2 Şubat 2015

MISSION: IMPOSSIBLE


2004-cü il, 3 iyul, İngiltərə. “Uimbldon”un finalında son iki ilin (2002, 2003) çempionu, böyük dəbilqə turnirlərinin 6 qat qalibi Serena Uilyams 17 yaşlı, bir gün dünyanın ən yaxşısı olmağı xəyal edən qızla qarşılaşır. Tribunadakı insanlar normal olaraq Serenanın növbəti zəfərini gözləyir, mərcsevərlər kiçik əmsala böyük miqdarda pul qoyuluşu edərək, fürsətdən istifadə etməyə çalışır, təşkilatçılar isə oyun sonrası mükafatlandırma mərasimində Serenanı necə təqdim edəcəkləri barədə düşünürlər. Ancaq hadisələr tərsinə cərəyan edir - “game, set, match” sözləri məhz o 17 yaşlı qız üçün səslənir. Dərhal atasına doğru qaçır, onu qucaqlayır. Kameralar onlara doğru yönəldiyi bir vaxtda ata ilə qızın düşüncələri əks istiqamətdə uzaqlaşmaya başlayır: illər öncəyə qayıdırlar, gənc qız tennisə başladığı günləri, Martina Navratilovanın onun haqda dediyi sözləri xatırlayır, qızını Floridadakı Nik Bollettierinin tennis akademiyasına aparmaq üçün nələrdən imtina etdiyi, onun gələcəyi naminə yaşadığı yeri okeanın o tayına dəyişməsi və inşaatda çalışdığı günlər atanın gözləri önündən keçir. Birdən Mariya Şarapova səsləri eşidilir, keçmişə səyahət tamamlanır, çempion mükafatlandırma mərasimi üçün kortun mərkəzinə dəvət edilir. Maşa raketkası ilə tarix yazaraq 17 yaşında dünyanın ən prestijli böyük dəbilqə turnirinin qalibi adını qazanır.




O gün tennissevərlər yeni Navratilova-Evert rəqabətinin yaranacağına ümid edirdilər. “Niyə də olmasın?” – deyə düşünürdü, insanlar. Hər ikisini qarşıda uğurlarla dolu karyera gözləyirdi. Hələ çox turnirlərdə üz-üzə gələcəklərini təxmin etmək çətin deyildi. Elə həmin ildəcə keçirilən WTA mövsüm sonu finalının həlledici görüşündə baş verənlər ümidləri daha da artırdı. Serena kimi dominant bir tennisçi qarşısında üçüncü setdə 4-0 məğlub durumda olmasına baxmayaraq, geri dönüş edib seti 6-4, matçı isə 2-1 hesabı ilə qazanan Şarapova ili major notlarla bitirmişdi. İkili arasında oynanılan ilk 3 matçın 2-dən rus tennisçi qalib ayrılmışdı.


Görünüşünə görə həmyerlisi Anna Kurnikova ilə müqayisə olunan Şarapova erkən yaşlarda şöhrət qapısını aralaması və kortdakı davranışlarına görə isə Martina Hingisə bənzədilirdi. Birinci oxşarlığa bir o qədər də qatılmıram, Şarapova Kurnikovadan həm daha gözəl idi, həm də ondan fərqli olaraq, oynadığı tennislə gündəmə gəlməyi bacarırdı. Hingislə bənzərliklər isə doğurdan da var idi. Əslində, isveçrəli tennisçi yaş amilinə görə Maşanı qabaqlayırdı. O, 17 yaşı tamam olmamış artıq 3 böyük dəbilqə turnirinin – “Avstraliya Açıq”, “Uimbldon” və “ABŞ Açığ”ın –  qalibi olmuşdu. Şarapova isə 17 yaşında qazandığı “Uimbldon”la adından söz etdirmişdi. Bununla yanaşı, nə qədər gülünc səslənsə də, Navratilova amili də onları birləşdirirdi. Martina Hingisə məhz 18 böyük dəbilqə turnirinin qalibinin şərəfinə bu ad qoyulmuşdu, Maşanı isə hələ 6 yaşı olarkən Navratilova kəşf etmişdi. Hə, bir də Serena məsələsi var -  Hingis də Şarapova kimi karyerasının əvvəllərində Uilyamsla oynadığı ilk 3 matçın 2-dən qalib ayrılmışdı. Ancaq Martina 2002-ci ildə karyerasını bitirməyə qərar verəndə şəxsi görüşlərdə Serena 7-6 hesabı ilə öndəydi. Hamını bir sual maraqlandırırdı: bu səfər də sonda gülən tərəf amerikalı tennisçi olacaqdı?
2015-ci il, 31 yanvar, Melburn, “Avstraliya Açığ”ın finalı. Serena Uilyams Mariya Şarapovaya qarşı… 11 il öncə 17 yaşı olan qız artıq böyük dəbilqə dördlüsünü tamamlayıb, Melburnda ikinci çempionluğu qazanmaq üçün korta çıxır. Serena Uilyamsın tək hədəfi isə onu məğlub edib, Evert və Navratilovanı böyük dəbilqə titullarının sayına görə geridə qoymaqdan ibarət idi. Tennissevərlərin 11 il əvvəlki ümidləri isə artıq puç olmuşdu. Şarapova elə sonuncu dəfə 2004-cü ildə Serenaya qalib gəlmişdi. Ötən 11 il ərzində oynanılan 15 matçın hamısında məğlub olan rus tennisçi Uilyamsdan cəmi 3 set ala bilmişdi.


Serena həmişə olduğu kimi, yenə də favorit idi. Görüş Şarapovanın servis oyunu ilə başladı. İlk qeymdə Maşa 40-30 öndə idi. Ralli zamanı onu tərs ayaqda yaxalayan Uilyams xalı qazandı və matçda ilk “deuce” səsi eşidildi. Bu xala eyslə cavab verən Şarapova “advantage”i əlinə keçirdi. Ancaq öncə topu auta göndərən, sonra isə ikili foulla servisini qırdıran Maşa hesabda geri düşdü. Öz servis oyununu da qazanan Serena fərqi ikiyə çıxartdı: 2-0. Bu fərq setin 7-ci qeyminə qədər davam etdi. Qeymin gedişində oyunu beyslayna yönləndirən Serena istədiyi bucaqları yaxalayırdı. Buna Maşanın dabl foulu da əlavə olundu. Nəticədə amerikalı raketka ustası setin gedişində ikinci dəfə breyk etdi. 8, 9-cu qeymlərdə qarşılıqlı servislər qırıldı və Serena Uilyams birinci setdə 6-3 hesabı ilə qələbə qazanaraq önə keçdi.




İkinci setdə Şarapova Serena ilə başa-başa mübarizə apardı. Setin həlledici anları 5 və 7-ci qeymlərdə yaşandı. Serenanın servis oyunu ilə başlayan hər iki qeymdə rus tennisçi 30-0 öndə idi. Ancaq bu yerdə dünya bir nömrəsinin imdadına ən böyük üstünlüyü olan servisləri çatdı. Uilyams iki qeym ərzində 8 eys vurdu və xalları götürdü. Hər iki oyunçunun servis oyunlarını qazandığı setin qalibini müəyyənləşdirmək üçün tay-breykə ehtiyac duyuldu. Tay-breykə də eyslə nöqtəni qoyan Serena Uilyams 6-cı dəfə “Avstraliya Açığ”ın qalibi oldu. Böyük dəbilqə titullarının sayını 19-a çatdıran SW artıq təkcə Şteffi Qrafdan (22) geri qalır. Şarapova ilə şəxsi görüşlərin hesabında isə fərq 15-ə yüksəldi: 17-2.




Oyun nöqteyi-nəzərdən yanaşanda Mariya bu səfər heç də Uilyamsdan geri qalmadı. Sadəcə ikili arasındakı servis fərqi sözünü dedi. Serena bir çox kişi tennisçinin iki setdə bacarmadığını edərək 18 servisdən birbaşa xal çıxartdı. Cari ilin “Avstraliya Açıq” statistikasına nəzər salsaq, amerikalı tennisçi (88 eys) kişilərin yarışında finala çıxan Endi Marreydən (76 eys) də, Novak Cokoviçdən (61 eys) də daha çox eys vurub. Bununla yanaşı, Uilyams final matçında 3 və 3 zərbədən daha artıq davam edən rallilərin 75 faizindən, birinci servislərin isə 71 faizindən artığında sevinən tərəf idi. Yekun nəticəni ortaya çıxaran bir digər önəmli məqam isə SW-nin servis oyunlarında hesab 30-30 yaxud da 40-40 olarkən oynanılan xalların 63 faizindən artığını götürməsi idi. Bütün sadaladıqlarıma baxmayaraq, Şarapova göstərdiyi oyunla bir set almağa layiq idi. Maşa hər nə qədər qadın tennisində psixoloji cəhətdən örnək alınası önəmli fiqurlardan biri olsa da, qarşısında Serenanı görəndə sanki bütün amillərin təsiri sıfıra enir və o 11 il öncəki soyuqqanlı qızdan əsər-əlamət qalmır.
Qarşıdakı illərdə Serena və Şarapova finallarını hələ çox görəcəyik. İndi tennissevərləri 11 il öncə ilə müqayisədə nə ikinci Evert-Navratilova rəqabəti, nə də Şarapovanın şəxsi görüşlərin hesabına görə Serenanı üstələyib-üstələməyəcəyi maraqlandırmır. Çünki Şarapovanın bu MİSSİYAları yerinə yetirməsi artıq MÜMKÜNSÜZdü. Hamını bir sual düşündürür: Görəsən, nə vaxtsa Mariya 1 matçda Serenadan 2 set ala biləcəkmi?

Hiç yorum yok:

Yorum Gönder