1 Nisan 2016

1 aprel: Kroyf "Barselona"ya, van Haneqem sirkə...

Günün məğzinə uyğun: 3-4 il əvvəl bu iki əhvalat haqda oxumuşdum. Bu gün danışmaq yerinə düşər. Deməli, 1973-cü ilin 1 apreli, Hollandiyanın “Brandpunt” qəzeti “Yohan Kroyf “Barselona”da” başlıqlı xəbəriylə hamını təəcccübləndirir. Transfer məsələsini eşidən "Ayaks" azarkeşləri kluba zəng dalıyca zəng filan... Amsterdamlıların prezidenti Yap van Praq hamını belə bir şey baş vermədiyinə dair inandırmağa çalışsa da, cəhdləri baş tutmur.

Təxmin etdiyiniz kimi, bu, qəzetin oxuyucularına etdiyi 1 aprel zarafatı idi. İşin gülməli tərəfi: sadəcə 3 ay sonra zarafat reallıq olur və Rinus Mihels tələbəsini yanına aparır. 

Sözügedən qəzetin oxuyucularına etdiyi bir başqa zarafat isə “Ayaks”ın əzəli rəqibi “Feyenoord”un fanatlarını özündən çıxarmışdı. “Vim van Haneqem karyerasını bitirmək qərarına gəlib və bundan sonra Boltini sirkində çalışacaq” başlıqlı xəbər “De Kayp”ın önündə protestlərə səbəb olmuşdu. Təsadüfdən həmin gün Haneqemin həyat yoldaşı Truus əməliyyat olunmalı idi. Deyilənə görə, xəbər yayıldıqdan dərhal sonra holland futbolçu xəstəxanaya gedərək bütün bunların zarafat olduğunu başa salmaq məcburiyyətində qalıb.

Daha sonra həm Kroyf, həm də van Haneqemin zarafat məqsədi daşıyan xəbərlər müqabilində qəzetdən pul aldıqları ortaya çıxmışdı

Hiç yorum yok:

Yorum Gönder