7 Aralık 2016

Avro-2000 xatirələri..


Bu gün Avro-2000-nin qaliblərindən birinin ekstrim final barədə fikirlərini bölüşəcəm. Mən Fransanın geridönüşünə, Trezeqenin qoluna, məşhur yarımfinaldan sonra Hollandiyaya acıdığım üçün sevinərkən, onlar nə hisslər keçirirdilər? Suala, idmançı bioqrafiyaları arasında ən çox sevdiklərim sırasında yer alan, Marsel Dösayinin həyatından bəhs edən "Kapitan"dan maraqlı və hər futbolsevərin oxumasında fayda gördüyüm bir hissə ilə cavab verəcəm:

Matçın bitməsinə bir dəqiqə qalmışdı. İtalyanlar 1:0 öndə idilər. Çempion olduqlarını düşünürdülər, haqlı idilər də.. İtaliya A Seriyasında oynayan futbolçu üçün qalan bir dəqiqəni yola vermək uşaq oyuncağıdı. Peşələrinin əlifbası budu. Topu saxlamaq, paslaşmaq, yenidən paslaşmaq,bir daha təkrarlamaq, yıxılmaq, zədələnmiş kimi üz qırışdırmaq, ağrı hiss etmək, ya da hiss edirmiş kimi davranmaq, müzakirələr, saniyələri saymaq; 5, 10, 15.. Bunları bilirdim, mən özüm də bunları eləmişdim. Maldini kimi! Albertini kimi! Və bu axşam qarşımda onlar var idi. O zaman.. Əvəzedicilər skamyasında oturan futbolçular ayağa durub bir-birlərinin qoluna girə bilərdilər. Fabyan Bartezin qoruduğu qapının arxasındakı italyan azarkeşlər himnlərini oxuya bilərdilər: “Fratelli..”

Qışqırışları, gülüşləri eşidə bilirdim: “Dösayi, Dösayi! İtaliya, İtaliya..” Təbii ki, bunu edən “İnter” azarkeşləri idi. “La Gazzetta”nın sabahkı manşetini təxmin edirdim: çəhrayı fon, üzərində qara hərflərlə - “Azzuri”lərin revanşı". Əlim belimdə Blonşara (Didye Deşamı belə çağırır) baxdım və dedim: “Bitdi”.

Son 45 saniyə.. Fabyanın uzun ötürməsi, top havadadı, fikrim heç orda deyil.. David Trezeqenin kəlləsi, top Viltordu tapır.. Görəsən, nə olacaq?

İlk vuruşdan sonra top qayıdır, ikinci dəfə Silvan zərbə vurur (yanlış xatırlayır :) ).. Qol!

Axmaqlıqdı, bilirəm, amma ilk öncə tərəddüd eləmişdim, inanmamışdım. Nə olduğunu anlamırdım. Mənim üçün matç bitmişdi, uduzmuşduq, boğulmuşduq. Oyunun sonrasını yaşayırdım, amma Silvan məni həyata qaytardı. "Balaca" bizi xilas elədi. Qoca ürəyimlə oynadı, amma bunu bacardı. Əlavə vaxt. Qızıl qol, yəni qol vuran qalib olacaq. 1998-də Paraqvayla oyunda Loran Blan sayəsində bu hissi yaşamışdıq. Bir ömür qədər uzun iki il öncəsinin – o günün qəhrəmanı Lolo idi. Bu səfər iki qəhrəmanımız var idi: biri “al və vur” deyən Rober Pires, digəri son nöqtəni qoyan David Trezeqe.

Rober yaxşı insandı, o, bizim “möcüzəvi uşağımız”dı. Dünya çempionatında meydanda lazımı qədər aqressiv deyildi. Meydandan kənarda da zəif biridi. Rober çox yumşaqdı. Eme ona tez-tez “bir az sərt ol” deyərdi. Sonra birdən-birə özünə güvənməyə başladı. Gündəlik həyatda meydandakı kimi diqqətli olduğunu görəndə, öz-özümə, heç dəyişmədən necə xarakterini qoruduğunu və bütün deyilənlərə necə gülər üzlə cavab verdiyini düşünürdüm. “Bunun səbəbi ailəmin mənə verdiyi tərbiyədi” - həmişə belə deyərdi. Yəqin ki, valideynləri əla insanlardılar.

Rober Pires ikinci hissədə oyuna girəndə məni əsəbiləşdirdi. Uduzurduq və heç bir ümidim qalmamışdı. Yanıma gəldi və mənə dedi: “Marsel, harda oynamalıyam? Sağ, yoxsa sol?” Düzü, onun harda oynayacağı vecimə deyildi. Uduzurduq, mənəvi cəhətdən bərbad vəziyyətdə idim, ayaqlarıma ağırlıq çökmüşdü. Ona, “Özün bilərsən.. Ya da ən yaxşısı sol tərəfə keç və bizə böyük futbolçu olub-olmadığını göstər”, - dedim.

Onu incitmişdim. O andan etibarən heç nə Roberi dayandıra bilmədi. Əlavə vaxtda soldan irəlilədiyini gördüm. Sürətləndi, topu daşıdı və içəri doğru göndərdi. Ötürdüyü yerdə David var idi. Topu qəbul elədi, vurdu və bizi Avropa çempionu elədi.

Və “qızıl adam”ımız qaçmağa başladı. Qollarını qaldırdı, formasını əynindən çıxardı. Buenos Ayresli oğlanı heç belə görməmişdim. Böyük hücumçuların əksəriyyəti kimi, David Trezeqe də əsrarəngiz biridi. Argentinalı dostları ilə danışmadığı zamanlarda tək gəzərdi, səssiz idi. Bəzən elə olurdu ki, saatlarla heç kimlə danışmırdı. Qürurlu, özünü bəyənən biri deyildi. Amma komandadakı digər gənclərdən fərqli olaraq öz dünyası var idi. Ancaq qol vurmaq üçün qabığından çıxardı.

Adam belə anların bitməməsini istəyir.. Dadını çıxarmaq, unutmamaq, bütün gülən üzləri yadında saxlamaq istəyir.. Amma hər şey göz açıb qapayınca bitir.

Roje Lemerr Davidə tərəf qaçırdı - gözü sonuna qədər açılmış vəziyyətdə, üzü qıpqırmızı, önünə baxmadan.. Məni qorxudurdu. Bu qol ani şok idi. Stadiondakı heç kim həmin anları onun kimi yaşaya bilməzdi - bunu çox yaxşı başa düşürdüm. Avropa çempionatının gedişində atasını itirməsi ona çox pis təsir eləmişdi, amma yenə də bunu komandaya yansıtmamağa çalışırdı. Bizi sevdiyini bilirdik. Günümüz futbolunda məşqçinin oyunçularını bu qədər sevməsinə tez-tez rastlamırıq. Bizə qarşı sevgisi qələbə ilə əlaqədar, bir günlük sevgi deyildi.

Çox romantikəm, hə? Mən də ağlayırdım. 1998-də ağlamamışdım. Onsuz da final matçındakı ssenariyə görə ağlamağım mümkünsüz idi. Bu səfər isə göz yaşı tökə bilərdim. Maskam düşmüş, sinirlərim boşalmışdı, sərt duruşum, duyğusuz gülüşüm artıq geridə qalmışdı. Qəribədi, amma “Marsel”də oynayarkən 1991-ci ildə Çempion Klublar Kubokunun finalında “Çrvena Zvezda”ya uduzduğumuz oyun yadıma düşdü, Bazil Bolini xatırladım. O zaman kameralar Bolinin kədərli anlarını çəkmişdilər. Mən isə sevincdən ağlayırdım - əllərim üzümdə.. Göz yaşlarımı təkcə özümə saxlamışdım.

Artıq kuboku qaldırmaq zamanı idi. Komanda fotosu çəkdirərkən kubok əldən-ələ gəzirdi. Rober Piresi gördüm, hər zamankı kimi, gülümsəyirdi. Oyuna girərkən verdiyim reaksiyanın onu incitmək əvəzinə, qabağından çıxmasına səbəb olduğunu başa düşdüm. Bəlkə də uğurumuzun əsas sirri elə bu idi: komanda yoldaşlarımızın göstərişlərinə pozitiv yanaşırdıq.

Didye Deşamın (ən yaxın dostu) yanına getdim. Çiyin-çiyinə gəzərkən azarkeşlərə baxırdıq. “Marsel, bax indi hər şeyi bacardıq! Dünya çempionatı, Avropa çempionluğu.. Daha nə istəyirsən?”, – dedi. Mümkün olduğu qədər stadionda qalıb, həmin dəqiqələrin dadını çıxarmaq, o anları heç unutmamaq – təkcə bu, başqa heç nə, başqa heç nə istəmirdim.

Niyəsini bilmirəm, amma futbolçulardan biri yerə oturdu. Sonra daha biri.. Və davamı gəldi.. 8 nəfər yan-yana oturmuşduq, elə bil meydanın ortasında piknikə çıxmışdıq: Pires, Lisarasu, Viltord, Türam, Anri, Deşam, Vieyra və mən. Bu səhnə kameraların diqqətindən yayınmışdı (aşağıdakı fotoda gördüyünüz kimi :) ). Bu, bənzərsiz bir şey idi, bir neçə dəqiqə əvvəl kuboku qaldırdığımız anlardan belə, daha gözəl idi.

Bizim üçün artıq stadionda italyanlar yox idi. Kubokumuzla baş-başa idik. Sonsuzluq və 8 dost!

Danışmağa başladıq; mikrofonlardan çox uzaqda, içimizdən gəldiyi kimi ağızdan tökülən cümlələr. Medianın orda danışılanlardan heç xəbəri olmadı. Yadımda qaldığı qədərini deyəcəm. Qəhqəhələri əlavə edə bilərsiz, qalanı belə bir şey idi:

- Ehh, bu səfər yəqin ki, çempionluğa layiq olmadığımız haqda danışmayacaqlar. - Artıq buna son qoymalıdılar! Bitdi!
- Dünya çempionluğu, Avropa çempionluğu.. Daha nə olsun?
- Bu arada, tətil üçün bir şey planlamısız?
- Həmişəki kimi - La Kot!
- Ahh, La kot! San-Trope..
- Dəlilər kimi əylənəcəm!
- Uşaqlar, elə burda yaxşıyıq.
- Hə, amma kolbasaları, qızarmış sosiskaları gətirməyi unutmuşuq.
- Gələn dəfəyə qalsın.

Hiç yorum yok:

Yorum Gönder