15 Kasım 2014

Marselo Bielsa - Dəli, yoxsa dahi?

Yəqin ki, hansı kluba azarkeşlik etməyimizdən asılı olmayaraq, hamımız futbolda yüksək templi, sürətli, bir sözlə desək, baxımlı oyun izləmək istəyirik. Bizlər üçün yaxşı oyun nümayiş etdirərək qazanılmış qələbənin bir başqa önəmi olur. Düzdü, azarkeşlik etdiyimiz komanda nəticə əldə edəndə sevinirik, ancaq futboldan sözün əsl mənasında həzz almaq üçün nəticənin kifayət etmədiyini anlamaq bir o qədər də çətin deyil. Bu səbəbdən də uduzsa belə, baxımlı oyun göstərən, tamaşaçıların gözünə xitab edən komandalar günümüzdə daha çox sevilirlər.

Dediklərimi ümumiləşdirsəm, bu günkü yazımın qəhrəmanı azarkeşlərin ürəyinə gedən yolu yaxşı bilir. Oynatdığı futbola baxıb da sıxılan biri varsa, vaxtını seriallara sərf etsin, elə daha faydalı olar. Söhbət Marselo Bielsadan gedir. "El Loco" ("Dəli") ləqəbli baş məşqçidən...
Bir Mourinyo və ya Qvardiola kimi tanınmaya bilər. Hər nə qədər Qvardiolaya görə, dünyanın ən yaxşı məşqçisi məhz Bielsa olsa da… Pep haqlıdı, futbolu elm kimi Bielsa qədər bilən məşqçi barmaqla sayılacaq qədər azdı. Yeriyən futbol ensiklopediyasıdı, Bielsa. Onun qədər oyuna baxan, futbol kitabları,diskləri, kasetləri, bir sözlə arxivi olan, günlərlə taktika üstündə baş sındıran birini yəqin ki, tanımırsız. Təəcüblənməmək lazımdı. Vəkil ata və tarix professoru olan ananın övladının futbolu elm kimi görməsi təəccüblü olmamalıdı. Bielsanın ailəsi normal argentinalı ailəsindən çox fərqlənir. 59 yaşlı mütəxəssis ailəsinin intellektual səviyyəsini belə təsvir edir: “Çox kitab oxuyurdum, amma inanın ki, elə ən az oxuyanları mən idim”.

Peşəkar futbolçu karyerasına son qoyub idman müəllimi olmağa qərar verəndə Bielsanın hələ 25 yaşı var idi. Universitetdə yaşı hamıdan çox olduğu üçün onu "təqaüdçü" deyə çağırırdılar. "Fiat"ı ilə Argentinanı bu başdan o başa gəzib gənc istedadları axtarırdı. Ayaqlarına baxıb seçdiyi uşaqlara kim bilə bilərdi ki, illər sonra milli komandada yer verəcək. Maurisio Poçettino, Qabriel Batistuta və bunlar kimi onlarla gənc Bielsanın kəşfi hesab olunur.

Xəyallarının komandası “Nyuellz Old Boyz”u ilk mövsümündəcə çempion edəndə Argentina "dəli"si ilə tanış oldu. Bielsanın indiyə kimi nə oynatdığı futbolda, nə də xarakterində dəyişiklik olub. İndi gördüyünüz adamın görünüşcə sadəcə daha gənc formasını təsəvvür edin, başqa da heçnə. Rəqib kim olursa-olsun çılqınlığından qalmadı, öz oyununu oynatdı, oynatmaqda da davam edir.

Bielsa Avropaya ilk addımını atanda təqvimlər 1998-ci ili göstərirdi. "Espanyol"la anlaşmışdı, Ancaq anlaşma qısamüddətli oldu. Əmr böyük yerdən gələndə, yox deyə bilmədi. “Espanyol”u atmaq məcburiyyətindəydi. O, artıq Argentina millisinin baş məşqçisi idi.

Qarşısına qoyulan ilk hədəf 1998-ci il mundialındakı uğursuzluğu geridə qoyub, DÇ-2002-ə vəsiqə qazanmaqdan ibarət idi. Start möhtəşəm alınmışdı. Təsnifat mərhələsindəki 18 matçda cəmi 1 dəfə məğlub olan “Albiceleste” lider kimi Asiyaya yollanmışdı. Artıq Bielsa Argentinanın stabil heyətini də formalaşdırmışdı. "El Loco" adətən sevimli sistemi 3-3-1-3-dən istifadə edirdi. Bir amili də qeyd edim ki, Bielsanın komandalarında həmişə stoper sayı rəqibin mərkəz hücumçusunun sayından bir dənə artıq olur. Bu, Argentina millisi üçün də keçərli idi. Qapı Kavalyeroya əmanət idi. Üçlü müdafiənin mərkəzində Samuel, solunda Plasente, sağında isə Poçettino oynayırdı. Mərkəz xətti Zanetti, Simeone və Sorinə həvalə olunmuşdu. Yarımmüdafiə xəttilə hücum arasındakı bağlantını Xuan Sebastyan Veron qururdu. Veronun üzərinə düşən vəzifə daha məsuliyyətli idi. Xuan fiziki cəhətdən bəzən yüksək sürət və pressinqə davam gətirə bilmirdi. Çox zaman onu ikinci hissədə Aymar əvəzləyirdi. İrəlidə cinahlarda Orteqa ilə Klaudio Lopes, mərkəzdə isə Batistuta oynayırdı. Batistutanın yaşı etibarilə Bielsanın sisteminə 90 dəqiqə dözməsi mümkünsüz idi. Elə anlarda Krespo imdada çatırdı. Heyət və hadisələrin axarından "xoşbəxt sonluq" yaxın görünsə də, təəssüf ki, hər şey başqa cür oldu. İngiltərə, İsveç və Nigeriyanın olduğu qrupda Argentina üçüncülüklə kifayətləndi. Latın amerikalılar Nigeriyanı məğlub etmələrinə baxmayaraq, İngiltərə ilə görüşdə Bekhemin penaltisinə, İsveçlə matçda isə Svenssonun cərimə zərbəsinə əngəl ola bilmədilər. Çempion Braziliyanın baş məşqçisi Luis Felipe Skolari isə Bielsanın komandasının təsnifat mərhələsindəki oyunlarını dəfələrlə izlədiyini, öz taktikasına deyil, "dəli"nin oyun üslubuna üstünlük verdiyini etiraf etməkdən çəkinmirdi.

Bielsanın millidəki son iki sınağı isə 2004-cü ilə təsadüf etdi. Mənim onu tanımağım da... Düzdü, yaş etibarı ilə hər nə qədər indiki qədər anlayışım olmasa da, Bielsa və onun sistemi ilk dəfə Kopa Amerikada marağımı cəlb etmişdi. Saat fərqinin bir o qədər də önəmi qalmamışdı. Argentinanın hər oyununa baxmağa çalışırdım. Çempionatın finalı isə Bielsa qədər ən azı məni də yaralamışdı. Hakimin çalmaq bilməyən fiti və Adrianonun son saniyə qolu Argentinanı çempionluqdan etmişdi. Penaltilərdə gülən tərəf Braziliya olmuşdu. Marselonun yığmanın baş məşqçisi kimi yeganə təsəllisi isə Olimpiadanın qızıl medalları olaraq qalır. Bielsa millidən ayrıldıqdan sonra həqiqətən də dəli olacaq həddə çatdığını etiraf etmişdi:

"Argentina yığmasından ayrıldıqdan sonra bir müddət evdən çıxmadım. Nə televizor, nə də telefon var idi. Futbol haqqında nə kitab var idisə, oxudum. Üç ay sonra öz-özümə danışırdım. Həqiqətən də dəli olduğumu düşünməyə başlamışdım".

Növbəti dayanacaq Çili idi. Başlanğıc əla alındı. Bir öncəki illərdə təsnifat mərhələsində uğursuz çıxış edən latın amerikalılar yalnız Braziliyadan geri qaldılar. CAR-a bilet almaq o qədər də çətin olmamışdı. Honduras, İsveçrə, İspaniya... Sonuncu iki millini nəzərə alsaq, heç də asan qrup deyildi. Amma Honduras, ardından isə İsveçrə qalibiyyətləri... Hər şey Çilinin lehinə gedirdi. Qrupda son rəqib İspaniya yığması idi. Son Avropa çempionu ilə oyun, üstəlik "matadorlar"ın qələbəyə ehtiyacı olduğu bir oyun… Həyəcan böyük idi. Rəqib İspaniya olsa da, Bielsa oyun anlayışından imtina etməmişdi. Çili yenə ön xəttdə pressinq tətbiq edir, oyunu rəqibin meydançasına "yıxmağa" çalışırdı. İspanlar isə pressinqə qarşı oynamaqda çətinlik çəkir, tez-tez topu itirirdilər. Bu görüşdə Bielsanın gizli silahı İsla idi. Ancaq məhz elə İsla ilə qolkiper Bravonun səhvi və Estradanın qırmızı vərəqə alması bir anda bütün planları dəyişdi. İspanlar fərqi ikiyə çıxardılar. Çili 10 nəfər qalmasına baxmayaraq, hücum anlayışından əl çəkmədi. Lazımı qolu vuran "qırmızı-göylər" yalnız bundan sonra sakitləşdilər. Qrup ikincisi kimi son 16-lığa vəsiqə qazanan komandanın rəqibi 6 il öncə Bielsanın Argentinasını penalitlərlə məğlub edən Braziliya idi. Ancaq növbəti dəfə "El Loco"nun Braziliya sınağı uğursuz alındı. Xuan, Luis Adriano və Robinyonun qolları... Nəticə isə 3-0.

DÇ-2010-un ardından Bielsanın ayrılmasını heç kəs istəmirdi. İlk olaraq onun qalacağı da açıqlanmışdı. Ancaq Jorje Seqovia Çili Futbol Federasiyasının prezidenti seçildikdən sonra o, istefa vermək qərarına gəldi və sözünün üstündə də durdu. Bielsa gücündən və ya vəzifəsindən istifadə edən insanlara qarşı getməkdən çəkinmirdi. Məhz Seqovia da belə insanlardan idi. "Kolo Kolo" və "Universidad de Çili" kimi böyük klublar işlərinə gəldiyinə görə seçkilərdə Seqovianı dəstəkləmişdilər. Güc kimin tərəfindədisə, o da qalib gəlmişdi. Bu dəyişiklikdən zərərli çıxan isə Çili millisi oldu.

2011-ci ildə Bielsa "Atletik"in təklfini qəbul etdi. 13 il sonra yenidən klub çalışdırmaq qərarına gəlmişdi. Əslində hamıya Bielsa - "Atletik" tandemi maraqlı gəlirdi. Çünki Bilbao klubu oyun tərzi baxımından İspaniyanın "İngiltərə"si hesab olunur. Pas alış-verişi, müdafiəni öndən qurmaq, pressinq və s. bunlar bir o qədər də "San Mames" üçün xarakterik şeylər deyildi. Ancaq Bielsa nə vaxt dediyindən dönüb ki... Sistemi oturtmaq zaman alsa da, hər şey getdikcə qaydasına düşdü. "Atletik"i 4-1-4-1 sistemilə oynayırdı. Bielsa Xavi Martinesi əsas mövqesi olan dayaq yarımmüdafiəçisi mövqeyindən arxaya çəkərək ondan stoper kimi istifadə edirdi. De Markos, İtturaspe kimi gənclər tezliklə start 11-liyinin ayrılmaz hissəsinə çevrilmişdilər. Yəqin ki, Bielsadan başqa heç kəsi Llorentenin dayanmadan irəlidə pressinq edəcəyini təsəvvür edə bilməzdi. Təssüf ki, "El Loco"nun bəxti yenə gətirmədi. Kubokun finalında "Barselona"ya, Avropa Liqasının finalında isə "Atletiko"ya boyun əydilər. Ancaq Bielsa "Atletik"də yaratdığı komanda ilə bir daha nəyə qadir olduğunu bütün dünyaya göstərdi.

Yəqin ki, "San Mames"də "Barselona" ilə oyunda edilən pressinq yadınızdadı. Pressinq nəticəsində sözün hər mənasında "Barselona"lı futbolçular gicəlmişdilər. "Barsa" kimi ayağa pas oynayan komanda topu hər nə yolla olursa-olsun uzaqlaşdırmağa çalışırdı. Bu o matç idi ki, Qvardiola Bielsanın ən güclü məşqçi olduğunu etiraf etmişdi.

Bielsanın taktiki cəhətdən nə qədər güclü olduğundan danışdım. Ancaq hər halda mövzü "El Loco"dusa, bir az bu mənada dərinliklərə getmək lazımdı. Bielsa çox vaxt 3-3-1-3 və 4-2-1-3 sistemlərinə üstünlük verir. Topsuz oyunda hərəkətlilik onun oyun anlayışının əsasını təşkil edir. Ön xəttdə edilən pressinq və arxada mütləq bir əlavə oyunçu saxlıyaraq topun oyuna məhz bu şəkildə daxil edilməsi Bielsanın oyununu xarakterizə edən digər iki amildi. Başqa bir özəlliyi müdafiə xəttini öndə qurur deyə, stoperləri dayaq yarımmüdafiəçilərdən seçməyi sevməsidi. Bielsanın sistemi ilə "Barselona"nın tiki-takası arasında bəzi oxşarlıqlar olsa da, fərqlər də çoxdu. Argentinalının oyun üslubunda katalonlardan fərqli olaraq ayağa pas rallisi bir o qədər uzanmır, lazımı anda uzun bir ötürmə ilə oyunun tempi artırılmağa çalışılır. Onun taktiki zəkası təkcə bu dediklərimlə bitmir. Bunlarla yanaşı, rəqiblərinin oyunlarının kasetlərini dəfələrlə izləyən, rəqib komandanın məşqlərini gizlincə ağacların arasından müşahidə edən birindən danışırıq. İş otağının qapıları isə hamıya qapalıdı.

Dəlilik məsələsinə gəlincəysə, taktiki anlayışı ilə yanaşı xarakteri və qəribəliklərinin də önəmi var o ləqəbi almasında... "Rosario Sentral"la oynanılacaq derbidən öncə Qamboaya "Qələbə üçün lazım olsa, barmağını da kəsməlisən" deməsi, "Velez Sarsfild"də işləyərkən otdan məmnun olmadığı üçün işçini boğmağa çalışması, "San Mames"də "Barselona"nın qarşısını almaq üçün otu daha çox sulatması və s. bu kimi şeyləri nəzərə alsaq, insanların ona niyə "El Loco" deməsini anlamaq olur. Mənim üçün isə o, dəlidən çox dahidi. Hər şeydən az-az, nə desən var Marselo Bielsada. Biri Mourinyoya əsl "Special One"ın kim olduğunu anlatmalıdı.

Marselonun "Marsel"lə anlaşdığını eşidəndə çox sevindim. Əminəm ki, onun əsas planlarından biri də ərəb sərmayəsinin maliyyələşdirdiyi PSJ-nin Fransadakı hegemonluğuna son qoymaqdı. O, həmişə dirəniş göstərən tərəfdə olmağı seçənlərdəndi və elə bu məsələnin təklifi qəbul etməsində rolunun az da olsa olduğunu düşünürəm. "Marsel" cəbhəsində hələlik işlər heç də pis getmir.

Kim nə deyirsə desin, çılğın professorun komandalarını izləmək həmişə zövq verir. Ümid edirəm ki, bu səfər Bielsa son nöqtəni qoya biləcək və cari mövsümü Liqa 1 çempionluğu ilə taclandıracaq.

9 Kasım 2014

"Enfild"in sevgilisi

“Bəzi insanlar futbolun ölüm-qalım məsələsi olduğuna inanırlar. Bu fikirlər məni üzür. Sizi inandıra bilərəm ki, futbol bundan daha önəmlidi” – bu sözlər başda “Liverpul” olmaqla bütün dünya futbolu üçün əfsanə hesab olunan bu günkü yazımın qəhrəmanı Bill Şenkliyə aiddi.

Komandasına təkcə pul və ya işinə görə deyil, ürəkdən bağlı olan məşqçi düşünün, hansı ki, indilərdə belələrinə rast gəlmək təsadüf adlanır. Ağlınıza kim gəlir? Gəlmirsə, bilin ki, onlardan biri Bill Şenkli olub. "Liverpul"u böyük klub edən şəxs... O, olmasa, "Liverpul" bəlkə də "Liverpul" deyildi. "Mersisaydlılar" üçün ondan öncəsi və sonrası var. Ən qəribəsi də odur ki, məsələni təkcə uğurlara və çempionluqlara bağlamaq da düzgün olmazdı.

1959-cu il ilin dekabrı... Yenə İngiltərə futbolu və ada futboluna damğasını vurmağa hazırlaşan daha bir şotland məşqçi... Çox az məşqçi həmin günlərdə "Liverpul"u çalışdırmaq istəyərdi. Komandadaxili və xarici problemlər, heyətin zəifliyi, stadion və bazanın yaxşı vəziyyətdə olmaması və s. saymaqla bitməyən problemlər... Yolunda gedən tək şey bəlkə də Şenklinin komandanın başında olması idi. Ondakı qazanmaq istəyi, qələbəyə aclıq və özünəinam, ən əsası şotland ruhu bu riskli addımı atmaq üçün yetərli idi. Ancaq Şenklinin CV-si bir o qədər də təmiz deyildi. “Qırmızılar”dan öncə işlədiyi demək olar ki, bütün klublarda rəhbərliklə münaqişə yaşamışdı.

Zamanı bir az arxaya verək. “Preston”da futbolçu karyerasına son qoyan gənc Şenkli ilk məşqçilik təcrübəsini “Karlayl Yunayted”də yaşayıb. Məhz “Karlayl” illərində Bill İvor Broadisə verdiyi nəfəsi kəsilənə qədər qaçmaq cəzası ilə adada xeyli özündən söz etdirmişdi. İllər keçdikcə Broadis sırf onun qətiyyəti sayəsində böyük futbolçu oldu. “Karlayl”ın ardından "Qrimsbi", “Vorkinqton” və “Haddersfild”... "Haddersfild"də çalışan zaman Billin Denis Lou ilə bağlı olan hekayəsi indiyə kimi danışılır. Şenkli 15 yaşında olan Dennis Lounu əsas heyətdə oynatmaqda israr edirdi. O, Lou ilə müqavilə yenilənməsini istəsə də, klub bunun əleyhinə çıxdı. “Everton” ona görə 45 min funt təklif edəndə Şenklinin dedikləri "Haddersfild" rəhbərliyinə illər sonra çatacaqdı: "Bunu gündəliyinizə yazın. Bir gün Denis Lou 100.000 funt dəyərində olacaq". Lou "Haddersfild"də 4 il oynadıqdan sonra 55.000 funt qarşılığında "Mançester Siti"yə transfer olundu. 1962-ci ildə isə Billin dediyi oldu. Louya görə "Mançester Yunayted" 110 000 funt ödədi.

Qayıdaq Mersisayda. İlk dəfə “Liverpul”da Şenkli səsləri 1951-ci ildə eşidilmişdi, ancaq o zaman qəhrəmanım təcrübəsiz idi. 1959-cu ildə ikinci diviziona düşən komandaya xilasedici axtarılanda isə gözlər ilk olaraq Şenklini axtarmışdı. O gün məhz “Liverpul”un tarixi yazılmağa başladı. Bill Enfildə ayaq basanda...

Mədənlərdə işləyərək böyümüş biri üçün “Liverpul” kimi işçi klubu ən uyğun variant idi. “Mersisaydlılar” isə özlərinə lazım olan katalizatoru tapmışdılar. Macəra o gün başladı və 15 il davam etdi.

Şenklinin qarşısına qoyulan ilk hədəf birinci liqaya qayıtmaq idi. Ancaq problemlər olduqca çox idi. "Melvud" və "Enfild"in bərbad vəziyyətdə olması komandanın işini daha da çətinləşdirirdi. Bəzən Bill futbolçuları “Melvud”un köhnə palçıqlı stadionunda çalışdırırdı ki, ağır məşqlərə alışsınlar. Şenklinin məşq sistemi özünəməxsusluğu ilə seçilirdi. Oyunçularla məşqlərdən öncə görüşürdü. Stadiona bir yerdə gedilir, məşqin ardından bir yerdə duş alınır və yemək yeyilirdi. Klubda onun sayəsində ailə ab-havası yaranmışdı.

Şenkli ilk uğurunu 1962-ci ildə qazandı və “Liverpul” aid olduğu yerə - birinci liqaya qayıtdı. Onun məqsədi şəhərin o zamanlar üçün ən böyük klubu hesab olunan “Everton”u qabaqlamaq idi. Elə də oldu. Birinci diviziona qayıtdıqdan cəmi iki il sonra 1964-cü ildə “qırmızılar” İngiltərə çempionu oldular. 1965-66 mövsümündə də nəticə təkrarlandı. İngiltərənin ən böyüyü yenə Şenklinin "Liverpul"u idi. 1966-cı ildən sonra "qırmızılar"da nisbətən durğunluq yarandı. Ta ki, 1971-72 mövsümünə qədər...

Sözügedən mövsümdə Kiqan, Heyuey və Klemens komandaya qatıldı. "Liverpul"da yeni mərhələ başladı. Komandanın oyununda açıq-ara inkişaf hiss olunurdu. Üçüncülük, növbəti mövsümdə isə Şenklinin üçüncü ölkə çempionluğu...Son deyil, bir də UEFA Kuboku var. "Mersisaydlılar" "Frankfurt", AEK, "Dinamo" (Berlin), "Dinamo" (Drezden) və "Tottenhem"i məğlub edərək finala yüksəldilər. Həlledici görüşdə rəqib Münhenqladbax "Borussiya"sı idi. İlk görüşdə Kevin Kiqan (2) və Lerri Lloydun qolları sayəsində "Liverpul" 3-0 hesabı ilə qələbə qazandı. Klemensin penaltini dəf etməsi isə sonda çempionluğu gətirəcəkdi. Cavab görüşündə Yupp Haynkes çox çalışsa da zəfər "qırmızılar"ın oldu.

1973-74 mövsümü Şenkli üçün "Liverpul" macərasının sonu oldu. O, gözləntilərin əksinə, gedişilə belə "Liverpul"a xeyir gətirdi. Onun sayəsində məşqçi kimi formalaşan Bob Peysli tarix yazdı. "Liverpul" tarixinin ən yaxşı məşqçilərindən biri oldu. Hətta uğurlarının sayına görə Bili də qabaqladı. Ancaq hər kəs olanların arxasında Şenklinin əməyinin olduğunu bilirdi və bunu inkar etmirdi.

Şenkli işinin xaricində də “Liverpul”a çox bağlı biri idi. 1973-cü ildə qazanılan çempionluğu qeyd edərkən tribunadakı uşaq azarkeş ona “Liverpul” şərfi atmışdı. Lakin o, şərfi tuta bilməmiş, yerə düşən şərfi isə polis ayağıyla itələmişdi. Bilin polisə verdiyi cavab isə futbol kitablarına həkk olunacaqdı: “Bu sənin üçün adi şərf ola bilər, amma bəzilərinin həyatıdı”.
Məhz bu və ya bu tipli sözlər, ümumiləşdirsək, kluba olan sevgi onu “Liverpul”lu azarkeşlərin qəlbində həmişə yaşadır. “Enfild”in meydana giriş hissəsinə “This is Anfield” yazdırması, 1964-cü ilə kimi qırmızı-ağ rəngli olan formanın sırf rəqiblərini daha da qorxutması üçün “qırmızı” etdirməsini də buraya aid etmək istərdim.

Təsadüfi deyil ki, Şenklinin azarkeşləri salamlaması heykəl formasında "Enfild"in önündə qoyulub. Özü kimi salamlama tərzi də bir başqa idi. Bir salamı yetərdi "Enfild"i coşdurmağa... Bəlkə bir də "Enfild" onun qədər kimisə çox sevməyəcək, bəlkə bir də "Kop"u onun kimi heç kəs salamlamayacaq, ancaq yenə də çətin günləri geridə qoyub o qırmızı formanın və "Enfild"in nə məna verdiyini rəqiblərinə başa salacaq biriləri əlbət tapılacaq.
           
Bu günlərdə "Enfild" artıq rəqiblərini qorxutmur. Şenklini yada salmaq ehtiyacı duymağımın ən böyük səbəbi də bu idi. Buna baxmayaraq, heç bir şey Şenklinin yaratdığı reallığı- "Liverpul"un böyüklüyünü dəyişə bilməyəcək. Axı onlar yetərincə öyünəsi şeylərə sahibdirlər. Azarkeşləri, "Enfild", YNWA, ÇL tarixinin bəlkə də ən qeyri-adi çempionluğu, Robbi Fouler, Ceymi Karraqer, Stiven Cerrard, Kenni Dalqliş, Bob Peysli (siyahını çox uzatmaq olar) və nəhayət Bill Şenkli... Doğrudan da onun kimi həyatını bir kluba həsr etmiş insanlar haqda yazanda futbolun başqa anlamlar ifadə etdiyinin fərqinə varmaq bir o qədər də çətin olmur.