30 Nisan 2015

"Dumanlı Albion"dan hekayələr (4-cü hissə): Tarixi transfer


“Dumanlı Albion”dan hekayələrin növbəti qəhrəmanını tanımaq üçün Şotlandiyanın ən böyük şəhəri Qlazqoya yollanırıq. Yol boyunca insanı musiqidən gözəl rahatladan bir şey hələ ki, kəşf olunmayıb. Odur ki, qulaqcıqları taxın, hekayə boyunca Perri Rouzdan "Qlazqo" dinləyin.



Qlazqonun adama məcburən hekayə yazdıran havası var. Tanrı damlaları bu torpaqlardan əsirgəməyi heç sevmir. Ürəyin elə hey bir şeylər cızma-qara etmək istəyir. Hələ ala-toranlığın gecə qaranlığına keçdiyi dəqiqələri demirəm. Həmin anlarda qələm özü barmağını tapır. Odur ki, nə qədər vaxt-vədə yetişib, başlayaq.
Qlazqonu dünyaya tanıdan nələr var? Viski, Kelvinqrouv muzeyi, Riversayd, o İELTS-i 8,5-9 olanların belə başa düşməkdə çətinlik çəkdiyi “glaswegian” ləhcəsi... Hərəsi özünə görə tanınır, ancaq heç birinin şöhrəti “Seltik” və “Reyncers” qədər deyil.
Dünyanın harasına gedirsən get, Qlazqo dedikdə ağıllara ilk olaraq “Seltik”lə “Reyncers” və onların bitmək tükənmək bilməyən rəqabəti gəlir. Daha doğrusu, rəqabətlə düşmənçilik arasında bir şey... Bu barədə daha öncə ətraflı yazmışdım. Ona görə “Old firm”in dərinliklərinə bir də getmək fikrində deyiləm.
Bu gün “Seltik” – “Reyncers” (“Old firm”) rəqabətində stereotipləri qıran adamın transfer hekayəsini danışacağam. Əvvəlcədən deyim ki, biləsiz: bolluca əkşn gözləməyin. Nə Cimmi Qlass kimi enişli-yoxuşlu olacaq, nə Çarli Ostin olub birdən-birə zirvəni fəth edəcəyik, nə də Brayan Robsonun “Vest Bromviçi”i kimi “son gülən yaxşı gülər”in doğruluğunu isbatlamağa çalışacağıq.

Moris Con Qiblis Conston, qısası, Mo Conston. Məhz adı sizə tanış gəlməyən bu adam “Old firm”in tarixində özünəməxsus iz qoyub.
1989-cu ilin 10 iyulunda şotlandlar adi günlərdən birinə oyanmışdılar. İş-ev-yataq ardıcıllığını növbəti dəfə tamamlamaqdan başqa gözləntiləri yox idi. Ancaq səhər yeməyi zamanı qəzet oxumaq adəti onların əhvalını pozacaqdı, həm də bir-iki nəfərin yox, bütün Qlazqonun.
10 iyulu qəzet sahiblərinin qeyri-rəsmi bayram günü də elan etmək olar. Köşklərin önlərində sıra yaranmışdı. Manşetdəki xəbəri oxuyan başını yelləyirdi. Cəmi üç sözün təsir gücü təsəvvür etdiyinizdən artıq idi: “Mo “Reyncers”ə keçir”. İnsanlar Constonun “Reyncers”ə transfer olmağını heç cür anlaya bilmirdilər.
Təəccübün səbəbini daha yaxşı başa düşməyiniz üçün zamanı iki il geriyə verirəm. 1987-ci ildə Conston istəmədən “Seltik”i tərk etmək məcburiyyətində qaldı. O, “Nant”la anlaşsa da, hər dəfə “keltlər”dən başqa bir klubda oynamaq istəmədiyini bildirirdi:
“Seltik”dən ayrılmaq istəmirdim. Mətbuatda “Mançester Yunayted”ə keçəcəyimlə bağlı şayiələr gəzirdi. Ancaq digər klublara transfer olmaq barədə heç vaxt düşünməmişəm. “Seltik”dən başqa oynamaq istədiyim Britaniya klubu yox idi”.

Constonun Fransa macərası iki il davam etdi. O, Fransaya uyğunlaşa bilmədi. Bunu oynadığı futbola görə demirəm. Moris karyerası ərzində stabil çıxışı ilə yadda qalan oyunçulardan olub. Sadəcə, iki ölkə arasındakı yaşam fərqinə öyrəşməkdə çətinlik çəkirdi.
İlk dəfə 1989-cu ilin mayında mətbuatda Monun “Seltik” şərfi ilə çəkilmiş fotoları yayıldı. Bu, təbii hal idi. Çünki hamının ağlında tək variant var idi. Qlazqo reallıqlarını nəzərə alsaq, bu, “Seltik”dən başqa klub ola bilməzdi. Bütün işarələr “Seltik”i göstərirdi. Şotland nəşrlərinə görə, artıq “Nant”la razılıq əldə olumuşdu. Keçid 1,2 milyon funt dəyərində qiymətləndirilirdi.
Təkcə “The Sun”ın Şotlandiya bürosu Monun növbəti iş yerinin “Reyncers” olacağını iddia edirdi. Bu xəbər ölkədə bomba kimi partlamışdı. Digər mətbu orqanlar isə “The Sun”ın sadəcə populyarlıq və satış dərdində olduğu üçün bu addıma əl atdığında qərarlı idilər. Onlar “Aybroks”un mavi mətbuat otağında Mo Conston, Qrem Suness və klub prezidenti Devid Marreyi bir arada görəndə “The Sun”ın əslində, həqiqəti yazdığını anladılar.

Transferin pərdəarxasına gəlincə isə, doğrudan da şotland futbolçu “Seltik”ə qayıtmalı idi. Sadəcə, son anda “keltlər”in maliyyə problemləri və vergi xərclərini ödəyə bilməməsi transferə əngəl oldu. Mətbuat sonradan klubun direktorlar şurasını həvəskar işçilər kimi qələmə verirdi. Bir sözlə, Mo “Seltik”lə ilkin anlaşmaya imza atmasına baxmayaraq, keçid baş tutmadı. Məsələyə başqa nöqteyi-nəzərdən yanaşan FIFA çox keçmədən sənədləri aşkarladı və Constonun ilkin anlaşmaya imza atdığı ortaya çıxdı. Müqavilənin sonradan dondurulması səbəbindən Mo 3 000 funt dəyərində cərimələndi. Bu zaman kəsiyində artıq “Reyncers” rəsmiləri futbolçunun meneceri Bill MakMurdo ilə danışıqlara başlamışdılar.
“Old firm”in tarixində iz qoyan mübahisəli transferin 4 baş memarı var idi: Qrem Suness, Conston, meneceri Bill MakMurdo və “Reyncers”in sahibi Devid Marrey. Qrem Suness və Devid Marreyin israrı MakMurdonu bu cəsur addımı atmağa məcbur etmişdi. O, hələ də müştərisinin “Reyncers”in o sərt transfer siyasətini dəyişəcək tək futbolçu olduğunu iddia edir:
“Məncə, o, stereotipəri qıracaq gücə malik tək oyunçu idi. Başqa futbolçular olsa da, Sunesin əsas prioriteti Conston idi və mən buna yox deyə bilməzdim”.
Moris qatı roman katoliklərindən olduğu üçün uşaqlıqdan “Seltik”in azarkeşi idi. “Reyncers”in fəlsəfəsi katoliklərin, xüsusilə də dini inanclarına bağlı, həm də oynadığı yüksək səviyyədə futbolla diqqət mərkəzinə düşən katoliklərin komandaya cəlb olunmasını qəbul etmirdi. Conston isə sadaladığım hər iki amili özündə birləşdiridi. Hələ bir də “Seltik”də oynadığını hesaba qatın. Sonuncu dəfə Tulli Kreyq “Seltik” formasını geydikdən sonra “Reyncers”də də şansını yoxlamışdı. Bu transfer 1923-cü ildə reallaşmışdı. Məlum keçid rəsmiləşən zaman isə təqvimlər 1989-cu ili göstərirdi. Ötən 66 il ərzində nifrət azalmaq əvəzinə, vətəndaş müharibəsi səviyyəsinə çatmışdı. Belə bir anda bu transferə imza atmaq yanğına benzin tökmək kimi bir şey idi.
Reaksiyalar özünü çox gözlətmədi. Saatlar sonra axşam xəbərlərində artıq “Aybroks”un önündə biletlərini və şərflərini yandıran “Reyncers” azarkeşləri göstərilirdi. 100-ə yaxın fanat stadionun önünə toplaşaraq rəhbərliyin klubun tarixinə xəyanət etdiyini iddia edərək etiraz aksiyası keçirirdi. Suness bazanı tərk edən zaman onlar tərəfindən fitə basılmışdı. Digər tərəfdən bəzi azarkeşlər klubdan mövsümlük biletlər üçün ödədikləri pulların qaytarılmasını tələb edirdilər. Qrem 1986-cı ildə komandaya baş məşqçi təyin olunanda abunələrin sayı birə-on artmışdı. İndi isə hər şey 3 il öncədən də betər ola bilərdi. Vəziyyət bir gün içərisində kritik həddə çatmışdı.
Məşhur “UK Gold” proqramında Monun “Reyncers” azarkeşləri tərəfindən necə qarşılandığına dair zarafat məqsədli qısa videorolik hazırlanmışdı. Bəzən acı reallığı yumorla daha yaxşı başa düşmək olur.

Məzhəb ayrımı “Old firm”in olmazsa olmazıdı. Sözümə qüvvət olaraq “Reyncers” Azarkeşlər Assosasiyasının baş katibi Devid Millerin müsahibəsindən qısa bir paraqrafı qeyd edəcəyəm:
“Ən qeyri-adi və reallaşması mümkünsüz görünən yuxularımda belə bunu görməmişdim. “Reyncers” üçün kədərli gün idi. O qədər futbolçu var idi. Niyə məhz Conston? Şəxsən mən “Aybroks”da roman katolikini görmək istəmirdim. Bu, mənim boğazımdan keçmirdi”.
Niyə məhz Conston? – bu sualın cavabını isə mən yox, illər sonra klub prezidenti Devid Marrey vermişdi:
“Biz hadisələrə futbol nöqteyi-nəzərindən yanaşaraq bu qərara gəlmişdik. Ətrafımızdakı ən yaxşı şotland futbolçu Conston olduğuna görə onunla müqavilə imzaladıq”.
Qlazqonun bir hissəsi tarixi klub siyasətinin/fəlsəfənin dəyişdirilməsini qəbul etmədiyi vaxtda digər tərəfdə də vəziyyət fərqli deyildi. “Seltik”lilər iki il öncə qollarını “Seltik Park” üçün vuran birinin göy forma geydiyini düşünmək belə istəmirdilər. Hələ cəmi bir neçə həftə öncə o yaşıl-ağ şərflə çəkilmiş fotolar və sonra olanları həzm etmək daha da çətin idi. “Keltlər”in yara izi uzun illər qalacaqdı. “Seltik” azarkeşləri tez-tez iki şotland nəhəngi arasında “Nant”da oynamağa fürsət tapdığı üçün Constonu fransız jarqonu ilə təhqir edirdilər.

Bəlkə də tarix ərzində bu iki klub fanatlarını birləşdirən tək ortaq cəhət olub: Constona nifrət etmələri. Yazılmış qanunları üzərindən xətt çəkmək qərarına gələn insanlar adətən hər şeyi nəzərə alırlar. Bu sözlər Moris üçün də keçərli idi. O, klub azarkeşləri tərəfindən sevilənə qədər başına nələr gəlmədi ki? Atası döyüldü, Qlazqo küçələrində adaşı olan itlər peydə oldu, evinə molotof kokteyli atıldı, tualetə belə mühafizəçi ilə getdiyi günlər oldu. Ancaq inadı sayəsində “Reyncers” azarkeşlərinin böyük qisminin sevgisini çətin də olsa, qazana bildi. “Aybroks” əhlinin önündə ilk dəfə “Aberdin”lə görüşdə fərqlənən Conston daha bir neçə dəfə qolları ilə komandanın imdadına çatacaqdı.
Mo 1989-cu ilin noyabrında “Seltik”lə oynanılan derbinin son dəqiqələrində fərqlənən zaman artıq “Reyncers” fanatları ilə ulduzunun barışacağını düşünüb, onlara doğru qaçmışdı. Düzdü, stadiondakı insanlar bunu heç də pis qarşılamadılar, onun qoluna sevindilər də.

Ancaq həmin qolu hesaba almayanlar artıq mövsümlük abunəliklərini ləğv etdirib, şərflərini “Aybroks” önündə yandıranlar – bax, onlar matçın 0-0 bitdiyini düşünürdülər. Həmin azarkeşlər Mo Constonu komandanın üzvü saymır, “Reyncers”in 10 nəfərlə oyunlara çıxdığını düşünürdülər. Hətta Qlazqonun məşhur “Larkhol” pabında xüsusi olaraq Şotlandiya Premyer Divizionu üçün turnir cədvəli hazırlanmışdı. Orada Constonun vurduğu qollar hesaba alınmırdı. Və hətta həmin cədvələ görə, mövsümün sonunda Şotlandiya Premyer Divizionunun qalibi adını qazanan “Reyncers” çempion olmamışdı.

1989-90 mövsümündə “Aybroks”a ortalama 38500 azarkeş gəldi. Bu, əvvəlki mövsümlərin göstəricilərindən çox cüzi dərəcədə aşağı idi. Yəni, əslində, qorxulan olmamışdı. Sadəcə, o az bir qisim, xüsusilə də yaşı yuxarı olan nəsil məşhur bir katolikin komandada oynamasını heç vat qəbul edə bilmədi.
Bir il keçdikdən sonra artıq nə Conston, nə də meneceri MakMurdo mühafizəçi ilə gəzirdi. Bəlkə Sunessin “Reyncers” azarkeşləri arasında olan şöhrəti Constonun ölümdən qurtardı, bəlkə də vurduğu qollar.
Conston komandada 2 ildən bir az artıq qaldı. O, 1991-ci ildə “Reyncers”dən ayrılanda aktivində 31 qol var idi. Suness də həmin il klubu tərk etdi. Bu səfər onlar əks cəbhələrdə vuruşurdular. Qrem “Liverpul”a baş məşqçi təyin olundu, Conston isə Mersisaydın mavi tərəfinə yollandı.

Şotland futbolunun relyefinin dəyişməsinin üzərindən 26 ilə yaxın müddət keçir və artıq katoliklərin “Reyncersdə oynaması o günlərdəki kimi qlobal problem hesab olunmur. Məhz MakMurdo, Mo, Marrey və Suness o riskli addımları ilə derbinin şəklini yenidən çəkdilər. Sonralar hətta qatı katoliklərdən Lorentso Amoruso “Reyncers”in kapitanı belə oldu. Ancaq dəyişməyən bir reallıq var: I dünya müharibəsi illərindən sonra – daha dəqiq 1923-cü ildəki Tulli Kreyq transferini çıxmaqla, o gündən bu yana cəmi 1 dəfə “Seltik”də daha öncə oynamış futbolçu “Reyncers”ə keçib. O da Conston olub. Mo olacaqları gözə alıb, Qlazqonun göy tərəfinə keçməsə, “Reyncers” azarkeşləri heç vaxt Lorentso Amoruso kimi klub əfsanəsini tanıya bilməyəcəkdilər.
Düzdü, hələ də Constonu Qlazqo ətrafında gördükləri an ona fiziki güc tətbiq edəcək fanatların olmadığını desəm, haqsızlıq olar. Axı bura Qlazqodu.
Monun meneceri MakMurdo: “O transfer barədə mənə sual verməyən adam qalmamışdı. Dünyanın harasına getməyimdən asılı olmayaraq, ilin hər günü Mo haqqında danışırdılar. Məni görən kimi dedikləri ilk söz Mauris Conston olurdu. İnsanlar əslində, düşmənçilik üçün bunu etmirdilər. Sadəcə, fikirlərini bölüşmək istəyirdilər. Mənə gəlincə isə, məsələyə vaxtında düzgün nöqteyi-nəzərdən baxdığım üçün çox sevinirəm.  Geridə qalan illər ərzində qərarımın düzgün olduğundan daha da əmin oldum.
15 il Corc Besti təmsil etmişəm. Ancaq beləsi olmamışdı. Corc da onun tərəfini saxlayardı. O, məndən tez-tez Moya “Reyncers”ə keçməyini deməyimi istəyirdi.
Bu transferi ölənə kimi unutmayacağam. Çoxlu transferlərim olub, ancaq bu, başqa idi”.
Bugünkü hekayənin mövzusu – məlum transfer baş tutan zaman Qlazqoda yaşayan insanlardan soruşub, maraqlanın, “Mo “Reyncers”ə keçir” cümləsini oxuduqları zaman hamı sizə harada, hansı vəziyyətdə olduğunu əzbər deyəcək. Adi görünsə də, Mo Constonun transferi Şotlandiya futbol tarixinin ən böyük hekayəsidi.
Duman çəkilməmiş Albiondan növbəti hekayələri sizinlə bölüşmək ümidiylə…

24 Nisan 2015

"Dumanlı Albion"dan hekayələr (3-cü hissə): The Great Escape

Çarli Ostinlə vidalaşıb Londonu tərk edirik. Şimal-qərbə doğru üz tutub gedirik. Bugünkü dayanacağımız Vest Bromviçdir.
Bura Vest Midlends qraflığında yerləşən Senduell bölgəsinin tərkibinə daxil olan ingilis şəhərlərindən biridir. Kim bilir, bəlkə də bir gün kefimizə düşsə və Uels torpaqlarında diqqətimizi çəkəcək hekayə olsa, yenidən yolumuzu buradan sala bilərik. Çünki Vest Bromviçi Uelsdən cəmi iki qraflıq - Staffordşir və Şropşir - ayırır. Hər ehtimal yadda saxlayın, unutsam, elə sizdən soruşaram.
Bu şəhərin bir də eyniadlı klubu var ki, həftə sonları təxminən 27 000 azarkeşin önündə matçlarını keçirir. “Vest Bromviç Albion” İngiltərə daxilində adlı-sanlı klublardan biri hesab olunmur. Sadəcə 5 Federasiya kuboku və 1 ölkə çempionluğu ilə öyünürlər. Onların da nə vaxt qazanıldığını klub muzeyinin işçiləri belə unudub. Bütün bunlara baxmayaraq, ada futbolunun Fred Everiss, Sirill Ricis, Toni Braun, Brayan Robson, Con Uil, Roni Allen və Uilyam Jindjer Riçardson kimi önəmli simalarının yolu bir gün bu klubdan keçib.
Ada futbolunun ən çox sevdiyim yönü insanların azarkeşlik etdiyi komandaları uğurlarına görə yox, adətən doğulub böyüdükləri yerə görə seçmələridi. Bu ənənə atadan oğula keçərək davam edir. Ona görə azarkeşi olmayan klub tapmaq demək olar ki, mümkünsüzdü. “Vest Bromviç” də onlardandı. Şəhərin böyük bir qismi yerli komandanın azarkeşidi. Onların hansı birini dindirsən və klubla bağlı maraqlı bir xatirə danışmalarını istəsən, çoxu təxminən 10 il əvvəlki hadisə barədə sizə danışar. Hə, bir də ad qoyublar: “The great escape” (böyük qurtuluş və ya qaçış).
Gedişatdan anladığınız kimi, bugünkü hekayə elə məhz “The Great Escape” haqqındadı. “Vest Bromviç” fanatı olmadığım üçün onlar qədər ağızdolusu danışa bilməyəcəm. Ancaq bu amil cəhd etmək şansımı əlimdən almır.
2004/05 - Joze Mourinyonun adada debüt mövsümü idi. İlk addımlarını atanların büdrəməyinə adət etmişik. Ancaq “xüsusi biri" addımlarını elə sağlam atmışdı ki, həftələr öncədən “Çelsi” arzusuna çatmışdı. Son həftə ərəfəsində turnir cədvəlinin yuxarı pillələrində hər şey həllini tapmışdı. Aşağı “mərtəbələr”də isə… sona bir tur qalsa da, hələ də Çempionşipə düşəcək komandalar müəyyənləşməmişdi.
Sonuncu turdan öncəki vəziyyət:
17. “Norviç” – 33 xal
18. “Sauthempton” – 32 xal
19. “Kristal Pelas” – 32 xal
20. “Vest Bromviç” – 31 xal
38-ci turun oyun cədvəli:
“Fulhem” – “Norviç”
“Sauthempton” – “Mançester Yunayted”
“Çarlton” – “Kristal Pelas”
“Vest Bromviç” – “Portsmut”
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan klubların 38-ci turda qarşılaşdığı rəqiblərinin heç bir iddiası yox idi. Yəni, istənilən nəticə onların mövqeyinə təsir göstərməyəcəkdi. Bunu da nəzərə alsaq, digər 3 komanda ilə müqayisədə “Vest Bromviç”in Premyer Liqada qalmasına çox az şans verilirdi. Bir anlıq “Albion”un İtaliya A Seriyasında oynadığını təsəvvür edək və sonuncu turda vəziyyət eynən yuxarıdakı kimi olsun… Bax onda “Vest Bromviç”in liqada qalmaq şanslarını hesablamaq əvəzinə məlum şeylərə görə imkansız sözünü işlədərdim. Amma bura Premyer Liqadır. Nə desən, gözləmək olar.
“Portsmut”la matçın biletləri satışa çıxan kimi tükənmişdi. İnsanlar komandalarını Çempionşipə yola salmaq üçün “Hotorns” stadionuna doğru hərəkət edirdilər. Hamısı bir ağızdan “biz yenidən qayıdacağıq” ifadəsini işlədirdilər. Azarkeşlər artıq “Vest Bromviç”in “lift komanda” olduğu gerçəyini qəbul etmişdilər. Ona görə də qayıtmalarına inanmaqdan başqa çarələri yox idi. Komanda Premyer Liqaya vəsiqə qazandığı 2001/02 mövsümündən bəri İPL və Çempionşip arasında yol ölçürdü - bir ora, bir bura.
Son tur olduğundan matçların startı eyni saata planlaşdırılmışdı. Həyəcan böyük idi.
Brayan Robson Rassell Holt və Darren Pers istisna olmaqla, start 11-liyini pozmamışdı. Gözlənilən son reallaşsa belə, heç kimin Robbonu günahlandırmağa haqqı yox idi. Mövsümün gedişində komandaya baş məşqçi təyin olunan Robson o gündən bəri Qari Meqsonun “töküntüləri”ni yığışdırmaqla məşğul idi.
Oyunun start fiti səsləndikdən sonra “Vest Bromviç” hücumlara başladı. Xüsusilə də Zoltan Qera, Kevin Kempbell və Robert Ernşou tez-tez “Portsmut” qolkiperi Ceymi Eşdaunu yoxlayırdılar. Ancaq 45 dəqiqə ərzində “qaratoyuqlar” rəqib qapısına yol tapa bilmədilər.
Birinci hissədən sonra nəticələr:
“Fulhem” – “Norviç” – 2:0
“Sauthempton” – “Mançester Yunayted” – 1:1
“Çarlton” – “Kristal Pelas” – 1:0
“Vest Bromviç” – “Portsmut” – 0:0
Əgər ikinci hissədə hesablar dəyişməsə, “Norviç”, “Kristal Pelas” və “Vest Bromviç” Premyer Liqa ilə vidalaşacaqdı.
“Vest Bromviç”in baş məşqçisi Brayan Robson 58-ci dəqiqədə Conatan Qrininqi Ceff Horsfildlə əvəzlədi. Və o an “Albion”un hekayəsi yenidən yazılmağa başladı. Zoltan Qeranın cərimə meydançasına doğru göndərdiyi topu uzaqlaşdırmaq istəyən “Portsmut” müdafiəçisi onu düz Horsfildin önünə atdı və cəmi 30 saniyə öncə meydana daxil olan Ceff hesabı açdı.

Ancaq “Hotorns” əhlinin sevinci çox qısa müddət davam etdi. Heç 30 saniyə də deməzdim. Çünki məhz elə həmin dəqiqələrdə “Kristal Pelas” hesabı bərabərləşdirdi. 13 dəqiqə sonra isə stadionun yas yerindən fərqi qalmamışdı. Buna səbəb ilk hissədən sonra 1:0 geridə olan “Kristal Pelas”ın artıq 2:1 hesabı ilə öndə olması idi. Digər iki görüşdə isə hər şey “Vest Bromviç”in istədiyi kimi gedirdi. “Mançester Yunayted” “Sauthempton”u məğlub edirdi: 2:1. “Fulhem” isə “Norviç”i 4:0 hesabı ilə darmadağın edirdi. Artıq ürəklər “Hotorns”la birgə döyünsə də, qulaqlar “Velli”də (“Çarlton”un stadionu) idi.

75-ci dəqiqədə “Albion” hesab arasındakı fərqi artırdı: “Mançester Yunayted”dən icarəyə götürülən Kiran Riçardson Ceff Horsfildin daban ötürməsini qolla tamamladı. Bu qol o an üçün təsəllidən başqa bir şey deyildi. Azarkeşlər xala ehtiyacı olmayan “Çarlton”un “Kristal”a müqavimət göstərməyəcəyini düşünərək, taleyləri ilə barışmışdılar. Ancaq bir hekayə danışılırsa, onun gedişatını danışılmayanlardan fərqləndirən bir şey olmalıdı, ya yox?  Elə də oldu. “Çarlton”un müdafiəçisi Conatan Forçun 82-ci dəqiqədə cərimə zərbəsindən ötürülən topu başı ilə qapıya göndərərək hesabı bərabərləşdirdi: 2:2. Bu o anlama gəlirdi ki, oyunlar belə bitəcəyi təqdirdə “Vest Bromviç” Premyer Liqadan ayrı düşməyəcəkdi.
Qalan dəqiqələr ərzində “Kristal Pelas” nə qədər çalışsa da, lazım olan qolu vura bilmədi. Londonda oyunun bitdiyi haqda xəbəri alan “Vest Bromviç” azarkeşləri kiçik möcüzənin verdiyi enerji ilə dərhal meydana axışdılar. “Bu yerdə o anları yazmaq yox, yaşamaq lazımdır” klişesini işlətmək məcburiyyətindəyəm. Maraqlısı budur ki, onlarla yanaşı, “Portsmut”lular da yaşıl otların üzərində var-gəl edirdilər. “Mançester Yunayted” “Sauthempton”u 2:1 hesabı ilə məğlub etdiyindən “Saints” tarixində ilk dəfə Premyer Liqa ilə vidalaşmışdı. “Portsmut” azarkeşləri də “Vest Bromviç”lilərlə birlikdə əzəli rəqiblərinin Çempionşipə düşməyini qeyd edirdilər. “Kristel Pelas” və  “Sauthempton”la birlikdə aşağı doğru yuvarlanan üçüncü komanda isə “Fulhem”dən 6 qol buraxan “Norviç” idi.

Elə Vest Bromviç şəhərində doğulan məşhur solist Robert Plantın üzvü olduğu əfsanəvi Led Zeppelin rok qrupunun “Stairway to heaven” mahnısının sözlərini “böyük qurtuluş”a aid edib, bir balaca da dəyişiklik etsəm, VBA 15 may, 2005-ci il tarixində Premyer Liqaya nərdivan dayadı deyə bilərəm.

“Ada futbolunu sevənlər” adlı xəyali dərnək üzvlərimiz isə ən çox “Vest Bromviç”in baş məşqçisi Brayan Robsona görə sevinirdilər. “Captain Marvel” aysberqdən qaçmağı bacaran gəminin kapitanı idi. Ancaq sevincimiz qursağımızda qaldı – cəmi bir mövsüm sonra turnir cədvəlində axırdan ikinci olan VBA yenidən Çempionşipə qayıtdı və 2006-cı ilin sentyabrında Robson qovuldu. 2008-ci ildə “Vest Bromviç” Toni Moubreyin rəhbərliyi altında yenidən Premyer Liqaya qayıtsa da, bir il sonra həmişəki kimi, Çempionşipin yolunu tutdu. Yəni, “the great escape” belə “qaratoyuqlar”ın ləkəli ləqəbini - “lift komanda” – yaddaşlardan silə bilmədi.
“Albion” nəhayət 2010-cu ildə U dönüşü edə bildi. Komanda artıq İPL-də ardıcıl 5-ci mövsümünü keçirir və sayın 6 olacağını indidən əminliklə demək olar.
Bu hekayəni niyə danışdın? Fərqli cəhəti nə idi? – deyə düşünürsüzsə, bilin ki, 1992-ci ildə əsası qoyulan Premyer Liqada indiyə kimi cəmi bir dəfə sonuncu tur öncəsi axrıncı pillədə qərarlaşan komanda elitada qalmağı bacarıb. Bu hekayə məhz o istisnadan bəhs edirdi.
Duman çəkilməmiş Albiondan növbəti hekayələri sizinlə bölüşmək ümidiylə…
"Vest Bromviç" - "Portsmut" matçının ikinci hissəsinin icmalı

17 Nisan 2015

"Dumanlı Albion"dan hekayələr (2-ci hissə): Kərpichörən Çarli

Hanqerford qəsəbəsi Londondan qərbdə yerləşən Berkşir qraflığının tərkibinə daxildir. Bura Britaniya sərhədlərində bir o qədər də tanınmayan, kiçik, əsəblərinizə hakim ola bilmədiyiniz anlarda akvariumdakı balıq effekti yarada biləcək yerlərdəndir. 1987-ci ildə Maykl Robert Rayanın törətdiyi qətliamdan sonra dünya bugünkü hekayəmizin başladığı bu ecazkar yeri tanımışdı.
Günümüzdə isə Hanqerfordun adını məşhur cinayətlə yanaşı, hadisədən cəmi iki il sonra – 1989-cu ildə dünyaya gələn Ostinin sayəsində tez-tez eşidirik. O, adətən həftə sonları Maykl Robertin yaratdığı pis imici qəsəbənin üzərindən götürmək üçün ayağından gələni edir.
İngiltərə Premyer Liqasının bombardirləri siyahısına nəzər salsaq, 19 dəfə fərqlənən 3 futbolçunun (Aquero, Kosta, Keyn) zirvəni bölüşdürdüyünü görərik. Bizim Ostin isə 17 qolla onları qarabaqara izləyir. Premyer Liqada ilk mövsümünü keçirən biri üçün əla göstəricidi. “Yaşı 25-di, gec qalıb, tay-tuşları o yaşda “Qızıl top” alırdı” - deyə düşünə bilərsiniz. Amma Çarli tərinin hər damlasına qədər haqq edərək bu günlərə gəlib. O, illər öncə yuxuda gördüyü və göz qapaqlarının açılmasını istəməyəcək dərəcədə ona şirin gələn şeyləri reallığa çevirib. Son cümlədən anladığınız kimi, Cimmi Qlass – namı digər xilaskar taksi sürücüsündən fərqli olaraq, bu gün “success story” danışacağam.
Qəhrəmanımızın 15 yaşı olanda artıq Berkşirin mərkəzi şəhəri Ridinqin eyniadlı klubundan qovulmuşdu. Yaxın günlərdə Martin Edeqor adlanan şişirdilmiş uşağın “Real”ın rezerv komandası – “Kastilya” ilə birgə məşqlərə çıxmaqdan imtina etməsi barədə yayılan xəbərləri yəqin ki, oxumusuz. Ondan fərqli olaraq, Çarli 16 yaşda qapı-qapı gəzib özünə iş yeri axtarırdı. Qapını açan sayca İngiltərənin 10-cu divizion qruplarından biri olan – Hellenik Şərq liqasında çıxış edən “Kintberi Reyncers” idi. Qərbi Berkşir klubunun heyətində 27 matçda meydana çıxan Ostin 20 dəfə fərqlənərək diqqətləri üzərinə çəkmişdi. Təbii ki, digər həvəskar komandaların... Nəticədə Çarli növbəti mövsümə doğma “Hanqerford Taun”da başladı. O, artıq sayca 9-cu divizion hesab olunan – Hellenik Premyer Liqasında oynayırdı. Xəyallar çox uzaq görünürdü, Premyer Liqa hara, 9-cu divizion hara... Çarlidən başqa heç kim bir gün onun “Enfild” və “Old Trafford” kimi stadionlarda meydana çıxacağına inanmırdı.
Ostin “Hanqerford Taun”da da 1 il qaldı. “Tetçem Taun” macərası isə başlamadan bitdi. Daha sonra 19 yaşlı Çarli ailəsi ilə birlikdə Bornmuta köçdü. Əsas hadisələr də məhz bundan sonra cərəyan edir. Təsadüfdən Cimmi Qlassın hekayəsinin bitdiyi yerdə - Dorsetdə - Çarlinin hekayəsi başlayır.


Bir müddət sonra Ostin “Pul Taun”la anlaşır. Onun yaşı artıq 18-i ötmüşdü. Həvəskar komandada nə qazana bilərdiki? Vur-tut həftəlik maksimum 300-400 funt. Bu səbəbdən də Çarli həm oynamağa, həm də işləməyə məcbur idi. Elə də olur. O, “Pul Taun”da oynamaqla yanaşı, atasının yanında – inşaat meydançalarında çalışmağa başlayır, həm də kərpic-hörgü ustası kimi... Hər gün səhər saat 6-da mavi furqona minər, Bornmutdan işlədiyi yer olan Beysinqstoka gedərmiş. Dediyinə görə, qar, yağış, dolu olduğu günlərdə hər şeyi bir kənara atmağı da az düşünməyib. Ancaq bir gün “Sky Sports” şərhçilərinin dilindən “what a goal from Charlie” sözlərini eşitmək üçün dişini dişinə sıxıb kərpicini hörərmiş. Hələ oyunlar həftə içinə təsadüf edəndə iş və stadion arasında var-gəl edərmiş. Belə günlərdə atasının ona çox köməyi dəyib:
“Həftə arası oyunlar olanda atam işdən bir saat tez çıxmağıma icazə verərdi. Yenidən bir saat vaxt sərf edib evə qayıdardım. Çantamı hazırladıqdan sonra oyuna gedərdim. Forma dəstim mavi furqonun arxasında qalardı. Sement onları pis günə qoyardı. Çətin günlər idi”.
Bəzən səfər matçlarından evə qayıdanda saat 00:00-ı belə keçərmiş. Yorğunluq və cəmi 5-6 saat sonra onu gözləyən kərpiclər... Bütün bu çətinliklərə baxmayaraq, Çarli “Pul Taun”u tərk etmir. Bunu görən futbol tanrısı da yardımını ondan əsirgəmir. “Pul Taun” forması ilə ümumilikdə 46 matçda meydana çıxan Ostin eyni sayda qol vurur. Artıq Dorsetin əsas futbol komandası “Bornmut”un skautları Ostinin fərqinə varmışdılar. Nəticədə mövsümlərarası fasilədə “Bornmut”a yoxlanışa çağırılan Çarli bəyənilir. Ancaq kluba tətbiq olunan transfer qadağası onun xəyallarını bir müddət daha təxirə salır.
Növbəti mövsümün gedişində bu səfər İngiltərə birinci liqasında (sayca 3-cü divizion) çıxış edən “Suindon” Ostinə elçi düşür. Denni Uilsonun səyləri nəticəsində transfer reallaşır. 

10-cu divizionda başlayan macəra İngiltərə birinci liqasında davam edir, özü də tam sürət. “Robins”də iki mövsüm qalan Çarli 54 oyunda 31 dəfə fərqlənərək Çempionşipin qapısını aralamışdı. Bir-bir xəyallar reallaşırdı. “Bernli”yə baş məşqçi təyin olunan Eddi Haunun transfer siyahısının ən yuxarısında Çarlinin adı gəlirdi. Haunun inadı Ostinin 2011-ci ildə “Bernli”yə transfer olmasıyla nəticələnir. Əvvəlki klublarda olduğu kimi, Çarlinin performansı yenə də yüksələn qrafiklə davam edirdi. Artıq saat 6-da durmağa, kərpic hörməyə ehtiyac yox idi. Mavi furqonu isə “Audi” əvəzləmişdi. Amma bütün bunlara baxmayaraq, Çarli heç vaxt özündən razı insan olmayıb. Özü də xarakterini dəyişəcəyi təqdirdə hər şeyin keçmişdəki kimi ola biləcəyindən ehtiyatlanırdı:
“Nə vaxtsa özümü rahat hiss edəndə köhnə günləri yada salıram. Haradan gəldiyim haqda düşünürəm. Birdən hər şey qaydasında getməsə, o günlərə yenidən qayıdacağımı anlayıram”.
Ostinin Çempionşip macərası gözlədiyindən də yaxşı davam edir. 2012-ci ilin noyabrında “Lids”in qapısına yol tapan Çarli artıq “Bernli” tarixinə adını yazdırmağı bacarmışdı. O, klubun bir mövsümdə ən tez 20 qol vuran futbolçusu idi. Məhz elə həmin günlərdə onun adı Kriştiano Ronaldo və Lionel Messi ilə bir sırada çəkilirdi. Nə qədər qəribə səslənsə də, kərpichörən meydana çıxdığı 17 matçda 20 dəfə fərqlənməyə imkan tapmışdı və bu mənada Avropada Messi və Ronaldo (hər ikisi 17 matçda 20 qol) ilə yarışan tək oyunçu idi.


Növbəti missiya Premyer Liqa idi. Çox keçmədən – 2013-cü ilin yayında “Hall Siti” “Bernli”nin qapısını döydü və razılıq əldə olundu. Ancaq Çarli hop deyə bilmədi. Tibbi müayinə zamanı yaranan problem onu Premyer Liqadan ayrı saldı.
Bu aralar Çarli yaşlı qurd – Harri Rednappın “radarına” düşməyi bacarmışdı. Yaşı çox olsa da, Harridən qaçmaq mümkünsüzə yaxındı; sonda Ostin KPR-ə qismət oldu. London klubunda da Çarli bombardirlik keyfiyyətləri ilə komanda yoldaşlarından seçilirdi. Bununla yanaşı, o, topsuz oyunu da kifayət qədər yaxşı bacarırdı. Qol duyumundan isə danışmağa dəyməz.

Mövsümün sonuda “Kuins Park” Premyer Liqaya yüksəlmək üçün pley-off oynamağa haqq  qazandı. Yəni, Çarlinin xəyallarını reallaşdırmaq üçün cəmi iki oyuna ehtiyacı var idi. “Uiqan”la görüşdə geriyə düşən komandanın qəhrəmanı da məhz elə Ostin oldu. Əvvəlcə penaltidən hesabı bərabərləşdirib, oyunu əlavə vaxta apardı. 96-cı dəqiqədə isə matça nöqtəni qoydu.

“Derbi” ilə final görüşündə fərqlənməsə də, arzusunu Samoranın son dəqiqə qolu sayəsində reallığa çevirdi.
2009-cu ildə 9-cu divizionda həvəskar səviyyədə futbol oynayan və kərpic hörməklə dolanan Çarli cəmi 5 il sonra Premyer Liqada oynayırdı. Hələ bir də bombardirlik yarışında zirvədən cəmi 2 qol geri qaldığını nəzərə alın. Nağıl deyil, bu, xəyallarına inanan, onlara çatmaq üçün hər şeyini ortaya qoyan birinin mükafatıdır. Bu, Çarli Ostinin hekayəsidir. Məndən ümidsizliyə qapılanlara, alınmır deyib hər şeyi bir kənara atanlara gəlsin.

Hər vurduğun qol olsun, Çarli. Kim də olmasa, biz – romantik futbol azarkeşləri sevinərik.
Duman çəkilməmiş Albiondan növbəti hekayələri sizinlə bölüşmək ümidiylə...
P.S. Çarli “Pul Siti”də oynayarkən yerli bukmeker kontorlarından biri onun nə vaxtsa İngiltərə millisinin heyətində qol vuracağına 50.00 əmsal verirmiş və fanatlardan biri 150 funt dəyərində pul qoyuluşu edib. Roy Hodson, yəqin ki, indi həmin azarkeşin hansı hissləri keçirdiyini başa düşürsən...

15 Nisan 2015

Hillsboro faciəsi: Gecikən üzr, yerini tapmayan ədalət


15 aprel dünya futbolu üçün illər keçsə də, unudulmayan tarixlərdən biridir. Deyilənə görə, zaman hər şeyi unutdurur, ancaq bəzi şeylər var ki, illər keçir, beyin unutmaq gərəkdiyinin vacib olduğunu hər dəfəsində xatırlatsa da, sol tərəfin onun sözünə baxmır; unuda bilmirsən.

26 il öncə bu gün bir futbol matçı kimini oğlundan, kimini atasından, kimini isə sevgilisindən ayrı saldı. Bax o itirən tərəf olan kimlər hələ də unuda bilmirlər.

Bu gün “Hillsboro” faciəsinin 26-cı il dönümüdür.15 apreldə futbol haqqında məqalə yazılacaqsa, o, mütləq “Hillsboro” barədə yazılmalıdı deyə düşünürəm. Hadisənin öncəsi və sonrası haqqında bildiklərimi sizinlə bölüşməyə çalışacağam.

1989-cu il, 15 aprel tarixində İngiltərə Federasiya Kubokunun finalçılarından biri müəyyənləşəcəkdi. “Liverpul” və “Nottingem Forest” həlledici görüşə vəsiqə qazanmaq üçün “Şeffild Uensdey”ə məxsus “Hillsboro” stadionunda münasibətlərinə aydınlıq gətirəcəkdilər. Oyundan öncə “Liverpul” azarkeşlərinin sayca daha çox olmasına baxmayaraq, onlara 14 600, “Nottingem Forest” fanatlarına isə 21 000-ə yaxın bilet ayrılmışdı. İlk sual işarəsini yaradan amillərdən biri bu idi. Çünki izdihamın yaşanacağını və biletsiz “Liverpul” azarkeşlərinin stadiona girmək istəyəcəyini təxmin etmək elə də çətin deyildi.

Mersisayd klubunun fanatlarının “Hillsboro”ya daxil ola bilməsi üçün Leppinqs Leyn küçəsi tərəfdən olan giriş nəzərdə tutulmuşdu. Məhz bu girişdə digərlərinə nisbətdə polis nəzarəti o qədər də ciddi deyildi. Matçın başlamasına təxminən 20 dəqiqə qala “Liverpul” fanatları artıq giriş turniketlərinin önündə idilər, ancaq yaranan izdiham onların stadiona daxil olmasına əngəl törədirdi. Turniketlərin dar olması, biletsiz insanların polislər tərəfindən içəri buraxılmaması və yaranan qarışıqlıq səbəbindən onların geri qayıda bilməməsi vəziyyəti daha da çətinləşdirirdi. Qarşılaşmanın başlamasına qısa müddət qalsa da, “Liverpul” azarkeşlərininin bir qismi hələ də stadiona daxil ola bilməmişdi.

Matçın start fiti səslənəndə isə artıq hamı qaçınılmaz sonluğun fərqinə varmışdı. Kiçik addımları itələmələr əvəzləmişdi. Bu anda izdihamın qarşısını almaq istəyən Devid Dakenfild və Bernard Marrey polislərə “A” qapısını açmaq əmrini verdilər. Ancaq onların bu ideyası əksinə, vəziyyəti daha da kritik həddə çatdırdı. Fanatların bəziləri həmin qapıya doğru hərəkət etməyə başladı, insan sayının həddindən çox olması səbəbindən bir neçə nəfər ayaq altda qalaraq əzildi. Stadiondan gələn səsləri eşidən insanlar tələsirdilər. Arxadakılar ortadakıları, onlar isə ön sırada duranları itələyirdilər. Digər qapının açılması və oraya doğru yönələn fanatları da nəzərə alsaq, artıq nəfəs almaq müşkül məsələyə çevrilmişdi. Nəticədə ən öndə duran fanatlar arxadan gələn təzyiq sayəsində polis qüvvələrini aşaraq stadiona daxil oldular. Arxadan gələn böyük izdiham onları itələdikcə fanatlar da avtomatik olaraq tribunalardakı insanların üzərinə doğru gedirdilər. Tribunadakıların bəziləri artıq qapı arxasındakı hasara sıxılıb əzilmişdilər. Digərləri isə ölümdən qaçmaq üçün hasarı aşıb meydana çıxmağa çalışırdılar. Polis bu anda meydana çıxan qapılardan birini açdı və azarkeşlərdən bəziləri çətinliklə olsa da, canlarını qurtara bildilər. İnsanların meydana daxil olduğunu görən hakim 6-cı dəqiqədə qarşılaşmanı dayandırdı. Bir az keçdikdən sonra gərginliyə dözməyən hasar aşdı və dünya futbol tarixinin bəlkə də ən böyük faciəsi reallaşdı: 94 ölü, 766 yaralı. Xəstəxanaya aparılan insanlardan biri 4 gün sonra keçindi, hadisədən sonra komaya girən və 4 il aparatların köməkliyi ilə həyatda qalan bir digər “Liverpul”lu fanat isə 1993-cü ildə dünyasını dəyişdi, beləliklə, ölənlərin sayı 96-a çatdı. Onların arasında hadisə baş verərkən cəmi 10 yaşı olan, “Liverpul”un kapitanı Stiven Cerrardın xalası oğlu Con-Pol Gilhuli də var idi. Stivini “qırmızılar”a bağlayan ən böyük qüvvə də o idi. Gilhuli “Hillsboro”da vəfat edən ən azyaşlı azarkeş idi. “Con-Pol üçün oynayıram” – deyirdi Cerrard. Hər dəfə “Enfild”ə ayaq basanda onu görürdü, qol vurduqdan sonra ona doğru qaçdığını xəyal edirdi. Con-Polun valideynlərinin SC “Liverpul”da debüt etdikdən sonra işlətdikləri ifadə onun yaddaşına əbədi həkk olunmuşdu: “Con-Pol səninlə fəxr edərdi”.






Faciədən cəmi 4 gün sonra – 19 apreldə “The Sun” qəzeti “The Truth” başlıqlı xəbərlə ölkəni bir-birinə vurdu. Xəbəri hazırlayan Kelvin MakKenziyə görə, hadisənin ən böyük səbəkarı “Liverpul” fanatları imiş və hətta o, irəli gedərək azarkeşlərin içkili olması səbəbindən məlum faciənin baş verdiyini iddia edirdi. “The Truth” düz 23 il öz aktuallığını qoruyacaqdı. Əslində, heç xəbər də deməzdim, bu, şərəfsizlikdən başqa bir şey deyildi. Özünüz təsəvvür edin, yalan bir məlumata görə 23 il “Liverpul” fanatları bu hadisənin əsas günahkarı qismində çıxış etdilər. Hökumət isə faktları açmaqdan qaçırdı və əslində, Böyük Britaniyaya da “The Sun”ın ortaya atdığı iddia sərf edirdi. Onlar “Liverpul”luların CV-sinin faciəni törədəcək qədər pis olduğundan əmin idilər.”Eyzel”i elə hey bəhanə edirdilər.

Hadisədən 4 ay sonra  – 1989-cu ilin avqustunda araşdırmalar başlandı və “Hillsboro” işi Piter Teylora həvalə olundu. Teylor 1990-cu ilin yanvarında hesabatı hazırladı. Onun araşdırmalarına görə, faciəyə polislərin öz işini düzgün yerinə yetirməməsi səbəb olmuşdu. Hesabata əsasən, turniketi olmayan qapıların açılması, içəri daxil olan azarkeşlərin boş tribunalara yönləndirilməməsi və polisin laqeydliyi ağır nəticələri ortaya çıxarıb. Hesabatın ikinci hissəsi isə bir də belə hadisələrin baş verməməsi üçün meydanla tribunalar arasında olan hasarların ləğv olunmasını təklif edirdi. Ancaq raporta baxmayaraq, hökumət polisi günahlandırmamaq üçün bu səfər dəlil çatışmazlığı bəhanəsini ortaya atdı.

Faciənin baş verdiyi 1989-cu ildən bəri mübarizələrini davam etdirən mərhumların yaxınları 2012-ci ildə qismən də olsa haqlı olduqlarını sübuta yetirdilər. Britaniya Höküməti hadisənin bütün həqiqətlərini ortaya qoymaq üçün Müstəqil Hillsboro Paneli yaratdı. Əslində, bu barədə ideya ilk dəfə Hlllsboro Ailələrinə Dəstək Qrupu tərəfindən irəli sürlümüşdü. Hadisələrin 20-ci il dönümü ərəfəsində Mədəniyyət Katibi Endi Bernem və rəsmilərdən Maria İql “Home Office”ə sənədlərin ictimailəşdirilməsi ilə bağlı müraciət ünvanladılar. Həmin ilin dekabrında panelin yaradılmasına icazə verildi.

Hesabat 2012-ci ilin 12 sentyabrında açıqlandı və gec də olsa həqiqət qismən öz yerini tapdı. Baş nazir Devid Kemeron faciənin baş verməsində səbəkar qismində göstərilən “Liverpul” fanatlarının əslində, günahsız olduğunu bildirərək, onlardan üzr istədi. O, dövlətin borcu olan insanları qorumaq vəzifəsini lazımınca yerinə yetirmədiyini və bunun utandırıcı olduğunu etiraf etdi.


Hesabat nəticəsində 96 nəfərdən 41-nin sağ qalmaq şansının olduğu, ancaq polis və stadiondakı həkimlərin laqeydliyi nəticəsində insanların həyatlarını itirdiyi məlum oldu. Panel üzvlərindən Bill Kirkapın dediyinə görə, hadisədən sonra 28 nəfərin qanaxmasının dayandırılmaması, 16 nəfərin isə ürəyinin döyünməsinə baxmayaraq, həkimlərin laqeyd yanaşması onların ölümünə səbəb olmuşdu.

450 000 səhifə materialdan ibarət olan hesabat rəsmən açıqlandıqdan sonra məlum xəbəri hazırlayan Devid MakKenzi “Liverpul” azarkeşləri və ölənlərin ailələrindən üzr istədi. “The Sun” isə kiçik bir yazı ilə əsl həqiqətlərin ortaya çıxdığını oxuyucularına çatdırdı. Təəssüf ki, bu dəfə xəbər 23 il öncəki kimi manşetdə deyildi. Belə görünür ki, nəşrin sahibi Rupert Mördokun vicdanı hələ də sızlamayıb. MakKenzi və onun sayəsində “The Sun” bu gün  “Liverpul”lular üçün tualet kağızından başqa bir şey deyil.




Faciənin əsas günahkarı olan polislərin hələ də cəzalandırılmaması ədalət yerini tapdı deməyə əsas vermir. Ancaq hesabatın ardından “Hillsboro”da həyatını itirən 96 nəfərinin qanının az da olsa yerdə qalmadığına ümid etməkdən başqa əlimizdən heç nə gəlmir.

John Alfred Anderson (62)
Colin Mark Ashcroft (19)
James Gary Aspinall (18)
Kester Roger Marcus Ball (16)
Gerard Bernard Patrick Baron (67)
Simon Bell (17)
Barry Sidney Bennett (26)
David John Benson (22)
David William Birtle (22)
Tony Bland (22)
Paul David Brady (21)
Andrew Mark Brookes (26)
Carl Brown (18)
David Steven Brown (25)
Henry Thomas Burke (47)
Peter Andrew Burkett (24)
Paul William Carlile (19)
Raymond Thomas Chapman (50)
Gary Christopher Church (19)
Joseph Clark (29)
Paul Clark (18)
Gary Collins (22)
Stephen Paul Copoc (20)
Tracey Elizabeth Cox (23)
James Philip Delaney (19)
Christopher Barry Devonside (18)
Christopher Edwards (29)
Vincent Michael Fitzsimmons (34)
Thomas Steven Fox (21)
Jon-Paul Gilhooley (10)
Barry Glover (27)
Ian Thomas Glover (20)
Derrick George Godwin (24)
Roy Harry Hamilton (34)
Philip Hammond (14)
Eric Hankin (33)
Gary Harrison (27)
Stephen Francis Harrison (31)
Peter Andrew Harrison (15)
David Hawley (39)
James Robert Hennessy (29)
Paul Anthony Hewitson (26)
Carl Darren Hewitt (17)
Nicholas Michael Hewitt (16)
Sarah Louise Hicks (19)
Victoria Jane Hicks (15)
Gordon Rodney Horn (20)
Arthur Horrocks (41)
Thomas Howard (39)
Thomas Anthony Howard (14)
Eric George Hughes (42)
Alan Johnston (29)
Christine Anne Jones (27)
Gary Philip Jones (18)
Richard Jones (25)
Nicholas Peter Joynes (27)
Anthony Peter Kelly (29)
Michael David Kelly (38)
Carl David Lewis (18)
David William Mather (19)
Brian Christopher Mathews (38)
Francis Joseph McAllister (27)
John McBrien (18)
Marion Hazel McCabe (21)
Joseph Daniel McCarthy (21)
Peter McDonnell (21)
Alan McGlone (28)
Keith McGrath (17)
Paul Brian Murray (14)
Lee Nicol (14)
Stephen Francis O’Neill (17)
Jonathon Owens (18)
William Roy Pemberton (23)
Carl William Rimmer (21)
David George Rimmer (38)
Graham John Roberts (24)
Steven Joseph Robinson (17)
Henry Charles Rogers (17)
Colin Andrew Hugh William Sefton (23)
Inger Shah (38)
Paula Ann Smith (26)
Adam Edward Spearritt (14)
Philip John Steele (15)
David Leonard Thomas (23)
Patrik John Thompson (35)
Peter Reuben Thompson (30)
Stuart Paul William Thompson (17)
Peter Francis Tootle (21)
Christopher James Traynor (26)
Martin Kevin Traynor (16)
Kevin Tyrrell (15)
Colin Wafer (19)
Ian David Whelan (19)
Martin Kenneth Wild (29)
Kevin Daniel Williams (15)
Graham John Wright (17)

YOU WILL NEVER WALK ALONE

11 Nisan 2015

"Dumanlı Albion"dan hekayələr (1-ci hissə): Xilaskar taksi sürücüsü

Qapıçı - adından da göründüyü kimi, meydanda qapıya cavabdeh olan şəxsdi. Düzdü, artıq oyun planında onlar da müəyyən rol oynamağa başlayıblar, amma yenə də qolkiperlərin yerinə yetirməli olduğu tək missiya var: 90 dəqiqə ərzində qapılarını toxunulmaz saxlamaq.
Bu işin öhdəsindən lazımınca gələnlərin adları dillər əzbəri olur. İllər keçsə də, Lev Yaşin haqqında danışanlar var. Və yaxud da, illər bir-birini əvəzləyəcək, Buffon unudulmayacaq.
Bəzi əlcək sahibləri də var ki, vurduqları qollarla gündəmə gəlirlər. Sayları elə də çox deyil. Riyaziyyatda toplananlardan birinin yerinə Xose Luis Çilaverti qoysam, digərini isə Rojerio Seni ilə əvəzləsəm, yəqin ki heç kəs cəmin qola bərabər olmasına görə məndən inciməz. Yeni abzasa keçmədən öncə Çilavert və Senini bir kənara “park” etməliyəm.
Bu gün haqqında danışacağım qolkiperin təqdimata ehtiyacı var. Çünki o nə Buffonla Yaşinə yaxın düşə bilib, nə də ikincilərdən olub. Ancaq hekayəsi o qədər maraqlıdır ki, İngiltərədən bu qədər uzaqda yaşayan biri onun haqqında cızma-qara edir.
Təxmin etdiyiniz kimi, hadisələr İngiltərədə cərəyan edir. Adada futbola maraq bir başqa səviyyədə olduğundan, bu gözəl idman növü ilə əlaqədar insan hekayələrinin sayı da sonsuzdu.
1998-99 mövsümü, İngiltərə üçüncü divizionu, sonuncu tur, adlarını həyatınızda 1-2 dəfə eşitdiyiniz “Karlayl Yunayted”, “Plimut Arqayl” və “Skarboro”, bir də "baş rol ifaçısı" - cənab Cimmi Qlass. Parçalar hazırdı, artıq onları birləşdirməyin zamanıdı.
Karyerası ərzində bir dənə də olsun titul qazanmayan, individual bacarıqlarına görə tanrı tərəfindən “lənətlənmiş” bir əfsanədi Qlass. Normal olaraq sual yaranır ki, "lənət" və "əfsanə" sözlərinin nə əlaqəsi? Bir "əmma" olmalıdı, ya yox?
Tarix: 8 may, 1999-cu il. İngiltərədə futbol mövsümü bitmək üzrədi. Ölkənin şimal-qərb hissəsindəki Kambriya bölgəsinin əsas şəhərlərindən olan Karlaylda həyat dayanıb. İnsanlar mövsümün bitməsinə o qədər də üzülmürlər, sadəcə, futbolla nəfəs alan şəhərin eyniadlı klubu bəlkə də, peşəkar liqalarda son matçına çıxır deyə, qəmgindirlər.
Son turdan öncə aktivində 46 xalı olan “Karlayl Yunayted” axırıncı pillədə qərarlaşmışdı. Onlardan bir sıra irəlidə olan “Skarboro”nun isə 47 xalı var idi. Reqlamentə əsasən, sadəcə 1 komanda Konferensiyaya düşəcəkdi. Başa düşdüyünüz kimi, “Karlayl Yunayted”in taleyi öz əlində deyildi; “Skarboro” qalib gələcəyi təqdirdə hər şey bitəcəkdi.
“Karlayl” onlar üçün həyati önəm daşıyan matçda “Plimut Arqayl”la qarşılaşırdı. Azarkeşlərin ürəyi “Branton Park”da olsa da, qulaqları “Skarboro” - “Piterboro” oyununda idi. “Yunayted”in qapısını “Suindon”dan icarəyə götürülən və cəmi üçüncü dəfə əsas heyətdə meydana çıxan Cimmi Qlass qoruyurdu. “Plimut”un hesabı açması ilə azarkeşlərin ağzının açılması eyni ana təsadüf edirdi. Belə bir oyunda buraxılan hər qol söyüşə bərabər idi. Ünvanına “tərfilər” yağdırılan məlum şəxs isə Cimmi Qlass idi. Çünki qapı ona əmanət idi. Qoldan sonra tribunalarda hər cür söyüş eşitmək olardı. İngilis jarqonunu öyrənmək istəyən şəxslər stadionun səsinə qulaq versə, birə-bir köməyi dəyərdi. Onlar tək ağızdan “motherf***er”, “bastard”, “faggot” və s. bu kimi bizim dildə tərcüməsini yazmağa ərk edə bilmədiyim sözləri tələffüz edirdilər. Sanki Qlass böyük günah işləmişdi...

Çox keçmədən hesab bərabərləşir. “Karlayl” fanatları ümidlənirlər. Daha sonra “Skarboro”nun “Piterboro” ilə heç-heçə etdiyi xəbəri gəlir. Bu o deməkdi ki, “Karlayl”ın 3 xal qazanmaqdan başqa çıxış yolu yoxdu. Dəqiqələr isə artıq tükənmək üzrədi. Hakim matça 4 dəqiqə əlavə edir. Oyuna əlavə olunmuş sonuncu dəqiqədə “Karlayl Yunayted” küncdən zərbə vurmaq haqqı qazanır. Bu zaman baş məşqçi qapıçı Qlassdan irəli çıxmasını istəyir. Məşqçinin tapşırığı əslində, bəhanəydi. Cimmi bəlkə də oyunun bu hesabla bitəcəyini düşünüb, əsas günahkar kimi ələ keçməmək üçün sürət yığırdı. Fit səslənəcək və o özünü tez-bazar paltardəyişmə otağına atacaqdı. Amma futbol tanrısı onun üçün balaca bir sürpriz hazırlayır. Kornerdən sonra qolkiperdən qayıdan top Cimminin önünə düşür və o, həyatının sonrakı gedişatını dəyişəcək möcüzəvi qola imza atır. Qolun vurulması ilə azarkeşlərin stadiona axışması bir olur. Günahkar 10 saniyənin içərisində əfsanəyə çevrilir.

                            

Beləliklə, “Skarboro” peşəkar liqadan düşür və 8 il sonra – 2007-ci ildə məhz o son saniyə qolunun bədəlini ağır ödəyir. Klub həvəskar liqalarda maliyyə şərtlərinin yaxşı olmaması səbəbindən, fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. “Karlayl”ı xilas edən Qlass isə bir anda xalq qəhrəmanına çevrilir. Yəqin ki, hamınız bundan sonra xoşbəxt sonluqla bitəcək bir hekayə gözləyirsiniz. Ancaq təəssüf ki, hadisələr başqa cür cərəyan edir.


Mövsüm bitdikdən sonra Cimmi əsas komandası “Suindon”a qayıdır. Məşqçi ilə münasibətləri qaydasında getmədiyinə görə, qısa zaman kəsiyində oranı da tərk edir. “Kembric” və “Brentford” macəraları da tez bitir. Sonralar bir neçə kluba baxış üçün dəvət olunsa da, transferi reallaşmır. Səbəb sadə idi: həmin qoldan sonra təkcə İngiltərə yox, dünyanın ən məşhur mətbu orqanlarının manşetlərində o var idi. Cimmidən olan gözləntilər getdikcə böyüyürdü. Baxışa getdiyi klublar da ondan çox şey gözləyirdilər. Amma Qlass, dediyim kimi, heç vaxt hansısa üstün özəlliyə sahib biri olmayıb. Bu amil onun klub tapa bilməməsində əsas rol oynayırdı. Cimmi həmin günləri belə xatırlayır: “Suindon”u tərk etdikdən sonra hər şey gözlədiyimin əksinə oldu. Məşqçi Cimmi Kuinlə yola getmirdim, bu səbəbdən komandadan ayrıldım. Yoxlanışa getdiyim hər yerdə bu tipli cümlələr eşidərdim: “Bu Cimmi Qlassdı”. Mən olduğum üçün - bacarığım hesabına oynamaq istədiyim hər klubda bunları eşitdim: “Bu, o qolu vuran qapıçıdı”. Başqa da heç nə”.
Vurduğu o məşhur qolun altında "əzilən" Qlass klub tapa bilmədiyi üçün 27 yaşında peşəkar futbol karyerasına son qoyur. Bir il öncə əfsanə olan adam ailəsinə baxa bilmək üçün kompyuter avadanlıqları satılan mağazada işləmək qərarına gəlir. Hər şeyi bir kənara atıb, qaçmağı düşündüyündən, Fransaya köçməyi belə, ağlından keçirdiyini etiraf edir. Hətta bir ara qumara aludə olur. Boş vaxt tapanda futbola qayıtmağa da cəhd edir, ancaq yalnız həvəskar səviyyədə bunu bacarır. Bu günə gəlincə, Cimmi Dorset əyalətinin Pul şəhərində həyat yoldaşı və əkizləri – Cek, Ella – ilə birgə yaşayır. Nə qədər qəribə səslənsə də, o, taksi sürücüsüdü. İllər öncə futbolla bağlı xəyallar quran Qlass, özünün də dediyi kimi, indi qadınları gözəllik salonlarına aparıb gətirməklə gününü gün edir. Həyatdan bir az razıdı, bir az da narazı.

Qlass içməkdən yox, keçmişi ilə sərxoş olanlardandı. Elə hey imkan düşdükcə ingilis idman nəşrlərinə o qol və sonrasını danışır; o günü “içib” dəm olur. Hətta içindəkiləri kiminləsə bölüşmək istəyi o qədər böyükdü ki, Roje Litollisin köməkliyi ilə "One Hit Wonder: The Jimmy Glass” avtobioqrafiyasını yazıb.

Dediyinə görə, uşaqlarını yazdırmaq üçün məktəb direktoru ilə görüşəndə otaqda gözü öz şəklinə sataşıb və sonradan direktorun “Karlayl Yunayted” fanatı olduğunu öyrənib. Cimmi Kambriyadan o qədər uzaq məsafədə yerləşən Dorsetdə bu sevgini hiss etməklə təsəlli tapır: “Tək təsəlli tapdığım şey o günləri xatırlayıb, həmin qolu vuran əfsanəvi qolkiper olmağımdı”.
Bəlkə də, o qol olmasaydı, Qlassın karyerası erkən bitməzdi. Əks təqdirdə isə bu gün “Karlayl” olmazdı - “Skarboro” kimi.
Qlassın həyat hekayəsi hələ çəkilib bitməmiş rəsmə bənzəyir; sanki rəssam kətana ancaq bir neçə cizgi çəkib dayanmışdı.
Duman çəkilməmiş Albiondan növbəti hekayələri sizinlə bölüşmək ümidiylə…
P.S. Bir gün Karlayla yolunuz düşsə, getdiyiniz hər yerdə Qlassın adını verin. Hələ də şəhərin pablarında/restoranlarında içki, yemək və s. onun üçün pulsuzdu. Nə məlum, bəlkə də, adı yetər büdcənizə qənaət etmək üçün.