20 Eylül 2017

Rak&Rak – Sevgi hekayəsi


Bu dəfə mövzu fərqlidi. Sırada sevgi hekayəsi var. Yəqin, əksəriyyət İvan Rakitiçin sevgili Rakeliylə necə tanış olduğunu ucundan-qulağından bilir. Ancaq arzu edirsinizsə, tamamını bir də səbəbkardan oxuyaq:

"Tam da “Hollivud”luq hekayəm var. Romantik komediyadı, amma tamamilə həqiqəti əks etdirir. Hər şey xorvatiyalı birinin bara daxil olması ilə başlayır.

2011-ci il, 21 yaşım var… İspaniyaya çatanda axşam saat 10 idi. 4 illik “Şalke“ karyeramın ardından, “Sevilya“ ilə müqavilə imzalamaq üçün buradaydım. Tibbi baxışdan keçməli və kağızları imzalamalı idim.

Böyük qardaşım Deyan da mənimlə birlikdə idi. Otelə çatanda bəzi klub rəsmiləri ilə yemək yedik. Yeməkdən sonra gərgin idim, gözümə yuxu getmirdi. Qardaşıma dedim: “Gəl, yatmamışdan öncə bir az içək“.

Bu sözlər həyatımı dəyişdi. Çünki otelin barında işləyən qız… Vau… Bir anlıq hər şey “slow motion"a keçir. O, çox gözəl idi.

Öz-özümə dedim: “Sevilya. Vau. Bu yeri sevdim”.

İspanca bilmədiyimdən, “hola”dan (salam) başqa heç nə deyə bilmədim. Alman, ingilis, italyan, fransız və serb-xorvat dillərini bilirdim, amma siyahımda ispan dili yox idi. Qorxunc anlar idi.

Qardaşımla söhbətləşərkən telefonuna zəng gəldi. Bizim Sevilyada olduğumuzdan xəbərdar olan hansısa böyük Avropa klubunun rəsmiləri, “Sevilya” əvəzinə həmin klubla müqavilə imzalamağım üçün özəl təyyarə göndərməyə hazır olduqlarını dedilər.

“Sevilya” ilə rəsmi anlaşmamız yox idi. İspaniyaya köçmək mənim üçün böyük addım idi, ancaq bir o qədər də riskli idi: yeni ölkə, yeni dil, heç kimi tanımırdım. Mənim üçün özəl təyyarə göndərməyə hazır olan bir klub… - fikrimi dəyişdirməyə dəyəcək səbəb deyildi.

Qardaşım soruşdu: “Nə etmək istəyirsən?”

Mən: “Artıq “Sevilya” prezidentinə “hə” demişəm.

Verdiyim söz atacağım imzadan dəyərlidir”.

Qardaşım tərəddüd etmədən razılaşdı.

Əlavə elədim: “Oradakı xanım ofisiantı görürsən? “Sevilya”da oynayacam və bu xanımla evlənəcəm”.

Qardaşım gülürdü: “Ok. Sən nə deyirsənsə, odur”. Zarafat elədiyimi düşünürdü.

Ofisiant xanım bizə yenidən yaxınlaşdı və qalxıb-qalxmayacağımızı soruşdu. Qardaşıma dedim: “Hələ də gərginəm. İnanmıram ki, yata bilim. Birini də içək”.

Səhər “Sevilya” ilə müqavilə imzaladım və ev axtarana qədər 3 ay boyunca həmin oteldə yaşadım. Hər gün səhər o gözəl ofisiant xanımı görmək üçün otelin barına yaxınlaşıb kofe və “Fanta” sifariş edirdim.

Tək bildiyim adının Rakel olduğu idi. O, ingiliscə danışa bilmirdi, mən isə ispanca. Hər gün eyni şey: “Salam, Rakel. Bir kofe və “Fanta”.

Necə izah edəcəyimi bilmirəm. Bəzən biriylə qarşılaşırsan, səni tamamilə başqa hisslərə qapılmağa məcbur edir. Onu hər görəndə içimdə sanki bomba partlayırdı.

Zamanla yavaş-yavaş ispan dilini öyrənməyə başladım. Fikrimi çatdırmaqda çətinlik çəkəndə isə əllərimdən istifadə edirdim. Mən əl-qolla nəsə başa salmağa çalışanda gülürdü. Ceynlə Tarzan kimi bir şey idi.

Çox kofe içirdim, gülünc haldaydım. Bəlkə də 20-30 dəfə ona görüşmək təklifi etmişdim. “Yox” demirdi, ancaq "hə" də demirdi. Hər səfər bəhanə uydururdu. Üç ay sonra evə köçdüm. Hər şeyin bitdiyini düşündüyümdən, özümü pis hiss edirdim. Amma əl çəkmədim. Kofe içmək üçün yenə otelə getməyə başladım.

İşdə olmayanda dərhal başqa məkana üz tuturdum. Orada olanda isə... gün mənim günüm idi.

İspancam inkişaf edirdi. Artıq yavaş-yavaş danışa bilirdik. Özümü bütün gün ispan TV kanallarına baxmağa və ispan radiosu dinləməyə məcbur edirdim. Özümü şanslı sayıram, çünki Balkan zonasından olanlar dil öyrənməkdə bacarıqlı olurlar. Niyəsini bilmirəm, amma belədir.

Bir gün Rakel mənimlə görüşməməsinin səbəbini açıqladı: “Sən futbolçusan. Növbəti il başqa ölkədə ola bilərsən. Bağışla məni, ancaq olmaz”.

Öz-özümə düşündüm: “Bəlkə də yaxşı oynamayacağıma və “Sevilya”nın yayda məni satacağına inanır”.

Artıq məşqlərə, buralarda daha çox qalmaq və bu qızı mənimlə yeməyə getməyə razı salmaq üçün xüsusi motivasiya ilə çıxırdım. Tam 7 ayımı aldı mənim: 27 yanvarda İspaniyaya gəlmişdim, 20 avqusta qədər gözləməli oldum. Həmin gün mənə mesaj gəldi: “Qız bu gün işdə deyil, hazırda bacısıyla birlikdə barda içir”.

Görürsən, şəhərdə hamı mənim hekayəmi bilirdi, ona görə də həmin an barda olan biri məni olanlardan xəbərdar etmişdi. Mənbəmin adını verməyəcəm.

Dostumla birlikdə otelə yollandıq. Rakelin yanına oturdum və dedim: “Bu gün işləmirsən. Artıq mənimlə yemək yemək üçün vaxtın var”.

Təəccüblənmişdi. Nə edəcəyini bilmirdi. Əlavə etdim: “Sənsiz bir yerə gedən deyiləm. Bacınla olduğunu bilirəm. Ancaq bu gün yeməyə çıxmalıyıq. Mənimlə gəl. Hətta hamımız bir yerdə gedək...”

Birlikdə oradan ayrıldıq. Bir gün sonra da yemək yedik və o gündən bəri bərabərik. Birlikdə 6 il və iki gözəl qız uşağı...

Həyatımda bacardığım ən çətin şey idi. Çempionlar Liqasını qazanmaqdan daha çətin idi. Açığı, elə bir o qədər vaxtımı aldı.

Ailəsi ilə ilk dəfə tanış olduğum an daha da komik idi. Artıq ispancam çox irəliləmişdi. Ancaq birdən-bir böyük bir ailənin ətrafında olanda... Allahım, çox sürətlə danışırdılar, özü də Sevilya ləhcəsi ilə.

Atası mənimlə zarafatlaşmağa çalışırdı, ancaq dediklərindən heç nə anlamırdım. Özümü başa düşürmüşəm kimi göstərib, yalandan gülürdüm. Ancaq danışılanlar haqqında heç bir fikrimin olmadığını başa düşürdü. Sonunda dilləndi: “Eybi yox. İki-üç ay sonra hər şeyi başa düşəcəksən”.

Sevilyalılar cana yaxın insanlardılar, onlar hər kəsi öz ailələrindən biri kimi qəbul edirlər. Həyat yoldaşımın futbol haqda heç bir anlayışı yoxdur, bu səbəbdən ailəsinin də elə olduğunu düşünürdüm. Amma sən demə, onlar əsil “Sevilya” azarkeşləri imiş. Rakelin babası, mən onunla tanış olmamışdan öncə dünyasını dəyişmişdi. Həyat yoldaşımın atası onun xəstəxanadakı son günlərindən bəhs edərdi. Deyərdi ki, tibb bacısı onu soyundurub xəstəxana paltarı geyindirirmiş, ancaq o, təkcə saatını çıxarmaqdan imtina edib.

Saat “Sevilya” atributlarını daşıyan özəl saat imiş...

Rakelin babası tibb bacısına deyib: “Olmaz, bu, sona qədər mənimlə qalacaq. Klubumla birlikdə bu dünyadan köçəcəm”.

Məncə, insanlar futbolçuların həyatlarındakı insanlardan necə təsirləndiklərini anlamırlar. Həmişə müsahibə zamanı bizdən məşqçi, məşq prosesi və taktika haqda soruşurlar. Biri də çıxıb, meydandan kənar nələrin baş verdiyi barədə sual vermir. Məncə, bu da önəmlidir. 6 il ərzində İsveçrədən Almaniyaya, oradan isə İspaniyaya köçmüşdüm. Olduqca gərgin, bir o qədər də yalnızlığı hiss etdiyim təcrübə idi. “Bazel” və “Şalke”də olanda da yaxşı futbolçu idim, ancaq həmişə nəyinsə çatışmadığını düşünürdüm.

Həyat yoldaşımla qarşılaşanda uğrunda oynaycağım bir şeyə sahib olduğumu anladım. Düzü, elə ondan sonra karyeram yüksəlişə keçdi. “Sevilya”da çox özəl illərimiz olub. 2013-cü ildə, Maradonadan sonra komandanın kapitanı seçilən ilk legioner futbolçu oldum. Bu, mənim üçün şərəf idi - xüsusilə də klubun həyat yoldaşımın babası üçün nə anlama gəldiyini anladığım üçün...

Böyük qızımızın dörd yaşı var. Artıq Barselonada insanların futbolu necə önəmsədiklərini anlamağa başlayır. Rakellə proqnozlaşdırmağa çalışırıq: görəsən, mənim kimi futbol xəstəsi olacaq, yoxsa anası kimi futboldan heç nə anlamayacaq? Hələlik ikisinin ortasında bir yerlərdədi.

Bəzən onunla birlikdə evdə futbola baxırıq. Qol vurulanda və qolun müəllifi məndən qeyri biri olanda özündən çıxır: “Yox! Qolu sən vurmalısan!”

Messi və ya Suarez, fərqi yoxdur, qolu ata vurmalıdı. O, assist edə bilməz, ancaq qol vurmalıdı. Mən də öz növbəmdə ən yaxşısını edirəm. Bəlkə də Leoyla bu barədə danışmalıyam".

Tərcümə: Rüfət Məcid

Hiç yorum yok:

Yorum Gönder