19 Ağustos 2015

Konçetta üçün...

Roberto Di Matteo 1996-cı ilin 18 avqustunda rəsmi oyunlarda ilk dəfə “Çelsi” formasını əyninə keçirmişdi. Həmin tarixdən 19 il keçdi. Bu əsnada italyanla bağlı kiçik bir hekayə danışmaq yerinə düşər.
Məşqçiliyi müzakirə mövzusudur. Ancaq bu, onun “Çelsi”yə Çempionlar Liqasını qazandıran ilk çalışdırıcı olması reallığını dəyişmir. O, artıq indidən “Çelsi” tarixinin gəlmiş-keçmiş ən yaxşı məşqçisi hesab olunan Joze Mourinyonun hələ də bacara bilmədiyini bacarıb. “Zadəganlar”ı Abramoviç dönəmindən əvvəl də sevənlər üçün isə Di Matteo təkcə ÇL-i qazanan məşqçi olaraq yox, həm də futbolçu kimi etdikləriylə yadda qalıb. Görünüşünə görə daha çox asiyalılara bənzəyən Di Matteo məşqçiliklə müqayisədə top arxasınca qaçmağı daha yaxşı bacarırdı.
Abramoviçdən əsər-əlamət olmadığı günlərdə “Çelsi” daha xarizmatik komanda idi. Romanın gəlişindən sonra London klubu nüfuzunu artırdı artırmağına, amma bu dönəmdə “mavilər”dən üz döndərənlərin sayı da az olmadı. Qazanılan çempionluqlar, nəticələr, uğurlar – bəlkə də bunları “həzm etmək” çətin gəldi. Nəysə, xarizmatik komanda deyirdim, elə idilər. İndiki uğurların yanına yaxınlaşa bilməsələr belə…
Çox uzağa getmirəm, 1996-97 mövsümündən danışacağam. O günlərdə “Çelsi” Dennis Uayzın komandası idi. Ruud Qullit İngiltərə millisinə baş məşqçi təyin olunan Qlenn Hoddlu əvəzləmişdi. Hollandiyalı oyunçu-məşqçi funksiyasını yerinə yetirirdi. Heyətdə haqqında ağız dolusu danışılası adamlar çox idi: Mark Hyuz, Canluka Vialli, Canfranko Zola, Frank Leböf, Dan Petresku, Stiv Klark… və Roberto Di Matteo. İtalyan yeni transferlərdən idi. “Latsio”dan gəlmişdi. Zdenek Zeman onu “bişirib” Qullitə yollamışdı. Oyunun hər iki tərəfini oynaya bilirdi.
Yuxarıda Di Matteonun “Çelsi” forması ilə debüt etdiyi tarixi qeyd etmişdim. İlk qolunu isə ikinci turda “Midlsbro”ya vurmuşdu. Meydanı görmək qabiliyyəti, pasları, müdafiə və hücum fazalarında nə edəcəyini bilməsi, uzun məsafədən vurduğu zərbələrlə onu xarakterizə edərdim.
Uzatmadan hekayəyə keçim. 1997-ci ildə FA Kubokunun finalında “Çelsi” Brayan Robsonun “Midlsbro”su ilə qarşılaşırdı. Oyun başlar-başlamaz “zadəganlar” önə keçir: Di Matteo Uayzdan topu qəbul edir, mərkəz xəttini keçdikdən sonra onun üçün adi olan möhtəşəm zərbələrindən birini vurur və 42-ci saniyədə hesab açılır.
Stadion sevincə qərq olanda tribunadakı görmə əngəlli qız insanların sevinməsinin birbaşa qardaşı ilə əlaqədar olduğunu atasından öyrənir. Retinitis pigmentosa xəstəliyindən əziyyət çəkən Konçetta Di Matteo görmə qabiliyyətini itirmişdi. Qardaşı ona kuboku qazanacağına dair söz vermişdi. Roberto bacısının stadionda olacağını bilirdi və oyundan bir gün öncə mətbuata açıqlamasında “Bacımın həyata bağlanması mənim üçün dərsdir. Təkcə onun üçün kuboku qazanmaq istəyirəm” demişdi. Elə bu səbəbdən də “Boro” ilə final matçı onun üçün bir başqa önəm daşıyırdı. İlk dəqiqələrdən hər şeyini ortaya qoymağa çalışırdı. Nəticə də özünü çox gözlətməmişdi. Eddi Nyutonun qolu isə yekun hesabı müəyyənləşdirmişdi: 2:0. Ruud Qullit tarix yazaraq 27 il sonra “Çelsi”yə ilk titulunu qazandırmışdı. Di Matteo isə kuboku bacısına həsr etmişdi. O, digər qolun müəllifi və bacısı Konçettaya verdiyi sözə əməl etməsinə yardımcı olan Eddi Nyutonun adını heç vaxt unutmayacaqdı.
Zədələrdən başı ağrayan Nyuton 1999-cu ildə “Çelsi”ni tərk etdikdən sonra aşağı divizion klublarına üz tutdu. Ancaq heç vaxt əvvəlki formasına yaxın düşə bilmədi və karyerasını bitirdi. Müsəlman olan Eddi türk əsilli bir qızla ailə həyatı qurdu. Di Matteo isə 2002-ci ildə həm “Çelsi”, həm də futbolla vidalaşdı.
2008-ci ildə Di Matteo “Milton Kins Dons”un baş məşqçisi təyin olundu. İlk zəng vurduğu adam kim olsa yaxşıdı? Təxmin etdiyiniz kimi, Eddi Nyuton. O, keçmiş komanda yoldaşına Federasiya Kubokunun finalından bəhs etdikdən sonra köməkçisi olmasını istəmişdi. Eddi “yox” deməmişdi. Onlar birlikdə “Vest Bromviç”i də çalışdırdılar. Daha sonra Di Matteo “Çelsi”də Andre Villaş-Boaşın köməkçisi oldu, Nyuton isə işsiz qaldı.
2012-ci il, 4 mart - İstefaya göndərilən Andre-Villaş Boaşı köməkçi məşqçi Roberto Di Matteo əvəzləyir. Nyutonun işsiz qalmasında özünü günahlandıran italyan bir gün sonra ona zəng edir və növbəti dəfə köməkçisi olmağını istəyir. Eddi Nyuton tərəddüd etmədən təklifi qəbul edir.

2012-ci il, 19 may - Di Matteo–Nyuton ikilisi bu səfər təkcə Konçettanın yox, bütün “Çelsi” azarkeşlərinin yaddaşında əbədi iz qoyacaq Çempionlar Liqasını qazanırlar.

Hiç yorum yok:

Yorum Gönder