29 Kasım 2015

Üçbucaqlar və yetişdirdikləri futbolçularla qazanılan qələbələr


İçəri girirsən. Barselona şəhərinin mərkəzində yerləşən köhnə, kərpicdən olan ferma ev ən yaxşı gənclər akademiyasına ev sahibliyi edir. Sizi dostyana qarşılayıb, qəhvə təklif edirlər. “La Masia” – katalan dilindən tərcümədə “ferma evi” mənasını verən “Barselona”nın akademiyası, “Milan”ın əfsanəvi “Milanello” məşq bazasını andırır. Hər iki təsis insanların birlikdə vaxt keçirməsi, kofe içməsi üçün nəzərdə tutulmuş yerləri xatırladır. Hərçənd “Masia” bənzərsizdi. O, qapının arxasındakı “Kamp Nou” stadionunda oynayan, dünyanın ən yaxşı komandası – “Barselona”nın yarısını "istehsal" edir. Lionel Messi, Xavi, Andres İnyesta və Karles Puyol bu ferma evində yetişiblər. “Liverpul”lu Pepe Reyna, “Arsenal”lı Sesk Fabreqas və “Everton”lu Mikel Arteta da həmçinin... Birlikdə dünyanın ən yaxşı 11-liyi ola bilərlər. Xoşbəxtlikdən “Masia”nın sirrini mənimlə paylaşmaları üçün akademiyanın 3 üzvü – Albert Kapelyas, Ruben Bonastre və skautlar qrupunun rəhbəri Pep Boade ilə birlikdə eyni masa arxasında oturmaq imkanım oldu.

Ferma evinin yüksəlişi 1990-cı ildə, Yohan Kroyf “Barselona”nı çalışdırdığı zamana təsadüf edir. Kroyf böyük futbolçu olub, ancaq onun kluba əsl hədiyyəsi gənc oyunçuları yetişdirmək idi. O, dünyanın ən yaxşı 3 gənc akademiyasından ikisini (“Ayaks” və “Barselona”) qurdu (“San Paulo” akademiyası müstəqil fenomendi). Kroyf “Barselona”da futbolçuların ötürmələrə söykənən məşq sessiyalarını başlatdı. Ona görə futbol meydanda üçbucaqlar yaradaraq paslaşmaq idi. Kroyf bunu bacaran futbolçuları seçirdi. Bu, “Barselona”nın əsas prinsipi olaraq qalır.

Kapelyas: “Oyunçular meydanda həmişə üçbucaq yaratmalıdılar”.

“Masia” təkcə yaxşı futbolçular deyil, həm də yaxşı insanlar yetişdirməyə çalışır

Boade: “Buradakı 50 oğlana ailəmizdən biri kimi yanaşırıq”. O, bunu yalandan, söz xətrinə demədi. Bəzi akademiyalar militarist qaydalarla idarə olunur, amma “Barselona”nın məşqçiləri katolik analara bənzəyirlər. Bu ailədə uşaqlar ev yeməkləri yeyir, tapşırıqlarını yerinə yetirir və öz davranışlarına diqqət yetirməyi öyrənirlər. Bəzən onlardan biri komandadan ayrılanda, digəri “Masia”nı tərk edən uşaqdan daha yaxşı futbolçu olmasında özünü günahlandırıb, ağlayır.

Akademiyadan çıxan oyunçular ulduz olduqdan sonra belə, tez-tez “evləri”ni ziyarət edirlər.

Boade: “Messi və İnyesta bəzən yemək üçün bura gəlirlər. Valideynləri kimi, bizə də problemləri ilə gəlmişdilər”.

Bonastre əlavə edir: “Messi, İnyesta və Viktor Valdes - onlar normal oğlanlar idi. Biz onların zəfərlərini də bilirik, çətin günlərini də”. “Barselona”nın əsas komandası geniş ailədi. “Masia”nın yeməkxanasının ağ divarında 1988-ci ildən qalmış bir foto var; 20 saçı uzun yeniyetmə oğlanın fotosu. Aralarındakı ən sısqa oğlan “Barselona”nın hazırkı baş məşqçisi Pep Qvardioladı. Yanında dayanan digər iki futbolçu isə onun köməkçiləri – Tito Vilanova və Aureli Altimiradı.

“Dairə yumrudu” – Kapelyas

“Masia”da yetişənlər indi buranı idarə edir. Kapelyas sözünə davam edir: “Qvardiola “Masia”dakı hər oyunçunun nəyə qadir olduğundan xəbərdardı. O, indidən 3 il sonra kimlərin əsas komandaya qoşulacağını bilir. Qvardiolanın ofisinin qapıları akademiya məşqçilərinin üzünə açıqdı”.

Bu əməkdaşlıq öz bəhrəsini verir. İstənilən məşqçi Messini komandasında oynadar, çünki o, dahidi. Amma.. Kapelyas əlavə edir: “Pedro ulduz deyildi. Pedro şanslı idi, çünki Qvardiola onu yaxşı tanıyırdı”.

“Barsa”nın məqsədi əsas komandanın yarısını “Masia”dan çıxan oyuçulardan təşkil etməkdən ibarətdi. Qısa müddətdə bu göstərici 60% də ola bilər.

Gənclərdən biri əsas komandaya qoşulanda, məşqçilər “Masia”nın köhnə oğlanlarından birinə, məsələn, İnyestaya ona yaxşı baxmasını tapşırırlar. İnyestanın cavabı belə olur: “Narahat olma, ona ən yaxşı şəkildə baxacağıq”.

Bonastre: “Əsas komandada oynamaq futbolçularımıza asan gəlir, çünki Xavi və İnyesta ilə birlikdə oynamaq akademiyadakı gənclərlə müqayisədə daha asandı”.

Bəlkə də “Kamp Nou”nu yaxından tanımaları onlara kömək edir: yataqxanaları belə, stadionun içərisindədi. Məşqçilərin sözlərinə görə, böyük klublardan çox az bir qisminin gənc oyunçulara şans verməyə cəsarəti çatır. “Barsa” və “Real”ın gəncləri qarşılaşanda onların təxminən eyni səviyyədə olduqlarını görürsən. Amma “Real”ın gəncləri çox nadir hallarda əsas komandaya düşə bilir. Bütün bunlar “Barselona”nın göstəriş xatirinə olan təbliğatı kimi görünə bilər, amma gerçək olan bir şey var, bu da “Masia”nın daha yaxşı işlədiyidi.

Bunun isbatını həftə sonları “Kamp Nou”da görə bilərsiniz: üçbucaqlar və yetişdirdikləri futbolçularla qazanılan qələbələr... (Saymon Kuper, 2009)

“Barselona” adlanan, özündə bu mükəmməl sistemi, mədəniyyəti ehtiva edən geniş ailə 116-cı ilinə qədəm qoyur. Sevimli Saymon Kuperdən bu yazını paylaşmaq üçün əlimə daha yaxşı fürsət düşməyə bilərdi. “Barselona”nın yaranışı bəhanəmiz olsun.

Hiç yorum yok:

Yorum Gönder