21 Mart 2015

İmkansızı bacaran məşqçinin hekayəsi


8-9 yaşım olardı. Çoxumuzun etdiyi kimi, mən də dəftər tutub qeydlər aparardım – dünya çempionu olan yığmalar, maraqlı hadisələr, hesablar və s. Çempionlar Liqasının qalibi olan komandalarını siyahısını hazırlayanda qarşıma çıxan “Nottingem Forest” adlı klub həmişə diqqətimi çəkərdi. Bir gün böyüyəcəkdim, texnologiyanın köməyindən istifadə edib adını az-az eşitdiyim Çempionşip klubunun bunu necə bacardığı haqda məlumat əldə edəcəkdim.

Böyümüşdüm, artıq “Nottingem Forest” mənim üçün haqqında məlumatım olmadan sadəcə cari ilin nəticələrinə baxıb kupon yazdığım və pul qoyuluşu etdiyim komanda deyildi. Yuxarıda qeyd etdiyim uğurun memarını tanımaq şərəfinə çatmışdım. Sağolsun, sayəsində “Derbi” də “stavka” komandası olmaqdan çıxmışdı. Karyerası haqda oxuduqca ona olan heyranlığım daha da artırdı. Etdikləri imkansız görünürdü. Bir ara hətta “Nike”nin məşhur – “Impossible is nothing” – sloqanını ondan ilhamlanıb hazırladığını düşünürdüm.

Xəyallara inanan insanam... və hər birimizin bu dünyada hədəfi olduğunu, onları reallaşdırmaq üçün göndərildiyimizi düşünürəm. Gözümün önünə ideyalarını reallaşdıran insanlar gələndə qarşıma qoyduğum məqsədlərin bir gün həqiqət olacağına inamım daha da artır. Xüsusilə də xəyallarımın idmanla, daha dəqiq məşqçiliklə bağlı olması bəlkə də onun məni ilhamlandırmasına səbəb olmuşdu. Ancaq xəyallarımda canlandırdığım şeylər belə onun reallaşdıqlarının yanında cılız görünürdü. Çünki o, Brayan Klafdı - bestseller nağıllar yazarı...

Yaşasaydı, bu gün 80 yaşına qədəm qoyacaqdı. Bu gün ondan yazmamaq əldə deyildi. Əslində, çox olub haqqında yazmaq fikrinə düşmüşəm, ancaq hər dəfə qərarımı dəyişmişəm. Nə yazılsa da, ona layiq olmayacaq – bəlkə də belə düşündüyümdən. Bəlkə də etdiklərini yazmaq üçün lüğətimə əlavə etməli olduğum kəlmələrin sayını bilmədiyim üçün... Ancaq bu gün yazmalıydım, yoxsa vicdanım sızlayardı. Həm də başqa bir həmkarıma sözüm var idi. Qismət bu günə imiş...

Haqqında dastanlar yazılası adamdı, Klaf. Vikipedik məlumatları yazmağı sevmirəm. Ancaq belə görünür ki, bu gün istisna olacaq.


Klaf professional futbol karyerasına doğulub böyüdüyü Midlsbro şəhərinin eyniadlı komandasında başlayıb. Çox keçmədən “Big head” (başının formasına görə belə adlandırırdılar) komandanın əsas üzvlərindən birinə çevrilmişdi. “Midlsbro” formasıyla 213 matçda meydana çıxan və rəqib qapılarına 197 dəfə yol tapan Klafın şöhrəti qısa müddət ərzində adaya yayılmışdı. Ancaq sən saydığını say, gör fələk nə sayır. “Beri” qolkiperi Kris Harkerlə toqquşduqdan sonra dizindən zədə alan Klaf məhz bu səbəbdən karyerasını erkən bitirməli oldu. Hər şeydə bir xeyir var deyirlər, bu ifadəni fikirləşən deyəsən, Brayanı da nəzərə alıb. Əsas hadisələr məhz elə bundan sonra cərəyan etməyə başladı. Cəmi 30 yaşı olan Klaf “Hatlpul”a baş məşqçi təyin olundu. Yanında Piter Teylor da var idi. Brayanın Doktor Uotsonu Teylor... Yazını oxuduqca nə demək istədiyimin fərqinə varacaqsınız.


4-cü divizionda mübarizə aparan komanda mövsümü 8-ci pillədə başa vurdu. İlin sonunda “Hatlpul” rəhbərliyində dəyişiklik baş verdi və yeni klub idarəçiləri Klafla yolları ayırmaq qərarına gəldilər. Təqvimlər 1967-ci ili göstərirdi. “Möhtəşəm ikili”nin növbəti dayanacağı İngiltərə ikinci divizionunda (hazırda Çempionşip adlanır) çıxış edən “Derbi” klubu oldu. Brayan ölkənin cənubuna doğru yol almışdı.


Debüt o qədər də uğurlu alınmadı. Ancaq Klafi qərarlıydı. İkinci mövsüm ərəfəsində Roy MakFarlend, Con Ohare və Con MakQovern komandaya cəlb olundu. Brayanın başla yaxşı oynaya biləcək, o cümlədən komandada liderlik edəcək birinə ehtiyacı var idi. Ada futbolunun “Quql”u Piter Teylor Deyv Makayın adını çəkdi. Çox keçmədən Makay da “Derbi”li oldu. Brayan artıq beynindəkiləri yaşıl meydana yansıtmışdı. Nəticə də özünü çox gözlətmədi. “Derbi” 1968/69 mövsümündə İngiltərə ikinci divizionunun qalibi adını qazandı və İngiltərə birinci liqasına(indiki İngiltərə Premyer liqası) vəsiqəni təmin etdi. Ancaq adada “Derbi”nin uğurundan danışanların sayı çox az idi. Çünki əsas gündəm Don Revi və onun “Lids”iydi. Donun rəhbərliyi altındakı “Yunayted” İngiltərə futbolunda dominantlıq edirdi. Təəssüf ki, “Big head”in uğuru kölgədə qalmışdı. Manşetlərdə Revi, televiziyada Revi, Brayanın yuxularında Revi... Nəysə, davam...

1969/70 mövsümündə “Derbi” İngiltərə birinci liqasında dördüncü oldu. Bir sonrakı ildə isə Klafın komandası doqquzuncu pillə ilə kifayətləndi. Klubun əsas sponsorlarından olan “Rolls Roys”da müşahidə olunan krizis transfer siyasətinə təsir edirdi. Buna baxmayaraq, dili ilə ilanı belə deşiyindən çıxarda bilən Klaf istədiyi oyunçuları transfer etməkdə çətinlik çəkmirdi. Onun istəyi ilə Kolin Todd və Arxi Cemmill “Derbi”nin yolunu tutdu. Heçkəsin gözləmədiyi halda, “Kaunti” 1971/72 mövsümündə “Lids” , “Liverpul” və “Mançester Siti” ilə birlikdə çempionluğa oynayırdı. Son turda “Liverpul”u minimal fərqlə məğlub edən Klafın yetirmələri “Vulverhempton” – “Lids” matçının nəticəsini gözləyirdilər. Əslində, Brayan da, komanda üzvləri də çempionluqdan əllərini üzmüşdülər. “Uonderers”in qalibiyyəti inandırıcı görünmürdü. “Lids”in isə sadəcə 1 xala ehtiyacı var idi. O zamanlar indiki dövrün əksinə, çempionluq uğrunda mübarizə aparan komandalar oyunlarını eyni vaxtda keçirmirdilər. “Derbi”li futbolçular Piter Teylorla bərabər Malyorkada, Klaf isə ailəsi ilə birlikdə Sicilyada istarəhət edirdi. Ancaq imkansız görünən şey reallaşdı: “Vulverhempton” “Lids”i 2-1 hesabı ilə məğlub etdi. Klafi 37 yaşında bəzi məşqçilərin bir ömür boyu bacara bilmədiyini bacardı. Onun təvazökar “Derbi”si artıq İngiltərə birinci divizionunun çempionu idi. Bu, həmçinin 88 illik klub tarixində ilk dəfə baş verirdi.


Növbəti mövsüm “Kaunti” birinci liqada yeddinci oldu. Avropa Kubokunda (indiki Çempionlar Liqası) yarımfinala qədər yüksələn “Derbi”nin qarşısını isə “Yuventus” kəsdi. Klaf həmişə bu oyun haqqında danışarkən qarşılaşmanı idarə edən hakimlərdən gileylənirdi. Onun fikrincə, komandanın əsas silahları olan MakFerlend və Arxi Cemmilə göstərilən sarı vərəqələr düzgün deyildi. Hər iki futbolçu cəzalı vəziyyətə düşmüş və cavab qarşılaşmasında forma geyə bilməmişdi. Üstəlik “Yuventus”la oyun ərəfəsində Klafın “Lids”lə görüşdə sırf Don Reviyə qarşı olan şəxsi rəqabəti nəzərə alaraq əsas heyət üzvlərini meydana buraxması klub prezidentinin xoşuna gəlməmişdi. “Lids” oyunçularının həmişəki kobud hərəkətləri “Derbi”yə ağır başa gəlmişdi. Belə deyək, Klaf emosiyalarına məğlub olmuşdu.

1972/73 mövsümündən öncə “Lester”dən Devid Nişin rekord məbləğə (225 min funt) transfer edilməsi rəhbərliklə məşqçilər korpusu arasındakı münasibətləri daha da gərginləşdirdi. Bununla yanaşı, Brayan və Piter “Vest Hem”dən Bobbi Mur və Trevor Brukinqə 400 min funt sterlinq təklif etmişdilər. Çox keçmədən klub prezidenti Lonqson bu məsələdən xəbər tutdu. Bu, bardağdakı suyun dağılmasına səbəb olan son damlaydı. Brayanın məqsədləri böyük idi. O, çəkinmədən klub prezidenti ilə mübahisələr edir və çox zaman dediyini yeridə bilirdi. Karyerası boyunca özündən əmin olan və bunun üçün yetərincə sübutu olan Klaffi dediyindən dönmək istəmirdi. Bu arada, Brayan mətbuatda Don Revi və onun “Lids”ini tənqid edən yazılar yazır, bəyanatlar verirdi. Lonqson isə artıq Brayan və Piterin qovulması planını irəli sürmüşdü. Ancaq klub səhmdarları bu fikrin əleyhinə səs vermişdilər. Bir müddət keçdikdən sonra Brayan və Piter idarəçilərin onların yanında olduqlarını düşünüb azarkeşləri klub prezidentinə qarşı qaldırmaq üçün blöf edərək istefa məktublarını təqdim etdilər. Lakin Brayanın planı baş tutmadı. İstefa qəbul olundu və onu “Derbi” macərası bitdi. Azarkeşlər və futbolçular məsələ ilə bağlı klub rəhbərliyinə məktub yazsalar da, şəhərdə etiraz aksiyaları keçirilsə də, heç bir şey dəyişmədi. Brayanla Piterin “Derbi”yə qazandırdığı Deyv Makay Klafı əvəz etdi.

Brayanın növbəti iş yeri “Brayton” idi. Klub 1973/74 mövsümündə İngiltərə ikinci divizionunu son sıralarda bitirdi. İlk gündən etibarən Klaf “Albion”da çalışmaq istəmirdi. Dəniz sahili, ölkənin cənubu onu heç cəlb etmirdi. Mövsümün ardından “Lids”dən – tez-tez tənqid etdiyi klubdan təklif gəldi. Qəbul edəcəyi təqdirdə İngiltərə millisi ilə anlaşan Revini əvəz edəcəkdi. Məqsədləri olan Klafın buna yox deməsini gözləmək ağılsızlıq olardı. “Lids” o zamanlar üçün İngiltərənin ən güclü klubu hesab olunurdu. Hər nə qədər Klaf Revini xoşlamasa da, Don “Lids” üçün böyük işlər görmüşdü. O da əslində, Klaf kimi komandanı ikinci diviziondan əsas liqaya gətirmişdi. Revinin rəhbərliyi altındakı “Lids” iki dəfə çempionluq yaşamışdı. Onun dövründə “Yunayted” birinci divizionda heç vaxt ilk dördlükdən kənar düşməmişdi.

Bu səfər Piter Teylor Brayanın yanında deyildi. Pit “Brayton” prezidentinə hörmətsizlik etmək istəmirdi. Teylor Klafa nəzərən daha uzaqgörən idi. O, əslində faciədən xəbərdar idi. Sadəcə Klaf bunu görmürdü, görmək istəmirdi. Brayan sadəcə qarşısına qoyduğu hədəflərə çatmaq barədə düşünürdü. Klafın “Lids” karyerası bərbad keçdi. O, komandada cəmi 44 gün qala bildi. Brayan komandadakı Revi izini silməyin düşündüyü qədər asan olmadığını anladı. Klaf həmişəki kimi gözəl oyunun tərəfdarı olsa da, komanda Revinin dövründəki kobud futboldan imtina etmək fikrində deyildi. “Lids”in əsas oyunçuları – Conni Cayls, kapitan Billi Bremner və Norman Hanter onunla yola getmirdi. Bəlkə də Klafın ilk məşq zamanı dediyi sözlər onlara təsir etmişdi:

“Bütün qazandığınız medalları zibil qabına atın, çünki onların heç birini düzgün və ədalətli oynayaraq qazanmamısınız”.


Brayan “Lids”i cəmi 7 qarşılaşmada meydana çıxardı və bunların yalnız birində komandası qalib gələ bildi. Sonralar Klafın 44 günluk “Lids” macərasından bəhs edən kitab yazıldı və bu kitab əsasında “The Damned United” filmi çəkildi. Film həm Brayanın ailəsi, həm də “Lids”li futbolçular tərəfindən yaxşı qarşılanmadı. Hətta Conni Cayls bu barədə məhkəməyə də müraciət etdi. Nəticədə onun istəyi təmin olundu və bəzi səhnələr çıxarıldı. Caylsın dediklərinə görə, filmdə onunla Brayan arasında baş verənlərin heç biri həqiqəti əks etdirmirdi:

“Filmdə mənimlə Brayan arasında olan danışıqlar heç biri həqiqəti əks etdirmir. Bu, iyrənc bir şeydi. Klafın “Lids”də iş masasını yandırması da doğru deyil.

Düzünü desəm, Klafı yaxından tanımaq şansım olmayıb. Ancaq bir məşqçi kimi onun dahi olduğunu deyə bilərəm. Sadəcə bəzən yanlış zamanda yanlış yerdə olursan. O, daha sonra “Nottingem Forest”lə İngiltərə birinci divizonunun qalibi oldu. Həmçinin iki dəfə Avropa Kubokunu qazandı.

Mən hüququmdan istifadə etdim və məhkəməyə müraciət etdim. Brayanla aramdakı bəzi səhnələr filmin yenidən hazırlanmış ikinci hissəsində çıxarılıb. Təkcə mən məhkəməyə müraciət etdim, çünki sağ idim".


Erkən bitən “Lids” macərasının ardından Klaf məşqçiliyə fasilə verdi. 1 illik aradan sonra o, ikinci divizionda sonuncu pillələrdə gedən “Nottingem Forest”lə anlaşdı. Brayanın komandası ilk mövsümdə səkkizinciliklə kifayətləndi. Artıq Klaf Teylorsuz ona çətin olduğunu başa düşmüşdü. Çünki Pit kimi yaxşı analiz qabiliyyətinə malik güclü skautluq istedadı olan məşqçilərin sayı az idi. Əslində, Teylorun cənubdakı işləri də qaydasında deyildi. Brayan dilini işə saldı və “möhtəşəm ikili” yenidən bir araya gəldi. Elə həmin ildəcə klub İngiltərə birinci liqasına yüksəldi. Əsl möcüzə irəlidəydi. Heç kimin gözləmədiyi halda, birinci diviziona çıxdığı ildəcə “Nottingem Forest” çempion adını qazandı. 1977/78 mövsümündə klub İngiltərə Liqa Kubokunun da sahibi oldu. Lakin nağıl bununla da bitmədi. 1978/79 mövsümü ərəfəsində İngiltərə futbol tarixinin ilk 1 milyonluq oyunçusu - Trevor Frensis transfer edildi. “Nottingem Forest” İngiltərə birinci divizionunu “Liverpul”un ardından ikinci sırada bitirdi. Əvəzində notingemlilər Avropa Kubokunda “Liverpul”, “Aek”, “Qrasshoper” və ”Köln”ə qalib gəldikdən sonra finala vəsiqə qazandılar. Həlledici oyunda “Malmö”nü Brayanın diliylə desək, “əli cibində olan adam” - Trevor Frensisin qolu ilə 1-0 hesabıyla məğlub edən “Nottingem Forest” Avropa Kubokunu qazandı. Titullar siyahısına sonradan Avropa Superkuboku da əlavə olundu. İkinci divizionun ortabab komandalarından birini əsas diviziona çıxarmaq, elə həmin ildəcə çempion etmək, bir il sonra isə Avropanın ən güclüsü olmaq - bunu günümüzdə top məşqçilər dediyimiz hansı çalışdırıcı bacarardı? Yəqin ki, heç kim. İkinci bir Brayan Klaf dünyaya gəlmədikcə əsla. Hələ davamı da var. Bu, Brayanlı “Nottingem”in yeganə Avropa kuboku olmadı. 1979-80 mövsümündə klub ard-arda ikinci dəfə Avropanın ən güclüsü oldu. “Hamburq”la görüşdə Robertsonun qolu kuboku Nottingemə gətirdi.




Sonralar müvafiq olaraq 1982/83,1987/88, 1988/89 mövsümlərində qazanılan üçüncülüklər “Nottingem”in təsəllisi oldu. Teddi Şeringem və Des Uolkerin satılması ilə klub daha da zəiflədi və 1992/93 mövsümündə 16 illik fasilədən sonra yenidən İngiltərə ikinci divizionuna qayıtdı. Brayan Klaf məsuliyyəti öz üzərinə götürərək istefa verdi və məşqçilik karyerasına son qoydu. Ancaq o, futboldan tam olaraq ayrı düşməmişdi. “FourFourTwo” jurnalında tez-tez Brayanın məqalələri çap olunurdu. İçkini həyatından çıxara bilməyən Klaf 2004-cü ildə mədə xərçəngindən dünyasını dəyişdi.

Yəqin ki, hamınızı Klafın köməkçisi və ən yaxın dostu Piter Teylorun taleyi maraqlandırır. O, 1982-ci ildə məşqçilik karyerasına son qoyduğunu açıqlasa da, 6 ay sonra “Derbi” ilə anlaşdı. Teylorun “Nottingem”li Con Robertsonu Brayandan xəbərsiz transfer etməsi ikilinin arasında incikliyə səbəb oldu. Bu məsələnin ardından Brayan Piterlə danışmadı. Buna baxmayaraq, Klaf köhnə dostu ilə vidalaşmağa özündə güc tapdı. 1990-cı ildə vəfat edən Teylorun dəfn mərasimində ən ön sıralarda Klaf var idi. “Big head” 1994-cü ildə yazdığı avtobioqrafiyasında da Piterə geniş yer ayırmışdı.

Bir çox məşqçilər taktiki zəkaları ilə tarix yazıblar. Ancaq Klaf onlardan fərqli olaraq, dünya futboluna böyük yeniliklər bəxş etməyib. Əvəzində üzərindən illər keçsə də, heç kəsin bacara bilməyəcəyi şeyləri bacarıb. O, sadəcə gözəl futbolun tərəfdarı idi. Sərtliyi, kobud oyunu xoşalmırdı. “Lids”i sevməməsinin ən böyük səbəbi də elə bu idi. Hətta anekdota görə, Klaf “Nottingem”də işləyərkən futbolçulara “harda qırmızı formalı birini gördünüz, pas atın, başqa bir şeyə ehtiyac yoxdu” deyərmiş.


Klafi böyük motivator idi. O, oyundan öncə, fasilədə kimə nə demək lazım olduğunu çox yaxşı bilirdi. Brayan sıfırdan müsbət ədəd yaratmağa qadir idi. Klaf üçün intizam və qarşılıqlı hörmət əsas idi. 1978/79 mövsümündə Avropa Kubokunun finalından öncə “Nottingem”in hücumçusu Qarri Bertlesin üzünün tüklü olduğunu görən Brayan ona “Avropa Kubokunun finalına çıxmışıq, sən isə üzünü qırxmamısan, otağına qayıt və təraş ol” demişdi. Təbii ki, Qarrinin Brayanın dediyini etməkdən başqa çarəsi yox idi. Bu səbəbdən klub finalın oynanacağı Münhen Olimpiya stadionuna qarşılaşmanın başlamasına 45 dəqiqə qalmış çata bilmişdi.

"Big head" həmişə futbolçularından hörmət əlaməti olaraq ona “Cənab Brayan” deyə xitab etmələrini istəyərdi. Bu səbəbdən bir neçə futbolçu ilə arasında mübahisə yaranmışdı. Hətta deyilənə görə, “Derbi”nin böyük hesabla məğlub olduğu görüşlərin birindən sonra Klaf gülərək söhbət edən iki çayçını işdən qovdurub.

Brayan Klaf dedikləri ilə gündəm yaratmağı bacarırdı. İllər keçsə də, işlətdiyi ifadələrin bəziləri unudulmur. Onlardan bir neçəsini qeyd etmək istəyərdim :

İngilislərin hava toplarına əsaslanan futbolunu tənqid edərkən: “Əgər tanrı bizdən buludların arasında futbol oynamağımızı istəsəydi, onların içərisinə ot qoyardı”.

”Roma bir gündə inşa edilməyib, amma mən də inşaat işi ilə məşğul deyiləm”.

”Taktiki sxemlər deyil, futbolçular oyunu uduzdurur. Dominonun necə oynanıldığını bilməyən adamlar taktika haqqında danışırlar”.

”Simen yaraşıqlıdı, ancaq topdan çox aynaya baxmaqla vaxtını keçirir. Bu saçlarla qolun qarşısını ala bilməzsən”.

Sven Qoran Eriksson haqda : “Nəhayət ki, İngiltərənin ingilis dilini futbolçulardan daha yaxşı bilən baş məşqçisi oldu”. 

“Oyunçularla aramda mübahisə yarananda təxminən 20 dəqiqəyə yaxın danışırıq, axırda mənim haqlı olduğuma qərar veririk”.

Klafın jurnalistlərdən birinin "İngiltərə yenidən dünya çempionu ola bilərmi?" sualına verdiyi cavab: “Transfer etmək istədiyim futbolçunu həmişə bir kənara çəkib, onlara eyni sualı verirəm: “Səndən 3 yaş balaca qardaşın var. 41 il sonra aranızdakı yaş fərqi nə qədər olar?” Transfer etdiyim futbolçular bir kənara, ümumi komandada bu suala təkcə Bob MakKinley düzgün cavab verə bilib. Elə buna görə də İngiltərənin belə futbolçularla yenidən dünya çempionu olmaq şansı yoxdu”. 

“Ən yaxşı məşqçi olduğumu deyə bilmərəm, ancaq zirvədəyəm”. 

“Əgər məndən xoşunuz gəlirsə, öldükdən sonra yox, sağlığımda mənə gül göndərin”. 

Bağışla, ustad, yaşım etibarı ilə ancaq sən vəfat etdikdən sonra cızmaqara edə bildim.

“Dünyanın gəlmiş-keçmiş ən yaxşı məşqçisi kimdi?” sualına cavablar müxtəlif olur: Ser Aleks Ferqyuson, Bob Peysli, Rinus Mixels, Elenio Errera, Arriqo Sakki, Valeri Lobanovski, Bill Şenkli, Mett Basbi... Ancaq mənim üçün tək cavab var: Brayan Klaf. Onun haqda sizi nə qədər məlumatlandırdığımı bilmirəm, ancaq inanın ki, Brayan Klaf ömrünüzün yetdiyi qədər haqqında oxunulması, öyrənilməsi vacib olan nadir şəxslərdəndi. Bir gün Naycel Klaf başda olmaqla, səndən geri qalanlarla görüşüb, haqqında kitab yazmaq ümidiylə...

Hiç yorum yok:

Yorum Gönder