30 Nisan 2015

"Dumanlı Albion"dan hekayələr (4-cü hissə): Tarixi transfer


“Dumanlı Albion”dan hekayələrin növbəti qəhrəmanını tanımaq üçün Şotlandiyanın ən böyük şəhəri Qlazqoya yollanırıq. Yol boyunca insanı musiqidən gözəl rahatladan bir şey hələ ki, kəşf olunmayıb. Odur ki, qulaqcıqları taxın, hekayə boyunca Perri Rouzdan "Qlazqo" dinləyin.



Qlazqonun adama məcburən hekayə yazdıran havası var. Tanrı damlaları bu torpaqlardan əsirgəməyi heç sevmir. Ürəyin elə hey bir şeylər cızma-qara etmək istəyir. Hələ ala-toranlığın gecə qaranlığına keçdiyi dəqiqələri demirəm. Həmin anlarda qələm özü barmağını tapır. Odur ki, nə qədər vaxt-vədə yetişib, başlayaq.
Qlazqonu dünyaya tanıdan nələr var? Viski, Kelvinqrouv muzeyi, Riversayd, o İELTS-i 8,5-9 olanların belə başa düşməkdə çətinlik çəkdiyi “glaswegian” ləhcəsi... Hərəsi özünə görə tanınır, ancaq heç birinin şöhrəti “Seltik” və “Reyncers” qədər deyil.
Dünyanın harasına gedirsən get, Qlazqo dedikdə ağıllara ilk olaraq “Seltik”lə “Reyncers” və onların bitmək tükənmək bilməyən rəqabəti gəlir. Daha doğrusu, rəqabətlə düşmənçilik arasında bir şey... Bu barədə daha öncə ətraflı yazmışdım. Ona görə “Old firm”in dərinliklərinə bir də getmək fikrində deyiləm.
Bu gün “Seltik” – “Reyncers” (“Old firm”) rəqabətində stereotipləri qıran adamın transfer hekayəsini danışacağam. Əvvəlcədən deyim ki, biləsiz: bolluca əkşn gözləməyin. Nə Cimmi Qlass kimi enişli-yoxuşlu olacaq, nə Çarli Ostin olub birdən-birə zirvəni fəth edəcəyik, nə də Brayan Robsonun “Vest Bromviçi”i kimi “son gülən yaxşı gülər”in doğruluğunu isbatlamağa çalışacağıq.

Moris Con Qiblis Conston, qısası, Mo Conston. Məhz adı sizə tanış gəlməyən bu adam “Old firm”in tarixində özünəməxsus iz qoyub.
1989-cu ilin 10 iyulunda şotlandlar adi günlərdən birinə oyanmışdılar. İş-ev-yataq ardıcıllığını növbəti dəfə tamamlamaqdan başqa gözləntiləri yox idi. Ancaq səhər yeməyi zamanı qəzet oxumaq adəti onların əhvalını pozacaqdı, həm də bir-iki nəfərin yox, bütün Qlazqonun.
10 iyulu qəzet sahiblərinin qeyri-rəsmi bayram günü də elan etmək olar. Köşklərin önlərində sıra yaranmışdı. Manşetdəki xəbəri oxuyan başını yelləyirdi. Cəmi üç sözün təsir gücü təsəvvür etdiyinizdən artıq idi: “Mo “Reyncers”ə keçir”. İnsanlar Constonun “Reyncers”ə transfer olmağını heç cür anlaya bilmirdilər.
Təəccübün səbəbini daha yaxşı başa düşməyiniz üçün zamanı iki il geriyə verirəm. 1987-ci ildə Conston istəmədən “Seltik”i tərk etmək məcburiyyətində qaldı. O, “Nant”la anlaşsa da, hər dəfə “keltlər”dən başqa bir klubda oynamaq istəmədiyini bildirirdi:
“Seltik”dən ayrılmaq istəmirdim. Mətbuatda “Mançester Yunayted”ə keçəcəyimlə bağlı şayiələr gəzirdi. Ancaq digər klublara transfer olmaq barədə heç vaxt düşünməmişəm. “Seltik”dən başqa oynamaq istədiyim Britaniya klubu yox idi”.

Constonun Fransa macərası iki il davam etdi. O, Fransaya uyğunlaşa bilmədi. Bunu oynadığı futbola görə demirəm. Moris karyerası ərzində stabil çıxışı ilə yadda qalan oyunçulardan olub. Sadəcə, iki ölkə arasındakı yaşam fərqinə öyrəşməkdə çətinlik çəkirdi.
İlk dəfə 1989-cu ilin mayında mətbuatda Monun “Seltik” şərfi ilə çəkilmiş fotoları yayıldı. Bu, təbii hal idi. Çünki hamının ağlında tək variant var idi. Qlazqo reallıqlarını nəzərə alsaq, bu, “Seltik”dən başqa klub ola bilməzdi. Bütün işarələr “Seltik”i göstərirdi. Şotland nəşrlərinə görə, artıq “Nant”la razılıq əldə olumuşdu. Keçid 1,2 milyon funt dəyərində qiymətləndirilirdi.
Təkcə “The Sun”ın Şotlandiya bürosu Monun növbəti iş yerinin “Reyncers” olacağını iddia edirdi. Bu xəbər ölkədə bomba kimi partlamışdı. Digər mətbu orqanlar isə “The Sun”ın sadəcə populyarlıq və satış dərdində olduğu üçün bu addıma əl atdığında qərarlı idilər. Onlar “Aybroks”un mavi mətbuat otağında Mo Conston, Qrem Suness və klub prezidenti Devid Marreyi bir arada görəndə “The Sun”ın əslində, həqiqəti yazdığını anladılar.

Transferin pərdəarxasına gəlincə isə, doğrudan da şotland futbolçu “Seltik”ə qayıtmalı idi. Sadəcə, son anda “keltlər”in maliyyə problemləri və vergi xərclərini ödəyə bilməməsi transferə əngəl oldu. Mətbuat sonradan klubun direktorlar şurasını həvəskar işçilər kimi qələmə verirdi. Bir sözlə, Mo “Seltik”lə ilkin anlaşmaya imza atmasına baxmayaraq, keçid baş tutmadı. Məsələyə başqa nöqteyi-nəzərdən yanaşan FIFA çox keçmədən sənədləri aşkarladı və Constonun ilkin anlaşmaya imza atdığı ortaya çıxdı. Müqavilənin sonradan dondurulması səbəbindən Mo 3 000 funt dəyərində cərimələndi. Bu zaman kəsiyində artıq “Reyncers” rəsmiləri futbolçunun meneceri Bill MakMurdo ilə danışıqlara başlamışdılar.
“Old firm”in tarixində iz qoyan mübahisəli transferin 4 baş memarı var idi: Qrem Suness, Conston, meneceri Bill MakMurdo və “Reyncers”in sahibi Devid Marrey. Qrem Suness və Devid Marreyin israrı MakMurdonu bu cəsur addımı atmağa məcbur etmişdi. O, hələ də müştərisinin “Reyncers”in o sərt transfer siyasətini dəyişəcək tək futbolçu olduğunu iddia edir:
“Məncə, o, stereotipəri qıracaq gücə malik tək oyunçu idi. Başqa futbolçular olsa da, Sunesin əsas prioriteti Conston idi və mən buna yox deyə bilməzdim”.
Moris qatı roman katoliklərindən olduğu üçün uşaqlıqdan “Seltik”in azarkeşi idi. “Reyncers”in fəlsəfəsi katoliklərin, xüsusilə də dini inanclarına bağlı, həm də oynadığı yüksək səviyyədə futbolla diqqət mərkəzinə düşən katoliklərin komandaya cəlb olunmasını qəbul etmirdi. Conston isə sadaladığım hər iki amili özündə birləşdiridi. Hələ bir də “Seltik”də oynadığını hesaba qatın. Sonuncu dəfə Tulli Kreyq “Seltik” formasını geydikdən sonra “Reyncers”də də şansını yoxlamışdı. Bu transfer 1923-cü ildə reallaşmışdı. Məlum keçid rəsmiləşən zaman isə təqvimlər 1989-cu ili göstərirdi. Ötən 66 il ərzində nifrət azalmaq əvəzinə, vətəndaş müharibəsi səviyyəsinə çatmışdı. Belə bir anda bu transferə imza atmaq yanğına benzin tökmək kimi bir şey idi.
Reaksiyalar özünü çox gözlətmədi. Saatlar sonra axşam xəbərlərində artıq “Aybroks”un önündə biletlərini və şərflərini yandıran “Reyncers” azarkeşləri göstərilirdi. 100-ə yaxın fanat stadionun önünə toplaşaraq rəhbərliyin klubun tarixinə xəyanət etdiyini iddia edərək etiraz aksiyası keçirirdi. Suness bazanı tərk edən zaman onlar tərəfindən fitə basılmışdı. Digər tərəfdən bəzi azarkeşlər klubdan mövsümlük biletlər üçün ödədikləri pulların qaytarılmasını tələb edirdilər. Qrem 1986-cı ildə komandaya baş məşqçi təyin olunanda abunələrin sayı birə-on artmışdı. İndi isə hər şey 3 il öncədən də betər ola bilərdi. Vəziyyət bir gün içərisində kritik həddə çatmışdı.
Məşhur “UK Gold” proqramında Monun “Reyncers” azarkeşləri tərəfindən necə qarşılandığına dair zarafat məqsədli qısa videorolik hazırlanmışdı. Bəzən acı reallığı yumorla daha yaxşı başa düşmək olur.

Məzhəb ayrımı “Old firm”in olmazsa olmazıdı. Sözümə qüvvət olaraq “Reyncers” Azarkeşlər Assosasiyasının baş katibi Devid Millerin müsahibəsindən qısa bir paraqrafı qeyd edəcəyəm:
“Ən qeyri-adi və reallaşması mümkünsüz görünən yuxularımda belə bunu görməmişdim. “Reyncers” üçün kədərli gün idi. O qədər futbolçu var idi. Niyə məhz Conston? Şəxsən mən “Aybroks”da roman katolikini görmək istəmirdim. Bu, mənim boğazımdan keçmirdi”.
Niyə məhz Conston? – bu sualın cavabını isə mən yox, illər sonra klub prezidenti Devid Marrey vermişdi:
“Biz hadisələrə futbol nöqteyi-nəzərindən yanaşaraq bu qərara gəlmişdik. Ətrafımızdakı ən yaxşı şotland futbolçu Conston olduğuna görə onunla müqavilə imzaladıq”.
Qlazqonun bir hissəsi tarixi klub siyasətinin/fəlsəfənin dəyişdirilməsini qəbul etmədiyi vaxtda digər tərəfdə də vəziyyət fərqli deyildi. “Seltik”lilər iki il öncə qollarını “Seltik Park” üçün vuran birinin göy forma geydiyini düşünmək belə istəmirdilər. Hələ cəmi bir neçə həftə öncə o yaşıl-ağ şərflə çəkilmiş fotolar və sonra olanları həzm etmək daha da çətin idi. “Keltlər”in yara izi uzun illər qalacaqdı. “Seltik” azarkeşləri tez-tez iki şotland nəhəngi arasında “Nant”da oynamağa fürsət tapdığı üçün Constonu fransız jarqonu ilə təhqir edirdilər.

Bəlkə də tarix ərzində bu iki klub fanatlarını birləşdirən tək ortaq cəhət olub: Constona nifrət etmələri. Yazılmış qanunları üzərindən xətt çəkmək qərarına gələn insanlar adətən hər şeyi nəzərə alırlar. Bu sözlər Moris üçün də keçərli idi. O, klub azarkeşləri tərəfindən sevilənə qədər başına nələr gəlmədi ki? Atası döyüldü, Qlazqo küçələrində adaşı olan itlər peydə oldu, evinə molotof kokteyli atıldı, tualetə belə mühafizəçi ilə getdiyi günlər oldu. Ancaq inadı sayəsində “Reyncers” azarkeşlərinin böyük qisminin sevgisini çətin də olsa, qazana bildi. “Aybroks” əhlinin önündə ilk dəfə “Aberdin”lə görüşdə fərqlənən Conston daha bir neçə dəfə qolları ilə komandanın imdadına çatacaqdı.
Mo 1989-cu ilin noyabrında “Seltik”lə oynanılan derbinin son dəqiqələrində fərqlənən zaman artıq “Reyncers” fanatları ilə ulduzunun barışacağını düşünüb, onlara doğru qaçmışdı. Düzdü, stadiondakı insanlar bunu heç də pis qarşılamadılar, onun qoluna sevindilər də.

Ancaq həmin qolu hesaba almayanlar artıq mövsümlük abunəliklərini ləğv etdirib, şərflərini “Aybroks” önündə yandıranlar – bax, onlar matçın 0-0 bitdiyini düşünürdülər. Həmin azarkeşlər Mo Constonu komandanın üzvü saymır, “Reyncers”in 10 nəfərlə oyunlara çıxdığını düşünürdülər. Hətta Qlazqonun məşhur “Larkhol” pabında xüsusi olaraq Şotlandiya Premyer Divizionu üçün turnir cədvəli hazırlanmışdı. Orada Constonun vurduğu qollar hesaba alınmırdı. Və hətta həmin cədvələ görə, mövsümün sonunda Şotlandiya Premyer Divizionunun qalibi adını qazanan “Reyncers” çempion olmamışdı.

1989-90 mövsümündə “Aybroks”a ortalama 38500 azarkeş gəldi. Bu, əvvəlki mövsümlərin göstəricilərindən çox cüzi dərəcədə aşağı idi. Yəni, əslində, qorxulan olmamışdı. Sadəcə, o az bir qisim, xüsusilə də yaşı yuxarı olan nəsil məşhur bir katolikin komandada oynamasını heç vat qəbul edə bilmədi.
Bir il keçdikdən sonra artıq nə Conston, nə də meneceri MakMurdo mühafizəçi ilə gəzirdi. Bəlkə Sunessin “Reyncers” azarkeşləri arasında olan şöhrəti Constonun ölümdən qurtardı, bəlkə də vurduğu qollar.
Conston komandada 2 ildən bir az artıq qaldı. O, 1991-ci ildə “Reyncers”dən ayrılanda aktivində 31 qol var idi. Suness də həmin il klubu tərk etdi. Bu səfər onlar əks cəbhələrdə vuruşurdular. Qrem “Liverpul”a baş məşqçi təyin olundu, Conston isə Mersisaydın mavi tərəfinə yollandı.

Şotland futbolunun relyefinin dəyişməsinin üzərindən 26 ilə yaxın müddət keçir və artıq katoliklərin “Reyncersdə oynaması o günlərdəki kimi qlobal problem hesab olunmur. Məhz MakMurdo, Mo, Marrey və Suness o riskli addımları ilə derbinin şəklini yenidən çəkdilər. Sonralar hətta qatı katoliklərdən Lorentso Amoruso “Reyncers”in kapitanı belə oldu. Ancaq dəyişməyən bir reallıq var: I dünya müharibəsi illərindən sonra – daha dəqiq 1923-cü ildəki Tulli Kreyq transferini çıxmaqla, o gündən bu yana cəmi 1 dəfə “Seltik”də daha öncə oynamış futbolçu “Reyncers”ə keçib. O da Conston olub. Mo olacaqları gözə alıb, Qlazqonun göy tərəfinə keçməsə, “Reyncers” azarkeşləri heç vaxt Lorentso Amoruso kimi klub əfsanəsini tanıya bilməyəcəkdilər.
Düzdü, hələ də Constonu Qlazqo ətrafında gördükləri an ona fiziki güc tətbiq edəcək fanatların olmadığını desəm, haqsızlıq olar. Axı bura Qlazqodu.
Monun meneceri MakMurdo: “O transfer barədə mənə sual verməyən adam qalmamışdı. Dünyanın harasına getməyimdən asılı olmayaraq, ilin hər günü Mo haqqında danışırdılar. Məni görən kimi dedikləri ilk söz Mauris Conston olurdu. İnsanlar əslində, düşmənçilik üçün bunu etmirdilər. Sadəcə, fikirlərini bölüşmək istəyirdilər. Mənə gəlincə isə, məsələyə vaxtında düzgün nöqteyi-nəzərdən baxdığım üçün çox sevinirəm.  Geridə qalan illər ərzində qərarımın düzgün olduğundan daha da əmin oldum.
15 il Corc Besti təmsil etmişəm. Ancaq beləsi olmamışdı. Corc da onun tərəfini saxlayardı. O, məndən tez-tez Moya “Reyncers”ə keçməyini deməyimi istəyirdi.
Bu transferi ölənə kimi unutmayacağam. Çoxlu transferlərim olub, ancaq bu, başqa idi”.
Bugünkü hekayənin mövzusu – məlum transfer baş tutan zaman Qlazqoda yaşayan insanlardan soruşub, maraqlanın, “Mo “Reyncers”ə keçir” cümləsini oxuduqları zaman hamı sizə harada, hansı vəziyyətdə olduğunu əzbər deyəcək. Adi görünsə də, Mo Constonun transferi Şotlandiya futbol tarixinin ən böyük hekayəsidi.
Duman çəkilməmiş Albiondan növbəti hekayələri sizinlə bölüşmək ümidiylə…

Hiç yorum yok:

Yorum Gönder