24 Ocak 2015

Olimpiadalar tarixinə damğasını vuran oyun: "Suda qan"


Hansısa bir filmə baxanda güclü-zəif, haqlı-haqsız müqayisələrində çox zaman ikincilərin tərəfini saxlayırıq, sonda onların qalib gəlməsini istəyirik. Qısası, əzilənin yanında olmağı sevirik. Azarkeşlik etdiyimiz komandalar və ya şəxslər istisna olmaqla, idmanda da çox zaman oxşar hisslər keçiririk. “Topaz” və s. bu tipli bukmeker kontorları həyatımıza girənə kimi ən azından beləydik. 

Bugünkü yazımda iki bir-birinə zidd tərəf var: Hərbi cəhətdən güclü, su polosunda isə rəqibinə nisbətdə zəif SSRİ və SSRİ tərəfindən işğal olunmuş, ancaq sözügedən idman növündə hegemon Macarıstan. Gülümsərovun sözü olmasın, idmanla tarixi calaq edəcəm. 

Əslində, idmanla tarix elmi vəhdət təşkil edəndə həmişə ortaya maraqlı hekayələr çıxır. Uşaqlıqdan bəri idman hekayələrini oxumağı sevərdim. Sizcə də o hekayələr, hadisələrin pərdəarxası məqamları idmana əlavə rəng qatır? Yoxsa, çox sentimentalıq bu mövzuda? 

Nəysə, bir yerdən başlamalıyam - 1956-cı ildə Yay Olimpiya Oyunları Avstraliyanın Melburn şəhərində keçirilirdi. Melburn Olimpiadası haqda az-çox məlumatı olan kimdən soruşsanız, ilk olaraq sizə Macarıstan və SSRİ su poloçuları arasında oynanılan matçdan danışacaqlar. Nə qədər qəribə səslənsə də, turnirin özündən çox həmin oyun yaddaşlarda qalıb. 

İdman müsabiqələri həmişə hansısa bir millətin digərləri üzərindəki üstünlüyünü isbat etmək üçün ideal vasitələrdən biri olub. Bunun üçün ən ideal yer isə Olimpiadadı. Kim daha sürətlidi? Kim ən hündürə tullanacaq? Bu tipli suallar hamımızı maraqlandırır. Ancaq bəzən idmançılar təkcə bu suallara cavab tapmağa çalışmırlar. Bəzən tarix və siyasət idman anlayışına əlavə anlamlar qata bilir, Macarıstan – SSRİ oyununda olduğu kimi... 

Macarıstanın rəsmi olaraq Sovet Sosialist Respublikaları İttifaqının nəzarəti altına keçməsinin ardından iki ölkənin yığmaları arasındakı istənilən idman müsabiqələri böyük önəm daşıyırdı. Su polosundakı rəqabət isə bir başqaydı. Macarıstan bu idman növündə ən güclü ölkə hesab olunurdu. Təsadüfi deyil ki, macarlar o zaman son 4 Olimpiadanın 3-dən qalib ayrılmışdılar. 1952-ci il Helsinki Olimpiadasında 7-ci olan SSRİ poloçuları onların qələbəsinə canlı şahidlik etmişdilər. Sovet yığması nəhayət 1956-cı ildə su polosunda Macarıstanın hegemonluğuna son qoymaq istəyirdi. Məqsədə gedən yolda seçdikləri üsul isə heç də ədalətli deyildi. Macarıstanın SSRİ-nin tərkibində olmasından istifadə edən ölkə rəhbərliyi onların sistemini mənimsəmək qərarına gəlmişdi. Bu səbəblə də hər iki ölkənin poloçuları bir yerdə məşq edirdilər. O zaman Macarıstan millisində çıxış edən İstvan Hevesi həmin anları belə təsvir edirdi: 

“Bizim etdiyimiz hər şeyi qeyd edirdilər. Bir sonrakı gün etdiyimiz hər şeyi təkrarlayırdılar”. 

Olimpiadadan bir neçə ay öncə iki yığma komanda Moskvada keçirilən turnirdə üz-üzə gəlir. Matçdan ev sahibləri qalib ayrılırlar. Ancaq oyun böyük mübahisələrə səbəb olur. Hakimin SSRİ-nin lehinə verdiyi qərarlar vəziyyəti gərginləşdirmişdi. Nəticədə soyunub-geyinmə otağında idmançılar arasında dava düşmüşdü. Olimpiadadakı hadisələrin təməli məhz həmin gün atılmışdı. Macarıstan və SSRİ milliləri arasındakı ikinci görüşdə isə rus poloçular təqdim olunarkən macar azarkeşlər arxalarını çevirdilər və SSRİ himninin səslənməsinə icazə vermədilər. 

Macarıstanda həmin an vəziyyət kritik idi. SSRİ-nin tabeçiliyində olan Macarıstan Xalq Respublikasının Nazirlər Şurasının sədri İmre Nad 1955-ci ildə tutduğu vəzifədən uzaqlaşdırılmışdı. Bunun ardından islahatçı nazir sovet rejiminə qarşı çıxmağa başladı. O, ölkə əhalisini müstəqilliyə inandırmağa çalışırdı. 

1956-cı il, oktyabrın 22-də - Melburn Olimpiadasının açılış mərasimindən düz bir ay öncə tələbələr mitinqlər keçirməyə başladılar. Günün sonuna kimi etiraz edən insanların sayı 200 mini ötmüşdü. Polis kütləni dağıtmaq üçün xəbərdarlıq etmədən onların üzərinə odlu silahlardan atəş açdı. Buna baxmayaraq, etiraz dalğası böyüməkdə idi. Qarışıqlıqdan istifadə edən İmre Nad oktyabrın 24-də yenidən özünü Nazirlər Şurasının sədri elan etdi. 

Atışmaların getdiyi bir vaxtda macar su poloçular Budapeştin şəhər mərkəzindən uzaq bir yerdə yerləşən evdə saxlanılırdılar. Onlar atəş səslərini eşidə bilirdilər. Oktyabrın 30-da isə Nad bir qədər də irəli gedərək, Melburn Olimpiadasında poloçuların müstəqil Macarıstanı təmsil edəcəklərini açıqladı. İmre Nad əslində xaricdən gələcək dəstəyə ümid edirdi. Təsadüfdən həmin gün Süveyş məsələsi ortaya çıxdı, Fransa, Böyük Britaniya və İsrailin başı Misirə qarışdı. Nad dərhal polo yığmasının üzvlərini Yuqoslaviyaya göndərdi, sonra isə ölkəsinin Varşava paktından çıxdığını açıqladı. Bu xəbəri eşidən Sovet ordusu tərk etdiyi Budapeştə yenidən girdi və şəhər bir daha işğal olundu. Nad isə Yuqoslaviyanın şəhərdəki səfirliyinə sığındı. Daha sonra Sovet ordusunun əlinə keçən nazir iki il sonra edam edildi. 23 oktyabr – 9 noyabr arasında baş verən hadisələr tarixə Macar inqilabı adı ilə düşüb.


Poloçulara gəlincəysə, onlar ölkədən kənarda olduqları müddətdən Melburna gedənə qədər Macarıstanda baş verən hadisələrin çoxundan bixəbər qaldılar. Komandada təkcə Mikloş Martin ingilis dilini bilirdi. O, qəzetdəki məlumatları tərcümə edəndə digərləri onun ətrafına yığışırdılar. Onlar bu yolla az-çox qəzetlərdən məlumat əldə edə bilirdilər. Yığma üzvlərinin SSRİ-yə qarşı olan nifrəti günü-gündən daha da artırdı. 

Və nəhayət Olimpiada başladı. Maraqlı məqamlardan biri də odur ki, macarlar sonuncu dəfə barmaqlarını suya bir ay əvvəl soxmuşdular. Daha sonra macar oyunçulardan Kalman Markovits “zonal marking” adlanan oyun sistemini yaratdı və komanda yoldaşları həmin sistemlə oynamağa qərar verdilər. Qrupdakı ilk oyunda macarlar ABŞ-I 6-2 hesabı ilə məğlub etdilər. Növbəti qurbanlar isə Almaniya ilə İtaliya oldu. Sistem işlədi və onları yarımfinalda SSRİ ilə üz-üzə qoydu. Macar poloçular üçün qisas zamanı idi. Komanda üzvlərindən Hevesi deyirdi: 

“Onlar bizə atəş etməyə başlamışdılar. Atəş səsləri yaxınlığımızda eşidilirdi. Oyundan öncə Allahın bizə kömək edəcəyini bilirdim. Qalib gələcəyimizdən əminiydim”

Matçın oynandığı arenanın tribunalarında boş yer tapmaq olmazdı, azarkeşlər arasında Avstraliyadakı Macarıstan cəmiyyətinin üzvləri çoxluq təşkil edirdi. Hadisənin əsas qəhrəmanı Ervin Zadorun dedikləri oyuna olan marağın nə həddə olduğunun sübutudu: 

“Macarıstan üçün oynadığımızı hiss edirdik. Macarlar çox həyəcanlı idilər. 1945-ci ildən bəri onların bizim ölkəmizdə etdikləri aramızda düşmənçilik yaratmışdı. Avstraliyadakı bütün macarlar coşmuşdular”. 

Oyundan öncə Macarıstan yığmasının əsas planlarından biri SSRİ millisinin üzvlərini bilərəkdən əsəbiləşdirmək idi. Oyunun gedişatında macarlar rəqib poloçuları hətta rus dilində də təhqir edblər. Zadorun sözlərinə görə, onlar bu ssenarini əvvəlcədən planlaşdırmışdılar: 

“Biz bilirdik ki, onlar əsəbləşən kimi dalaşmağa başlayacaqlar. Dava düşsə, oyunları alınmayacaq. Oyunları alınmasa, onları məğlub edəcəyik, qalib gəlsək, çempion olacağıq”. 

Plan işləyirdi. İlk rus oyunçunun cəzalılar skamyasına göndərilməsi bir dəqiqədən az çəkdi. SSRİ yığmasının daha iki poloçusu oxşar aqibətlə üzləşdi. Darmadağının əsası macarların kapitanı Dezso Gyarmati tərəfindən qoyuldu. O, komandasını hesabda önə keçirdi. Ruslarda yaranan ruh düşkünlüyü və macarların müdafiəsini yara bilməmələri sonluğu yaxınlaşdırdı: 4-0. Hesab arasındakı fərqin böyüməsi və macarların provakasiya xarakterli hərəkətləri... Sözügedən matçın tarixə düşməsinə səbəb olan hadisənin zamanı artıq çatmışdı. O anı Zador belə təsvir edirdi: 

“Onların üstünə qışqırırdıq. Tez-tez təhqir edir, ölkəmizi dağıtdıqlarını yadlarına salırdıq. Onlar isə bizi vətən xaini adlandırırdılar. Suyun altında da, üstündə də dava gedirdi. 

Daha sonra Zador məndən SSRİ-nin ən güclü oyunçusu Valentin Prokopovu tutmağımı istədi. Problem olmadığını və onu tutacağımı bildirdim. Ona anasının da, özünün də luzer olduğunu və artıq oyunun bitdiyini dedim. Növbəti dəfə Prokopovu görmək üçün çevriləndə nə olduğunu anlamadım. Sadəcə qolunun üzümə doğru gəldiyini gördüm və çat səsi eşitdim. Birdən-birə 48 dənə ulduz gözümün önünə gəldi”. 

Başa düşdüyünüz kimi, Prokopov təhqirlərə dözməyərək, özündən çıxmışdı və Zadorun üzünə yumruq vurmuşdu. 50-ci illərdə Prokopov ölkəsinin ən yaxşı poloçusu hesab olunmasına baxmayaraq, indiyə kimi həmişə Zadora vurduğu yumruqla xatırlanır. 

Zadorun qaşı yarılmışdı və qan hovuza tökülürdü. Məhz bu səbəbdən Macarıstan – SSRİ matçı “Blood in the water” (“suda qan”) adlanır. İlk dəfə sözün həqiqə mənasında qan su yerinə axırdı. O, dərhal hovuzdan çıxarıldı və həkimlərin yanına aparıldı.



Tribunalardakı macarlar SSRİ oyunçularından qisas almağa çalışsalar da, polis dərhal onlarını qarşısını aldı. Hakim oyunu dayandırdı və qarşılaşma macarların 4-0 hesablı qələbəsilə yekunlaşdı. 

Qaşının yarılması Zadorun Yuqoslaviya ilə final matçında oynamasına əngəl oldu. Macarıstan o görüşdən də qalib ayrıldı: 2-1. Qızıl medalın sahibi Zador və komanda yoldaşlarının böyük bir qismi Olimpiadadan sonra Macarıstana qayıtmadılar. Riski gözə almayan poloçular başqa ölkələrdən sığınacaq aldılar. San Fransiskoya köçən Zador isə polonun ABŞ-da bir o qədər də inkişaf etməməsi səbəbindən karyerasını bitirdi və üzgüçülük müəllimi oldu. Əslində, hekayənin içində daha bir hekayə var. Zador sonralar müəllim kimi əfsanəvi üzgüçülərdən 9 qat Olimpiada çempionu Mark Spitsi dünya idman tarixinə bəxş etdi. Yəni, bütün bu olanlar baş verməsə və Zador ölkəsinə qayıtmaq məcburiyyətində qalsa, bəlkə Spits də olmayacaqdı. 



Bu oyun əslində təmsilçi sözünün təkcə simvolik məna daşımadığını göstərir. Bəzən idmançılar öz işlərini görərək təmsil etdikləri ölkənin əsgərləri də ola bilərlər.

Hiç yorum yok:

Yorum Gönder