9 Kasım 2014

"Enfild"in sevgilisi

“Bəzi insanlar futbolun ölüm-qalım məsələsi olduğuna inanırlar. Bu fikirlər məni üzür. Sizi inandıra bilərəm ki, futbol bundan daha önəmlidi” – bu sözlər başda “Liverpul” olmaqla bütün dünya futbolu üçün əfsanə hesab olunan bu günkü yazımın qəhrəmanı Bill Şenkliyə aiddi.

Komandasına təkcə pul və ya işinə görə deyil, ürəkdən bağlı olan məşqçi düşünün, hansı ki, indilərdə belələrinə rast gəlmək təsadüf adlanır. Ağlınıza kim gəlir? Gəlmirsə, bilin ki, onlardan biri Bill Şenkli olub. "Liverpul"u böyük klub edən şəxs... O, olmasa, "Liverpul" bəlkə də "Liverpul" deyildi. "Mersisaydlılar" üçün ondan öncəsi və sonrası var. Ən qəribəsi də odur ki, məsələni təkcə uğurlara və çempionluqlara bağlamaq da düzgün olmazdı.

1959-cu il ilin dekabrı... Yenə İngiltərə futbolu və ada futboluna damğasını vurmağa hazırlaşan daha bir şotland məşqçi... Çox az məşqçi həmin günlərdə "Liverpul"u çalışdırmaq istəyərdi. Komandadaxili və xarici problemlər, heyətin zəifliyi, stadion və bazanın yaxşı vəziyyətdə olmaması və s. saymaqla bitməyən problemlər... Yolunda gedən tək şey bəlkə də Şenklinin komandanın başında olması idi. Ondakı qazanmaq istəyi, qələbəyə aclıq və özünəinam, ən əsası şotland ruhu bu riskli addımı atmaq üçün yetərli idi. Ancaq Şenklinin CV-si bir o qədər də təmiz deyildi. “Qırmızılar”dan öncə işlədiyi demək olar ki, bütün klublarda rəhbərliklə münaqişə yaşamışdı.

Zamanı bir az arxaya verək. “Preston”da futbolçu karyerasına son qoyan gənc Şenkli ilk məşqçilik təcrübəsini “Karlayl Yunayted”də yaşayıb. Məhz “Karlayl” illərində Bill İvor Broadisə verdiyi nəfəsi kəsilənə qədər qaçmaq cəzası ilə adada xeyli özündən söz etdirmişdi. İllər keçdikcə Broadis sırf onun qətiyyəti sayəsində böyük futbolçu oldu. “Karlayl”ın ardından "Qrimsbi", “Vorkinqton” və “Haddersfild”... "Haddersfild"də çalışan zaman Billin Denis Lou ilə bağlı olan hekayəsi indiyə kimi danışılır. Şenkli 15 yaşında olan Dennis Lounu əsas heyətdə oynatmaqda israr edirdi. O, Lou ilə müqavilə yenilənməsini istəsə də, klub bunun əleyhinə çıxdı. “Everton” ona görə 45 min funt təklif edəndə Şenklinin dedikləri "Haddersfild" rəhbərliyinə illər sonra çatacaqdı: "Bunu gündəliyinizə yazın. Bir gün Denis Lou 100.000 funt dəyərində olacaq". Lou "Haddersfild"də 4 il oynadıqdan sonra 55.000 funt qarşılığında "Mançester Siti"yə transfer olundu. 1962-ci ildə isə Billin dediyi oldu. Louya görə "Mançester Yunayted" 110 000 funt ödədi.

Qayıdaq Mersisayda. İlk dəfə “Liverpul”da Şenkli səsləri 1951-ci ildə eşidilmişdi, ancaq o zaman qəhrəmanım təcrübəsiz idi. 1959-cu ildə ikinci diviziona düşən komandaya xilasedici axtarılanda isə gözlər ilk olaraq Şenklini axtarmışdı. O gün məhz “Liverpul”un tarixi yazılmağa başladı. Bill Enfildə ayaq basanda...

Mədənlərdə işləyərək böyümüş biri üçün “Liverpul” kimi işçi klubu ən uyğun variant idi. “Mersisaydlılar” isə özlərinə lazım olan katalizatoru tapmışdılar. Macəra o gün başladı və 15 il davam etdi.

Şenklinin qarşısına qoyulan ilk hədəf birinci liqaya qayıtmaq idi. Ancaq problemlər olduqca çox idi. "Melvud" və "Enfild"in bərbad vəziyyətdə olması komandanın işini daha da çətinləşdirirdi. Bəzən Bill futbolçuları “Melvud”un köhnə palçıqlı stadionunda çalışdırırdı ki, ağır məşqlərə alışsınlar. Şenklinin məşq sistemi özünəməxsusluğu ilə seçilirdi. Oyunçularla məşqlərdən öncə görüşürdü. Stadiona bir yerdə gedilir, məşqin ardından bir yerdə duş alınır və yemək yeyilirdi. Klubda onun sayəsində ailə ab-havası yaranmışdı.

Şenkli ilk uğurunu 1962-ci ildə qazandı və “Liverpul” aid olduğu yerə - birinci liqaya qayıtdı. Onun məqsədi şəhərin o zamanlar üçün ən böyük klubu hesab olunan “Everton”u qabaqlamaq idi. Elə də oldu. Birinci diviziona qayıtdıqdan cəmi iki il sonra 1964-cü ildə “qırmızılar” İngiltərə çempionu oldular. 1965-66 mövsümündə də nəticə təkrarlandı. İngiltərənin ən böyüyü yenə Şenklinin "Liverpul"u idi. 1966-cı ildən sonra "qırmızılar"da nisbətən durğunluq yarandı. Ta ki, 1971-72 mövsümünə qədər...

Sözügedən mövsümdə Kiqan, Heyuey və Klemens komandaya qatıldı. "Liverpul"da yeni mərhələ başladı. Komandanın oyununda açıq-ara inkişaf hiss olunurdu. Üçüncülük, növbəti mövsümdə isə Şenklinin üçüncü ölkə çempionluğu...Son deyil, bir də UEFA Kuboku var. "Mersisaydlılar" "Frankfurt", AEK, "Dinamo" (Berlin), "Dinamo" (Drezden) və "Tottenhem"i məğlub edərək finala yüksəldilər. Həlledici görüşdə rəqib Münhenqladbax "Borussiya"sı idi. İlk görüşdə Kevin Kiqan (2) və Lerri Lloydun qolları sayəsində "Liverpul" 3-0 hesabı ilə qələbə qazandı. Klemensin penaltini dəf etməsi isə sonda çempionluğu gətirəcəkdi. Cavab görüşündə Yupp Haynkes çox çalışsa da zəfər "qırmızılar"ın oldu.

1973-74 mövsümü Şenkli üçün "Liverpul" macərasının sonu oldu. O, gözləntilərin əksinə, gedişilə belə "Liverpul"a xeyir gətirdi. Onun sayəsində məşqçi kimi formalaşan Bob Peysli tarix yazdı. "Liverpul" tarixinin ən yaxşı məşqçilərindən biri oldu. Hətta uğurlarının sayına görə Bili də qabaqladı. Ancaq hər kəs olanların arxasında Şenklinin əməyinin olduğunu bilirdi və bunu inkar etmirdi.

Şenkli işinin xaricində də “Liverpul”a çox bağlı biri idi. 1973-cü ildə qazanılan çempionluğu qeyd edərkən tribunadakı uşaq azarkeş ona “Liverpul” şərfi atmışdı. Lakin o, şərfi tuta bilməmiş, yerə düşən şərfi isə polis ayağıyla itələmişdi. Bilin polisə verdiyi cavab isə futbol kitablarına həkk olunacaqdı: “Bu sənin üçün adi şərf ola bilər, amma bəzilərinin həyatıdı”.
Məhz bu və ya bu tipli sözlər, ümumiləşdirsək, kluba olan sevgi onu “Liverpul”lu azarkeşlərin qəlbində həmişə yaşadır. “Enfild”in meydana giriş hissəsinə “This is Anfield” yazdırması, 1964-cü ilə kimi qırmızı-ağ rəngli olan formanın sırf rəqiblərini daha da qorxutması üçün “qırmızı” etdirməsini də buraya aid etmək istərdim.

Təsadüfi deyil ki, Şenklinin azarkeşləri salamlaması heykəl formasında "Enfild"in önündə qoyulub. Özü kimi salamlama tərzi də bir başqa idi. Bir salamı yetərdi "Enfild"i coşdurmağa... Bəlkə bir də "Enfild" onun qədər kimisə çox sevməyəcək, bəlkə bir də "Kop"u onun kimi heç kəs salamlamayacaq, ancaq yenə də çətin günləri geridə qoyub o qırmızı formanın və "Enfild"in nə məna verdiyini rəqiblərinə başa salacaq biriləri əlbət tapılacaq.
           
Bu günlərdə "Enfild" artıq rəqiblərini qorxutmur. Şenklini yada salmaq ehtiyacı duymağımın ən böyük səbəbi də bu idi. Buna baxmayaraq, heç bir şey Şenklinin yaratdığı reallığı- "Liverpul"un böyüklüyünü dəyişə bilməyəcək. Axı onlar yetərincə öyünəsi şeylərə sahibdirlər. Azarkeşləri, "Enfild", YNWA, ÇL tarixinin bəlkə də ən qeyri-adi çempionluğu, Robbi Fouler, Ceymi Karraqer, Stiven Cerrard, Kenni Dalqliş, Bob Peysli (siyahını çox uzatmaq olar) və nəhayət Bill Şenkli... Doğrudan da onun kimi həyatını bir kluba həsr etmiş insanlar haqda yazanda futbolun başqa anlamlar ifadə etdiyinin fərqinə varmaq bir o qədər də çətin olmur.

Hiç yorum yok:

Yorum Gönder