itirdim. Elə düşünürdüm ki, önümdə düşmənim dayanıb və keçəl başını qaşıyır. Qışqırdım üzərinə: “Sən kişi deyilsən”. Və bundan da betərləri... Əlavə elədim: “Joze Mourinyo ilə başa çıxmaq üçün özünü nə hallara salırsan. Cəhənnəm ol”. Tamamilə özümdən çıxmışdım. Bir qutu dolu məşq ləvazimatlarını otağa səpələdim. Pep heç nə demədi, sadəcə onları yenidən qutuya qoydu. Zorakı biri deyiləm, ancaq mən Quardiolanın yerində olsaydım, özümdən çıxardım”.

Çempionlar Liqasındakı məğlubiyyətdən sonra Quardiola növbəti mövsüm üçün “doqquz nömrə”sini növbəti dəfə dəyişmək qərarına gəlmişdi. Pep isveçlinin varlığının Messinin mərkəzdə “saxta 9” kimi oynaması prosesini gecikdirdiyini qəbul edirdi. Pep həmçinin öz ideyalarına xəyanət etdiyini də başa düşürdü – təkcə “İnter”lə oyunda yox, bütün mövsüm boyu... İsveçli və argentinalı futbolçunun birlikdə oynamasını təmin edə bilmək üçün mövsüm boyunca komandanı onlara uyğun tənzimləyirdi. Sanki “Barselona” bir öncəki mövsüm təməli qoyulan doğru yoldan uzaqlaşırdı. Nəhayət komanda hər şeyin Messi üzərindən qurulacağına dair inanc ətrafında birləşdi.

Kluba çox baha başa gələn oyunçunu satmaq Quardiola üçün də çətin idi. Qərarında yanıla bilərdi, amma bu addım artıq atılmalı idi.

Pepin komandadakı ikinci mövsümü sona yaxınlaşırdı. Artıq Quardiola və İbrahimoviçin səmimi söhbət etməsinin vaxtı yetişmişdi. Liqanın sonuncu matçından öncə Pep İbranı ofisinə çağırdı. Atmosfer gərgin idi. Vilyarrealda olanlardan sonra bir-birlərini dindirmirdilər. Kreslosunda fırlanan Quardiola əsəbi görünürdü.

Quardiola: “Bundan sonra nə olacağı sənin və menecerin Minonun qərarından asılıdır. Sən İbrahimoviçsən, hər 3 oyundan 1-də meydana çıxan futbolçulardan deyilsən, elə deyil?”

İsveçli heç nə demədi. Ancaq mesajı yaxşı başa düşmüşdü: ondan klubu tərk etməsi tələb olunurdu. Pep əsəbi formada danışmağa davam edirdi: “Səninlə nə edəcəyimi bilmirəm. Nəsə demək istəyirsən? Fikrin nədir?”

İbra: Bu qədər? Çox sağ ol.

İbrahimoviç heç nə demədən otağı tərk etdi.

Yay tətilindən sonra onlar daha bir dəfə danışdılar. Təəccüblüdür ki, yayda sakitləşən Zlatan daha bir şans istəmək qərarına gəlmişdi. Körpünün bərpasının mümkünsüz olduğunu başa düşməkdə çətinlik çəkirdi, həmçinin David Vilyanın onun əvəzinə transfer edildiyini də anlamırdı. Dünyanın ən önəmli klublarından birinin parçası olduğuna özünü inandırmışdı.

Mövsümöncəsi hazırlıqlarının hələ ilk günündə Peplə onun arasında növbəti danışıq baş tutmuşdu. İbrahimoviçə görə, aralarındakı söhbət belə olub:

Pep: Necəsən?
Zlatan: Çox yaxşı, ancaq bir o qədər də narahat...
P: Əvəzedicilər skamyasında oturmağa hazır olmalısan.
Z: Bilirəm, başa düşürəm.
P: Bildiyin kimi, Vilya ilə anlaşmışıq
Z: Əla. Daha da çox çalışacam. Komandadakı yerimi tutmaq üçün hər şeyimi ortaya qoyacam. Səni kifayət qədər yaxşı olduğuma inandıracam.
P: Bilirəm. Biz birlikdə necə davam edə bilərik axı?
Z: Dediyim kimi - çox çalışacam. İstədiyin hər mövqedə oynayacam: Messinin arxasında, ya önündə - fərq etməz. Qərar sənindir.
P: Biz birlikdə necə davam edə bilərik axı?
Z: Messi üçün oynayacam.
P: Amma biz birlikdə necə davam edə bilərik axı?

Hücumçu başa düşmürdü ki, bu sual onun komandaya uyğun oyunçu olub-olmadığını sorğulamaq anlamına gəlirdi: “Bu, şəxsi məsələ idi. Xarakterimlə başa çıxa bilmədiyini demək əvəzinə əsl niyyətini bu anlaşılmaz sual ilə gizlədirdi. Və qərar verdim: bir də Quardiola üçün oynamayacam”.

İbrahimoviç “Barselona”da başına gələnlər barədə heç nəyi anlamır. Pep onunla müqavilə bağlayaraq səhv etmişdi, çünki İbranın xarakterini, yüksək özgüvənini gözardı etmişdi. İbranı kimsə narahat edirsə, reaksiyası sərt və qaçılmaz olur. Yox əgər kimsə Pepi incidirsə, onun üçün emosional əlaqə amili yoxa çıxır və oyunçuya qarşı sadəcə başqa professionallardan biri kimi davranır, bundan artıq heç nə. Münasibətlər bundan uzağa gedə bilməz.

Pep “Biz birlikdə necə davam edə bilərik axı?” deyə soruşanda, əslində, həmişə birbaşa yanaşma tələb edən İbrahimoviçə istədiyini verirdi: onun üçün qapıları açırdı.

“Milan”a transferi sual altında olanda İbrahimoviç vitse-prezidentə xəbərdarlıq etmişdi: “Əgər mən burada qalası olsam, məşqçi ilə birgə medianın önünə çıxana qədər gözləyəcəm, həmin an gələndə isə onu oradaca döyəcəm. Bunu edəcəm!” Həmin yay “Barselona”nın prezidenti təyin olunan Sandro Rozelin üzərinə düşən ilk iş isveçlinin transferini həll etmək idi. İbradan soruşmuşdu: “Hansı kluba getmək istəyirsən?” Zlatan “Real” cavabını verəndə Rozel dillənmişdi: “Bu, mümkün deyil. Başqa hara desən olar”.

İbrahimoviç “Milan”a transferini belə təsvir edir: “Rozel dedi: “Bilməyini istərdim ki, bu, həyatımın ən bərbad anlaşmasıdı. Səni çox aşağı məbləğə satıram”. Dərhal cavab verdim: “Görürsən, bərbad liderlik nələrə səbəb olur...”

İbrahimoviç “Barselona”ya 66 milyon avroya (“İnter” hissə-hissə 46 milyon ödəmişdi və Etonun transfer dəyəri - 20 milyon avro) başa gəlmişdi. Zlatan “Barça”da 21 qol, 9 məhsuldar ötürmə ilə yadda qalaraq, ümumilikdə 4 titul qazandı.

Transferindən sonra isveçli emosiyalarını saxlaya bilməmişdi: “Barça”dakı problemim filosofla bağlı idi. Pep “Barça”nın futbol tərzini kəşf etdiyini düşünür. Mourinyo məni daha çox cəlb edir. O, əsl qalibdir; Quardiola mükəmməl deyil. “Barselona”da idim – dünyanın ən yaxşı komandasında, ancaq xoşbəxt deyildim”. İbra Quardiolanı həmçinin problemləri həll etməyə cəhd göstərməməkdə günahlandırır: “Mənimlə problemin varsa, həll etməlisən. Komandanın lideri sənsən, məşqçi sənsən. 20 nəfərlə münasibətin yaxşı ola bilər, ancaq 21-ci ilə yad kimi davrana bilməzsən”.

Quardiolanın hakimiyyəti və ideyaları sorğulanırdı. İbrahimoviçin xarakteri nəticəsində aralarında yaranan emosional məsafə Pepin ona qarşı getməsini asanlaşdırdı, ancaq bu heç də ucuz başa gəlmədi: bəzən instinktlərini bir kənara atdı, bəzən də İbrahimoviçdən ən yaxşısını ala bilmədiyi üçün özünü günahlandırdı. Sadəcə, ümid edirdi ki, Messini komandanın mərkəzinə yerləşdirməsinə dair qərarı bir gün bəhrəsini verəcək".

Qeyd: Pep Quardiolanın bioqrafiyasından götürülmüşdür.
Tərcümə: Rüfət Məcid