3 Kasım 2015

Monika


Gəncliyi 80-lərin sonu, 90-ların əvvəllərinə təsadüf edənlərlə qadın tennisi haqda danışsanız, mütləq söhbətin böyük bir hissəsində Şteffi Qrafın adını eşidəcəksiniz. Qeyri-adi heç nə yoxdu. Necə indi ağzımızı açıb tennis deyəndə, avtomatik Serena eşidirik, o dövr üçün də Qraf elə idi. İmkan düşmüşkən onlardan bir də Monika Seleşi soruşun. Qrafın hegemonluğuna kölgə salan yuqoslav qız haqqında da mütləq danışası bir şeyləri olacaq.

Seleş oyununu ən çox bəyəndiyim qadın tennisçidi. Old school tennisə marağımı artıranların başında onun adı gəlir. Monika haqqında kiçik bir tarixçə danışacam. Sözünü etdiyim hadisə olmasa, bəlkə də bu gün Açıq erada ən çox Böyük dəbilqə qazanan qadın tennisçiləri sadalayanda Qrafın adını ən başda çəkməyəcəkdik.

Seleş 1992-ci ildə 3 Böyük dəbilqə seriyalı turnirin ("Avstraliya Open", "Fransa Open", "US Open") qalibi olmuşdu. 1993-ün startında da üzərinə düşən tapşırığın öhdəsindən gəlmiş, finalda Şteffini məğlub edərək "Avstraliya Open" zəfəri ilə mövsümə başlamışdı. Başa düşdüyünüz kimi, WTA reytinqində birinci pillədə qərarlaşan tennisçi Seleşdən başqası deyildi.

30 aprel, 1993, Hamburq. O vaxtkı adı ilə "Citizen Cup"ın 1/4 finalında Monika Seleş Maqdalena Maleyeva ilə qarşılaşırdı. Monika ilk setdə 6:4 hesabı ilə qalib gəlmişdi. İkinci setdə də üstün tərəf yuqoslav tennisçi idi: 4:3. 7-ci qeymdən sonra yaranan fasilə zamanı tennisdə bənzərinə rastlamadığım bir şey oldu. Oyunu birbaşa arenadan izləyən Qünter Parxe adlı alman azarkeş Seleşi kürəyindən bıçaqladı. Xəstəxanaya aparılan Monikanın vəziyyəti normal idi. Sağlığı üçün bir problem olmasa da, tennisə qayıtması çətin görünürdü. Üstəlik həmin günlərdə atasına xərçəng diaqnozu qoyulduğu barədə xəbər almışdı. Həmkarları isə ona biganə yanaşırdılar. Sanki hamısı onun karyerasını bitirməsini istəyirdi.

Monikanın bədəni tennis oynamaq istəsə də, beyni hər dəfə korta yaxınlaşanda həmin günə qayıdırdı. Depresiyaya düşən Seleş çarəni yeməklərdə tapmışdı. Özünün dediyi kimi, o artıq kartof qızartması yemək üzrə çempion idi.

WTA hadisədən sonra Seleşin birinciliyini saxlamaqla bağlı təklif irəli sürsə də, Qabriela Sabatinidən başqa turda olan qadın tennisçilərin heç biri bununla razılaşmadı. Seleşin özündə güc tapıb tennisə qayıtması 2 ilini aldı. Qayıtdı qayıtmağına, hətta "Avstraliya Open"in qalibi də oldu. Ancaq heç vaxt əvvəlki Seleş ola bilmədi. Bir də, heç vaxt Şteffinin vətəni Almaniyada korta çıxmadı.

Hadisəni törədən Qünter Parxeyə gəlincə, o, Şteffi Qrafın fanatı idi. Parxe psixoloji cəhətdən problemləri olduğu üçün həbsxana əvəzinə, xəstəxanaya göndərildi.

Həmin zaman Seleşin heç 20 yaşı tamam olmamışdı. Buna baxmayaraq, o artıq 8 Böyük dəbilqə turnirinin qalibi idi. Bunu əfsanə adlandırdığımız tennisçilərdən (Serena, Navratilova, Qraf, Kort, Evert) heç biri bacarmayıb. Oyunlarına baxmaq imkanınız olsa, fürsəti əldən verməyin. Məsələn, Qrafla oynadığı Fransa Open-92 finalı başlanğıc üçün idealdı. Hamburq hadisəsi həm Seleşin, həm Qrafın "Wikipedia"sında öz əksini tapıb. Birində karyerasının qırılma nöqtəsi kimi, digərində isə 22 BD titulu kimi...

Hiç yorum yok:

Yorum Gönder