6 Haziran 2015

"Dumanlı Albion"dan hekayələr (5-ci hissə): Albalı mövsümü

"Həyat bizi yerə yıxa bilər, ancaq ayağa qalxıb-qalxmayacağımızı özümüz seçirik” (“The Karate Kid” filmindən)
Fasilə bir az uzun oldu. Ancaq əsas odur ki, iki aylıq aranın ardından yenidən yazmağa cəhd edirəm. “Dumanlı Albion”dan hekayələr qaldığı yerdən davam edir.
Sonuncu dəfə Mo Constonun transferi bizi Qlazqoya qədər aparmışdı. Bu gün isə şimaldan cənuba enəcək, yolumuzu İngiltərənin Dorset əyalətinin Bornmut şəhərindən salacağıq.
Playlist: Oasis – Some Might Say; The Beatles – Here Comes The Sun; Coldplay – Every Teardrop is a Waterfall; Yves Montand – Les Temps des Cerises.
Bornmut İngiltərənin cənubunda yerləşən, turistik özəllikləriylə diqqət çəkən və təxminən 184 min insanın yaşadığı kiçik şəhərdir. Burada hər addım başı digər millətlərin nümayəndələrinə rast gəlmək olur. Onların arasında ingilis dilini öyrənmək və ya inkişaf etdirmək üçün Bornmutdakı kursları seçənlər üstünlük təşkil edir. Keçmiş zamanlarda isə şəhər əhalisinin əksəriyyəti yaşlılardan ibarət idi. Buna görə də Bornmuta “Tanrını gözləmə otağı” adı verilmişdi.
Bəzən olur ki, sadəcə sakitlik axtarır, hər şeydən uzaqlaşıb, müəyyən müddət özümüzlə baş-başa qalmaq istəyirik. Belə anlarda, təbii ki, maliyyə cəhətdən də hər şey qaydasındadırsa, hansısa uzaq bir yerə üz tutub, havamızı dəyişmək planı işə yarayır. Bax, Bornmut, gedib, dinclik tapıb və geri dönüb yenidən başlamaq üçün ideal yerlərdəndir. Şəhərin ən gözəl özəlliyi hamının zövqünə xitab etməsidir. Əyləncə istəyirsinizsə, əyləncə, sakitlik istəyirsinizsə, sakitlik... Ona görə də yayda 20-26 dərəcə aralığında var-gəl edən temperatur belə hər il 5 milyona yaxın turistin buraya gəlməsinə mane olmur. Təbiət, bir-birindən gözəl çimərliklər, restoranlar, gecə həyatı... İngiltərənin ən gözəl turistik məkanlarından birindən bəhs edirəm.
Keçək məsələnin bizi maraqlandıran tərəflərinə. Şəhərin “A.F.C. Bornmut” adlı futbol klubu var. 125 illik tarixləri ərzində onların haqqında bu ilin aprel-may aylarındakı qədər xəbər yazılmamışdı. Bildiyiniz kimi, “A.F.C. Bornmut” Çempionşipin qalibi oldu və İngiltərə Premyer Liqasına vəsiqəni təmin etdi.
Hər şey çox adi görünə bilər. Çempionşipdə mübarizə aparan hər komandanın hədəfi bir gün Premyer Liqada oynamaqdan ibarətdir. Ancaq “A.F.C. Bornmut”un son “dayanacağa” çatana kimi başına gələnlər onu digərlərindən fərqləndirir.
İllah da bir müqayisə lazımdırsa, “Football Manager” sevənlər yaxşı bilər, tez-tez zəif komandalardan birini seçib, qeyri-adi uğurlar qazanmağa cəhd edirik. Düzdür, FM bir az həyatı andırır, ancaq orada belə Eddi Haunun “Bornmut”unun etdiklərini edə bilmirik. “Xam xəyaldır, qeyri-mümkündür” deyib keçirik. Təbii, inananlar olmasa, həyatda möcüzələr də olmazdı. Elə ada torpağından çıxmış “Oasis” qrupunun qulaqlarımızın pasını silən “Some Might Say”da dediyi kimi: “Bəziləri daha günəşli günlər görəcəyik deyə bilər”.
Bu gün “A.F.C. Bornmut”un hekayəsini danışıb, onu maraqlı edən detallara toxunacağam. Klub ölkəmizdə o qədər də populyar olmadığından yazı tarixi məlumat tərəfdən bir az bol ola bilər.
“A.F.C. Bornmut”un tarixində çox get-gəllər olub. Klubun kökləri 1890-cı ilə dayanır. “Boskomb St.Cons Institute” adı altında fəaliyyətə başlayan komanda 1899-cü ildə dağılıb . Elə həmin ildəcə o komandanın bəzi üzvlərinin də tərkibində olduğu “Boskomb” yaradılıb.
“Boskomb” Bornmut Bölgə Cunior Liqasında mübarizə aparırdı. Komanda ev oyunlarını Kaslmeyn-avenyuda yerləşən stadionda keçirirdi. “Boskomb” 1902-ci ildə hazırkı stadionun yaxınlığında yerləşən “Kinqs Park”a köçdü və qısa müddət ərzində şəhərin ən yaxşı komandasına çevrildi.
1910-cu ildə isə C.E. Kuper Din “Kinqs Park”ın yanındakı tullantı torpaq sahəsini kluba bağışladı. Kuper Dinin şərəfinə həmin ərazidə istifadəyə verilən stadion “Din Kort” (hazırkı “Qoldsends” stadionu) adlandırıldı.
Başlıqdakı “albalı” sözü yəqin ki, diqqətinizi çəkib. “A.F.C. Bornmut”un ləqəbi “albalılar”dı. Komandanın ləqəb alması məhz bu dövrlərə təsadüf edir. Səbəblər: birincisi, onlar o dövrdə albalı qırmızısı rəngində olan formalardan istifadə edirdilər. İkincisi isə, komandaya məxsus stadion Kuper Dinə aid albalı bağlarının olduğu ərazinin yanında inşa edilmişdi.
“Albalılar” 1923-cü ildən etibarən “Bornmut&Boskomb Atletik” adlandırılmağa başlandı. Komandanın milli liqalardakı ilk matçı elə həmin dövrə təsadüf edir. Klubun tarixi uğurlarla zəngin deyil... ki, zəngin olsa, hər halda hekayəmizin bir anlamı da qalmazdı. Harri Rednappın rəhbərliyi altında Federasiya Kubokunda “Mançester Yunayted”i 2:0 hesabıyla məğlub etdikləri matç haqqında bu gün də Bornmutda ağız dolusu danışırlar. İki ay əvvələ qədər ən böyük uğurları elə bu idi. Amma haqlarını yeməyək, ad dəyişdirməkdə onlardan yaxşısını tanımıram. Bu ərəfədə qeyd etməliyəm ki, 1972-ci ildə növbəti ad dəyişikliyi baş verdi. Rəhbərlik klubun əlifba sırasına görə, ingilis komandaları arasında “Alderşot”, “Arsenal” və “Aston Villa”nı qabaqlayaraq birinci olmasını istəyirdi. Buna görə də  “A.F.C. Bornmut” adına üstünlük verildi.
“A.F.C. Bornmut”un gerbinə nəzər salsanız, futbolçu başı və topun təsvir olunduğunu görəcəksiniz. Siluet, futbolçu kimi klub tarixinin önəmli isimlərindən olan, daha sonralar isə kommersiya direktoru vəzifəsini icra edən və Boskomb sözünün ləğv edilməsini israrla tələb edən Diki Dousettə məxsusdur. Futbolçulardan danışdımsa, Makduqalı unutmaq olmaz. Ted Makduqal cəmi 3 il burada oynamasına baxmayaraq, “A.F.C. Bornmut” tarixinin ən böyük oyunçularından biri hesab olunur.
Gələk dramatik, amma xoşbəxt sonluqla bitən hekayənin süjet xəttini maraqlı edən illərə. 1997-ci ildə buludların Bornmut səmasına divar kağızı kimi çəkildiyi günlərin birində böhran şəhərin ən böyük klubunun qapısını döymüşdü. Çıxış yolu çox maraqlıydı. Şəhərin müxtəlif yerlərinə üzərində “albalılar”ı xilas edin” yazılan daxıllar qoyulmuşdu. İnsanlar bu yolla kluba imkanları çatdığı qədər yardım edirdilər. Nə qədər maraqlı səslənsə də, bu kampaniya nəticəsində toplanan 35 min funt - bəzi futbolçuların 3-4 günlük qazancı olan 35 min funt - komandanı xilas etdi.
“A.F.C. Bornmut” 11 il sonra yenidən oxşar vəziyyətlə üzləşdi. 2008-ci ilin fevral ayında klubun ofisi möhürlənmək üzrəydi. 4 milyon funt sterlinq borc ödənmədiyi üçün “albalılar” qəyyumluğa verilmişdi. Komandanın hesabından 10 xal silinmiş və yeni mövsümə bir aşağı liqadan başlamaqla cəzalandırılmışdılar. Bu səfər isə prezident Ceff Mostin xilasedici rolunu oynadı. Son anda Mostinin 100 min funtluq yardımı komandanı ikinci dəfə iflasdan qurtardı. O, 7 il sonra bu addımının əvəzini artıqlamasıyla alacaqdı.
2008-09 mövsümündə Federasiya maliyyə problemləri səbəbindən komandaya “acıdı” və “A.F.C. Bornmut” liqaya -17 xalla başlamaq məcburiyyətində qaldı. Buna baxmayaraq, Eddi Hau uşaqlıqdan bəri azarkeşi olduğu komandanı 2008-09 mövsümündə İngiltərə İkinci Liqasında (sayca 4-cü divizion) saxlaya bildi. “Albalılar” “Luton Taun”, “Çester” və “Qrimsbi”ni qabaqlayaraq 21-ci oldu. Həmin mövsüm İkinci Liqada “A.F.C. Bornmut”un aqibətini yaşayan “Rotterhem” də 17 xal cəriməyə baxmayaraq, liqada qala bildi.
2010-cu il “A.F.C. Bornmut”un iki il sonra yenidən İngiltərə Birinci Liqasına qayıtmasıyla əlamətdar oldu. Ancaq növbəti il Hau komandanı “Bernli”yə dəyişdi. Ayrılıq çox uzun çəkmədi. Cəmi bir il sonra şəxsi həyatındakı problemləri səbəb gətirən Hau evinə qayıtdı və nağıl qaldığı yerdən davam etdi. 2013-cü ildə komanda Çempionşipin qapısını döydü. Artıq zirvəyə bir pillə qalmışdı. “Albalılar”ın Çempionşip macərası çox qısa müddət davam etdi.
Əslində, Çempionşipin startına nəzər salsaq, heç də “A.F.C. Bornmut”un Premyer Liqaya çıxmağa potensial namizəd olduğunu deyə bilməzdim. İşlər 11-ci tura kimi qaydasında getmirdi. Komanda oynadığı 10 matçın 4-də məğlub olmuş, mümkün 30 xaldan 12-ni toplaya bilmişdi. Ancaq sanki 11-ci turda ilk hissədəcə 10 nəfər qalmalarına baxmayaraq, “Bolton”u səfərdə 2:1 hesabı ilə məğlub etmələri sonluğun başlanğıcı oldu. Kallum Uilsonun dublu, Harri Arterin o gözəl assisti dünən kimi yadımdadı. Oyuna baxanda düşünmürdüm ki, gələn il bu komandanı sevimli İPL-də görəcəyəm. Sadəcə hekayəsinə bələd olduğum üçün yaxından izləməyə çalışırdım.
Ardınca “Çarlton” və “Redinq”i məğlub edib, “Sent-Endryus”un (“Birmingem”in stadionu) yolunu tutdular. Həmin gün Çempionşipdə bəlkə də ilin nəticəsi qeydə alındı. “Bornmut” bir zamanların Premyer Liqa klubuna düz 8 qol vurdu. Bu səfər Mark Pyu var idi. Həmin gün “A.F.C. Bornmut”da hər şey alınırdı. “Midlsbro”, “İpsviç Taun” və “Miluoll” qarşısında büdrəsələr də, ard-arda 5 qələbə qazanmaqla 3 həftəlik durğunluğu yaddan çıxardılar. Bu arada “Kardiff”ə 5 qol vurmağı da unutmadılar. “Kreyven Kotec”də daha bir keçmiş İPL klubunu – “Fulhem”i 5:1 hesabı ilə darmadağın edən də elə “A.F.C. Bornmut” idi. O gün Brett Pitmenin günü idi. Mett Ritçi isə assistant rolundaydı.
42-ci turda səfərdə “Brayton”u 2:0 hesabı ilə məğlub edən “Bornmut” iştirak etdiyi bütün turnirlərdə vurduğu qolların sayını 106-a çatdıraraq 1956-57 mövsümündəki rekordu (104) tarixin yaddaşına qovuşdurdu.
Premyer Liqaya vəsiqə isə sona bir tur qalmış “Bolton”la görüşdə əldə olundu. 3 cavabsız qol onları zirvəyə çatdırdı. Oyundan sonra olanlarsa… Yaxşısı, o barədə mən danışmayım, siz videolara baxın.

Bu videoda görəcəyiniz dəlilər kimi sevinən adam məhz o 100 min funtla son anda komandanı iflasdan qurtaran president Ceff Mostindir.

Son turda “Uotford”un “Şeffild Uensdey”lə görüşdə xal itirməsi, “A.F.C. Bornmut”un isə “Çarlton”u 3:0 hesabıyla məğlub etməsi “albalılar”ın birinci olması demək idi. Komanda ikinciliklə kifayətlənməyib, çempion kimi Çempionşiplə vidalaşdı və 125 illik tarixi ərzində ilk dəfə Premyer Liqanın yolunu tutdu.
Bir az da uğurun səbəbləri və səbəbkarlarına yer ayıraq. “A.F.C. Bornmut” mövsüm ərzində qapısında 45 qol gördü. Bu göstərici üzrə onlar təkcə pley-offda “Norviç”ə boyun əyən “Midlsboro”dan (37 qol) geri qaldı. Müdafiə amilini danmaq haqsızlıq olardı. Ön xəttə gəlincə isə, Haunun əlində Kallum Uilson və Yann Kermorqan kimi qapının yerini yaxşı bilən iki futbolçu var idi. Cütlüyün birgə vurduğu 35 qol “albalılar”ın İPL-ə vəsiqə qazanmasında böyük rol oynadı. Siyahıya Mett Riçini də əlavə edəcəm, əlavə etməklə qalmayıb, bir paraqraf ayıracam.
Haunun komandasının uğurunun səbəbkarlarından biri də bu adamdır. Bu potensialı böyük olan kiçik adam əsas heyətin olmazsa-olmazlarındandır. Meydanı görmək bacarığı bir başqa səviyyədədir. Ritçi geridə qalan mövsümdə “Norviç”in gənc istedadı Natan Redmond, Miçail Antonio və Alan Cacı qabaqlayaraq Çempionşipin assist kralı olmağı bacarmışdı. Zənnimcə, “Suindon”un heyətində ulduzu parlayan və 2011-12, 2012-13 mövsümlərində müvafiq olaraq İngiltərə İkinci və Birinci Liqalarında ilin futbolçusu seçilən Ritçini qısa müddət ərzində Premyer Liqada daimi çıxış edən komandalardan birinin heyətində görə biləcəyik. Hə, bu arada onun oyunu Şotlandiya millisinin baş məşqçisi Qordon Strakanın da diqqətindən yayınmayıb. Vinqer artıq iki dəfə “mavilər”in formasını geyinib. Ritçi standartını pozmasa, “yuxarıdakılar”dan təklif alacağı, haqqında məndən başqa yazanların olacağı dəqiqdir.
Eddi Hau - uğurların baş memarı… 29 yaşı olanda “A.F.C.  Bornmut”un əvəzedicilərdən ibarət komandasında Kevin Bondun yanında oynayan məşqçi funksiyasını icra edirdi. 2007-ci ilin yayında dizindəki zədə səbəbindən professional futbolçu karyerasına son qoyan Hau Bond qovulduqdan sonra işini itirmişdi. Ancaq o, çox keçmədən, cəmi 31 yaşında ikən karyerasına başladığı və illərini keçirdiyi sevimli klubunun baş məşqçisi oldu. Qazandığı uğurlardan yuxarıda kifayət qədər bəhs etmişəm. Yaradıcılarından olduğu bu möcüzə sayəsində artıq adanın ən potensiallı gənc baş məşqçilərindən biridir, bəlkə də birincisidir. Hau 2015-ci ildə Liqa Menecerlər Assosasiyası tərəfindən ilin məşqçisi seçilib. Cəmi iki il öncə bu mükafatı Ser Aleks Ferqyuson qazanmışdı.
Hamıdan danışdım, Maksim Denim qaldı. 2011-ci ildə klubun keçmiş sahibi Eddi Mitçel rus milyarder  Maksim Denimi kluba şərik etdi. 2013-cü ildə isə özünə və həyat yoldaşına aid digər 50 faizlik hissəni də Denimə satdı. Rus biznesmen stadionlarda o qədər də görünməsə də, bək-ofisdə gördüyü işlərlə azarkeşlərin etimadını qazana bilib. Xüsusilə də klub tarixinin ən bahalı transferi (3 milyon funt) Kallum Uilson Denimin “A.F.C. Bornmut”a ən böyük hədiyyəsidir.
Premyer Liqaya vəsiqə “Bornmut”un kassasını 138 milyon funtla zənginləşdirəcək. Hələ ən pis ehtimalı nəzərə alıb, yazdım. Əgər bu mövsümdəcə Çempionşipə qayıtsalar belə, komandanın büdcəsinə 138 milyon əlavə olunacaq. 1997-ci ildə daxıllardan çıxan 35 min funt, 2008-ci ildə Mostinin 100 min funt yardımı hara,138 milyon hara?
Yaşadığlarımız, xüsusilə də çətinliklərin bizi daha da gücləndirdiyini deyirlər. Kim bilir, bəlkə “A.F.C. Bornmut”a da bu sözdən pay düşüb.
Ümid edirəm ki, yeni başlayacaq mövsüm “albalılar”ın mövsümü olacaq. Heç kim onlardan böyük uğur gözləmir. Sadəcə, liqada daha bir mövsüm qalmaq yetərli olacaq.

Adətən may ayının ortasına “albalı mövsümü” deyirlər. İnanmaq istərdim ki, gələn il məhz elə may ayının ortalarında İPL-in turnir cədvəlinə baxanda “A.F.C. Bornmut”un son üçlükdən uzaq olduğunu görəcəyəm. Bax, bu, artıq əsl “albalı mövsümü” olacaq.
Ada havasına bir az “fransız” qalsa da, icazənizlə yazını İv Montanın ifa etdiyi “Le Temps des Cerises” (fransızcadan tərcümədə “albalı mövsümü”) mahnısının lirik sədaları altında bitirmək istəyərdim. Nə Qrim qardaşları, nə də Hans Xristian Andersen, 35 min funt yardım edən azarkeşlər, prezident Ceff Mostin və baş məşqçi Hau yazdı, mən isə sadəcə redaktə etdim.

Duman çəkilməmiş Albiondan növbəti hekayələri sizinlə bölüşmək ümidiylə…