9 Aralık 2016

Barselona və şotland məsələsi


"Bir klubdan daha artıq" - "Barselona"nın düsturu budu. "Barça" ilə müqayisədə "Mançester Yunayted" belə, üçüncü divizion klubu kimi görsənir. Hər həftə BBC-də yayımlanan və sadəcə "Yunayted"dən bəhs edən bir satira proqramı yoxdu. Salvador Dalinin qatılmaq istəyəcəyi qədər prestijli rəsm müsabiqəsi təşkil edə bilməzlər. Və 108 000 seriya nömrəli mövsümlük biletin Papaya məxsus olduğunu qeyd edib, bununla öyünmələri mümkün deyil. O cümlədən, klubun muzeyi şəhərin ən çox ziyarət edilən yerlərindən biri ola bilməz ("Barça"nın muzeyini ziyarət edənlərin sayı Pikasso muzeyinə üstünlük verənlərdən daha çoxdu).

Barselonaya 1992-ci ilin oktyabr ayında getmişdim. Şəhər ən gözəl dövrünü yaşayırdı. Metrodakı mikrofonlardan daim yerli musiqiləri eşidə bilərdiz. Mağazalardakı ispanca yazılar yeniləri ilə - katalanca olanlarla dəyişdirilirdi. Terroristlərin, narkotik maddələrin və boykotların ləkələyə bilmədiyi Yay Olimpiya Oyunları Barselonada keçirilmişdi və şəhər hər gün daha da gözəlləşirdi. Eyni ilin may ayında "Barselona" "Vembli"də "Sampdoriya"nı məğlub edərək, tarixindəki ilk Avrupa Kubokunu qazanmışdı. Bir həftə sonra Londona qayıtdım - ingilis iqtisadiyyatını sarsıdan "Qara çərşənbə"dən dərhal sonra. Çox fərqli atmosferlə qarşılaşdım.

"Nou Kamp" stadionu həqiqətən də dünyanın mərkəzidi. Həftə içi bir gün səhər stadiona getdim və dördüncü mərtəbədən ətrafa baxdım. Qərara gəldim ki, "Barça" ilə qarşılaşan hər komanda tuneldən meydana çıxdığı andan etibarən bunu etdiyinə peşman olur. Stadion demək olar ki, bir şəhər böyüklüyündədi: 120 min adam tutur, yəni Norviç şəhərinin əhalisi qədər. Bir tərəfdən də stadionu böyütmə işləri davam edirdi. Klub işçiləri şikayətlənirdilər: "Elə bir an gəlir ki, ən yuxarı mərtəbədən matçı izləyən azarkeşlərin teleskopa ehtiyac duyduğunu anlayırıq. Bax o zaman tribuna inşasını dayandırmaq məcburiyyətində olduğumuzun fərqinə varırıq".

..Ölkə, ya da idman növü fərq etməz, "Barselona" futbol klubu dünyanın ən böyük klubudu. Yaxşı, bəs niyə? Hər şeyin bir səbəbi olmalıdı.

Klub prezidentinin köməkçisi Nikolau Kasausla danışmaq imkanı əldə etmişdim. İngiliscə bilmədiyini demişdilər, amma çöldə gözləyərkən bir neçə dəfə Amerika şivəsi ilə "Oturun!" dediyini eşitdim. Deyəsən məşq eləyirdi. Otağına girəndə ispanca danışmağa başladı, ağzında siqar var idi. İlk olaraq klubun düsturunun, "Barselona"nın İspaniyada bir sosial statusu olduğu anlamına gəlib-gəlmədiyini soruşdum. Kasaus "Barça"nın siyasətə qarışmadığını dedi, klubun azarkeşləri arasında fərqli partiya və dinlərdən insanların olduğunu xüsusi vurğuladı. Elə isə düsturun anlamı nədi? Qəribə bir ifadə ilə, "Barselonizm böyük ehtirasdı" - deyə cavab verdi. "Reyncers", "Seltik" və "Barselona"nın idarəçiləri həmişə sadəcə bir klub olduqlarını deməyə üstünlük verirlər. Futbolçular da öz növbəsində: onlar heç vaxt rəhbərlərinin siyasi statusları haqda fikirləşmirlər. İdarəçilər və futbolçuların nə düşündükləri o qədər də önəmli deyil. Çünki bir klub azarkeşləri üçün nə anlam ifadə edirsə, odu.

Katalanlar özlərini ispan yox, katalan hesab edirlər. Bunu sübuta yetirmək üçün uzun müddət Madridlə mübarizə aparıblar. Məsələn, 1930-ların vətəndaş müharibəsində general Frankoya ən çox müqavimət göstərən bölgə Katalunya idi. Buna baxmayaraq, Frankonun öldüyü 1975-ci ilə qədər onun rəhbərliyi altında yaşadılar. Artıq Katalunyanın öz regional hökuməti - "Generalitat" var. Ancaq hələ də 5 milyon katalan daha artığını, bəlkə də özlərinə məxsus dövlətin qurulmasını istəyir. Qatı "Barça" azarkeşi olan gənc iqtisadçı Jordi Torrebadelya deyirdi: "Avropanın dövlət olmadığı halda, ən güclü ulusu Katalunyadı. Bizi Şotlandiya ilə müqayisə edə bilməzsiz, çünki biz öz dövlətimiz içərisində Şotlandiyanın Birləşmiş Krallıq daxilində olduğundan daha güclüyük. İspaniyanın digər bölgələrinə maliyyə yardımı göndəririk. Şotlandiya isə İngiltərədən yardım alır". Ya da Krayfın 1973-cü ildə "Barça"ya transfer olduğu zaman öyrəndiyi kimi: "Bizim qazandığımızı Madriddə yeyib bitirirlər".

Katalan sosioloq Luis Flaquerdən mənə "Barça" haqqında bir şeylər öyrənə biləcəyim kitablar təklif etməsini istədim. Bircə dənə kitab tapa bildi, o da 20 il öncə yazılmışdı. Niyəsini soruşanda belə cavab verdi: "Haqqında yazı yazılmayacaq qədər müqəddəs mövzular var. Bəzi mövzular da var ki, yazı yazılmayacaq qədər bayağıdılar". "Bayağı" ifadəsini işlədəndə futbolu nəzərdə tutduğunu düşünmüşdüm, amma Flaquer sözümü ağzımda qoydu: "Barça", haqqında yazılmayacaq qədər müqəddəsdi".

Katalan qürurunun ən önəmli mənbəyi olan "Barça" Katalunyadan yüz dəfə məşhurdu. İspaniyanı Franko idarə edərkən isə yeganə qürur mənbəyi idi. Futboldan bezmiş bir ispan qadından "Barça"nın "Real"ı məğlub etməsinin niyə bu qədər önəmli olduğunu öyrənməyə çalışdım. Cavab verdi: "Franko özərkimizi yox elədi, dilimizə qadağa qoydu və o, "Real" azarkeşi idi". Deyilənə görə, "El Caudillo" (Franko) "Real"ın heyətini əzbər bilirmiş. Onun dönəmində "Nou Kamp"da oynanılan "El Klasiko"larda stadion Katalunya bayraqları ilə dolu olardı. "Barça" azarkeşləri oyundan sonra evə qayıdanda ən az futbolçular qədər yorğun olarmışlar.

Flaquer: "Küçədə gəzərkən "Qatil Franko!" deyə qışqırmaq olmazdı. Bu səbəbdən insanlar onun əvəzinə "Real"ın futbolçularına bağırardılar. Bu, psixologiya ilə bağlı bir şeydi: atana söz deyə bilmirsənsə, hirsini başqasından çıxarırsan". Katalunya varlığını sadəcə "Nou Kamp"da hiss elətdirirdi və Frankonun əl dəyməyə cəsarət etmədiyi tək katalan simvolu da "Barça" idi.

Susdurulan bir millətin futbola yönəlməsi normal bir şeydi. Franko çoxdan ölüb, amma "Barça" hələ də Katalunyanın simvoludu. Yaşlı bir qadın, "Nou Kamp"a gedəndə özümü bir anda Franko dönəminə qayıdırmışam kimi hiss edirəm" demişdi. "Barselona" 1992-ci ildə yeni formasında dünyaca məşhur qırmızı-mavi cizgilərlə yanaşı, ağ rəngdən istifadə edəndə hamı ayağa qalxdı. Çünki bəyaz "Real"ın rəngidi. Klub prezidenti Nunyes isə məntiqə sığmayan bir açıqlama ilə azarkeşlərə cavab verdi: "Bəyaz xətt mənim fikrimdi, çünki formaya reklam götürən prezident olaraq tarixə düşmək istəmirdim".

Çox sayda Barselona vətəndaşının katalan olmadıqları halda "Barça"nı dəstəklədiklərini öyrənəndə, insan bu böyük ehtirası açıqlamaqda çətinlik çəkir.

..Hələ ilk gündən etibarən Jordi Puyol (Generalitatın rəhbəri) Yay Olimpiya Oyunlarının İspaniyada yox, Katalunyada keçirildiyini deyirdi. Açılış mərasimində katalan tamaşaçılar xüsusilə də müstəqilliyini yenicə elan etmiş Xorvatiya və Litva kimi ölkələrin lehinə sloqanlar səsləndirirdilər. Bu, Madriddən idarə olunan hökuməti panikaya salmışdı. İspaniyanın olimpik futbol yığması isə Barselonadan qorxurdu. Tamamilə ispanlardan ibarət olan bir yığma komanda burda heç oynamamışdı. Katalanlar üçün tək milli komanda var idi, o da "Barça". İspaniya yığmasının oyun cədvəli xüsusi diqqətlə tərtib olunmuşdu. Komanda qalib gəlməyə davam etdiyi müddətcə Valensiyada oynayırdı. Amma sonda finala çıxan oyunçular "Nou Kamp"a səfər etmək məcburiyyətində qaldılar. Katalanların buna qarşı çıxacağı, ya da ümumiyyətlə, stadionun boş olacağı gözlənilirdi. Halbuki "Sport"un rəqibi "El Mundo Deportivo"da əllərində İspaniya bayrağı olan 95 min azarkeşdən danışılırdı. İspaniya matçdan 2:1 hesabı ilə qalib ayrıldı. Həmin gecə küçələrdə "Puyol bizi aldadır. Katalunya İspaniyadı" sloqanı səslənirdi. Anlaşıldığı kimi, katalanlar ispanlara nifrət eləmirdilər, ya da ən azından, qızıl medal qazanılanda vəziyyət belə olurdu.

Digər tərəfdən, katalan televiziyası Olimpiya Oyunları zamanı "Barça"nın mövsümöncəsi holland klubları ilə keçirdiyi yoldaşlıq oyunlarını verirdi.

Müzakirə bu nöqtəyə gəlibsə, qeyd edim ki, Britaniyada da Krallıqdan ayrılmağı çox az sayda şotland istəyir. Katalanlar üçün də vəziyyət oxşardı. İspaniyanın bir parçası kimi vəziyyətləri çox yaxşı idi. Torrebadelya deyirdi: "Burdakı çox insanın dövlətə ehtiyacı yoxdu, sadəcə biz adi bir bölgədən daha böyük anlamlar ifadə edirik. Bu, daha çox bir simvol məsələsidi". Yəni katalanlar ayrı bir dövlət yaratmaq istəmirlər, amma buna nəzərən daha qeyri-müəyyən bir istəkləri var: onların fərqli olduqlarını ortaya qoyan simvollar. Yay Olimpiya Oyunları zamanı müşahidəçilərin çoxu Barselonanın hər tərəfini bəzəyən Kataluniya bayraqlarını müstəqillik tələbi kimi şərh edirdilər. Əslində isə bu bayraqlar belə, insanları məmun etməyə yetirdi. Katalanların tək istəyi bir ulusun simvollarına sahib olmaqdı. Puyol balkona çıxıb, "Visca Barça, visca el Cataluna" deyə bağıranda, katalan simvollarını yenidən dilə gətirməkdən artıq bir şey eləmirdi. İnsanlar bunu eşitməkdən zövq alır, məhz o zaman özlərini xoşbəxt hiss edirdilər.

Bax bu səbəbdən "Barça" dünyanın ən böyük klubudu və elə bu səbəbdən də 110 min üzvü var. "Barça" bir ulusun ehtiyac duyduğu simvoldu. Bir katalanın dediyi kimi: "Bəzi insanlar isə "Barça"nın oyunlarına futbolu sevdikləri üçün gedirlər".

Saymon Kuperin müəllifi olduğu "Football Against the Enemy" kitabında yayımlanmışdır.

Tərcümə: Rüfət Məcid

Hiç yorum yok:

Yorum Gönder