11 Nisan 2015

"Dumanlı Albion"dan hekayələr (1-ci hissə): Xilaskar taksi sürücüsü

Qapıçı - adından da göründüyü kimi, meydanda qapıya cavabdeh olan şəxsdi. Düzdü, artıq oyun planında onlar da müəyyən rol oynamağa başlayıblar, amma yenə də qolkiperlərin yerinə yetirməli olduğu tək missiya var: 90 dəqiqə ərzində qapılarını toxunulmaz saxlamaq.
Bu işin öhdəsindən lazımınca gələnlərin adları dillər əzbəri olur. İllər keçsə də, Lev Yaşin haqqında danışanlar var. Və yaxud da, illər bir-birini əvəzləyəcək, Buffon unudulmayacaq.
Bəzi əlcək sahibləri də var ki, vurduqları qollarla gündəmə gəlirlər. Sayları elə də çox deyil. Riyaziyyatda toplananlardan birinin yerinə Xose Luis Çilaverti qoysam, digərini isə Rojerio Seni ilə əvəzləsəm, yəqin ki heç kəs cəmin qola bərabər olmasına görə məndən inciməz. Yeni abzasa keçmədən öncə Çilavert və Senini bir kənara “park” etməliyəm.
Bu gün haqqında danışacağım qolkiperin təqdimata ehtiyacı var. Çünki o nə Buffonla Yaşinə yaxın düşə bilib, nə də ikincilərdən olub. Ancaq hekayəsi o qədər maraqlıdır ki, İngiltərədən bu qədər uzaqda yaşayan biri onun haqqında cızma-qara edir.
Təxmin etdiyiniz kimi, hadisələr İngiltərədə cərəyan edir. Adada futbola maraq bir başqa səviyyədə olduğundan, bu gözəl idman növü ilə əlaqədar insan hekayələrinin sayı da sonsuzdu.
1998-99 mövsümü, İngiltərə üçüncü divizionu, sonuncu tur, adlarını həyatınızda 1-2 dəfə eşitdiyiniz “Karlayl Yunayted”, “Plimut Arqayl” və “Skarboro”, bir də "baş rol ifaçısı" - cənab Cimmi Qlass. Parçalar hazırdı, artıq onları birləşdirməyin zamanıdı.
Karyerası ərzində bir dənə də olsun titul qazanmayan, individual bacarıqlarına görə tanrı tərəfindən “lənətlənmiş” bir əfsanədi Qlass. Normal olaraq sual yaranır ki, "lənət" və "əfsanə" sözlərinin nə əlaqəsi? Bir "əmma" olmalıdı, ya yox?
Tarix: 8 may, 1999-cu il. İngiltərədə futbol mövsümü bitmək üzrədi. Ölkənin şimal-qərb hissəsindəki Kambriya bölgəsinin əsas şəhərlərindən olan Karlaylda həyat dayanıb. İnsanlar mövsümün bitməsinə o qədər də üzülmürlər, sadəcə, futbolla nəfəs alan şəhərin eyniadlı klubu bəlkə də, peşəkar liqalarda son matçına çıxır deyə, qəmgindirlər.
Son turdan öncə aktivində 46 xalı olan “Karlayl Yunayted” axırıncı pillədə qərarlaşmışdı. Onlardan bir sıra irəlidə olan “Skarboro”nun isə 47 xalı var idi. Reqlamentə əsasən, sadəcə 1 komanda Konferensiyaya düşəcəkdi. Başa düşdüyünüz kimi, “Karlayl Yunayted”in taleyi öz əlində deyildi; “Skarboro” qalib gələcəyi təqdirdə hər şey bitəcəkdi.
“Karlayl” onlar üçün həyati önəm daşıyan matçda “Plimut Arqayl”la qarşılaşırdı. Azarkeşlərin ürəyi “Branton Park”da olsa da, qulaqları “Skarboro” - “Piterboro” oyununda idi. “Yunayted”in qapısını “Suindon”dan icarəyə götürülən və cəmi üçüncü dəfə əsas heyətdə meydana çıxan Cimmi Qlass qoruyurdu. “Plimut”un hesabı açması ilə azarkeşlərin ağzının açılması eyni ana təsadüf edirdi. Belə bir oyunda buraxılan hər qol söyüşə bərabər idi. Ünvanına “tərfilər” yağdırılan məlum şəxs isə Cimmi Qlass idi. Çünki qapı ona əmanət idi. Qoldan sonra tribunalarda hər cür söyüş eşitmək olardı. İngilis jarqonunu öyrənmək istəyən şəxslər stadionun səsinə qulaq versə, birə-bir köməyi dəyərdi. Onlar tək ağızdan “motherf***er”, “bastard”, “faggot” və s. bu kimi bizim dildə tərcüməsini yazmağa ərk edə bilmədiyim sözləri tələffüz edirdilər. Sanki Qlass böyük günah işləmişdi...

Çox keçmədən hesab bərabərləşir. “Karlayl” fanatları ümidlənirlər. Daha sonra “Skarboro”nun “Piterboro” ilə heç-heçə etdiyi xəbəri gəlir. Bu o deməkdi ki, “Karlayl”ın 3 xal qazanmaqdan başqa çıxış yolu yoxdu. Dəqiqələr isə artıq tükənmək üzrədi. Hakim matça 4 dəqiqə əlavə edir. Oyuna əlavə olunmuş sonuncu dəqiqədə “Karlayl Yunayted” küncdən zərbə vurmaq haqqı qazanır. Bu zaman baş məşqçi qapıçı Qlassdan irəli çıxmasını istəyir. Məşqçinin tapşırığı əslində, bəhanəydi. Cimmi bəlkə də oyunun bu hesabla bitəcəyini düşünüb, əsas günahkar kimi ələ keçməmək üçün sürət yığırdı. Fit səslənəcək və o özünü tez-bazar paltardəyişmə otağına atacaqdı. Amma futbol tanrısı onun üçün balaca bir sürpriz hazırlayır. Kornerdən sonra qolkiperdən qayıdan top Cimminin önünə düşür və o, həyatının sonrakı gedişatını dəyişəcək möcüzəvi qola imza atır. Qolun vurulması ilə azarkeşlərin stadiona axışması bir olur. Günahkar 10 saniyənin içərisində əfsanəyə çevrilir.

                            

Beləliklə, “Skarboro” peşəkar liqadan düşür və 8 il sonra – 2007-ci ildə məhz o son saniyə qolunun bədəlini ağır ödəyir. Klub həvəskar liqalarda maliyyə şərtlərinin yaxşı olmaması səbəbindən, fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. “Karlayl”ı xilas edən Qlass isə bir anda xalq qəhrəmanına çevrilir. Yəqin ki, hamınız bundan sonra xoşbəxt sonluqla bitəcək bir hekayə gözləyirsiniz. Ancaq təəssüf ki, hadisələr başqa cür cərəyan edir.


Mövsüm bitdikdən sonra Cimmi əsas komandası “Suindon”a qayıdır. Məşqçi ilə münasibətləri qaydasında getmədiyinə görə, qısa zaman kəsiyində oranı da tərk edir. “Kembric” və “Brentford” macəraları da tez bitir. Sonralar bir neçə kluba baxış üçün dəvət olunsa da, transferi reallaşmır. Səbəb sadə idi: həmin qoldan sonra təkcə İngiltərə yox, dünyanın ən məşhur mətbu orqanlarının manşetlərində o var idi. Cimmidən olan gözləntilər getdikcə böyüyürdü. Baxışa getdiyi klublar da ondan çox şey gözləyirdilər. Amma Qlass, dediyim kimi, heç vaxt hansısa üstün özəlliyə sahib biri olmayıb. Bu amil onun klub tapa bilməməsində əsas rol oynayırdı. Cimmi həmin günləri belə xatırlayır: “Suindon”u tərk etdikdən sonra hər şey gözlədiyimin əksinə oldu. Məşqçi Cimmi Kuinlə yola getmirdim, bu səbəbdən komandadan ayrıldım. Yoxlanışa getdiyim hər yerdə bu tipli cümlələr eşidərdim: “Bu Cimmi Qlassdı”. Mən olduğum üçün - bacarığım hesabına oynamaq istədiyim hər klubda bunları eşitdim: “Bu, o qolu vuran qapıçıdı”. Başqa da heç nə”.
Vurduğu o məşhur qolun altında "əzilən" Qlass klub tapa bilmədiyi üçün 27 yaşında peşəkar futbol karyerasına son qoyur. Bir il öncə əfsanə olan adam ailəsinə baxa bilmək üçün kompyuter avadanlıqları satılan mağazada işləmək qərarına gəlir. Hər şeyi bir kənara atıb, qaçmağı düşündüyündən, Fransaya köçməyi belə, ağlından keçirdiyini etiraf edir. Hətta bir ara qumara aludə olur. Boş vaxt tapanda futbola qayıtmağa da cəhd edir, ancaq yalnız həvəskar səviyyədə bunu bacarır. Bu günə gəlincə, Cimmi Dorset əyalətinin Pul şəhərində həyat yoldaşı və əkizləri – Cek, Ella – ilə birgə yaşayır. Nə qədər qəribə səslənsə də, o, taksi sürücüsüdü. İllər öncə futbolla bağlı xəyallar quran Qlass, özünün də dediyi kimi, indi qadınları gözəllik salonlarına aparıb gətirməklə gününü gün edir. Həyatdan bir az razıdı, bir az da narazı.

Qlass içməkdən yox, keçmişi ilə sərxoş olanlardandı. Elə hey imkan düşdükcə ingilis idman nəşrlərinə o qol və sonrasını danışır; o günü “içib” dəm olur. Hətta içindəkiləri kiminləsə bölüşmək istəyi o qədər böyükdü ki, Roje Litollisin köməkliyi ilə "One Hit Wonder: The Jimmy Glass” avtobioqrafiyasını yazıb.

Dediyinə görə, uşaqlarını yazdırmaq üçün məktəb direktoru ilə görüşəndə otaqda gözü öz şəklinə sataşıb və sonradan direktorun “Karlayl Yunayted” fanatı olduğunu öyrənib. Cimmi Kambriyadan o qədər uzaq məsafədə yerləşən Dorsetdə bu sevgini hiss etməklə təsəlli tapır: “Tək təsəlli tapdığım şey o günləri xatırlayıb, həmin qolu vuran əfsanəvi qolkiper olmağımdı”.
Bəlkə də, o qol olmasaydı, Qlassın karyerası erkən bitməzdi. Əks təqdirdə isə bu gün “Karlayl” olmazdı - “Skarboro” kimi.
Qlassın həyat hekayəsi hələ çəkilib bitməmiş rəsmə bənzəyir; sanki rəssam kətana ancaq bir neçə cizgi çəkib dayanmışdı.
Duman çəkilməmiş Albiondan növbəti hekayələri sizinlə bölüşmək ümidiylə…
P.S. Bir gün Karlayla yolunuz düşsə, getdiyiniz hər yerdə Qlassın adını verin. Hələ də şəhərin pablarında/restoranlarında içki, yemək və s. onun üçün pulsuzdu. Nə məlum, bəlkə də, adı yetər büdcənizə qənaət etmək üçün.

Hiç yorum yok:

Yorum Gönder