23 Mayıs 2016

Görmədiyimiz ən yaxşı futbolçu

İkonoklastik, fikirlərini deməkdən çəkinməyən, istəklərinə uyğun hərəkət edən Kroyf bir zamanlar sosial sinifsizliyin təzahürü idi. Provo olmasa belə, qısa müddət ərzində Hollandiyada gənclər arasında populyarlığını artıran hərəkatın əsas ikonlarının sırasında onun da adı var idi. Qabler onun üçün Britaniyanın Lennonu müqayisəsini uyğun görürdü.

Kroyf “Ayaks” forması ilə adından söz etdirdiyi dövrdə Mançesterdə Best küləyi əsirdi. “El Beatle” meydandan kənarda da (alkoqol, gecə həyatı, qızlar) bir o qədər “yaxşı” idi.

Giriş sizi çaşdırmasın. Əslində mövzu nə Kroyfdu, nə də Best. Bir də 70-lərin dünya futboluna bəxş etməyə borclu olduğu, parlamadan sönən ulduz var - Robin Fraydey. Pazzlı tamamlamaq üçün lazım olan üçüncü parça, Kroyfun asiliyini, Bestin arxa plan işlərini və saf istedadı özündə ehtiva edən, bir başqa deyişlə “görmədiyimiz, tanımadığımız ən yaxşı futbolçu”...

Ada futbolunun arxivi, içində gəzinməyi çox sevdiyim yerlərdəndi. Həmin axtarışlarımın birində Robin Fraydeyi tanımışdım. Xarakteri başqa olsa, bu gün mənim arxivi eşələməyimə belə, ehtiyac qalmazdı. Maradonadan, Messidən, Zidandan, Bestdən, Kroyfdan danışanda biri də çıxıb “məncə, Robin” deyə bilərdi.

Robinin uşaqlığı Londonun Akton rayonunda keçib. Babasının bir zamanlar “Brentford”da oynaması Fraydeylər ailəsi üçün ümid mənbəyi olmuşdu. Əkiz qardaşı Toni ilə birlikdə futbola maraq salan Robin, qısa zaman ərzində məktəb yığmasına seçilməyi bacarmışdı. Eyni zamanda kriketlə də məşğul olurdu. Atası Alf, oğlunun yaxşı bouler ola biləcəyini düşünürdü. Ancaq Robinin istəyi fərqli idi.

Erkən yaşlarda Robinin yolu “Kristal Pelas”, KPR və “Çelsi”dən keçir. 15 yaşı olarkən məktəbdən ayrılan Fraydey içkiyə və metadona aludə olur. Robinin ətrafda olub-bitənlərə laqeyd yanaşması mütəmadi təkrarlanırdı. Tommi Doherti artıq onu komandasında görmək istəmirdi.

Mağazalardan etdiyi oğurluqlar sonda Robinin Felthem islah evinə göndərilməsi ilə nəticələnir. Bəlkə də təkcə futbol sayəsində 14 ay dözə bilir. Felthem yığmasına seçilən Robin sonralar ulduzunun parlayacağı “Redinq”in gənclərdən ibarət komandası ilə məşqlərə çıxmağa da fürsət tapır. Ancaq cəzası bitdikdən sonra qısamüddətli “Redinq” macərası da başa çatır. Evinə - Akrona qayıdan Robin qaradərili sevgilisi Maksinlə evlənmək qərarına gəlir. Valideynləri razılıq verməsələr də, dediyindən dönmür. Cəmi 17 yaşında ailə həyatı quran Robin evliliyə rəğmən gecə həyatından, alkoqoldan və eşqbazlığından qalmırdı.

Futboldan ayrı düşən Robin pul qazanmaq üçün müxtəlif işlərdə çalışır. Həmin ərəfələrdə dostunun yardımı sayəsində “Uoltemstou Avenyu” ilə məşqlərə çıxır və həftəlik 10 funt qarşılığında komandada oynamağa başlayır. Robin qısa müddət ərzində Isthmian liqasında qollarını sıralayır. “Heys”lə görüşdə qapıya iki dəfə yol tapan qəhrəmanımız rəqib komandadan həftəlik 30 funtluq təklif alır və iş yerini dəyişir.

Aylıq xərclərini qarşılamaq üçün dostları ilə birlikdə həm də asfalt işində çalışan Fraydey bir gün iş qəzası nəticəsində xəstəxanalıq olur. Altı saat davam edən əməliyyat sonunda onun həyatını xilas etmək mümkün olur. Ölümdən dönən Robin tez bir zamanda ayağa qalxır, hətta FA Kubokunda “Bristol”la görüşdə meydana da çıxır. “Rovers”i məğlub edən “Heys” növbəti mərhələdə “Redinq”ə rəqib olur. Fraydeyin komandası iki görüşün sonunda mübarizəni dayandırır. Ancaq Robin “Redinq”in baş məşqçisi Çarli Hörlinin “radarına” düşməyi bacarır. Bir neçə dəfə hücumçunun oyununu izləyən irlandiyalı, CV-dəki əskikliklərə baxmayaraq, Robinin meydandakı oyunundan çox təsirlənir.

O, “Redinq”ə transfer olmadan öncə qısa müddət ərzində “Enfild” – “Heys” arası yol ölçür. Nəhayət keçid 1974-cü ilin yanvarında reallaşır. Çarli bəlkə də Robini ən yaxşı başa düşən adam idi. Onu sıxmır, meydandan kənardakı həyatına qarışmırdı. Bu, buyruq qulu olmağı sevməyən Robinin ürəyincə idi.
İlk olaraq əvəzedici heyətə göndərilən Fraydeyin orada bir müddət qalması planlaşdırılırdı. Ancaq məşqlərdə komanda yoldaşlarından açıq-aşkar fərqlənən hücumçu qısa müddət ərzində əsas komandaya çağrılır və “Northempton Taun”la görüşdə debüt edir. Daha sonra “Barnsli” ilə səfər matçına yollanan “Redinq”in yeganə qolu məhz Robindən gəlir. “Ekzeter”lə görüşdə isə Fraydey dublla yadda qalır.

“Redinq”dəki ilk mövsümün ardından tətilə çıxan Robin lazım olan müddətdən gec düşərgəyə qayıdır. Həm də dəyişilmiş formada: saç stili başqa, tatular... O, yayı Kornuolldakı hippi icmasında keçirmişdi. “Redinq” üçün mövsüm “Uotford”la oynanılacaq yoldaşlıq görüşü ilə başlayırdı. Bir dəfə də olsun məşq etməyən Robin üçün o gün sıradan günlərdən sadəcə biri idi. Yayın bütün "günahlar"ını bir gündə unutdurmuşdu.

Robin məşqlərə vaxt itkisi kimi baxır, əlavə çalışmaları özü üçün lazımsız hesab edirdi. Nə qədər qəribə olsa da, meydana çıxanda haqlı olduğunu sübuta yetirirdi. Hörlinin dediyi kimi, şənbə günləri saat kimi işləyirdi.

Robinə "qaç" desən, sevməz, individual, spesifik bir şeyi inkişaf etdirmək üçün məşq proqramı yaz, yenə sevməzdi. Məşqçilər məcburən 5-ə 5 oynadardılar.

Növbəti mövsümdə “Redinq”in məşqçi postu İmon Danfiyə tapşırıldı. Xarakterlərinə görə Danfi ilə Robin arasında problemlər yaşanacağı gözlənilsə də, ikilinin iş birliyi sonda yaxşı nəticə verdi. Fraydey vurduğu qollarla “Redinq”i 3-cü diviziona çıxardı.

Görmədiyimiz ən yaxşı futbolçunun ən yaxşı qolu

Gəl zaman, get zaman...1976-cı ilin martında “Tranmer”lə görüşdə vurduğu qol “görmədiyimiz ən yaxşı futbolçunun görmədiyimiz ən yaxşı qolu” adlandırılır. Təəssüf, o dövrdə aşağı divizion matçları yayımlanmadığından əldə görüntü yoxdu. Ancaq deyilənə görə, cərimə meydançasında arxası qapıya tərəf gözləyən Robin, hava topunu qəbul edib, 180 dərəcə döndükdən sonra vole vurub. Təəccübünü gizlətməyən referi Kliv Tomas həmin qolu həyatında gördüyü ən yaxşı qol hesab edir.


“Kardiff Siti”...

“Redinq” dönəminin ardından Robin 30 min funt qarşılığında “Kardiff Siti”yə transfer olundu. Müqavilə imzalaması da bir ayrı macəra... Bizimki çəkir badələri başına, minir Kardiff qatarına, özü də səyahət edən yaxınları, tanışları yola salmaq üçün istifadə olunan pero bileti ilə... Polis tərəfindən saxlanılsa da, “Kardiff Siti” rəhbərliyinin də köməkliyilə bir təhər yaxasını qurtara bilir.

“Kardiff Siti” forması ilə ilk matçında “Fulhem”ə qarşı oynayan Robin rəqibin müdafiəsində əfsanəvi Bobbi Mur olmasına baxmayaraq, dubl edir. Həmin görüşlə bağlı bir digər maraqlı fakt isə ondan ibarətdir ki, əgər Corc Best zədəli olmasa, o gün Tanrı tərəfindən lazım olan istedadla “bəzədilmiş” iki əhli-kef futbolçu üz-üzə gələ bilərdi.

Robinlə Best arasında müqayisələr həmişə olub. Doğrudan da aralarında bənzərliklər çox olub; istər oyun mənasında, istərsə də meydandan kənar həyatları... Sadəcə Best Robinə nisbətdə şöhrəti sevirdi. Fraydey isə təkcə özü üçün yaşayır, insanlardan uzaq gəzməyə çalışırdı.

“Fulhem”lə oyunun ardından “Kardiff Siti” məşqçisi Cimmi Endryus, Çarliyə zəng edib Robindən ağız dolusu danışır. Əvəzində “bir az vaxt verin, görərsiz” cavabını alır. Zaman Hörlini haqlı çıxaracaqdı.

Robinlə bağlı bir digər maraqlı hadisə 1977-ci ilin oktyabrında “Brayton”la oynanılan görüşdə baş verib. Mark Lourensona Fraydeyə qarşı 1-ə 1 oynamaq tapşırılır. Gələcəkdə adı “Liverpul”la əfsanələşəcək müdafiəçi bir neçə dəfə qaydanı pozur, oyunun geri qalan hissəsində də cəhdlərini davam etdirir. Sonda özündən çıxan Robin, Lourensona kəllə atır və meydandan qovulur. Davamı da var. Bir futbolçu düşünün ki, meydanı tərk etdikdən sonra paltardəyişmə otağına getsin və qırmızı vərəqə almasına səbəb olan adamın çantası ilə tualetin yerini səhv salsın...

Son

Topdan çox, içki və qadınlarla "məşq edən" Robin növbəti gözlənilməz qərarını verir və cəmi 25 yaşı olarkən karyerasını bitirir. Heç bir rəsmi prosedur olmadan, özbaşına... Niyəsini soruşsanız, “kimlərinsə sözünə görə hərəkət etmək, komanda oyunçusu olmaq mənə görə deyildi” deyərdi.

Karyerasını bitirdikdən sonra yenidən asfalt işinə dönən Robin üçüncü dəfə evlənməyə də fürsət tapır. Sonadək doğru bildiyi həyatı yaşamağa davam edir: içki, qızlar, narkotik... Və bir gün, 1990-cı ildə evində ölü halda tapılır. Səbəb: normadan artıq heroin qəbulu.

“Redinq”də birgə işlədiyi son məşqçi Moris Evans dəfələrlə onu dəyişməyə cəhd etsə də, Fraydeyi düşündüklərini icra etməkdən çəkindirə bilməmişdi. Evans, məşqlərə qatılacağı, içki və gecə həyatından uzaqlaşacağı təqdirdə, çox qısa müddət ərzində Robinin İngiltərə millisinə çağrılacağını düşünürdü. Haqlı idi, Robin ulduz futbolçu olmaq üçün hər bir özəlliyə sahib idi. Müqayisə olunduğu Bestdən belə, geri qalan bir yanı yox idi. Ancaq Robin İngiltərə millisi əvəzinə, barlar üçün oynamağı seçdi...

- “Redinq” azarkeşləri tərəfindən klub tarixinin ən yaxşı futbolçusu seçilib.

- “Kardiff Siti” tarixinin ən yaxşı 3 hücumsundan biri hesab olunur.

- Uelsli rok qrupu Super Furry Animals 1996-cı ildə yazılan “The Man Who Don’t Give A Fuck” sinqlını ona həsr edib və Robinin “Luton”a vurduğu qoldan sonra qapıçı Miliya Aleksiçə "V sign"ın tərsini göstərərkən (ingilis jarqonunda mənası yaxşı deyil) çəkilmiş şəklini qapaq fotosu edib.

- “Oasis”dən tanıdığımız Pol MakQiqan və yazar Paolo Hyuitt 1997-ci ildə onun haqqında “The Greatest Footballer You Never Saw” avtobioqrafiyasını nəşr etdirdilər.

- Corc Best futbol tarixinin ilk pop starı hesab olunur, bunu əksəriyyət bilir. Birdən yaşıl meydanların ilk rok starının kimliyi ilə maraqlansalar, o zaman "Robin Fraydey" deyərsiniz.

P.S. “Heys”də oynayan zamanlardan danışıram. Bir dəfə komandasının oyunu olduğunu unudub, məhəllə barlarından birində içirmiş. Nəysə, stadionun yerini göstəriblər bizimkinə, sərxoş halda meydana daxil olub. Yalan-doğru, deyilənə görə, girər-girməz qol vurub, həm də elə bir qol ki... Həmin qoldan sonra “Fraydey əfsanəsi” adaya yayılıb.