8 Ağustos 2015

"Dumanlı Albion"dan hekayələr (Son): Həyata gülən adam

İçi qan ağlasa da, bunu heç bir zaman yan-yörəyə hiss etdirməyən insanlar var. Bəlkə ətraflarına, bəlkə də özlərinə hörmət etdiklərindən bəzi şeyləri büruzə vermirlər. Bu gün onlardan biri haqda yazacağam.
Playlist: The Beatles – Let It Be, Natasha Bedingfield – Unwritten.
Yəqin ki, “Dumanlı Albion”dan hekayələr”də o qədər də tanınmayan insanların və yaxud da klubların başına gələnləri qələmə aldığım diqqətinizdən yayınmayıb. Əfsanə adlandırdıqlarımız haqda hamımız az-çox məlumata sahibik. Ənənəni pozmaq olmaz. Yenə demək olar ki, tanınmayan, amma gec tanıdığınıza görə peşman olacağınız, türkün sözü “həyat dolu” birinin hekayəsini bölüşəcəyəm.
1963-cü ildə Holloueylər ailəsinə daha bir üzv əlavə olundu. Adını İan (“Olli” deyə çağırırlar) qoydular. Ata Uilyam hələ o, doğulmamış gələcəyini planlaşdırmışdı: oğlu futbolçu olmalı idi. İan da atasının sözündən çıxmadı. O, qısa müddət ərzində “Bristol Siti” skautlarının diqqətini çəkdi. “Şəhərlilər” 9 yaşlı İana 12 illik müqavilə təklif etdilər. Eyni zamanda komanda rəhbərliyi Holloueyin bütün məktəb xərclərini qarşılamağa da razılıq vermişdi. Gəl gör ki, bizim bu İanın könlü başqa yerdə idi.
Ada futbolunu yaxından izləyənlər bilir, Bristolun 2 professional klubu var: “Bristol Siti” və “Bristol Rovers”. Şəhərin daha yaxşı maliyyə imkanlarına, daha güclü heyətə və daha çox azarkeşə malik klubu “Bristol Siti”di. İanın bütün sinif yoldaşları bir gün “şəhərlilər”in formasını geymək istəyirdi. Ancaq Hollouey yaşıdlarından fərqli düşünürdü. Olli tərəddüd edirdi: nə "hə" deyə bilərdi, nə də "yox". Ta ki şəhərin digər komandası “Rovers” Holloueylərin qapısını döyənə kimi. “Piratlar”ın təklifi “Siti” kimi cəlbedici olmasa da, İanın ürəyi onlardan yana idi. Nəticədə 9 yaşlı qəhrəmanımız Qordon Bennetin təklifini qəbul edir və “Rovers”ə transfer olur.
Günlərin birində 15 yaşlı İan məktəb avtobusunda Kim Mitçell adlı bir qıza ilk görüşdəcə aşiq olur. Onların hekayəsi amerikan filmlərindən bildiyimiz, bizə yaxşı tanış olan səhnə kimidi. Məktəbin məşhur oğlanı və gözəl qızı arasındakı sevgi macərası o gün başlayır. Dediyinə görə, 3 aya yaxın Kimi izləyir və nəhayət, hisslərini ona deyir. Sən demə, xanım Mitçell də İana qarşı boş deyilmiş. Kim Holloueyin oyunlarını tribunada izləməyə başlayır. Artıq İanın ürəyində təkcə “Rovers”ə yox, həm də Kimə yer var idi.
İanın komandadakı işləri qaydasında gedirdi. 17 yaşında peşəkar olan yarımmüdafiəçi iki dəfə klub azarkeşləri tərəfindən ilin ən yaxşı gənc futbolçusu seçilməyə də fürsət tapmışdı.
İan 20 yaşına çatanda artıq seçim etməli idi. Kimin ailəsi qızlarının münasibətinin rəsmiləşməsinin tərəfdarı idi. Ancaq hər gəncdə olduğu kimi, Olli də erkən yaşda evlənməkdən qorxurdu. O, hələ həyata atılmağa hazır olmadığını düşünürdü. Nəticədə ailə təzyiqi ucbatından Kim İanın fikrinin başqa olduğu, onunla evlənmək istəmədiyi qənaətinə gələrək Holloueyi tərk etdi. İlk cümlədə bəzi çətinliklərdən bəhs etmişdim. Onların zamanıdır.
İlk öncə İan ən yaxın komanda yoldaşı Mayk Barretti xərçəngə qurban verir. Çox keçmədən isə Kimin məhəllənin tipik imkanlı ailələrindən birinin oğlu ilə nişanlandığını öyrənir. Artıq onu Bristola bağlayan bir şey qalmamışdı: nə Barrett var idi, nə də Kim. Şəhər unutmaq istədiyi köhnə xatirələri onun yadına salırdı. Keçmişindən qaçmaq istəyən İan “Uimbldon”un təklifini qəbul edir və Londonun yolunu tutur.
Londonda həyat qaydasında gedirdi. Bir gün İan komanda tərəfindən verilən istirahətdən istifadə edərək ailəsini ziyarət etmək qərarına gəlir. Yəni Bristola yollanır. Yemək zamanı anası Jan Hollouey ona həyatının sonrakı gedişatını dəyişəcək bir şeydən bəhs edir, Kimin xəstəxanada yatdığı, ağciyərində xəstəlik olduğu və vəziyyətinin ağırlığından danışır. İan dərhal keçmiş sevgilisinin yanına yollanır. Nişanlısı otaqda olsa da, Kim Holloueyi görən zaman, sanki dərmanı Ollidə imiş kimi onu qucaqlayır. Ertəsi gün İan məcburiyyətdən Londona qayıdır. Amma ürəyi Kimin yanında idi. Futbol barədə düşünmək belə istəmirdi.
Bir müddət sonra anası Jan ona zəng edir və Kimin nişanlısından ayrıldığını deyir. Məsələnin məğzinə gəlim. Kimin xərçəng olduğu ortaya çıxır. Həkimlər ona ömrünün az qaldığını deyirlər. Həmin günlərdə nişanlısı demək olar ki, onun qeydinə qalmırmış. Kim isə son istəyini reallaşdırmaq qərarına gəlir. O günlərdə tək arzusu son anlarını yenidən İanla keçirmək idi. Ollinin hekayəsi bir telefon zəngi ilə yenidən yazılır. O, sevdiyi qadından heç vaxt imtina etməmişdi, Kim nişanı atanda belə, indi də edə bilməzdi. İan hər həftə Kimi görmək üçün London-Bristol arası məsafə qət edir.
Kim İanı tez-tez görürdü və getdikcə vəziyyəti yaxşıya doğru gedirdi, amma İan çox yorulurdu. “Uimbldon”da qalmasının qeyri-mümkün olduğunu anlayan Olli “Brentford”a keçdi. İan sevdiyi qadın üçün Premyer Liqa arzusunu yarıda qoyub, 1-ci divizion (sayca 3-cü) klubuna transfer olmuşdu. Futbol onun üçün Kimdən sonra gəlirdi. Daha sonra İan və Kim evlənirlər. Hə, bir də möcüzə reallaşır: Kim xərçəngə qalib gəlir.
Hər şey yaxşıya doğru gedirdi. Amma bu səfər İanın atası Uilyamın vəziyyəti ağırlaşır. Bu səbəbdən o, 1987-ci ildə evinə - “Bristol Rovers”ə qayıtmalı olur. Amma ata Uilyam Kim kimi, çətini bacara bilmir. İan atasının ölüm xəbərini oyun zamanı alır.
İan ata acısını Kimin ona bəxş etdiyi övlad sevgisi ilə gec də olsa, üzərindən ata bildi. Artıq köhnə formasını bərpa edə bilmişdi. Hədəfi bir gün Premyer Liqada oynamaq idi. Bir müddət sonra İanın əkiz qızları dünyaya gəldi. Əkizlərdən sonra evdə vəziyyət əvvəlkindən fərqli idi. Qızların az yatması, tez-tez ağlaması onları həkimə getməyə vadar etdi. Nəticədə əkizlərin eşitmə əngəlli olduqları ortaya çıxdı. İan növbəti dəfə zərbə almışdı. Amma yenə dik durmaq məcburiyyətində idi. Bunun da öhdəsindən gəldi. İan və Kim Bristol Universiteti daxilində fəaliyyət göstərən və eşitmə əngəlli uşaqları olan valideynlərə yeni dil öyrədən kurslara qatıldılar. Kurs sayəsində həyatları normala döndü, artıq qızları ilə ünsiyyətdə ola bilirdilər. Eyni zamanda böyük oğullarının diqqətdən kənar qalmaması üçün ona da vaxt ayırırdılar.
İan ailəsinə daha yaxşı baxa bilmək və Premyer Liqa arzusunu reallaşdırmaq üçün təklifləri dəyərləndirirdi. Bir müddət sonra “Kuins Park”ın təklifini qəbul etdi. KPR-dakı ilk mövsümün ardından hədəfinə çatdı: 1992-ci ildə London klubu Premyer Liqaya yüksəldi. Amma yenə ailəsi və Kim... Artıq qızların məktəbə getmək zamanı gəlmişdi. Londonda eşitmə əngəllilər üçün olan məktəb şəhərdən çox uzaq idi və qızlar hər gün o yolu getməkdən yorulurdular. Bununla yanaşı, ölkənin ən yaxşı belə məktəbi İanın doğma Bristolunda yerləşirdi. KPR rəhbərliyindən icazə alan Olli klubdan ayrılmasa da, Bristolda yaşamağa başladı. Həftədə 5 gün məşqlərə qatılmaq üçün Bristol-London arası yol ölçürdü. Ağır rejimə 1996-cı ilə kimi dözdü, düz 3 il... Artıq əvvəlki kimi gənc deyildi. “Bristol Rovers” yenə onunla maraqlanırdı, bu dəfə məşqçi-oyunçu kimi. İan 3-cü dəfə sevimli klubuna “hə” dedi.
3 ilin tamamında karyerasını bitirib, “Rovers”in baş məşqçisi oldu. 2001-ci ildə yenidən “Kuins Park”a qayıtdı. 2004-cü ildə London klubunu Çempionşipə çıxardaraq ilk uğuruna imza atdı. Adının “Lester Siti” ilə hallanması KPR rəhbərliyinin xoşuna gəlmədi və 2006-cı ildə onunla yollar ayrıldı. Qısa müddət “Plimut Arqayl” və “Lester Siti”də çalışdıqdan sonra karyerasına bir illik fasilə verdi.
Bu arada İanın dördüncü uşağı dünyaya gəldi. Nə qədər qəribə olsa da, bu dəfə də eşitmə əngəlli... İan və Kimdə nadir hallarda rastlanan DNA uyğunsuzluğu var idi və bu, sözünü deyirdi. İanın diliylə desək, 4 uşaqdan 3-nün eşitmə əngəlli olması lotereyada 5-də 5 tapmaq kimi bir şey idi. Amma bu səfər əkizlərdəki kimi, təcrübəsiz deyildilər. İan və Kim artıq ünsiyyət cəhətdən heç bir çətinlik çəkmirdilər.
Bir mövsümlük fasilədən sonra İan “Blekpul”la anlaşdı. Elə ilk ilindəcə büdcəsi kiçik olan klubla tarix yazaraq Premyer Liqaya yüksəldi. Komanda demək olar ki, azad agentlərdən və icarəyə götürülmüş futbolçulardan qurulmuşdu. İan “Blekpul”a açıq  futbol oynadırdı. O, “Barselona” və İspaniyanın “tiki-taka”sına vurulmuşdu:
“İspaniya kimi “tiki-taka” oynamalarını istəyirəm. Komandamı İspaniya kimi oynayarkən görmək istəyirəm. Necə pas atırlar, necə top saxlayırlar, görürsünüz? Möhtəşəmdi. Nəyimiz əksikdi? Niyə biz onlar kimi oynamayaq?”
Dediyini də etdi, təbii, əlindəki oyunçularla oynaya bildiyi qədər oynatdı “tiki-taka”sını. “Mandarinlər” itiriləcək bir şeyləri yoxmuş kimi oyunlara çıxırdılar. Müdafiəni öndə qurub, irəlidə pressinq və bol pasla oynayırdılar. Cinah müdafiəçiləri demək olar ki, hər hücumda irəli çıxırdılar. Onlar künc bayrağına yaxınlaşanda cərimə meydançasında mütləq 5-6 “Blekpul”lu futbolçu olurdu. Nəticədə arxaya qayıdarkən çətinlik çəkirdilər və qapılarında çox qol görürdülər. Amma İan dediyindən dönmədi, sona qədər açıq futbol oynatdı. İPL-də keçirtdikləri bir mövsüm ərzində oynadıqları görüşlərin 14-də qapılarında 3 və 3-dən artıq qol gördülər. Hətta “Arsenal” mövsümün əvvəlindəcə Uolkottun ulduzlaşdığı matçda onları 6 dəfə cəzalandırmışdı.
Daha sonra “Liverpul”dan tanıdığımız, indilərdə isə “Stok Siti”nin formasını geyən Çarli Adams o günlərdə “Blekpul”un əsas ulduzu idi. Ayan Evatt var idi, Qeri Teylor-Fletçeri də unutmaq olmaz. Hətta Harri Rednappa görə, İanın “Blekpul”da etdiklərini Mourinyo “Çelsi”də edə bilməzdi.
Çempionat başa çatanda sondan ikinci olan “Blekpul” aid olduğu yerə - Çempionşipə qayıtdı. Amma bütün futbolsevərlərin sevgisini qazanaraq... Bir il daha “mandarinlər”lə qalan İan 2012-də “Kristal Pelas”ın yolunu tutdu. O, London klubunu da ilk mövsümündə İPL-ə çıxardı. Amma sonrakı il ilk 8 matçda qazanılan 3 xalı uğursuzluq sayaraq istefa etdi.
2014-cü ildə adanın bəlkə də ən çox nifrət edilən klubuyla ən çox sevilən adamı bir araya gəldi. İan “Milluoll”un baş məşqçisi oldu. Amma DNA uyğunsuzluğu burda da sözünü dedi. 2015-ci ilin ortalarında İan ilk dəfə bir klubdan qovuldu. “Milluoll” isə mövsümün sonunda Liqa 1-ə (sayca 3-cü divizion) düşdü.
Oxuduğunuz kimi, İanın həyatı çətinliklərlə doludu. Ancaq onu hər dəfə TV-də görəndə və ya müsahibələrini oxuyanda heç də elə bir həyatı olduğunu düşünməzsiniz. İan Hollouey ada futbolunun ən gülərüz simalarındandır. Həyata optimist baxışı, verdiyi maraqlı və bir o qədər gülməli açıqlamaları – bunlarla onu xarakterizə edə bilərəm. Bəlkə də yaşadıqları onu daxilən gücləndirib.
“Çesterfild”lə oyundan sonra dedikləri isə əfsanələr arasına çoxdan girib:  “Gecələr çölə çıxanda qadın axtarırıq və birini tapırıq. Bəzi həftələr tapdığımız qadınlar çox gözəl olurlar, bəzi həftələr isə çirkin. Bugünkü performansımız da gözəl olmayan qadın kimidi, amma ən azından onu taksiyə mindirmişik. Bəlkə evə apardığımız ən gözəl qadın deyil, amma canayaxındı, bu səbəbdən ona təşəkkür edirəm. Gəlin, qəhvə içək”.
“Plimut”da çalışarkən “Sanderlend”lə görüşdən sonra 700 azarkeşə içki alan, saçım olsa, rok ulduzu olardım deyən, arada da Pit Doertiyə sataşan adam, “Dumanlı Albion”dan hekayələr”ə son qoymaq üçün səndən yaxşısını tapa bilmədim.
Cimmi Qlassla başlayan macəranın sonuna gəldik. Artıq İngiltərə Premyer Liqası start götürür. Hekayələr yaşıl meydanlarda yazılacaq, mənə söz düşməz.
“Dumanlı Albion”dan hekayələr"də mümkün qədər ada futbolunun gizli qəhrəmanları haqda bildiklərimi bölüşməyə çalışdım. Alındı, ya yox? Söz sizdədi.

Hiç yorum yok:

Yorum Gönder