11 Nisan 2016

Orange Trap

Futbol deyilən oyunun əsas prinsipi çox sadədir: top səndədirsə, meydanı genişlət ki, topu itirməyəsən, ona daha asan sahib olasan, top rəqibdə olanda isə meydanı daralt ki, topa rahatlıqla sahib ola bilməsinlər. Meydanı daraltmaq və ya kiçiltmək üçün effektiv vasitələrdən biri offsayd tələsidi. Offsayd tələsinin futbola canlı baxdığım illərdəki ən yaxşı tətbiqinə 90-ların sonu, 2000-lərin əvvəllərinin "Arsenal"ında şahid olmuşdum - Li Dikson, Toni Adams olan zamanlarda... Ümumən isə Rinus Mihelsin komandalarını fərqləndirirərdim.

Mihelsin "Ayaks"ı müdafiəni öndə qururdu, normal olaraq rəqibin oynayacağı sahəni azaltmağı, daraltmağı planlayırdılar. Çox riskli olduğunu deməyə ehtiyac yoxdu, amma əlində Neskens kimi "tutduğunu buraxmayan" pressçi və Velibor Vasoviç kimi rəqib hücumçularını offsayda salmaq üzrə ustalaşmış biri varsa, qorxmağa da dəyməz. Təbii, "Ayaks"ın, "Hollandiya"nın, "Barselona"nın timsalında görünən offsayd tələsinin qüsursuz işləməsi uzun müddət tələb edən prosesin nəticəsi idi.

OT mövzusu əsasında braziliyalı Marinyo Peresin bir maraqlı müsahibəsinə yer verəcəm bu gün. Peres DÇ-74-də Hollandiyanın tələlərinin şəxsən şahidi olmuşdu. Elə olur ki, sonradan cənubi amerikalı Mihelsin "Barça"sına transfer olur və Braziliya üçün ənənəvi olmayan taktiki gedişdən istifadəyə məcbur edilir. Sonra nələr olduğunu isə Peres danışacaq:

"Braziliyada müdafiəçilər heç vaxt belə önə çıxıb, press eləmirlər. "Barselona"da isə Rinus Mihels süni offsayd xəttini yaratmaq üçün mərkəz müdafiəçilərindən irəli çıxmağı tələb edirdi. Braziliyada bu, "eşşək xətti" kimi tanınır. İnsanlar bunun axmaq bir şey olduğunu düşünürlər.

Kroyf isə mənə deyirdi ki, hollandlar heç vaxt geniş sahədə çox bacarıqlı olan braziliyalılar ya da argentinalılar kimi oynaya bilməzlər. Qısası, hollandlar boşluqları azaltmaq və hər kəsi bu incə lentin içərisinə daxil etmək istəyirdilər. Offsayd tələsinin bütün məntiqi meydanı sıxmaqdan ibarətdi. Bu, mənim üçün yeni bir şey idi.

Pressin iki funksiyası var. O, təkcə rəqibin oyununa əngəl olmaq üçün istifadə olunmur. Bir dəfə məşqdə Mihelsin dediyi kimi, irəli çıxdım və digər komandanın 4-5 oyunçusunu birdən offsayd tələsinə saldıq. Sevinirdim, mənim üçün yeni bir şey olduğundan, çox həzz almışdım. Amma həmin vaxt Mihels mənim üstümə qışqırdı. Halbuki onun istədiyini etmişdim. Səbəb qəribə idi. O, offsayddan sonrakı epizodda, dərhal, dayanmadan, elə həmin andaca topun oyuna daxil edilməsini və hücuma keçilməsini istəyirdi. Çünki rəqibin offsayda düşən futbolçuları olduğundan, biz lazım olan meydan aralığında sayca daha çox idik. Bax beləcə, press və ardınca edilən offsayd tələsindən həm də hücum oyunu kimi istifadə edirdik. Meydandakı boşluqlar bizim oyunumuzun hər şeyi idi".

1 Nisan 2016

1 aprel: Kroyf "Barselona"ya, van Haneqem sirkə...

Günün məğzinə uyğun: 3-4 il əvvəl bu iki əhvalat haqda oxumuşdum. Bu gün danışmaq yerinə düşər. Deməli, 1973-cü ilin 1 apreli, Hollandiyanın “Brandpunt” qəzeti “Yohan Kroyf “Barselona”da” başlıqlı xəbəriylə hamını təəcccübləndirir. Transfer məsələsini eşidən "Ayaks" azarkeşləri kluba zəng dalıyca zəng filan... Amsterdamlıların prezidenti Yap van Praq hamını belə bir şey baş vermədiyinə dair inandırmağa çalışsa da, cəhdləri baş tutmur.

Təxmin etdiyiniz kimi, bu, qəzetin oxuyucularına etdiyi 1 aprel zarafatı idi. İşin gülməli tərəfi: sadəcə 3 ay sonra zarafat reallıq olur və Rinus Mihels tələbəsini yanına aparır. 

Sözügedən qəzetin oxuyucularına etdiyi bir başqa zarafat isə “Ayaks”ın əzəli rəqibi “Feyenoord”un fanatlarını özündən çıxarmışdı. “Vim van Haneqem karyerasını bitirmək qərarına gəlib və bundan sonra Boltini sirkində çalışacaq” başlıqlı xəbər “De Kayp”ın önündə protestlərə səbəb olmuşdu. Təsadüfdən həmin gün Haneqemin həyat yoldaşı Truus əməliyyat olunmalı idi. Deyilənə görə, xəbər yayıldıqdan dərhal sonra holland futbolçu xəstəxanaya gedərək bütün bunların zarafat olduğunu başa salmaq məcburiyyətində qalıb.

Daha sonra həm Kroyf, həm də van Haneqemin zarafat məqsədi daşıyan xəbərlər müqabilində qəzetdən pul aldıqları ortaya çıxmışdı