7 Şubat 2016

Super Bowl 50 (Preview)

Bu gün mənə görə dünyanın idman təşkilatçılığı baxımından ən böyük çempionatında mövsüm bitir - NFL-də. Qəribə gələ bilər, amma belədi, hətta o ağız dolu danışılan NBA belə NFL qədər deyil. Təşkilatçılıq məsələlərini bir tərəfə qoyaq, reqlament tərəfdən də NFL daha cəlbedicidi: sıxmır, yormur, zamanında bitirir.

50-ci Super Boul matçı "Karolina Panters""Denver Bronkos" arasında oynanılacaq. Peyton Menninqlə Kem Nyutonun qarşıdurması maraqla gözlənilir. Menninqin o möhtəşəm karyerası bitir, Nyuton isə gənc yaşına baxmayaraq, 10 ildir liqada imiş kimi oynayır.

Bir az finalçılardan danışım. "Denver" hücumu bu mövsüm problemlərlə boğuşur. Artıq yaşı 40-a yaxınlaşan əfsanə Menninqin normal olaraq əvvəlki formasından uzaq düşməsinin bunda payı böyükdü. Hücum xəttinin çətinə düşdüyü anlarda hərəkətli olub ekstra variantlar tapa bilmədiyindən topu kənara atmağa məcbur olur. NFL izləyənlər bilər: "Panters" qb-lərə yaxından press edən komandalardandı. "Bronkos"un bu mənada işi çətin olacaq. Menninqin əlinə pas nöqtəsini tapmaq üçün lazımı müddət düşməsə, iş bitə bilər. Amma əksi olarsa, Menninqin IQ-su "Denver"ə 3-cü çempionluğu gətirəcək.

"Panters"in diqqət etməli olduğu oyunçulardan biri Ronni Hilmandı. Bu il ondan gözlənilməyəcək qədər "böyük" oynayır. Pasları ələ keçirmək məsələsinə gəlincə, "Bronkos" bu mənada "Panters"dən açıq-aşkar üstün olan tərəfdi. Demarius Tomas və Sanders açar fiqurlardı.

"Denver"i finala gətirən məsələ - müdafiəsi. Tək kəlimə ilə möhtəşəmdilər. Linebacker duosu - Miller&Verin qb təzyiqini maraqla gözləyirəm. Konfrans finalında Bredini "boğmuşdular". Kem Nyutonun nə qədər böyük qb olması məhz onlara qarşı oyunuyla təsdiqini tapa bilər. Derek Vulfu da unutmayım.

"Karolina" müntəzəm çempionatı 15-1-ilə bitirərək 2007-dən bəri ən yaxşı nəticəyə imza atdı. Hücumda 31 xal ortalamasını keçməyi bacarıblar. Hücum xəttinin Nyutona düşünmək üçün lazım olan müddəti verməsi, üstəlik, Kemin özünün xətt sıxışdığı anlarda 2-3 nəfərdən sıyrılıb yard keçməsi komandanın şanslarını artırır. Amma hər şey bu qədər sadə də deyil: "Bronkos" 1v1-i yaxşı səviyyədə edə bilsə, "Panters"in işi çətinləşəcək. RB-lərdən Styuartla Tolbert nə qədər yaxşıdılarsa, WR-lar bir o qədər bərbaddı komandada.

Müdafiələri hücumları qədər yaxşı olmasa da, "Arizona" ilə görüşdə arxa xətti kənara atmağın düzgün olmadığını göstərdilər. Şort müdafiədə "açar adam" ola bilər. Menninqin azhərəkətliliyindən faydalana bilsə, ekstra hücumlar qazanmaq olar. LB-lərdən Luk Kikli qaçış məsafələrini daralda bilsə, niyə liqanın ən yaxşı müdafiəçilərindən biri olduğunu canlı olaraq sübuta yetirə bilər.

Favorit olan tərəf "Karolina Panters"di. Mövsüm ərzində oynadıqları futbolu bu gün də meydana yansıtsalar, qazanan tərəf olacaqlar: ekstra bir şeyə ehtiyac yoxdu. Məncə, təxmin edildiyi kimi, pas yollarını bağlamaqla, təzyiqi Menninqin üstünə yıxmağa çalışacaqlar. Peytonu çətinə salmaqla, asanlıqla "Bronkos"un cəhdlərini bitirə bilərlər. Menninq nə edəcək bəs? Yəqin ki, yaxın paslarla - 5 yardlarla irəliməyə çalışacaq, o da nə qədər davam edər, sual işarəsidi.

İşin əyləncə tərəfi - bu gün fasilədə sevimli Coldplay səhnədə olacaq. Tək olmayacaq həm də. Ona ötən illərdə möhtəşəm şoularla yadda qalan BeyonseBruno Mars kömək edəcəklər. Super Boul əyləncə baxımından həmişə gözləniləndən artığını verib. Şübhəsi olanlar "YouTube"da ilbəil Super Boul HT şoularına baxa bilərlər. Yəni, əminəm ki, yuxu ağır basdığı dəqiqələrdə yenə imdada çatacaqlar.

Aramızda narkotiki idmandan qəbul edənlər varsa, bu gecəni qaçırmasınlar. Oyun Bakı vaxtı ilə saat 03:30-da başlayacaq.

Hiç yorum yok:

Yorum Gönder