24 Nisan 2017

#TBT


Bu gözəl adamla bağlı balaca bir anekdot danışım. PFA tərəfindən "İlin futbolçusu" mükafatına layiq görülməsi bəhanəmiz olsun.

"Lester"ə yenicə transfer olubmuş. Hansısa təkərli vasitənin artıq olduğunu düşünürmüş, israr edirmiş ki, məşqə qaça-qaça gəlmək istəyirəm. Güc-bəla başa salıblar ki, bəs Premyer Liqada belə yaxşı çıxmaz, maşın var filan. Sonradan öyrəniblər ki, Kante "Kan"da oynadığı dövrdə məşqə skuterlə gedirmiş.

İndi siz deyin, adamın "Çelsi" məşqinə "Mini Cooper"lə gəlməsi niyə xəbər dəyəri daşısın ki?

15 Nisan 2017

İthaf: Sənin üçün...


İstər Cerrard, istər "Liverpul" haqqında yazanda, istərsə də "Hillsboro"da olanlardan bəhs edəndə Con-Pol məsələsini həmişə səthi keçmişəm. Stivi və Polun birgə hekayəsini bu gün - faciənin 28-ci ildönümündə paylaşmağı uyğun bildim:

"Hər dəfə “Ənfild”ə yolum düşəndə Şenkli darvazasının yanından keçərkən sürəti azaldıram. "Hillsboro" memorialı diqqətimi çəkir. 1989-cu ildə FA kubokunun yarımfinalını izləməyə gedən, amma bir daha geri qayıtmayan 96 “Liverpul” fanatının xatirəsinə etimadı görürəm. Rəqib komanda azarkeşlərinin hörmət əlaməti olaraq qoyduqları şərflərlə yanaşı, göz yaşları heç vaxt qurumayan ailələrin çələnglərini görürəm. Həmişə yanan, 96 nəfərin unudulmayacağını dünyaya xatırladan alovu görürəm...

Maşınımla memoriala yaxınlaşdıqda “Leppinqs Leyn End”də yıxıldıqdan sonra bir daha ayağa qalxmayanların adlarına nəzər salıram. Bir ad xüsusi diqqətimi çəkir, tərəddüd edirəm: Con-Pol Qilhuli, 10 yaş, Şeffilddən qayıtmayan ən azyaşlı azarkeş. Sevdiyi komanda uğrunda ölən fanat, daha başında ikən həyatı əlindən alınan oğlan... insanlar üçün yararsız olan tribunalarda əzilərək can verdi. Con-Polu tanıyırdım. O, mənim dayım oğludu. Birdən-birə canıma vəlvələ düşür, xaç işarəti və yoluma davam edirəm.

Maşınımı park etdikdən sonra “Ənfild”ə daxil oluram. Hələ də Con-Polu, valideynlərini və nə qədər şanslı olduğumu düşünürəm. “Hillsboro” Con-Polu bizdən ayıranda 9 yaşım olardı. Aramızdakı yaş fərqi 1-dən bir az çox idi, amma futbol məsələsində eyni hiss edirdik. Con Polun “Liverpul” sevgisi çox güclü idi – mən qırmızı formanı əynimə geyinəndə nə hisslər keçirirəmsə, eynisini o da hiss edirdi. Bənzərliklərimiz saymaqla bitməz. Mersisayd sayağı evlərimiz, üst-üstə düşən maraqlar... Con-Pol qürurla “Liverpul” formasını geyinər, Haytondakı küçəmizdə bizimlə futbol oynayardı. Klub onun üçün dünyaları ifadə edirdi.

Digər mersisaydlılar kimi, 15 aprel, 1989 tarixi mənim beynimdə də silinməz izlər buraxıb. Böyüdüyüm evdə bir din hakim idi - "Liverpul". Stadionda baş verənləri eşidən kimi mən, atam Pol, anam Culi və qardaşım Pol televizorun önünə keçdik və xəbərləri izləməyə başladıq. TV-də fotoları göstərirdilər, titrəyə-titrəyə dinləyirdik, gözlərimizə inanmırdıq. Heç birimiz qətliama anlam verə bilmirdik. Niyə? Necə? Kim? - çoxlu suallar var idi. Həmin gecə evdə vəziyyət həqiqətən də çox pis idi. Hamımız eyni formada narahatlığımızı dilə gətirirdik: “Görəsən tanışlardan kimsə oyuna gedib? Allahım, nə olar orada kimsə olmasın”. Bir müddət keçdikdən sonra yatmağa getdim. Pilləkənləri qalxdım və özümü yatağa atdım, düşüncələrimi qovmaq üçün yuxunun ümidinə qalmışdım... Alınmırdı. “Hillsboro”dakı fotolar məni yatmağa qoymurdu. Nəhayət səhərə yaxın çətinliklə olsa da, yuxuya getdim.

Səhər tezdən 9-un yarısı qapı döyüldü. Aşağı düşdüm və qapını açdım. Babam Toni idi, heç bir söz demədən içəri keçdi. Hamımız nə deyəcəyini gözləyirdik. Əslində, nəyinsə qaydasında olmadığını anlamışdıq. Babam yolun digər tərəfində yaşayırdı və bazar səhəri saat 8.30-da çölə çıxacaq biri deyildi. Üzündən hər şey məlum idi.

Birdən dilləndi: “Pis xəbərlərim var. Con-Pol ölüb”.

Göz yaşları, qəzəb, çaşqınlıq – məhv olmuşduq. Con-Polun oyunda olduğunu bilmirdik. Həmişə “Ənfild”ə gedərdi, ancaq FA kubokunun yarımfinalı xüsusi situasiya idi. Babam izah elədi. Con-Polun anası Cəki bilet tapıbmış. O, qəhrəmanlarını belə bir önəmli matçda görməyin Con-Pol üçün nə anlama gəldiyini çox yaxşı bilirdi. Oyun Şeffilddə idi - təxminən 70 mil uzaqda. Orada olmağa can atırdı. Ailə dostlarından biri Con-Polu Şeffildə aparıbmış. Şənbə səhəri böyük həyəcanla Liverpuldan ayrılıblar. Gediş o gediş: Con-Pol heç vaxt qayıtmadı. Heç vaxt qayıtmadı – bu sözlər həmişə məni ruh kimi təqib edəcək.

Meyiti yardıqları üçün Con-Polun dəfn mərasimi bir az gecikdi. Məktəbə getməli olduğumdan, mərasimə qatıla bilmədim. Təbii ki, bu, bir bəhanə idi. Əminəm ki, atam dəfndə iştirakımı istəmirdi. Valideynlərim məni qorumaq niyyətində idilər. Çünki mən, dayım oğlunun sevimli klubunu dəstəkləyərkən öldüyünü anlamaqda çətinlik çəkən bir uşaq idim.

Yenicə “Liverpul”da çalışmalara başlamışdım. “Hillsboro” faciəsindən sonra məşqlərə fasilə verildi. Fasilə bitdikdən sonra, məşqçilərin üzündəki kədərdən faciənin şəhərə və kluba necə təsir etdiyini anlayırdım. Hadisədən uzun müddət keçməsinə baxmayaraq, ailəm baş verənləri unuda bilmirdi. İndi də vəziyyət fərqli deyil. 17 il keçib, amma hələ də o ağrılı mövzu bizə toxunur.

Hər dəfə Con-Polun valideynlərini “Ənfild”də görəndə qətiyyətim daha da artırdı. “Liverpul” forması ilə debüt etməmişdən bir az əvvəl mənə “Con-Pol səninlə fəxr edərdi” demişdilər. Həmin oyun boyu Con-Polun məni izlədiyini düşünürdüm. İkimizin ortaq xəyalını reallaşdırdığım üçün sevinirdim. Həmişə qələbə qazananda Con-Polun qalibiyyəti necə qeyd etdiyini xəyal edərdim. Hər gün Con-Polun aramızda olmadığını anlamaq məni incidir.

“Liverpul” Con-Polun ailəsinə qarşı əla münasibət bəsləyirdi. Onlar “Hillsboro”da sevdiklərini itirən hamıya qarşı çox qayğıkeşdilər. İndi də belədi. “Liverpul” şəfqətli klubdur. Yadımdadı, bir dəfə Cəki atama klubun onlarla necə gözəl davrandığından bəhs edirdi. Hər il “Hillsboro” faciəsinin ildönümündə “Liverpul” “Ənfild”də xüsusi mərasim təşkil edir. Oyunçuların mərasimdə iştirakı məcburidi. Düzgün olan da elə budu. Komanda 96 nəfərə olan hörmətini nümayiş etdirməlidi. 2005-ci ildə qrip idim, özümü yaxşı hiss etmirdim, amma getmişdim. "Hillsboro" mərasimini qaçıra bilmərəm. Bu, həyatımın bir hissəsidi.

Oyunçular adətən "Melvud"da görüşürlər, daha sonra avtobus onları “Ənfild”ə aparır. Səfər zamanı xüsusilə də nə baş verdiyini anlamayan legioner futbolçularla söhbət edirəm. “Hara gedirik? Biz nə edirik?” tərzində suallar verirlər. "Hillsboro" faciəsi haqda eşidiblər, amma hekayənin tamamını bilmirlər. Başa salıram, şoka düşürlər. Onlara "Hillsboro" haqda yazılanlardan danışıram, niyə "Melvud"da, “Ənfild”də və mənim evimdə "The Sun"a rastlamağın mümkünsüz olduğunu izah edirəm. Bütün “Liverpul” fanatları “The Sun”a qarşıdılar. Bir “Liverpul” azarkeşi kimi mən də onların fikirlərinə hörmət edirəm, həm mən də ailə üzvlərimdən birini "Hillsboro" faciəsində itirmişəm. Legionerlər də bu məsələdə həssasdılar. Aralarından kiminsə hörmətsizlik etdiyinin şahidi olmamışam, həmişə mərasimə qatılırlar. Bu, onların, yeni oyunçular da daxil olmaqla, kluba qarşı hiss etdiyi dərin hörmətin göstəricisidi.

Səfər həmişə mənim üçün qəribə alınır. Ora çatanda ailəmi görürəm və Con-Polla bağlı bütün xatirələr yenidən canlanır. Mənim üçün "Hillsboro" mərasimində iştirak etmək professionallıqdan irəli gələn bir vəzifə deyil, sadəcə şəxsi məsələdi. Orada dayanıb boynumu bükürəm, həm kapitan olaraq, həm də qohum kimi. Adətən həmin günlər "Kop" – Con-Pol və həmin gün can verən digər azarkeşlərin şənbə günlərini keçirdikləri yer – açıq olur. Mərasim 2-3 saat davam edir. İlahilər oxuyur, duamızı edir, yas saxlayırıq. Mərasimlərdən birində təsadüfən “Liverpul”un ehtiyat qapıçısı Pol Harrisonla qarşılaşmışdım, söhbətləşmişdik. O, atasını Hillsboroda itirib. Qorxuncdu. Valideynlərimi itirməyi ağlıma belə gətirə bilmirəm.

Ailələr həmişə bir-birlərini dəstəkləyirlər. You'll Never Walk Alone - sloqan Liverpulda həmişə aktualdı. Bizim məşhur mahnımız təkcə söz yığınından və gözəl musiqidən ibarət deyil, o, həm də insanlar arasında bağdır. Biz həm yaxşı, həm də pis gündə birlikdəyik. Onlar sadəcə ədalət istəyirlər. Tələblərində tamamilə haqlıdılar. Heç vaxt da geri addım atmayacaqlar, bunu da bilirəm. Onlar masa başında boş stulları, yuxarı mərtəbədə toxunulmayan yataq otaqları olan liverpullulardılar. Bu ailələr ədaləti haqq edirlər. Mən kampaniyanı tamamilə dəstəkləyirəm, çünki özüm də onlardan biriyəm. Biz detallarıyla “Hillsboro”da baş verənləri araşdırmalı, kimlərin günahkar olduğunu öyrənməliyik. 96 günahsız insanın ölümünə səbəb olan hökumət nümayəndələrinə qarşı tədbir görülməlidi. Dayım oğlu “Hillsboro”da ölüb və hələ də onun ədaləti yerini tapmayıb. “Ənfild”də isinəndə, nə zaman “Justice for the 96” bannerini görsəm, razılıq əlaməti olaraq bütün səmimiyyətimlə başımı yelləyirəm. Hökumət lazım olan araşdırmanı aparmalıdı. Ancaq ondan sonra 96 nəfərin ailəsi evdə oturub, ədalətin yerini tapdığını bilə-bilə yas tutar... Ancaq hadisənin səbəbkarları cəzalarını çəkdikdən sonra, 96 nəfərin ailəsi sevdiklərinin məzarlarını rahatlıqla ziyarət edə bilər.

İkinci bir “Hillsboro” faciəsinin baş verməsinə icazə verilməməlidi. Heç kimi həyatını və yaxınlarının həyatını hansısa futbol oyununda itirməməlidi. Hər dəfə Şenkli darvazasının kənarındakı soyuq mərmərin üzərində Con-Polun adını görəndə kədərlənirəm. Bunu heç kimə bildirməmişəm, amma həqiqətdi: mən Con-Pol üçün oynayıram".

Tərcümə: Rüfət Məcid

14 Nisan 2017

Sooner or Later


"Holland futbolu beynəlxalq səviyyədə çox irəli gedəcək. Bunu deyəndə mənə gülürlər, eybi yox. O, dünyanın ən gözəl futbolu ola biləcək potensiala sahibdi. 20 yaşlı bir lovğanın özündən razı-razı danışmasına bənzəyir, ancaq niyə optimist olduğumu izah edə bilərəm. Çünki holland futbolu həm intizamlıdı, həm də kreativ - digərlərində isə bu yoxdu. Bizim oyunumuzda fantaziya var. 5-10 il sonra Krayf adlı bu oğlanın həqiqəti dediyini görəcəksiz" - Yohan Krayf, 20 yaş (il 1968).

Sonrakı 10 il ərzində baş verənlər:

1969 - "Ayaks" Avropa kubokunun finalına çıxan ilk Hollandiya təmsilçisi kimi tarixə düşür.
1970 - Hollandiya tarixində ilk dəfə bir klub Avropa kubokunun qalibi olur. Söhbət "Feyenoord"dan gedir. Rotterdamlılar həm də Qitələrarası kuboku qazanır.
1971 - "Ayaks" Avropa kubokunun qalibi olur.
1972 - Yenə "Ayaks": Avropa kuboku + Qitələrarası kubok.
1973 - UEFA Superkuboku (1971-72) "Ayaks"ındı + növbəti Avropa kuboku Amsterdam klubunun kolleksiyasına əlavə olunur.
1974 - "Ayaks" UEFA Superkubokunun (1972-73) qalibidi.
1974 - "Feyenoord" UEFA kubokunu qazanır.
1974 - Hollandiya millisi tarixində ilk dəfə Dünya çempionatının finalına çıxır.
1975 - "Tvente" UEFA kubokunun finalında...
1976 - Hollandiya yığması Avropa çempionatında üçüncü olur.
1978 - PSV UEFA kubokunu qazanır.
1978 - Hollandiya millisi ikinci dəfə mundialın finalında...