14 Ağustos 2015

12-ci oyunçu

Hamının necə azarkeş olduğu ilə bağlı bir hekayəsi var. Sevimli klubunuzu hansı səbəbdən, ya da nə vaxtdan etibarən dəstəklədiyinizi soruşsam, heç düşünmədən cavab verərsiniz. Məsələn, mən 16 il əvvəl aldığım formanın ardınca getmişdim. Bir formaya görə... Klubun adını, tarixini belə bilmirdim. Bəzilərimiz sırf hansısa oyuna və ya futbolçuya görə azarkeş olub. Bir çoxumuz isə doğulduğu şəhərin klublarından birinə könlünü verib. Səbəblər müxtəlifdir.
Bizdən biri olan Stiv Deyvisin uşaqlığı Raşdenin küçələrində keçib. Britaniyada doğulub-böyüdüyün bölgənin klubunu dəstəkləmək daha geniş vüsət alıb. Amma Deyvis bu mənada istisnalardandır. O, nə “Raşden Taun”, nə də “Koventri Siti” azarkeşidir. Heç “Northempton Taunu” da sevmir. 1975-ci ildə “Vest Hem” və “Fulhem” (2:0) arasında oynanılan Federasiya Kubokunun finalından sonra Stiv “çəkicdöyənlər”in sırasına qoşulub. Raşdenlə London arasındakı məsafə onun gözünü qorxutmayıb. Ev, səfər demədən “Vest Hem”i dəstəkləyib.
Stivin ən sevdiyi futbolçu “Vest Hem” əfsanəsi Ser Trevor Brukinqdir. 1980-ci ildə “Uotford”la oynanılan görüşdə tribunalara qədər gedən top Deyvisi tapıb. O, Brukinqin tələbinə baxmayaraq, topu geri qaytarmayıb. Bunu sadəcə Seri daha da yaxından görə bilmək üçün edib və istəyinə çatıb. Brukinq ona yaxınlaşıb toxunduqdan sonra matç qaldığı yerdən davam edib. Stiv hələ də həmin anı unutmur. Raşdenə qayıtdıqdan sonra bu barədə atasına ağız dolusu danışıb.
Stivin xəyalı professional futbolçu olmaq və bir gün “Vest Hem” formasını əyninə keçirmək imiş. Atası kimi, həddi-büluğa çatdıqdan sonra Sunday Liqasında oynamağa başlayıb. Trevor Brukinq bir kənara, Billi Bonds, Rey Styuart və Kenni Sansom kimi müdafiəçilərin oyununu da çox bəyənirmiş. Bu səbəbdən də arxa xəttdə oynayarmış.
Ancaq yaş ötdükcə Stivin “Vest Hem” sevdası futbolçu olmaq istəyini üstələyib. Evdən tez-tez qaçıb Londona gedərmiş. Nəyinki “Boleyn Qraund”da oynanılan matçlar, həmçinin səfər oyunlarında da onu tribunalarda görmək mümkün idi. Artıq siqaret və içki qoxan barlar onun üçün “Vest Hem” qədər doğma idi. Şənbə günləri Qrin Stritdəki pablarda Stivə sərxoş halda “Bubbles” oxuyarkən rastlaya bilərdiniz.
Təqvimlər 1993-cü ili göstərəndə Stivin artıq Kloe və Samuel Brukinq adlı iki övladı var idi. Kumirini oğluna ad verəcək qədər çox sevirdi. Ata olan Stiv maşını ilə kuryer fəaliyyəti göstərər, İngiltərəni o baş, bu baş demədən gəzib lazım olan malları çatmalı olduqları yerlərə çatdırarmış. İşdən kənar vaxtlarını isə yenə “Vest Hem”ə ayırarmış.
Stivin “Chunk” ləqəbli elə onunla adaş olan yaxın dostu var idi. O da “Vest Hem”i Deyvis qədər sevirdi. Onlar “Chunk”ın “Chevrolet Cavalier”i ilə tez-tez “çəkicdöyənlər”in oyunlarına gedərdilər.
Günlərin birində “Chunk” Stivə “Vest Hem”in “Oksford Siti” ilə səfərdə oynayacağı hazırlıq matçından bəhs edir və oyuna getməyi təklif edir. Söhbət “Vest Hem”dən gedirsə, Stiv “yox” deyə bilməzdi. Bu səfər “Chunk”ın dostu Bazza və Stivin həyat yoldaşı Kelli də onlarla birlikdə idi.
“Vest Hem” eyni gün ərzində iki hazırlıq görüşü keçirəcəkdi. Komanda iki qrupa bölünmüşdü. Baş məşqçi Billi Bondsun rəhbərliyi altındakı qrup Billerikedə idi. “Oksford Siti” ilə qarşılaşacaq komandaya isə köməkçi məşqçi Harri Rednapp rəhbərlik edirdi.
Rednapp Stiv, Kelli, Bazza və “Chunk”ın düz önündə dayanaraq oyunun gedişatını izləyirdi. Aralarındakı məsafə o qədər də çox deyildi. Hazırlıq oyunu olsa da, Stiv susmaq bilmirdi; daha çox Li Çapmanın oyununu tənqid edir, tez-tez ünvanına təhqirlər səsləndirir, hətta Rednappa, o, oynamağa davam edəcəyi təqdirdə oyunlara gəlməyəcəyini belə deyirdi. Harri bütün bunları eşidirdi. Bədənində “Vest Hem” döymələri olan, sırğalı oğlan (Stiv) onun diqqətini cəlb etmişdi. İkinci hissə başlamışdı. “Vest Hem” hesabda irəlidə olsa da, zədəlilərin sayı artırdı, Rednapp isə əlində olan futbolçulardan istifadə etmişdi. Üstəlik, Premyer Liqanın startına cəmi bir həftə qalmışdı. Harri avtobioqrafiyasının ən maraqlı hekayələrindən birini yazmaqda qərarlı idi. O, Stivə baxaraq “Danışdığın qədər yaxşı oynaya bilirsən?” deyəndə hamı bunu zarafat kimi qəbul etmişdi. Stiv tərəddüd etməmişdi: “Çapmandan yaxşıyam”.
Harri Rednapp Stivi formasını geymək üçün paltardəyişmə otağına yolladı. Saniyələr sonra 3 nömrəli formanı əyninə keçirən Stiv artıq meydanda idi. “Chunk”, Kelli və Barza təəccüb içində idi. Elə Stiv də... O, meydana ayaq basana qədər Harrinin zarafat etdiyini düşünürdü. Stiv 45 dəqiqə boyunca söydüyü Li Çapmanı əvəzləmişdi. “Oksford”un spikeri Harriyə yaxınlaşaraq “Bu oyunçunun adı nədir?” – deyə soruşanda isə Rednapp ciddi-ciddi cavab vermişdi: “Dünya çempionatını izləmirsən? Bolqarıstanlı Tittişevdir də”.
Bəlkə Stiv xəyalındakı kimi professional futbolçu olmamışdı, amma arzuladığı “Vest Hem” forması ilə meydana çıxmışdı. O, Çapmanın yerində - hücumda oynayırdı. İnanmaq çətin olsa da, bu hadisə reallıqdır. Hər azarkeşin istədiyi, amma bacara bilmədiyini Stiv həyata keçirmişdi. Bir də hekayənin kuliminasiya nöqtəsi var: 71-ci dəqiqədə Stiv Deyvis Metti Holmsun pasını qola çevirdi. O, bütün meydan boyu qaçaraq qolu qeyd etmişdi. Dəqiqələr öncə pivəsini içə-içə Çepmeni söyən kuryerdən söhbət gedir...
Təəssüf ki, həmin anı əks etdirən video yoxdur. Yaxşı ki, “Vest Hem”in fotoqrafı Stiv Beykon Stivin şəklini çəkib. Yoxsa, kimi belə bir hekayəyə inandıra bilərdim?
Matç bitdikdən sonra Stiv yuxudan ayılmışdı. 3 nömrəli formanın onda qalmasına belə icazə verməmişdilər. Təxminən yarım saat sonra “Cavalier”də Bazza, “Chunk” və Kelli ilə birlikdə idi.
21 il keçir, ancaq hələ də Stiv pablarda qol vuran azarkeş kimi xatırlanır. Fanatları “12-ci oyunçu” adlandırırlar. Yəqin ki, futbol tarixində sözügedən ifadənin bu qədər həqiqi mənada işlənməsinə rast gəlinməyib.
P.S. Bu, Stiv, mən və Harri arasında sirr olaraq qalmalı idi. O da həmişə hekayəsini danışanda bu hissəni sona saxlayır, hətta bəzən demək belə istəmir. Amma yanlış məlumat verməyi özümə rəva bilmədim. Əslində, referi ofsayd qeydə alaraq qolu hesaba almamışdı. Stiv isə ürəyindən keçən söyüşləri hakimlə bölüşmüşdü. Qrin Strit pabları məhəllə futbolu kimidir, orada offsayd anlaşı yoxdur. Ürəyinizi sıxmayın, Stiv elə qol vuran azarkeş olaraq qalır.

Hiç yorum yok:

Yorum Gönder