22 Aralık 2016

Futbolçuluqdan məşqçiliyə - Pep Quardiola


Pep Quardiola, bir qrup professional futbolçunun lideri olaraq iki təbii impulsla barışmalı idi: 1) oyunçuluqdan qalma instinktləri cilovlamaq – onlar kimi davranmaqdan, onlar kimi sevinməkdən imtina etmək, 2) məşqçi olmaq üçün düzgün qərarlar verməyi öyrənmək, başqa dillə desək, “ticarət”i öyrənmək. Çətinliklər bu qədərdi. Bəzən, dünyanın mərkəzində ancaq özlərini görən, qınına çəkilən futbolçuların həyatını qısqanırdı. Ancaq çox keçmədən bu təcrid olunmuş "qovuqlar"ın qeydinə qalmağın, şagirdlərinin eqolarını oxşamağın, onların istəklərini ümumi komandanın xeyri üçün lazım olan istiqamətə yönləndirməyin işinin tərkib hissəsi olduğunu başa düşmüşdü.

Radioda karyerasını bitirdiyini açıqlasa da, bu, onun hələ də özünü futbolçu kimi hiss edən tərəfinin birdən-birə yoxa çıxması anlamına gəlmirdi. Quardiola butslarını mismardan asdıqdan cəmi 7 ay sonra “Barselona” rəhbərliyi ona rezerv komandanı çalışdırmağı təklif etdi. Gəncləri tanımaq üçün “Mini Estadi”yə gələndə sözügedən hissəsini keçmişdə qoymalı olduğundan əmin idi: o, komandanın yeni məşqçisi idi, artıq "keçmiş futbolçu" ünvanı bir mahiyyət daşımırdı. Və iki dünyanı bir-birindən ayıran çəpəri inşa etməyin zamanı yetişmişdi.

"Barselona B"dəki missiyasını tamamladıqdan sonra əsas komandanı çalışdırmaq tamamilə başqa mövzudu. Bir nəfər var idi ki, onun futbolçuluqdan məşqçiliyə, balaca dünyadan qarışıq dünyaya keçid prosesinin yaxından şahidi olmuşdu. Şavi Ernandes 90-ların sonunda Peplə çiyin-çiyinə oynamışdı. O, öncədən Quardiolanın yeni roluna adaptasiya prosesini beynində canlandırmışdı. Ancaq eyni zamanda, Şavi "oyunu oxumağın" məşqçilikdə tələb olunan özəlliklərdən sadəcə biri olduğunun da fərqində idi. Şavi və Pep, Raykaardın dönəmindəki əskikliklərdən, oyunçularla anlaşmağın çətinliyindən, o cümlədən professional kimi davranmağı yadırğayan futbolçular haqda uzun-uzadı danışmışdılar. Yarımmüdafiəçi, Pepin yaxşı məşqçi ola biləcəyini düşünürdü, bunu özünə də demişdi. Əslində o, Quardiolanın ideyalarının, onun üçün önəmli olan dəyərlərin yenidən "Barselona"ya qayıtmasını istəyirdi.

İkili arasındakı söhbətlərdən sonra Şavi komandanın dərmanının Quardiolada olduğuna inanmışdı. Və öz növbəsində, Pep də paltardəyişmə otağına daxil olduğu andan etibarən inandırmalı olduğu şəxsin Şavi (o cümlədən, İnyesta, Puyol və ya Valdes) olmadığını başa düşürdü. Onlar Quardiolanı tanımayanlar, haqqında məlumatı olmayanlar idi. Pep bunu bacaracağından əmin idi.

Pep işini yeni öyrənən biri kimi görünə bilməzdi. Nə edəcəyinə dair konkret ideyaları var idi, instinktinin, futbolçu karyerasında qazandığı təcrübənin bu yolda ona yardımçı olacağını düşünürdü. Ancaq irəlidə gözlənilməz hadisələr, öyrənilməli olan dərslər də var idi. Paltardəyişmə otağında – oyunçuların məşqçiləri daim test etdikləri yer – ilk gündən etibarən nə etdiyini bilən və özünən inanan biri kimi görünməyin önəmli olduğunu başa düşürdü.

Pep gələr-gəlməz Ronaldinyo və Dekunu komandadan göndərməklə artıq iplərin əlində olduğunu nümayiş etdirmişdi. Ancaq məşqçilikdə izin itməsi an məsələsidi. Bunun baş verməməsi üçün isə ilk görüş, ümümi komanda ilə ilk söhbət böyük önəm daşıyırdı. Pep həmin gün Şavidən erkən saatlarda ofisinə gəlməsini istəmişdi. Keçmişdə olduğu kimi, bir-birlərinə eyni tonda xitab edirdilər. Ancaq dəyişilməsi labüd olan bir şey baş vermişdi: Şavinin danışıq forması. Hər şeyi altdan alırdı. Məşqçisinə xoş bir şəkildə boyun əyirdi. Pep artıq boss idi.

Şavi yenicə İspaniya millisinin heyətində Avropa çempionatının qalibi olmuşdu. Qəzetlərdə transferi barədə xəbərlər çıxırdı. Karyerasının ən çətin dönəmlərindən birini keçirirdi. Futbola olan sevgisi yavaş-yavaş azalırdı; son mövsümlərdə çoxlu kuboklar qazanması ilə bağlı deyildi, klubdakı futbolçuların istedadlarının hədər getməsini görməkdən məyus olduğu üçün, illərini verdiyi komandada "sinerji" deyilən bir şey qalmadığı üçün..

Şavi Pepin planları ilə tanış olmaq istəyirdi. Hərçənd, cüzi ehtimalları gözardı etsək, demək olar ki, onun komandanı tərk etmək fikri yox idi. O da olsa-olsa, özünü Premyer Liqada sınamaq. “Mançester Yunayted” nəbz yoxlayırdı.

Məşqlərin ilk günündə ikili arasında belə bir dialoq yaşanmışdı:

Şavi: Boşuna ətrafda dolanmaq istəmirəm. Sənə bir sualım var: Planlarına daxiləm?
Pep: Sənsiz komandanı təsəvvür edə bilmirəm.

Şavinin içindəki qığılcım yenidən alovlanmışdı. Ancaq Ernandesin mental müalicəsi bununla yekunlaşmadı. Bəzən məğlubiyyətdən, bəzən isə pis performansdan sonra neqativ enerjisini məşqə yansıdırdı. Belə günlərdə, adətən sessiyalardan sonra - dartınma hərəkətləri zamanı Pep ona yaxınlaşıb, yanına oturardı, ümumi məsələlərdən, havadan-sudan, axşam üçün planlarından danışardı - tipik həmkarlar kimi. Ancaq Quardiola söhbətin gedişində birdən yenidən məşqçi roluna girirdi; jestlərini, tonunu dəyişərək. Bir də görürdün ki, artıq növbəti oyun barədə danışırlar. Ondan nə gözlədiyini, nələri yaxşı etdiyini, nələri isə inkişaf etdirməli olduğunu nəzərinə çatdırırdı. Beləliklə, Şavi söhbət əsnasında "yaralar"ını unudurdu, əhvalı düzəlirdi. Bir digər məqsəd də elə bu idi.

İspaniyada dediyimiz kimi: Quardiolanın gəlişindən sonra Şavi üçün səma yenidən aydınlandı, günəş yenidən parıldamağa başladı. O, özünə inamını bərpa elədi. Artıq Pepin rəhbərliyi altında karyerasının 4 möhtəşəm ilini keçirməyə hazır idi.

Növbədə digərləri idi - bütün komanda, sözünü keçirməli olduğu bütün komanda.

Quardiola Sent Endryusda, bütün oyunçular önündəki ilk çıxışında onları əsas planı ilə tanış elədi. Bir şeyi daha çox tələb edirdi: çox qaçmalı, çox işləməli, çox məşq etməlisiz.

O, komandaların məşq etdikləri formada oynadıqlarını düşünür. Pep çox çalışmağa, özünü fəda etməyə inanır. İlk əvvəl bu mənada məni çox təəccübləndirmişdi. Pepi belə ifadə edərdim: “Barselona”dan dayanmadan qaçmağı tələb edən futbol romantiki. O, komandasının, öz oynadığı futbolun daha təkmil versiyasını oynamasını istəyirdi. Futbol qapıçıdan başlayırdı - libero kimi, top qolkiperin ayağına daha çox təmas etməli idi, nəinki əlinə. Ola bilər ki, çoxluq bu tərzin komandanı inkişaf etdirəcəyinə inanırdı, ancaq risk böyük idi. Pepin dediyi kimi, bu hissə müzakirəyə belə, açıq deyil.

İşlər qaydasında getməsə, futbolçular arasında ilk günahkar Viktor Valdes olacaqdı. Sistem onu atəş xəttinə ata bilərdi. O, inanmaq məcburiyyətində idi: müdafiə xəttini orta xəttə qədər çəkmək, mərkəz müdafiəçisi ilə hücumlara başlamaq yaxşı ideyadımı? Təhlükəsizlik şəbəkəsi olmadan futbol? Bunun irəliyə doğru addım olduğundan əminik? Valdes zahirən utancaq biri kimi görünə bilər, ancaq komanda daxilində yaxşı mənada həyasızlığı və sözü üzə deməsiylə tanınır. Sent Endryusdakı söhbətdən bir neçə gün sonra Pepin qarşısına çıxacaq qədər cəsur idi:

Valdes: Boss, danışa bilərik?
Pep: Qapım həmişə açıqdı.
V: Bir şeyi soruşmalıyam. Dediklərin yaxşıdı, ancaq mərkəz müdafiəçiləri topu istəsələr..
P: Sadəcə, onların top istədiyindən əmin olacam.

Bu qədər. Söhbətin sonu. Pepdən əvvəl Valdesin taktiki savadı sıfır idi. Qolkiper üçün qarşıdakı dörd il taktika üzrə dərəcə almağa bənzəyirdi.

Pep Karles Puyoldan Sent Endryusdakı otel otağına gəlməsini istəmişdi. Məşqçi kapitan üçün xüsusi video hazırlamışdı. Pep, cərimə meydançasından kənarda qapıçılardan topu qəbul edən, onu cinah müdafiəçilərinə yönəldən və lazım gələrsə, topu yenidən qəbul etmək üçün mövqe alan mərkəz müdafiəçilərini göstərərək, "Bunu etməyini istəyirəm", - dedi. Bu, müdafiəçilər üçün kabus kimi bir şeydi, xırda bir səhv qolla nəticələnə bilər. Puyol karyerasına sağ vinqer kimi başlamışdı, ancaq bu mövqe üçün bacarıqları limitli olduğundan, sonradan sağ cinah müdafiəyə keçmək məcburiyyətində qalmışdı. Hətta Lui van Xaal “Barselona”da olarkən “Malaqa”ya icarəyə verilməsi gündəmdə idi. Ancaq son anda Vinston Boqardın zədələnməsi keçidə mane olmuşdu. İndi isə, 30 yaşında ondan yeni şeylər tələb olunurdu.

Pep: “Səndən istədiyimi edə bilməyəcəksənsə, bu komandada yerin yoxdu”.

Çox güman ki, Pepin xəbərdarlığı zəruri bir şey deyildi. Sadəcə, bu, onun prioritetlərinə nə dərəcə önəm verdiyinin bir başqa əlamətidi. Puyol Pepin təklifini qəbul etdi. Sonradan İnyesta da bossa "hə" deyəcəkdi.

“Pepin məşqçi olacağını biləndə həyəcanlandım. O, mənim qəhrəmanım idi. Böyük dəyişikliklərin olacağını bilirdim” – İnyesta.

Pepin keçmişdə yüksək səviyyəli futbolçu olmasının təsiri anındaca hiss olunurdu. “Kamp Nou”nun yanında, köhnə "Masia"da məşq edərkən komandanın çalışmasını çoxlu sayda jurnalist və fanat izləyər, kameralar kiçik arqumentləri və müzakirələri lentə almağa çalışardılar. Çox keçmədən Quardiola məşq yerini dəyişdi: istiqamət San Joan Despi. Təsislərdə çalışmaq, istirahət etmək, yemək, dincəlmək üçün hər cür şərait var idi. Futboçular bütün bunları edərkən gözdən uzaq idilər. San Joan Despi "Barselona" üçün qalaya çevirilmişdi.

Quardiolanın futbolçulara ev və səfər oyunlarından öncə evdə qalmağa icazə verməsi, "müqəddəs" otel gecələmələrini rəfdən qaldırdı və ailə həyatının yoxa çıxmasının qarşısını aldı. Pep oyunçuların günün hər dəqiqəsi futbol barədə düşünmələrinə ehtiyac görmürdü. Oyundan öncəki gecə ailə ilə şam eləmək belə, növbəti günkü oyunu unutdura bilərdi. Ancaq Quardiola oyunun startına bir neçə saat qalmış futbolçuları oyuna kökləməyin yetərli olduğunu düşünürdü.

Yavaş-yavaş media ilə araya məsafə qoyuldu, individual müsahibələr azaldıldı, ya da uzun müddətə qadağan edildi. Komandanın mənafeyi naminə hər şey nəzərə alınmışdı. Mütləq təcrid olunmadan söhbət gedə bilməz, sadəcə onlara "analıq etmək", bəzi mövzularda tərbiyələndirmək istəyirdi, nəzarət etmək yox.

Deku və Ronaldinyonun nizam-intizamı pozduğunu, bunun bütün komandaya yansıdığını yaxşı bilirdi. Pep komandaya gəldiyi gündən etibarən oyunçuların qidalanmasını, cədvəllərini, hazırlıqlarını izləməyə çalışırdı. Futbolçuların əksəriyyəti fiziki cəhətdən zəif idilər. Bu səbəbdən də diqqətli yanaşma tələb olunurdu - xüsusi diqqət. Lazım gələrsə, hətta rolları dəyişib, məşqçi yox, dost, qardaş, ya da ana ola bilərdi.

Pepin oyunçulara emosional yanaşması onu digər məşqçilərdən fərqləndirir. Joze Mourinyo, ya da Ser Aleks Ferqyuson şagirdlərinə yaxşı bələd olmaq üçün, bəzən onların sevgililəri və ya yaxınları ilə tanışlığa üstünlük verir. Məsələn, portuqaliyalı məşqçi bir çox məşhur futbolçusunu, o cümlədən ailələrini yeməyə dəvət etməyi, onlara şərab təklif etməyi sevir. Joze bu yolla söhbətin gedişində oyunçusunun uşağının xəstə olduğunu və ya həyat yoldaşının yeni evdə xoşbəxt olmadığını öyrənməyə çalışır. Quardiola isə şəxsi və professional məsələlər arasında daha qarışıq xətlər çəkmişdi. Pep 18-19 yaşlı gənclərlə superstarlarla davrandığı kimi davranmağın düzgün olmadığını bilirdi. O, lazım olanda gənc futbolçularla ofisində birə-bir danışardı. Ulduz oyunçularla isə, hətta lazım gələndə yeməyə belə, gedirdi. Bu mənada ilk nümunələrdən biri Tyerri Anri idi.

“Anri problem yaratmır” – Quardiola mətbuat konfranslarında dəfələrlə bu cümləni təkrarlayırdı. Ancaq fakt bu idi ki, Pepin birinci mövsümünün sıxıntılı başlanğıcında fransız forvard digər oyunçulardan daha çox tənqid olunurdu. Komanda sonradan formaya düşsə də, “Arsenal”ın sabiq ulduzu ən yaxşısını ortaya qoya bilmirdi. Anrinin formasına təsir edən iki amil var idi: kürəyindəki zədə və oynamağa məcbur edildiyi mövqe.

Pep Deku və Ronaldinyo kimi, Etoya da gərəkli olmadığını dedikdən sonra kamerunlu üçün klub axtarışlarına başlandı. Samuellə söhbətdən sonra Quardiola Anriyə - Raykaardın dönəmində sol cinahda əziyyət çəkən forvarda - hücumun mərkəzində yer verəcəyinə dair söz vermişdi. Lakin bir müddət keçmiş, Pepdən asılı olmayan səbəblərdən Etonun komandada daha bir mövsüm qalacağı aşkara çıxandan sonra, Tyerri karyerasının əvvəlində, sürətini tənzimləyə bilmədiyi və dözümsüz olduğu üçün uğursuzluqla üzləşdiyi ("Yuventus"da) "sevimli" mövqesində oynamağa məcbur qaldı.

Anri ən bərbad günlərini keçirəndə isə Pepin yemək təklifi imdadına yetişdi. Tyerri məşqçinin bu jestini yüksək qiymətləndirir. Pep söhbət əsnasında oyunçusuna güvəndiyini dəfələrlə demişdi.

..“Valensiya”ya qarşı növbəti oyunda “Titi”ni dayandırmaq mümkün deyildi. "Barselona"nın 4:0 hesablı qələbəsiylə yekunlaşan matçda Anri het-triklə yadda qaldı. Tarixi trebl mövsümü (Kral kuboku, La Liqa, Çempionlar Liqası) dedikdə, Anrinin Messi və Eto ilə birlikdə əmələ gətirdiyi dağıdıcı hücum xətti yada düşür. Trio 100 qola imza atmışdı: Messi 38, Eto 36, 51 matçda meydana çıxan Anri isə 26 dəfə fərqlənmişdi. Futbol ilinin sonunda möhtəşəm mövsüm keçirmənin verdiyi sevinclə tətilin yolunu tutan bir Tyerri Anri var idi..

Tərcümə: Rüfət Məcid

Hiç yorum yok:

Yorum Gönder