15 Ekim 2015

Battle of the Sexes


Serena Uilyams kişilərin turuna qatılmalıdı – tez-tez bu cümləni eşidirəm. Yəqin ki, çoxu sırf maraq naminə, elə bir hal reallaşarsa, oyunun nəticəsinin necə olacağı barədə düşünür.
Tarixə nəzər salsaq, qadın və kişi tennisçilər bir neçə dəfə aralarında güclünü müəyyənləşdiriblər. Bu mənada "Battle of the Sexes" qarşıdurmalarını qeyd etməliyəm. Oyunların ilki 1973-cü il 13 may tarixində Kaliforniya/Ramonada keçirilib. Həmin gün 55 yaşlı Bobbi Riqqs Marqaret Kortla (30) qarşılaşırdı. Riqqs professional karyerasını çoxdan bitirməsinə baxmayaraq, tez-tez qadın tennisinə, o cümlədən tennisçilərə şifahi şəkildə sataşırdı. O, 55 yaşında belə əli raketka tutan ən güclü zərif cins nümayəndələrinə qalib gələ biləcəyini iddia edirdi. Əslində, Riqqs Billi Cin Kinqlə oynamaq istəyirdi, ancaq BCK onun təklifini rədd etmişdi. Əvəzində Marqaret Kort oynamağa razılıq vermişdi. 5 000 tennissevərin izlədiyi matçı lobları və dropları ilə diqtə edən Riqqs 2:0 (6:2, 6:1) hesabı ilə qalib gəlmişdi. Oyun Analar Gününə təsadüf etdiyindən “Analar Günü qətliamı” adlandırılır.
İlk “Battle of the Sexes” qarşıdurmasından sonra özünə güvəni daha da artan Riqqs qadın tennisini məsxərəyə qoymaqda davam edirdi. Bobbinin açıqlamalarının təsirində olan Billi Cin Kinq (29) təklif olunan müqavilənin yüksək maliyyə şərtlərini də nəzərə alaraq bu səfər - 1973-cü ilin sentyabrında - oynamağa razılıq verdi. İlk görüşdən fərqli olaraq, matç TV-də canlı yayımlanırdı. Qalib gələn tennisçi kassasına 100 min dollar əlavə edəcəkdi. Bobbi Riqqs korta Sugar Daddy jaketi ilə gəlmişdi. Buna görə o, 50 min dollar mükafat almışdı. Billi Cin isə korta Kleopatra kimi daxil olmuşdu. Kortun məğlubiyyətindən dərs çıxaran Kinq öz hücum oyununu oynamaq əvəzinə, Riqqsin soft şotlarının qarşısını almaq üçün beyslayndan oyun qururdu. Bobbi qarşılaşmanın gedişində servis-volleyə keçsə də, bunun bir faydası olmamışdı. Sürprizə imza atan Billi Cin 3:0 (6:4, 6:3, 6:3) hesabı ilə qalib gəlmişdi.
Sözügedən matçın üzərindən 40 ildən artıq müddət keçməsinə baxmayaraq, hələ də söz-söhbətlər səngimək bilmir. Riqqsin qəsdən uduzduğunu düşünənlərin sayı çoxdu. Bobbi mərci sevən insan idi. Onu tez-tez adi şeylər üstündə kiminləsə bəhsə girdiyini görə bilərdiniz. O, həmçinin qumara aludə olması ilə də tanınırdı. Kinqlə oyun ərəfəsində Bobbinin qumar borcları xeyli artmışdı. İddialara görə, Billi Cinə verilən əmsalın yüksək olduğunu görən Riqqs məhz borclarını bu yolla bağlamaq fikrinə düşüb. Oyun zamanı onun tez-tez dabl foul etməsi və sadə xətalara yol verməsi bu ehtimalları daha da gücləndirirdi. Əslində, bu iddiadan xəbərsiz olduğum halda, oyunun icmalına baxanda nəsə anormal şeylərin olduğunu mən də düşünmüşdüm. ESPN oyundan 40 il sonra Riqqsin qəsdən uduzduğunu iddia edən birini efirə çıxaranda hisslərimin məni yanıltmadığı qənaətinə gəldim. Həmin şəxs matçdan bir neçə gün əvvəl mafiya üzvlərinin oyun alqı-satqısı edəcəkləri barədə söhbətini eşitdiyini bildirirdi. Onun sözlərinə görə, məğlubiyyət müqabilində Riqqsin borcları sıfırlanacaqdı. Digər tərəfdən isə Riqqsin ən yaxın dostu Lornie Kuhle, oğlu və rəqibi Kinq bu iddianı təkzib edirlər. Bu məsələ hələ də tam olaraq həllini tapmayıb. Riqqs sonradan Kinqlə yenidən oynamaq istəsə də, amerikalı qadın tennisçi buna razılıq vermədi. Təkcə ABŞ-da 50 milyon adamın izlədiyi Riqqs – Kinq matçı əsl “Battle of the Sexes” hesab olunur.
Seriyanın 3-cü oyunu, bir digər adla “Battle of the Champions” isə 1992-ci ildə keçirildi. Bu səfər Martina Navratilova (35) Cimmi Konnorsla (40) qarşılaşırdı. Las Veqas/Nevadanın ev sahibliyi etdiyi oyunda iki cins arasındakı fərq nəzərə alınaraq Konnorsa xal başına cəmi bir servis vurmaq haqqı verilmişdi. Həmçinin Navratilova üçün cütlər kortunun xətləri də aktiv idi. Bütün bunlara baxmayaraq, Konnors 2:0 (7:5, 6:2) hesabı ilə qələbə qazanan tərəf olmuşdu. Konnors daha sonra yazdığı “The Outside” avtobioqrafiyasında oyun ərzində rəqibinə 8 qeymdən çox verməyəcəyinə 1 milyon dollar mərc oynadığını etiraf etmişdi.
Serena ilə başlamışdım. Əslində, hamının maraqla gözlədiyi o an 1998-ci ildə reallaşıb. Karyerasının erkən illərində Serena və bacısı Vinus kişilərdə top-200-dən daha aşağıda qərarlaşan tennisçiləri məğlub edəcəklərini iddia edirdilər. Həmin vaxt ATP sıralamasında 203-cü olan Karsten Braş Uilyams bacıları ilə oynamaq istəmişdi. Səhəri qolfla açan, günə pivə və siqaretlə davam edən alman tennisçi, o vəziyyətdə belə Uilyams bacılarını sözlərinə peşman edə bilmişdi. İlk seti Serenaya qarşı oynayan Braş 6:1 hesabı ilə üstün olmuşdu. Alman ikinci setdə isə Vinusu məğlub etmişdi: 6:2.
Oyundan sonra Braş: “Onların 500-lükdə qərarlaşan hansısa kişi oyunçunu uda biləcəklərini də düşünmürəm. Çünki bu gün mən 600-cü biri kimi oynadım”. Uilyams bacıları isə bu dəfə top-350-dən daha aşağı olan kişi tennisçiləri məğlub edə biləcəklərini iddia edirdilər. Braşın onlara cavabı gecikməmişdi: “Serena ilə Vinusa dedim ki, gələn həftə turnirdə xallar itirəcəm və 350-dən aşağı düşəcəm”.
Serena bu məğlubiyyətə baxmayaraq, bir il sonra, yenidən kişi tennisçiləri məğlub edə biləcəyini deməkdən çəkinmirdi. O, hətta “Eurocard Open”də kişilərlə birgə mübarizə aparmaq üçün wild-card almaq istəyirdi. Ancaq bu, mümkün olmamışdı.
2013-cü ildə Endi Marrey və Serena Uilyams arasında şifahi razılıq əldə olunmasına baxmayaraq, hələ də qarşılaşma baş tutmayıb.
Bunlarla yanaşı, son illərdə Yannik Noa – Justin Enen və Li Na – Novak Cokoviç görüşləri keçirilib. Noanın korta qadın geyimində (döşlük və ətək) çıxmasını, Li Nanın isə hər qeymə 30:0 irəlidə başladığını qeyd etmək yerinə düşər.
P.S. Kim Kleysters Lleyton Hyuittlə sevgili olduğu zamanlarda avstraliyalıdan nəinki oyun, hətta bir xal belə almaqda çətinlik çəkdiyini etiraf etmişdi. Digər əfsanəvi qadın tennisçi Kris Evert isə avtobioqrafiyasında, karyerasının zirvəsində olduğu günlərdə kollec səviyyəsində tennis oynayan qardaşı ilə bacarmadığını qeyd etmişdi.

Hiç yorum yok:

Yorum Gönder